Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2008-ci ildə bir sıra layihələrin reallaşmasını təmin etmişdir

 

Azərbaycan Respublikası son illər böyük sürətlə inkişaf etməkdədir. Ulu öndər Heydər Əliyevin başladığı islahatlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilir və təsadüfi deyil ki, bu inkişafı indi dünyanın əksər beynəlxalq qurumları, hətta düşmənlərimiz belə etiraf edirlər. Bu tərəqqinin nəticəsidir ki, bu gün Azərbaycan Qafqazda lider ölkə kimi tanınmışdır. Möhtərəm Prezidentimizin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında bütün bunlar barədə ətraflı danışılmışdır. Cənab İlham Əliyev məcburi köçkünlərin həyat səviyyəsinin 2008-ci ildə də xeyli yüksəldiyini bildirmiş və sonrakı illərdə də bu kateqoriyadan olan insanların sosial vəziyyətinin daha da yaxşılaşacağını nəzərə çarpdırmışdır. Söz yox ki, məcburi köçkünlərin sosial problemlərinin həllində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun da məxsusi xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1999-cu il dekabrın 6-da yaradılmış MKSİF ötən illər ərzində bir sıra layihələrin reallaşmasında əhəmiyyətli rol oynamışdır.

MKSİF-in praktiki fəaliyyəti 2001-ci ildən başlamışdır və əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan Hökumətinə 10 mln ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olmuşdur. Sonradan MKSİF-in fəaliyyəti genişlənməyə başlamışdır və maliyyələşmə mənbələri artmışdır. MKSİF-in hazırda maliyyələşmə mənbələri sırasına Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dövlət büdcəsi, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və s. donorlar daxildir.

Əvvəlki illərdə olduğu kimi ötən il də MKSİF bir sıra layihələri gerçəkləşdirmişdir. 2008-ci ilin sonunda Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”nin həyata keçirilməsi məqsədilə bağlanmış Kredit Sazişi başa çatmışdır (Kredit Sazişinin icrasına 2005-ci ilin noyabr ayında başlanmışdır). Layihənin ümumi həcmi 12,6 mln ABŞ dolları təşkil edir. Bu məbləğin 11,5 mln ABŞ dolları Dünya Bankı tərəfindən, 1,1 mln ABŞ dolları isə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilmişdir. Dünya Bankının və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi bu layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olmuşdur.

İcma mikrolayihələri komponenti məcburi köçkün icmaları tərəfindən təklif olunan müxtəlif növ infrastruktur mikrolayihələrin maliyyələşdirilməsini təmin etmişdir. 2008-ci il ərzində 69 müxtəlif növ icma mikrolayihəsi (20 rayon və şəhərdə yerləşmiş bu mikrolayihələrin ümumi dəyəri 4,46 mln ABŞ dolları təşkil etmişdir) həyata keçirilmişdir.

Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində 2008-ci ildə Beyləqan rayonunda, Bakı və Sumqayıt şəhərlərində məcburi köçkünlər üçün 6 məktəb binası təmir edilmişdir, Sumqayıt və Mingəçevir şəhərlərində, Abşeron rayonunun Masazır qəsəbəsində isə əsasən Qubadlı, Zəngilan, Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlər üçün ümumi tutumu 704 şagird yeri olan 4 yeni məktəb binası tikilmişdir. Məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı 13 rayon və şəhərdə su təchizatının yaxşılaşdırılması məqsədilə 14, elektrik təchizatı şəbəkələrinin bərpası üzrə isə 8 mikrolayihə həyata keçirilmişdir. Ağdam, İmişli, Beyləqan və Ağcabədi rayonlarında yerləşən Laçın rayonunun qış yataqlarında məcburi köçkün icmalarının sifarişi əsasında daxili yolların təmiri ilə bağlı 7 mikrolayihə icra edilmişdir. Bakı, Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə 15 yataqxana binası təmir edilmişdir.

Respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkün icmalarına xeyir-şər mərasimlərini keçirmək üçün yığma mağarlar və müxtəlif növ avadanlıq və ləvazimatların verilməsi ilə bağlı 15 xidmət mikrolayihəsi həyata keçirilmişdir. Nəticədə 2008-ci ildə icra edilmiş icma mikrolayihələrindən 49 minə yaxın adam faydalanmışdır (faydalananların 85 faizini məcburi köçkünlər təşkil etmişdir).

MKSİF Dünya Bankının Layihəsi çərçivəsində mikrokredit fəaliyyətini müsabiqə əsasında seçilmiş iki təşkilatın (“Norvec Mikrokredit” və “İnkişaf üçün Maliyyə”) vasitəsilə həyata keçirmişdir. Mikrokreditlər vasitəçi mikromaliyyə təşkilatlarının tətbiq etdiyi şərtlər əsasında və Dünya Bankının maliyyə vasitəçilərinə tətbiq olunan şərtlərə müvafiq olaraq verilmişdir. Mikrokredit proqramı Abşeron rayonunu, Bakı və Sumqayıt şəhərlərini əhatə etmişdir. Bu proqramla bərabər MKSİF tərəfindən yerli kredit ittifaqları vasitəsilə Azərbaycan Hökumətinin maliyyələşdirdiyi bir sıra mikrokredit proqramları da icra edilir. 30 dekabr 2008-ci il tarixə MKSİF-in vasitəçi təşkilatları xətti ilə 4235 mikrokredit verilmişdir, mikrokredit alanların 2516-sı məcburi köçkündür.

MKSİF-in əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamlarına əsasən 2001-ci ildən başlayaraq MKSİF Azərbaycan Respublikasında çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə müvəqqəti olaraq yerləşdirilmiş məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisinə başlamışdır. Bu işlər son illərdə daha da genişlənmişdir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə əlavələr təsdiq edilmişdir. ”Dövlət Proqramı” və ona edilmiş əlavələr üzrə əsasən sifarişçi funksiyaları Nazirlər Kabinetinin sərəncamı ilə MKSİF-ə həvalə edilmişdir.

2008-ci ildə MKSİF məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması və çoxmərtəbəli yaşayış binalarının tikintisi üzrə işləri Abşeron, Ağdam, Ağcabədi, Biləsuvar, Beyləqan, Füzuli, Goranboy, Qəbələ rayonlarında və Bakı şəhərində davam etmişdir.

Ötən il ərzində məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar və Füzuli rayonlarında tikintisi 2006-2007-ci illərdə başlanmış yeni yaşayış qəsəbələrində normal yaşayış üçün tələb olunan müxtəlif infrastrukturların tikintisi başa çatdırılmışdır. Bu işlər qəsəbələrin elektrik təchizatı, məcburi köçkün ailələrinə ayrılmış həyətyanı və əkin sahələrinin suvarılması, sosial-məişət xidməti (olimpiya idman kompleksi, xəstəxana, yanğınsöndürmə deposu, baytarlıq xidməti məntəqəsi və s.) obyektlərin tikintisi ilə bağlı olmuşdur.

2008-ci ildə MKSİF Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonunun ərazisində 500 ailəlik bir, Xocalı rayonundan olan məcburi köçkünlər üçün isə Goranboy rayonunun ərazisində 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin tikintisinə başlamışdır. Artıq bu qəsəbələrin tikintisi başa çatmış və bu qəsəbələrdə məcburi köçkünlər yerləşdirilmişdir (Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin ərazisində tikilən 120 ailəlik yeni qəsəbənin tikintisi davam edir və 2009-ci ildə istismara veriləcəkdir). Bütün yeni salınan qəsəbələrdə zəruri sosial-texniki infrastrukturlar nəzərdə tutulur.

2008-ci ilin sonunda MKSİF Qəbələ rayonunda və Bakı şəhərində məcburi köçkünlər üçün çoxmərtəbəli yaşayış binaların tikintisinə başlamışdır. Eyni zamanda ötən il ərzində MKSİF Goranboy, Yevlax, İmişli rayonlarında fin qəsəbələrində və məktəb binalarında məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələrin və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələrin tikintisi üçün müvafiq layihə-smeta sənədlərin hazırlanmasına başlamışdır və bununla bağlı “Azərmemar-layihə” DBLİ, “Azərinşaatlayihə” DBLKTİ, ”Azərdövlətlayihə” DBLİ və digər layihə təşkilatları ilə müvafiq müqavilələr bağlamışdır.

Ağır şəraitdə olan məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə müəyyən tədbirlər dövlət büdcəsindən maliyyələşdirilmişdir. Belə ki, 2008-ci ildə büdcə vəsaiti hesabına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən, Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonunda fərdi evlərdən ibarət yeni yaşayış məhəlləsinin salınmasına başlanmışdır.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəsaiti hesabına 2008-ci ilin sonunda məcburi köçkünlərin məskunlaşdığı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərindəki 50 yataqxana binasının təmirinə başlanmışdır.

2009-cu ildə də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı layihə və tikinti-quraşdırma işləri davam edəcək. Bu il də əsasən 2008-ci ildə salınmış yeni yaşayış qəsəbələrində və tikintisi yeni başlanmış hündür mərtəbəli binalardan ibarət məhəllələrdə sosial-texniki infrastrukturların yaradılması üzrə işlər və yataqxana binalarının təmiri davam edəcəkdir. Eyni zamanda bu ildə fin tipli evlərdən ibarət müvəqqəti düşərgələrdə və məktəb binalarında məskunlaşmış məcburi köçkünlər üçün Goranboy və İmişli rayonlarında yeni qəsəbələrin və Yevlax şəhərində çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin tikintisi nəzərdə tutulur. Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yeni qəsəbələrin salınması və ya hündürmərtəbəli yaşayış binaların tikintisi ilə bağlı layihə-axtarış işlərinə başlanması planlaşdırılır. 2009-cu ildə həyata keçiriləcək tədbirlərin nəticəsində 2300-ə yaxın məcburi köçkün ailəsinin mənzil-məişət şəraitini yaxşılaşdıracaqdır.

Yeni ildən MKSİF Dünya Bankının kredit vəsaiti hesabına “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə” layihəsinin icrasına başlayacaqdır. Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdiriləcək yeni layihənin dəyəri 24,19 milyon ABŞ dolları təşkil edəcəkdir. Azərbaycan hökuməti tərəfindən iştirak payı kimi yeni Layihənin həyata keçirilməsi üçün 8,69 milyon ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Yeni Layihə Dünya Bankı tərəfindən maliyyələşdirilən və 2008-ci ilin sonunda başa çatmış Kredit Sazişi çərçivəsində həyata keçirilən ”Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”nin davamıdır. Buna görə də yeni layihə əsaslı dəyişikliklər olmadan əvvəlki Layihənin əsas xüsusiyyətlərinin və icra mexanizmlərinin təkrarlanmasından ibarət olacaqdır.

Yeni layihə iki əsas komponentdən ibarət olacaqdır. Birinci mikro-layihələrdir. Bu komponent məcburi köçkün icmaları tərəfindən təklif olunan müxtəlif növ infrastruktur mikrolayihələrin maliyyələşdirilməsini təmin edəcəkdir.

İkincisi isə, layihənin icrasının dəstəklənməsindən ibarətdir. Bu komponent MKSİF-in əməliyyat xərcləri, əməkdaşların treyninqi, mikrolayihələrin hazırlanması, qiymətləndirilməsi və monitorinqi üzrə məsləhətçi xidmətləri və üç il ərzində audit yoxlama xidmətlərinin maliyyələşdirilməsini əhatə edəcəkdir.

Yeni layihənin icra müddəti üç il nəzərdə tutulmuşdur.

Yeni layihədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərin həlli, infrastrukturun yaxşılaşdırılması (məcburi köçkünlərin məskunlaşdığı ictimai binaların və yataqxanaların təmiri, içməli su və elektrik enerjisi təchizatı, daxili yolların, sosial obyektlərin bərpası və yaxud tikintisi və s.) ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Ayaz ORUCOV,

Məcburi Köçkünlərin Sosial

İnkişaf Fondunun direktoru 

 

Xalq qəzeti.-2009.-12 fevral.-S.6.