Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs regionların mənzərəsini dəyişmişdir

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 5 illik inamlı fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun həyata keçirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləmişdir. Liderlik xüsusiyyətinin xalqın mütləq əksəriyyəti tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq, beynəlxalq səviyyədə cərəyan edən proseslərə nüfuz etmək, cəlbedici və real ideyalarla, işlək proqramlarla cəmiyyəti ümumi rifah və tərəqqi naminə səfərbərliyə almaq kimi vacib məqamları özündə ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşmış, hər bir fərdin maraq və mənafeyini uca tutmuşdur.

Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifədə xalqın ona bəslədiyi ümidləri tam doğrultmuşdur. Yüksək siyasi iradəsi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi cənab İlham Əliyevi dövlət rəhbəri olaraq xalqa sevdirən, şəxsiyyətinə yüksək rəğbət və etimad formalaşdıran xarakterik cizgilər sırasında xüsusi vurğulanmalıdır.

Ümumiyyətlə, son beş il ərzində sosial-iqtisadi sahələrdə müsbət göstəriclərin əldə edilməsinin, ölkənin tərəqqi və dinamik inkişaf yolu keçməsinin ən mühüm səbəbi yuxarıda sadaladığım keyfiyyətlərə malik Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirməsi ilə bağlıdır. Elə buna görə də möhtərəm dövlət başçımızın həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda mühüm amil olan icimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmış, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin etmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, vətəndaşlarımızın rifahı naminə mövcud imkanlardan maksimum səmərəli istifadə dövlət başçımızın 5 illik prezidentlik fəaliyyətini səciyyələndirən xarakterik xüsusiyyətlər kimi mühüm əhəmiyyətə malik olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yüksək siyasi qətiyyət nümayiş etdirərək ötən 5 ildə Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bakı—Tbilisi—Ceyhan, Bakı—Tbilisi—Ərzurum və Bakı—Tbilisi—Qars kimi nəhəng transmilli layihələr ölkəmizin siyasi və iqtisadi mövqelərini yüksək dərəcədə möhkəmləndirmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə həyata keçirilən tədbirlər respublikamızın,bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. 2006-cı ilin noyabrında Avropa İttifaqı ilə enerji sahəsində anlaşma memorandumu imzalamış respublikamız bu gün bütövlükdə MDB və Avropa məkanında Rusiyadan enerji asılılığı olmayan, müstəqil siyasət yeridən dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini xeyli artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.

Ötən ildən başlayaraq dünyada dərinləşən maliyyə böhranının təsiri nəticəsində hətta bir çox aparıcı ölkələrin iqtisadiyyatında yaranan durğunluğa baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Bu, 2008-ci ilin statistik rəqəmlərində də öz ifadəsini tapmışdır. Belə ki, sözügedən dövrdə ÜDM-də özəl sektorun payı 85,5 faiz təşkil etmişdir. İl ərzində ÜDM-in real artımı 10,8 faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olmuşdur. ÜDM-in adambaşına düşən nominal həcmi 2003-cü ilə nisbətən 5 dəfə artaraq, 4.440 manat təşkil etmişdir.

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında Azərbaycanda həyata keçirilən sistemli iqtisadi islahatlar və 2009-cu il üçün ölkəmizin iqtisadi inkişaf perspektivləri, hazırlanmış büdcə sənədləri, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması ilə bağlı görülən tədbirlər müsbət qiymətləndirilmişdir.

İqtisadi yüksəlişin əsas bazası olan sənaye sahəsində 2008-ci ildə istehsal olunmuş məhsulun həcmi 28 milyard manat təşkil etməklə, il ərzində 7 faiz, son beş ildə isə 2,5 dəfə artmışdır. Neft strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın tarixində rekord səviyyədə — kondensat da daxil olmaqla, 44,5 milyon ton neft hasil edilmiş və 16,3 milyard kubmetr qaz təhvil verilmişdir. Bu, ötən ildəkinə nisbətən müvafiq olaran 4,6 faiz və 50,4 faiz çoxdur.

Ölkə iqtisadiyyatının inkişafına qoyulmuş investisiyaların həcmi son beş ildə 38 milyard manat təşkil etmişdir. Bunun 16 milyard manatı daxili, 22 milyard manatı isə xarici investisiyalar olmuşdur. Diqqətəlayiq məqam budur ki, 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artmış və onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən, 2008-ci ildə 69 faizdən artıq olmuşdur. Bu da onu göstərir ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əməli tədbirlər həyata keçirmişdir.

2008-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,4 milyard manat təşkil etmişdir. Bu vəsaitlərin 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılmışdır. Beynəlxalq maliyyə qurumları ilə nəqliyyat, energetika, su təchizatı, kənd təsərrüfatı, ekologiya, sosial təminat sahələri üzrə ümumi məbləği 1,3 milyard ABŞ dolları olan 8 layihə imzalanmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 11 dəfə artmış və 18 milyard dollar təşkil edir. Bu isə 2008-ci ilin sonuna olan 2,9 milyard dollar məbləğində dövlət borcundan 6,2 dəfə çoxdur.

Dövlət başçısının son 5 ildə sosialyönümlü siyasət strategiyasına üstünlük verməsi bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bəşər cəmiyyəti sivilizasiyanın yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılmalı, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilməlidir. Büdcədən maliyyələşən təşkilatlarda məvaciblərin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması da deyilənlərin əyani təcəssümüdür.

Prezident İlham Əliyevin yeritdiyi sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlət başçısı sosial ədalət prinsipinin cəmiyyətdə bərqərar olması vacibliyini dəfələrlə önə çəkmişdir: “Bu gün biz öz işimizi bazar iqtisadiyyatı prinsipi əsasında qururuq. Ancaq bununla bərabər, sosial ədalət prinsipləri də tam şəkildə təmin olunmalıdır... Heydər Əliyevin siyasətinin əsas istiqamətləri məhz bunlar idi. Azərbaycanda sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. İnsanları narahat edən problemlər aradan qaldırılmalıdır. Biz hamımız insanlara böyük diqqət və qayğı ilə münasibət bəsləməliyik. Prezidentdən tutmuş onun yerlərdəki nümayəndələrinə qədər hamımız bu amala qulluq etməliyik. Azərbaycanın hərtərəfli inkişafı, əlbəttə ki, həm ölkəmizi gücləndirəcək, həm yeni iş yerlərinin açılmasına imkan yaradacaq və insanların yaşayış səviyyəsini yaxşılaşdıracaqdır”.

Son beş ilin diqqətçəkən ən mühüm məqamlarından birinə də toxunmaq istərdim. Bu da cənab İlham Əliyevin ciddi səyi, düzgün müəyyənləşdirilmiş iqtisadi strategiyası nəticəsində işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması ilə bağlıdır.

Xatırladım ki, möhtərəm dövlət başçımızın 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)” Dövlət Proqramı Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və əyalətlərdə özəl sektorun yüksəlişi, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirilmiş, uğurlu nəticələr əldə edilmişdir. Artıq icrası yekunlaşan adı çəkilən dövlət proqramı çərçivəsində atılmış ardıcıl addımlar indiyə qədər regionlarımızın sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri nəzərəçarpacaq səviyyədə aradan qaldırılmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Respublikanın paytaxtında olduğu kimi, əyalət şəhərlərində, hətta ən ucqar rayonlarda, kəndlərdə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı məsələsi cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Dövlət başçımız ötən il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimindəki çıxışında da bölgələrə səfərlərinə toxunmuş, son beş il ərzində rayonlarla paytaxt arasındakı sosial-iqtisadi fərqin azaldığını xüsusi vurğulamışdır: “Bölgələrdəki vəziyyətlə çox yaxından tanışam və göstərilən bütün təşəbbüslər, atılan bütün addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənmişdir. Son beş il ərzində əksər rayonlarda ümumi daxili məhsul 2,5 dəfə, 2,7 dəfə, 3 dəfə artıbdır. Bizim rayonlarda neft hasilatı yoxdur. Yəni nəyin hesabına artıbdır? Bax, yaradılan yeni iş yerlərinin hesabına, qoyulan investisiyaların hesabına, açılan zavodların, fabriklərin hesabına. Bu gün Azərbaycanda işləmək istəyən iş tapa bilər”.

Bəli, bu gün tam əminliklə deyə bilərəm ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl və məqsədyönlü addımlar Azərbaycanda işçizlik probleminin həllinə, yoxsulluğun azaldılmasına müsbət təsir göstərmişdir. Bu məqamla bağlı cənab Prezidentin Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında dediklərinə diqqət yetirək: “...İndi bizim bölgədə, postsovet məkanında və bütövlükdə dünyada işsizlik və yoxsulluq ən böyük problemə çevrilir. İnkişaf etmiş ölkələrdə işsizlərin sayı yüz minlərlə, bizim bölgədə isə on minlərlə, Azərbaycanda isə keçən il iş yerlərinin açılması istiqamətində çox vacib addımlar atılmışdır.

Bütün bunlar bizim uğurlu iqtisadi siyasətimizin nəticəsidir. Azərbaycanda aparılan iqtisadi islahatların, sosial məsələlərin həllinin nəticəsidir... Ölkədə hökm sürən siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşdırılması, çoxsaylı sosial obyektlərin tikilməsi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, infrastruktur layihələri — bu siyahını davam etdirmək mümkündür — bütün bu amillər bir-birilə bağlıdır. Budur, bizim uğurlarımızın əsas səbəbi və növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik".

Prezident İlham Əliyevin ötən beş illik fəaliyyətində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar öz ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti xüsusilə cəlb edir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların böyük hamisinə çevrilmiş dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir. Cənab İlham Əliyevin son beş ildə imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004—2008-ci illər)” Dövlət Proqramı", Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” və başqa fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun yüksəlişini stimullaşdırmışdır.

Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə verilən qərar da Prezident İlham Əliyevin bu sahədə həyata keçirilən dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması məqsədindən irəli gəlmişdir. Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin edərək bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışan şirkət, eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməyi, onlarda inam və etimadın güclənməsinə nail olmağı qarşıya mühüm vəzifə kimi qoymuşdur. Eyni zamanda, şirkət Azərbaycanın sənaye potensialının güclənməsi yönümündə müəyyən addımlar atır. Əlbəttə, ölkənin sənaye potensialının gücləndirilməsi məqsədilə istehsal-emal müəssisələrinin yaradılması heç də dövlətin vəzifəsi deyildir. Dövlət bu prosesi həyata keçirən xarici və yerli sərmayədarlara yalnız dəstək verməyə çalışır. Yerlərdə icra edilən infrastruktur layihələri, sahibkarlığa kömək yönündə atılan addımlar, xarici sərmayədarlarla birgə qlobal layihələrin reallaşdırılması üçün etibarlı təminat mexanizmlərinin yaradılması dövlətin bu sahədə üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini göstərir.

2008-ci il 1 yanvar tarixindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının “vahid pəncərə” prinsipi əsasında aparılması, bu məqsədlə Vergilər Nazirliyində çox çevik fəaliyyət göstərən sistemin yaradılması da son dərəcə təqdirəlayiq addımlardan biridir. Dövlət başçısı İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərmanı ilə gerçəkləşdirilən bu sistem çoxpilləli biznesə başlama prosedurlarının sadələşdirilməsini, bu sahədə mövcud olan bürokratik əngəllərin, süründürməçilik hallarının aradan qaldırılmasını nəzərdə tutur. Əvvəllər dövlət qeydiyyatından keçmək üçün müxtəlif bürokratik maneələrlə üzləşən sahibkar artıq 3 gün müddətində bu problemini asanlıqla həll edə bilir.

Gömrük sistemində də “vahid pəncərə” sisteminin tətbiq olunması sahibkarlara idxal-ixrac əməliyyatları zamanı üzləşdikləri çətinlikləri, habelə süni maneələri aradan qaldırmıq məqsədi daşıyır. Yeni sistemə əsasən, sənədləri qaydasında olan yüklərin cəmi 20 dəqiqə ərzində gömrük məntəqələrindən keçirilməsi nəzərdə tutulur və bu da iş adamlarının mənafeyinə uyğun atılmış addımdır.

Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə islahatçı ölkə kimi tanınmasını təmin edir, ölkə xarici investisyaların cəlbinə imkan yaradır. Son illərdə Ümumdünya İqtisadi Forumu, Davos Forumu, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.

Ümumilikdə, son 5 ilin yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, son seçkilərdə öz taleyini yenidən İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir, respublikanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilmsində öz dəstəyini əsirgəmir.

 

 

Qüdrət KƏRİMOV,

“Xəzər” Səhmdar

Cəmiyyətinin sədri, iqtisad

elmləri doktoru 

 

Xalq qəzeti.-2009.-12 fevral.-S.4.