Sumqayıt: inkişaf dinamik
xarakter almışdır
Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi
inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində
ölkəmiz son illərdə iqtisadi artım üzrə
dünyada lider dövlətə çevrilmişdir. Yola
saldığımız 2008-ci il Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən 2003-cü ildə müəyyən
edilmiş iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi
strategiyasının həyata keçirilməsinin növbəti
mərhələsi kimi ölkəmizin yeni tarixinə
yazılmışdır. Dünya tarixində maliyyə və
iqtisadi böhran ili kimi qalacaq 2008-ci il Azərbaycan
üçün növbəti uğurlu il olmuşdur.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında qeyd edilmişdir ki, ölkəmizdə iqtisadi artım sürəti həmişəki kimi yüksək olmuş və ümumi daxili məhsul il ərzində 11 faiz artmışdır. Ümumi daxili məhsulun adambaşına düşən nominal həcmi 2003-cü ilə nisbətən 5 dəfə artmışdır. Son beş ildə ölkədə 766 min yeni iş yeri açılmışdır ki, bunların 548 mini daimidir.
Sumqayıtda keçirilən illik hesabat yığıncağında ölkənin inkişafı ilə bağlı əsas göstəricilərə diqqət cəlb edilmişdir. İcra hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaratmışdır. Şəhər sakinlərinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infrastrukturun təkmilləşdirilməsinə yönəldilmiş bütün layihələr ölkə Prezidentinin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapmışdır və bu istiqamətdə bir çox işlər uğurla davam etdirilməkdədir. Ötən dövr Sumqayıt üçün ilk növbədə cənab İlham Əliyevin şəhərimizə növbəti səfəri ilə əlamətdar olmuşdur. Ölkə başçımız ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksini ziyarət etmiş, şəhərin 47-ci məhəlləsində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılışında iştirak etmiş və XIII Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançılar və onların məşqçiləri ilə görüşmüş, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl qəzası əlilləri üçün tikilmiş yaşayış binasının istifadəyə verilmə mərasimində iştirak etmiş, Nəsimi adına mədəniyyət və istirahət parkında, 3-cü mikrorayonda Sülh və Bakı küçələrinin kəsişməsindəki parkda şəhər sakinləri ilə görüşüb söhbət etmişdir. Ölkə başçımız Sumqayıtın günü-gündən abadlaşdığını, inkişaf etdiyini qeyd etmiş, onun gözəl və müasir bir sənaye şəhərinə çevriləcəyinə əminliyini vurğulamışdır.
2008-ci ildə ölkəmizin öz yüksək inkişaf dinamikasını və bu sahədə dünyada liderlik mövqeyini qoruyub saxlamasında Sumqayıtın da özünəməxsus mühüm rolu olmuşdur. Sumqayıtlılar şəhər iqtisadiyyatının yüksələn xətt üzrə inkişafını təmin etmişlər. Ümumilikdə şəhər üzrə məhsul buraxılışı və göstərilən xidmətlərin həcmi son 5 il ərzində 3 dəfədən çox artaraq 2 milyard 60 milyon manatdan çox olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 34,8 faiz, 2003-cü illə müqayisədə isə 3,6 dəfə artaraq 580 milyon manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının adambaşına düşən nominal həcmi 2003-cü ilə nisbətən 4 dəfə artaraq 1930 manat həddini ötmüşdür.
Yeni, çoxsaylı təsərrüfat subyektlərinin yaradılması, sənaye sahələrinin bərpası sahibkarlara yaradılan əlverişli şərait nəticəsində mümkün olmuşdur. Elə buna görə məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun payı artmaqda davam etmiş və hesabat dövründə 70 faizdən çox olmuşdur. Şəhərdə kiçik və orta sahibkarlar tərəfindən 134 ticarət, 1 istehsal sahəsi, 15 iaşə və 36 xidmət obyekti tikilib istifadəyə verilmişdir.
Şəhərin iqtisadi yüksəlişinin əsas bazası olan sənaye sahəsində istehsal olunmuş məhsulun həcmi il ərzində 20 faiz, son 5 ildə isə 3 dəfədən çox artaraq ümumilikdə 1 milyard 350 milyon manat təşkil etmişdir. Ayrı-ayrı sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyaların həcmi 5 ildə 1 milyard 355 milyon manat, 2008-ci ildə əsaslı vəsait qoyuluşu 150 milyon manat olmuşdur ki, bu vəsaitlər sənaye sahələrinin yenidən qurulmasına və sosial yönümlü tədbirlərə yönəldilmişdir.
2008-ci ildə sənaye sahələrində çalışan işçilərin sayı 6 faiz artmış, onların orta aylıq əmək haqqı 35 faiz artaraq 250 manat olmuşdur. Ümumilikdə son 5 ildə şəhər əhalisinin nominal aylıq əmək haqqı 4 dəfədən çox artmışdır.
Alüminium və boru istehsalının artırılması istiqamətindən bir sıra işlər həyata keçirilmiş, məhsul istehsalı 30 faizdən çox artmışdır. İlkin alüminium istehsalının həcmi 25 min ton, boru yayılmasının həcmi 5 min tondan çox artırılmışdır.
“Xovlu iplik” və Sumqayıt “Trikotaj” ASC-lərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilmişdir. Sumqayıt “Trikotaj” ASC-də ilkin mərhələdə həcmi gündə 5 ton olmaqla pambıq iplik saplar hazırlanması nəzərdə tutulur. İplik istehsalı üçün İtaliya və Almaniyadan avadanlıqlar gətirilmişdir. Hazırda quraşdırma işləri aparılır. Müəssisəyə bu istiqamətdə 100 nəfərdən çox işçi cəlb edilmişdir.
“Xovlu iplik” ASC-də gündəlik həcmi 12 ton olmaqla iplik istehsalı nəzərdə tutulur. Müəssisənin korpuslarından köhnə avadanlıqlar çıxarılmış, istehsal sahələrinin dam örtüyü yeni metal konstruksiyalar quraşdırmaqla dəyişdirilmiş, yeni avadanlıqların bir hissəsi alınıb gətirilmişdir, onların kompleksləşdirilməsi işləri aparılır. Hazırda bu sahədə 80 nəfərdən çox işçi çalışır.
Şüşə lifli boru istehsalı zavodu olan “Azkompozit” MMC-də diametri 2000 mm olan borularla yanaşı, kiçik diametrli boruların hazırlanması istiqamətində tədbirlər görülmüş və istehsalına başlanılmışdır.
İl ərzində “Superfosfat” ASC-də əsasən sulfat turşusu istehsal edilmişdir. Fasilələrlə işləməyinə baxmayaraq, müəssisədə məhsulun istehsal həcmi əvvəlki illə müqayisədə 2 dəfədən çox artmışdır.
Bununla belə ötən il “Məişət malları” və “Sumqayıt Aşqarlar” Açıq Səhmdar Cəmiyyətləri öz imkanlarından xeyli aşağı səviyyədə işləmişlər. “Azərstar” MMC tərəfindən idarəetməyə götürülmüş “Sumqayıt Kompressorları” ASC-də istehsal fəaliyyətinin bərpa edilməsi istiqamətində tədbirlər görülməmişdir. Elektrik kabelləri istehsalı və texnologiyalar parkı müəssisəsinin isə tikinti-quraşdırma işləri davam etdirilir. Bu müəssisədə mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqillərinin istehsalı nəzərdə tutulmuşdur. Hazırda 3 iri korpusun tikintisi başa çatdırılmış və daha 3 korpusun tikintisi üçün işlər aparılır. Tikinti-quraşdırma işlərinə 500 nəfərdən çox işçi cəlb edilmişdir. “Bismak”Qida Sənaye Kompleksində yeni şokolad emalı sahəsi və hazır məhsul anbarı tikilib başa çatdırılmışdır. “Tac Holdinq” və “Elitar” MMC-də məhsul istehsalının və çeşidlərinin artırılması ilə bağlı əlavə avadanlıqlar quraşdırılmışdır.
Yeni Beton körpü konstruksiyalar zavodunun korpusu tikilmiş və qəlib quraşdırılmışdır. Beton emalı zavodu alınmış, quraşdırılmasına başlanılmışdır.
Ötən il şəhər ərazisində “Azərsun” Holdinqin və “Azərkarton” MMC-nin xam kağız emalı sahəsinin inşasına başlanılıb. Bu müəssisələrdə əsasən karton və kağız istehsalı nəzərdə tutulur. Avadanlıqlar alınıb gətirilmiş, tikinti-quraşdırma işlərinə 100 nəfərdən çox işçi cəlb edilmişdir.
Hesabat ilində
şəhərdə 4600-dən çox yeni iş yeri
yaradılmışdır. Bunların 2100-dən çoxu daimi iş yeridir.
Ümumilikdə 2003-cü ilin oktyabr ayından etibarən
şəhərdə 36500-ə qədər iş yeri
yaradılmışdır ki, bunların da 18900-ə
yaxını daimidir.
Məruzəçi daha sonra
qeyd etmişdir ki, artıq 2004-2008-ci illəri əhatə edən
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası
başa çatmışdır. Dövlət Proqramında
Sumqayıt üzrə müəyyən edilən 11 tədbirin
tam əksəriyyəti yerinə yetirilmiş, metallurgiya sənayesinin
inkişafı, toxuculuq sənayesinin bərpası,
istilik-elektrik stansiyasının inşası və yeni
ötürücü xətlərin çəkilməsi, su təchizatı
və kanalizasiya xətlərinin
yaxşılaşdırılması, eləcə də sosial
məsələlərin həlli istiqamətində kompleks tədbirlər
görülmüşdür.
Dövlət Proqramı
üzrə Sumqayıt sənaye kompleksinin inkişafı nəzərə
alınmaqla, sosial-məişət obyektlərinin və əhalinin
etibarlı enerji təchizatını təmin etmək məqsədilə
517 mvt gücü olan yeni elektrik stansiyası inşa edilib
başa çatdırılmışdır.
Şəhər ərazisində
5 il ərzində 50-dən çox yeni orta və iri istehsal
müəssisəsi, 100-dən artıq iri xidmət və
1000-dən çox kiçik istehsal və xidmət sahəsi
tikilib istifadəyə verilmişdir.
İlin əvvəlindən
şəhər ərazisində inşası aparılan yeni
obyektlərdən sutkalıq gücü 200 min kubmetr olan
çirkab suları üçün təmizləyici
qurğuda işlər qrafik üzrə həyata keçirilməkdədir.
Burada artıq iki əsas şöbə tikilib başa
çatdırılmış, kollektor
quraşdırılmışdır.
Sumqayıtda hüquqi şəxs
qismində 1800-dən çox müəssisə və 10 mindən
artıq fiziki şəxs fəaliyyət göstərir.
Sahibkarlığın inkişafına istiqamətlənmiş
layihələrin maliyyələşməsində bank
filiallarının müstəsna rolu var. Hazırda şəhərdə
27 mərkəzi bankın filialları var və bunların tam əksəriyyəti
5 il ərzində fəaliyyətə başlamış
müasir ofislərdə yerləşmişdir.
Ötən dövr ərzində
şəhərdə ölkə
başçısının birbaşa dəstəyi ilə
bir çox layihələr həyata keçirilmişdir.
Şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri üçün
altı, həmçinin Ermənistandan gəlmiş
qaçqınlar üçün bir yaşayış
binası tikilib istifadəyə verilmişdir. Eyni zamanda şəhərdə
mənzil sıxlığının aradan
qaldırılması üçün 30-dan çox yüksək
mərtəbəli özəl yaşayış binaları
inşa edilmişdir.
Vaqif Əliyev hesabat məruzəsində
abadlıq-quruculuq işlərinə də xüsusi yer
ayırmışdır. O, demişdir ki, son beş ildə
Sumqayıtın yollarına və küçələrinə
2,7 milyon kvadratmetrdən çox asfalt döşənmiş,
şəhərin Sahil və Çerkassı küçələri
tamamilə yenidən qurulmuş, 260 yaşayış
binası əsaslı təmir edilmiş, 240-a yaxın
yaşayış binasının fasad divarları rənglənmiş,
şəhərin giriş hisəsindəki 12 mərtəbəli
binaların fasadı müasir üslubda yenidən qurulmuş,
qəza vəziyyətində olan 28 bina əsaslı təmir
edilmiş, 800-dən çox yaşayış binasında 750
min kvadratmetrə yaxın dam örtüyü təmir
edilmiş, məhəllə və mikrorayonların ərazilərində
1500-dən çox oturacaq qoyulmuşdur. Şəhər ərazisində
200 binanın aşağı şəbəkə üzrə
içməli su və kanalizasiya xətti təmir edilmiş,
650-dən çox yaşayış binasının zirzəmisinin
suyu qurudulmuş, şəhərin yaşayış massivlərində
50-yə yaxın xeyir-şər yerləri tikilib əhalinin
istifadəsinə verilmişdir. H.Zeynalabdin və Corat qəsəbələrində
asfaltlama işləri aparılmışdır.
2008-ci ildə “Sülh
göyərçini” kompleksinin ətrafı tam
abadlaşdırılmış və pilləli fəvvarələr
tikilib istifadəyə verilmişdir. “Heydər parkı” ərazisində
müasir tipli yeni musiqili fəvvarə sakinlərin sevimli
istirahət yerinə çevrilmişdir. “Qələbə”
abidəsi monumental şəkildə yenidən
quraşdırılmışdır. Şəhərin 10 və
13-cü mikrorayonlarının əraziləri əsaslı surətdə
yenidən qurulmuş, kommunikasiyalar təmir edilmiş, Babək
və Ü.Hacıbəyov küçələri tərəfdən
böyük ərazilərə üzlük daş döşənmiş,
sakinlər üçün yeni istirahət guşələri
yaradılmışdır. Hacı Zeynalabdin qəsəbəsində
M.Müşfiqin və Dədə Qorqudun abidələri
tikilmişdir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin adını
daşıyan park yenidən qurulmuşdur. C.Məmmədquluzadənin,
C.Cabbarlının büstü, N.Gəncəvinin, Nəsiminin
heykəli, ölkəmizin ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə itkin
düşmüş əsgər və zabitlərin xatirəsinə
monument, şəhərin giriş hissəsində “Tərəqqi”
monumenti ucaldılmış, işıqlandırma sistemi
yaradılmış, “Lüdviqshafen” parkında yenidənqurma
işləri aparılmışdır.
Son illər ərzində
şəhər əraazisində dövlət
orqanlarının Sumqayıt şöbələri və
regional idarələri üçün inzibati binaların
inşa edilməsinə başlanılmışdır. Bu
binalar həm də şəhərin gözəlliyinə yeni
rəng qatır.
Son illər ərzində
şəhərdəki liftlərin əksəriyyəti əsaslı
təmir edilmiş, yeni liftlər
quraşdırılmışdır. Şəhər ərazisinin
işıqlandırılması istiqamətində 1100-dən
çox yeni dirək basdırılmış, 160 min poqonometr
kabel çəkilmiş, 5000-dən çox müasir elektrik
fanarı quraşdırılmışdır.
Əhalinin su, təbii qaz,
elektrik enerjisi ilə təminatının və digər
kommunal xidmətlərin daha da
yaxşılaşdırılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir. H.Zeynalabdin
qəsəbəsindən Sumqayıta gələn 10 km
uzunluğunda istismara yararsız şollar su xəttinin çəkilişi
yekunlaşmaq üzrədir. Ceyranbatan su anbarından şəhərə
gələn iri diametrli magistral su xəttinin 10 və 12-ci
mikrorayonların ərazisindən keçən hissəsinin dəyişdirilməsi
işləri davam edir. Bütövlükdə isə son illər
ərzində şəhər və onun qəsəbələrinin
ərazisində 35 kilometrə yaxın müxtəlif diametrli
yeni su xətləri və 10 kilometrdən çox kanalizasiya
şəbəkəsi, yağışqəbuledici xətləri
çəkilərək istifadəyə verilmişdir.
Şəhərə verilən
qazın həcmi kifayət qədər olsa da, bəzi
yaşayış məntəqələrinin təminatı
yaxşılaşmamışdır. Xüsusən ilin sonuna
yaxın H.Zeynalabdin və Corat qəsəbələrinin,
İnşaatçılar massivinin, 6-cı mikrorayon, 3, 20, 21 və
birləşmiş məhəllələrin sakinləri tərəfindən
qazın azlığı ilə əlaqədar şikayətlər
olmuşdur.
İl ərzində
“Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən
çoxlu sayda güc transformatorları dəyişdirilmiş,
kilometrlərlə kabel xətləri yenisi ilə əvəz
olunmuş, abonentlərin 97,7 faizinin mənzillərində
sayğac quraşdırılmışdır. İl ərzində
əhaliyə verilən elektrik enerjisinin dəyərinin ödənişi
101,8 faiz təşkil etmişdir, bu, əvvəlki illə
müqayisədə 51,5 faiz çoxdur. Məktəblərin,
tibb müəssisələrinin, inzibati və
yaşayış binalarının istiliklə təmin edilməsi
məqsədilə xeyli iş görülmüşdür.
Sumqayıtda ətraf
mühitin istehsal və məişət tullantılarından
qorunması, onların zərərli təsirlərinin
azaldılması istiqamətində tədbirlərin həyata
keçirilməsi təmin edilmişdir. Bu sahədə
maddi-texniki baza gücləndirilmiş və cənab Prezidentin
tapşırığı ilə şəhərimizə 7 ədəd
kommunal təyinatlı xüsusi texnika
ayrılmışdır. Bununla belə şəhərdə
tullantıların idarə olunmasının təkmilləşdirilməsinə,
əlavə istehsal sahələrinin yaradılmasına,
inkişaf etmiş ölkələrin qabaqcıl iş təcrübələrinin
tətbiqinə böyük ehtiyac yaranmışdır. Bu
işdə dönüş yaratmaq məqsədilə Mənzil-kommunal
Təsərrüfatı İstehsalat İstismar Birliyinin
bazasında “Sumqayıt Şəhər Təmizlik Departamenti”
yaradılmışdır.
Bütün avtomat telefon
stansiyalarında müasir avadanlıqlar
quraşdırılmış və onların əhatə
etdiyi ərazilərdə genişzolaqlı sürətli
internetə olan tələbat təmin edilmişdir. Şəhərdə
yeni NGN tipli şəbəkənin quraşdırılması
ilə bağlı bütün hazırlıq işləri
başa çatdırılmışdır. Cari ilin birinci
yarısında bu şəbəkə quraşdırılacaq
və onun istifadəyə verilməsi ilə şəhərin
telefon şəbəkəsinin tam şəkildə
elektronlaşdırılması yekunlaşacaq.
Daha sonra Vaqif Əliyev təhsil,
səhiyyə, mədəniyyət və idman sahələrinin
uğurlarından bəhs etmişdir.
—Ötən il
Sumqayıtın təhsil sistemində 2 yeni məktəb
binası — əqli və fiziki cəhətdən qüsurlu
uşaqlar üçün xüsusi internat məktəbində
260 yerlik, Tuğ zavodu ərazisində qəza vəziyyətində
olan 42 nömrəli məktəb üçün 400, 9
nömrəli məktəb üçün 300, 19 nömrəli
məktəb üçün 600 və “İstedad” liseyi
üçün 400 yerlik əlavə tədris korpusları
tikilmişdir.
Bütün məktəblərdə
cari təmir işləri aparılmışdır. 29 və
31 nömrəli məktəblər, 44 nömrəli uşaq
bağçası isə əsaslı təmir olunmuş, 17
məktəbdə daxili istilik sistemi yenidən qurulmuş,
maddi-texniki baza möhkəmləndirilmişdir.
Hazırda öz
ölçüləri ilə müasir Olimpiya Kompleksindən
fərqlənməyən 1 saylı UGİM-də,
Uşaqların və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzində əsaslı təmir və yenidənqurma
işləri davam etməkdədir.
Ötən il şəhər
orta ümumtəhsil məktəblərini bitirmiş məzunlardan
təxminən 93 faizi ali məktəblərə sənəd
vermiş, onlardan 35 faizi tələbə adını
qazanmışdır. Qəbul imtahanlarında 600-dən
çox bal toplayanların sayı şəhər üzrə
keçən illə müqayisədə təxminən 30
faiz artaraq 142 nəfərə çatmışdır ki, bu
da 2003-cü illə müqayisədə 5 dəfə
çoxdur.
Təbiət Elmləri Təmayüllü
Gimnaziyanın məzunu Elvin Dadaşov qəbul imtahanlarında
mütləq nəticə göstərərək 700 bal
toplamışdır. Ali məktəblərə qəbul
zamanı yüksək nəticələr göstərmiş
tələbələr şəhər icra hakimiyyətində
qəbul edilmiş, onlara pul mükafatları verilmişdir. Ailə
vəziyyəti nəzərə alınaraq Elvin Dadaşova Azərbaycan
Prezidenti tərəfindən mənzil verilmişdir. 2008-ci ildə
5 nəfər yüksək bilik nümayiş etdirən məzunumuz
Prezident təqaüdünə layiq
görülmüşdür. Artıq bu şərəfə
nail olanların sayı 42 nəfərdir. Respublika üzrə
ali məktəblərə qəbul imtahanlarında ən
yaxşı nəticə göstərmiş ilk 4 məktəbdən
üçü Sumqayıt məktəbləridir. Prezidentin sərəncamı
ilə təsis olunmuş “İlin ən yaxşı məktəbi”
müsabiqəsində qalib gəlmiş 50 məktəbdən
3-ü, “İlin ən yaxşı müəllimi” müsabiqəsində
isə qalib gəlmiş 100 müəllimdən 4-ü
Sumqayıtdandır.
Respublikamızda ilk dəfə
olaraq Sumqayıtda şəhər icra hakimiyyəti tərəfindən
məktəblilərin yay düşərgələri təşkil
edilmiş və artıq 6 ildir ki, bu düşərgələr
fəaliyyətdədir. Ötən il 44 məktəbdə
düşərgələrə 2200 şagird cəlb
olunmuşdur.
Şəhər əhalisinə
göstərilən tibbi xidmət sahəsində müəyyən
irəliləyişlərə nail olunmuşdur. Zəruri
inventar və avadanlıqla təchiz edilmiş 9 ədəd
“Mersedes” markalı təcili yardım maşını
alınmışdır. Təcili Tibbi Yardım Xəstəxanasında
yenidənqurma başa çatdırılmış, müasir
texnika və avadanlıq quraşdırılmışdır.
Uşaq xəstəxanasında əsaslı təmir davam
etdirilir. İl ərzində ayda 2 dəfə olmaqla əhali
ilə 23 görüş, 11 səyyar tibbi müayinələr
keçirilmiş, ehtiyacı olan xəstələrə
köməklik göstərilmişdir. Şəhərin
sanitar-gigiyenik vəziyyəti nəzarətdə
saxlanılmış, kütləvi şəkildə yoluxucu xəstəliklər
qeydə alınmamışdır. Sumqayıtda özəl səhiyyə
müəssisələrinin də yaradılması vüsət
almışdır. Hazırda 13 özəl klinika, müayinə,
diaqnostik mərkəz, 70 özəl stomotoloji kabinet, 42 özəl
aptek fəaliyyət göstərir.
Sumqayıtın Tarixi Muzeyində
əsaslı təmir və yenidənqurma işləri davam
etdirilir. S.Vurğun adına Mərkəzi kitabxananın əsaslı
təmiri başa çatdırılmış, müvafiq
inventar və texniki avadanlıqla təchiz edilmişdir. N.Nərimanov
adına Mədəniyyət evində əsaslı təmir
işləri aparılmış, binanın fasadında
müasir işıqlandırma sistemi
quraşdırılmışdır.
Hesabat dövründə H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40
illik yubileyi qeyd edilmişdir. Azərbaycan Prezidentinin sərəncamı
ilə teatrın işçilərindən 2 nəfərə
xalq artisti, 6 nəfərə əməkdar artist, 3 nəfərə
əməkdar mədəniyyət işçisi fəxri
adları verilmiş, 6 nəfər “Tərəqqi” medalı ilə
təltif olunmuş, 4 aktyora Azərbaycan Prezidenti tərəfindən
mənzil verilmişdir.
Sumqayıtın zəngin
idman ənənələri var. Şəhərin 17-ci
mikrorayon ərazisində müasir Olimpiya İdman Kompleksinin
tikintisi davam etdirilir, 2 saylı UGİM-in bazasında süni
örtüklü otüstü xokkey meydançası
tikilmişdir.
Pekində keçirilmiş
Yay Olimpiya oyunlarında şəhərin bir
idmançısı-boksçu Şahin İmranov
bürünc, Paralimpiya oyunlarında isə cüdoçular
İlham Zəkiyev qızıl, Tofiq Məmmədov və Kərim
Sərdarov gümüş medallar qazanmışlar. Prezident
İlham Əliyev idmanın inkişafında xidmətlərinə
görə məşqçi Əhməddin Rəcəblini,
Pekin Yay Olimpiya Oyunlarında yüksək nailiyyətinə
görə Şahin İmranovu və onun məşqçisi
Eldar Əbilovu “Tərəqqi” medalı ilə
mükafatlandırmış, Paralimpiya çempionu İlham Zəkiyev
isə “Şöhrət” ordeni ilə təltif edilmiş və
Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq
görülmüşdür.
İl ərzində icra
başçısı tərəfindən 158 vətəndaş
qəbul edilmiş, aparata 5656 müraciət daxil olmuşdur.
Şəhərin 15 idarə və təşkilatı rəhbərlərinin
yaşayış massivlərində sakinlərlə 360
görüşü keçirilmiş, bu görüşlərdə
12 min sakin iştirak etmiş, 1400-ə yaxın məsələ
qaldırılmışdır. Bu məsələlərin bir
qismi ilə əlaqədar yerində izahat verilmiş, 900-ə
qədər məsələnin həlli ilə bağlı
aidiyyatı üzrə təşkilatlara məktublar göndərilmiş
və icrası nəzarətə
götürülmüşdür.
Əhatəli və məzmunlu
hesabat məruzəsindən sonra müzakirələr
keçirilmiş, idarə və təşkilat rəhbərləri
çalışdıqları sahələrin fəaliyyətindən
bəhs etmişlər. Prezidentin İcra Aparatının məsul
işçisi Canpolad Musayev yığıncaqda
çıxış edərək ölkəmizin daxili və
xarici siyasəti, qazanılan uğurlar, layihələrin
önəmi barədə danışmış, dövlət
başçısının prioritet verdiyi məsələlərə
diqqəti cəlb etmişdir. O, cari ildə qarşıda duran
vəzifələri də nəzərə çatdırmış,
sumqayıtlılara işlərində uğurlar
arzulamışdır.
Sonda Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul edilmişdir.
Əli NƏCƏFXANLI,
Xalq qəzeti.-2009.-12 fevral.-S.5.