Nərimanov rayonunda hesabat
yığıncağı keçirilmişdir
Dünən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində 2008-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular.
Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açdı. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2008-ci ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat məruzəsi ilə çıxış edən natiq dövlət başçısının məlum iclasdakı nitqinin bəzi məqamları üzərində geniş dayandı. 2008-ci ildə ölkə həyatının bütün sahələrində əldə olunmuş uğurların Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini və cari ildə bu nailiyyətlərin daha da inkişaf etdirilməsinin, nəzərdə tutulmuş bütün proqram və layihələrin yerinə yetirilməsinin təmin olunmasının vacibliyinin qeyd edildiyini diqqətə çatdıran natiq ötən il baş vermiş davamlı inkişaf prosesində Nərimanov rayonunun da mühüm rol onyadığını bildirdi. Qeyd olundu ki, 2008-ci ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik şəkildə inkişaf etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 286,3 milyon manatlıq məhsul istehsal olunmuş, bu sahədə artım sürəti əvvəlki ilə nisbətən 114,8 faiz təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 91 faiz təşkil etmiş, il ərzində sənaye müəssisələrində işləyənlərin sayı 265 nəfər və yaxud 3,5 faiz artaraq 7832 nəfər olmuşdur. Bu dövrdə sənayedə çalışanların orta nominal əmək haqları isə 29,9 faiz artaraq 257,8 manat təşkil etmişdir.
İl ərzində yeni iş yerlərinin yaradılması ilə bağlı işlərin davam etdirildiyini vurğulayan natiq 2003-cü ilin oktyabr ayından indiyə kimi Nərimanov rayonunda 23719 daimi iş yerinin açıldığını diqqətə çatdırdı. Yeni iş yerlərinin isə 9236-sı məhz yola saldığımız 2008-ci ildə yaradılmışdır. Ötən il rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşu 314,7 milyon manat təşkil etmişdir ki, bu da 2007-ci illə müqayisədə 3,3 dəfə çoxdur. İcra hakimiyyətinin başçısı onu da bildirdi ki 2008-ci ildə rayonun inşaat sektorunda yüksək göstəricilər əldə edilmiş, tikinti təşkilatları tərəfindən 683,5 milyon manatlıq iş həcmi yerinə yetirilmiş, 8350 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Məruzəçi qeyd etdi ki, ötən il iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artmış, rayon əhalisinə 122,3 milyon manatlıq belə xidmət göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 12,5 faiz artım deməkdir. 2008-ci ildə rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 656,9 milyon manat olmuş, bu sahədə artım sürəti 2007-ci illə müqayisədə 123,4 faiz təşkil etmişdir. Bundan əlavə, il ərzində ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi 12,5 milyon manat və artım sürəti 205,3 faiz olmuşdur.
İcra hakimiyyətinin başçısı ötən ilin rayonun dövlət və iri özəl müəssisələri üçün xüsusilə uğurlu olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, yola saldığımız 2008-ci ildə sözügedən müəssisələrdə 1716,4 ton tökmə çuqun, 182,6 ton beton, 10,6 min kubmetr sementdən yığma tikinti konstruksiyaları, 1222 ton metaldan yığma tikinti konstruksiyaları, 55,4 min ton asfalt, 71,9 ton fontan armaturu, 47,7 ton kəmər başlıqları, 6359 ədəd məişət soyuducusu, 206 ədəd mətbəx mebeli, 22,3 min kvadratmetr dəri, 35,9 min ədəd kişi geyimi, 130,7 ton konservləşdirilmiş tərəvəz və meyvələr, 96,2 min dekalitr araq, 17,6 min dekalitr şampan şərabı, 126,2 ton cem və marmelad, 21,1 ton pendir və kəsmik istehsal olunmuşdur.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində də mühüm işlərin görüldüyünü diqqətə çatdıran A.Fərzəliyev bildirdi ki, il ərzində 13 məhəllədə nümunəvi abadlıq işləri aparılmış, abad həyətlərə və məhəllədaxili yollara 22,5 min kvadratmetr asfalt örtüyü salınmışdır. Bundan əlavə, rayonun ayrı-ayrı yerlərində əhalinin mədəni-kütləvi tədbirləri üçün üç otaq tikilərək sakinlərin ixtiyarına verilmişdir. Heydər Əliyev prospekti boyunca yerləşən binaların fasad hissələrinə yüksək memarlıq üslubunda üzlük daşları vurulmuş və əsaslı bərpa işləri aparılmışdır.
Natiq rayon ərazisində yeni yolların çəkildiyini, eləcə də ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planı”nın icrası ilə əlaqədar görülmüş işlərdən bəhs etdi. Qeyd olundu ki, il ərzində Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərini birləşdirən körpü və yeraltı yolötürücüsü inşa olunmuş, həmçinin ulu öndərin adını daşıyan prospektlə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən piyada keçidi müasir üslubda bərpa edilərək istifadəyə verilmişdir.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili, eləcə də rayonun simasını daha da yaxşılaşdırmaq məqsədilə park və xiyabanların əsaslı təmiri də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, il ərzində Samir Xasıyev adına mədəniyyət və istirahət parkı əsaslı şəkildə bərpa edilərək yeni fəvvarə kompleksi ilə birlikdə sakinlərin ixtiyarına verilmişdir. Qeyd edək ki, paytaxtın simasına əlavə yaraşıq gətirən bu obyektlərin açılışında ölkə Prezidenti İlham Əliyev şəxsən iştirak etmiş və görülmüş işləri yüksək qiymətləndirmişdir.
Ölkədə aparılan davamlı inkişaf prosesinin bütün sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaratdığını vurğulayan məruzəçi bu işlərdən biri kimi Daxili İşlər Nazirliyinin Nərimanov rayonu ərazisində yerləşən hospitalının yeni korpusunun tikilib istifadəyə verilməsini misal çəkdi. Həmçinin ötən il rayon ərazisində polis sahə məntəqələri üçün hər cür şəraiti olan inzibati binaların da tikilib istifadəyə verildiyini və bunun ölkə rəhbərinin daxili işlər orqanlarının şəxsi heyətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
İcra hakimiyyətinin başçısı 2008-ci ildə rayon sakinlərinin istilik, elektrik enerjisi, “mavi yanacaq” və içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülmüş işlərdən də geniş bəhs etdi. Qeyd olundu ki, il ərzində rayon ərazisində 5242 paqonometr istilik borusu dəyişdirilmiş, müxtəlif diametrli 3868 paqonometr boru isə təmir olunmuş, siyirtmələr dəyişdirilmiş və ya təmir edilmişdir. Həmçinin 47 yaşayış binasının aşağı paylayıcı və mərkəzi istilik xətlərində əsaslı təmir işləri aparılmışdır. Ötən il Nərimanov Rayon Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən 9 ədəd təzə transformator və 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, elektrik kabelləri və hava xətləri dəyişdirilmişdir. Əhalinin içməli suya olan tələbatını yüksək səviyyədə ödəmək məqsədilə rayon su kəməri istehsalat-istismar zonası tərəfindən müxtəlif ünvanlarda 4045 paqonometr uzunluğunda boru, 38 ədəd siyirtmə və 9 ədəd nasos yenisi ilə əvəz olunmuşdur. Rayon qaz istismar idarəsi isə ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 1572 paqonometr uzunluğunda yeni maqistarl kəmər çəkmiş, qaz qurğularında təmir-bərpa işləri aparmışdır. Bundan əlavə, rayon ərazisində yerləşən ayrı-ayrı şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən mənzil -kommunal istismar sahələri də öz gücləri ilə xeyli iş görmüş, əsaslı təmir-bərpa işləri aparmışlar.
Məruzəçi daha sonra rayonun təhsil, səhiyyə, idman və gənclər siyasəti sahəsində il ərzində həyata keçirilmiş tədbirlərdən bəhs etdi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı görülmüş işləri diqqətə çatdırdı. Ötən il ölkəmizdə keçirilən prezident seçkilərində yüksək fəallıq nümayiş etdirən rayon sakinlərinin qarşıdakı 18 mart referendumuna da ciddi hazırlaşdıqları qeyd olundu. Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin bütün görüşlərində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi barədə tapşırıq verdiyini xatırladan natiq bu məqsədlə ötən il rayonda 52 səyyar qəbul və görüşün keçirildiyini və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həll edildiyini bildirdi.
Hesabat məruzəsinin sonunda 2009-cu ildə miqyasına və əhəmiyyətinə görə qarşıda daha böyük və ciddi vəzifələrin dayandığını vurğulayan natiq Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ölkə başçısı cənab İlham Əliyevin sosial-iqtisadi və siyasi kursunun uğurla həyata keçirilməsi üçün bütün imkanların gələcəkdə də səfərbər olunacağını, rayon sakinlərinin artan maddi və mənəvi tələbatının ödənilməsi üçün lazım olan bütün tədbirlərin görüləcəyini bildirdi.
Məruzə ətrafında çıxış edən “Bakıelektrikşəbəkə” ASC Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisi Həsən Həsənov, Bakı “Əyirici-Toxucu” ASC-nin sədri Səkinə Babayeva, 82 saylı orta məktəbin direktoru Vaqiv Mehdiyev, Nərimanov Rayon Qaz İstismarı İdarəsinin rəisi Yunis Hüseynov və 7 saylı uşaq infeksion xəstəlikləri xəstəxanasının baş həkimi Məhəbbət İbrahimova yola saldığımız 2008-ci ilin bütün ölkə kimi, paytaxtın Nərimanov rayonu üçün də əlamətdar olduğunu bildirdilər, bu uğurların artırılması üçün daha böyük əzmkarlıqla çalışmağın vacibliyini qeyd etdilər.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini, icra katibi Əli Əhmədov çıxış edərək 2008-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurların Nərimanov rayonunun timsalında da aydın nəzərə çarpdığını bildirdilər.
Sonda “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2008-ci ilin yekunları və qarşıda duran vəzifələr haqqında” məsələyə dair rayon icra hakimiyyəti başçısı yanında şura iclasının qərarı oxundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-2009.-13 fevral.-S.4.