Yeni Azərbaycantəşviqat qrupunun zona müşavirəsi

 

YAP Binəqədi rayon təşkilatında Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinə — referenduma hazırlıq işləri böyük vüsət almışdır. Məqsəd Konstitusiyanın 29 maddəsində əlavələr və dəyişikliklərin edilməsində referendumun obyektiv, şəffaf və demokratik keçirilməsinə nail olmaqdır.

YAP-ın Binəqədi rayon təşkilatında keçirilən “Yeni Azərbaycan” qrupunun zona müşavirəsində çıxış edənlərin yekdil fikri belə olmuşdur: “Konstitusiyaya əlavələr və dəyişikliklər məhz ölkənin inkişafını, onun iqtisadi və siyasi gücünün artmasını, demokratik təsisatların cəmiyyətdə bərqərar olmasını reallaşdıracaqdır”. Müşavirədə Binəqədi və Qaradağ rayonlarının təşviqat qrupunun nümayəndələri və millət vəkilləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açmış, seçki məcəlləsinin tələblərinə uyğun Konstitusiyaya əlavələr və dəyişikliklərin əhəmiyyətindən danışmışdır. YAP-ın nümayəndəsi, millət vəkili Eldar İbrahimov çıxışında bildirmişdir ki, Konstitusiyaya dəyişikliklər və əlavələr insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. Xüsusi vurğulandı ki, maddə 101-də “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin əsaslarında” ediləcək əlavə və dəyişikliklər “Prezident səlahiyyəti müddəti hərbi əməliyyatların sonunadək uzadılır” ifadəsi daha məqsədəuyğun və zamanın tələbidir.

Növbəti çıxışı millət vəkili Rəfael Cəbrayılov etmişdir. O, 29,48,101-ci maddələrdə ediləcək əlavə və dəyişikliklərin zəruriliyinə konkret faktlarla açıqlama vermişdir.

Müşavirə dialoq şəklində davam etdirilmiş, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Konkret, real nəticə bu olmuşdur ki, YAP-ın təşəbbüsü ilə keçirilən referendumu xalq dəstəkləyəcək. Tədbirdə YAP-ın Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkili Madər Musayev iştirak etmişlər.

 

 

Qismət ALIŞOĞLU

 

Xalq qəzeti.-2009.-13 fevral.-S.7.