Abşeron Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi
mükafatlandırıldı
Azərbaycan Həmkarlar
İttifaqı Konfederasiyasının 15 illiyinə həsr
olunmuş və “Mənim həyatım, mənim işim, mənim
təhlükəsiz əməyim” devizi ilə
keçirilmiş respublika baxış-müsabiqəsinə
yekun vurulmuşdur. Müsabiqənin əsas məqsədi
işçilər üçün əlverişli, sağlam
şərait yaradılan kollektivlərin seçilməsi və
mükafatlandırılmasıdır. Nəticələrə
görə, müsabiqədə iştirak edən 116 təşkilatın
35-i birinci, 50-si isə ikinci yerə
çıxmışdır. Qaliblər arasında Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron
rayon şöbəsi də var. Şöbə
qazandığı uğurlara görə dövlət idarə,
ictimai xidmət işçiləri həmkarlar
ittifaqının diplomuna layiq görülmüş və
“Samsunq” markalı televizorla
mükafatlandırılmışdır.
Bu məqsədlə
fevralın 10-da Abşeron rayon Sosial Müdafiə Mərkəzində
tədbir keçirildi. Dövlət idarə, ictimai xidmət
işçiləri həmkarlar ittifaqının sədr
müavini Aida Əliyeva bildirdi ki, əhalinin daha çox diqqət
və qayğıya ehtiyacı olan təbəqəsi — təqaüdçülərlə
işləyən təşkilatın fəaliyyəti qənaətbəxş
olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin diqqətini
çəkmiş, razılığını
qazanmışdır. Hazırda şöbənin yeni və
müasir tipli, hər cür şəraitlə təmin
olunmuş inzibati binası kollektivin ixtiyarındadır.
Əvvəlki inzibati binada iş şəraitinin dözülməz həddə olması da heç kimin yadından çıxmayıb və iş əmsalına göstərdiyi mənfi təsir danılmazdır. İndi isə bütün xoşagəlməz hallar arxada qalıb. Mərkəzin müdiri Ələkbər Ələkbərzadənin qeyd etdiyi kimi, son illər Abşeron rayonunda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Mərkəzin müdiri dedi: “Məsəl var, deyərlər ki, görünən kəndə bələdçi lazım deyil. Bizim üçün yaradılmış şərait də, bizim işimiz də göz qabağındadır. İş şəraitimiz sözün əsil mənasında ideal səviyyədədir. Bir neçə il əvvəlki bərbad vəziyyəti isə sadəcə olaraq, xatırlamaq istəmirik.
Yaradılmış şərait fəaliyyətimizə inanılmız dərəcədə müsbət təsir göstərir. İndi istənilən təqaüdçünün problemini dinləməyə və yerindəcə həll etməyə imkanımız var. Bu da, sözsüz ki, ilk növbədə insanların narazılıqlarını aradan qaldırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Mən çox kollektivdə çalışmışam, ancaq tam səmimiyyətlə deyə bilərəm ki, kollektivlə təması, səmimi ünsiyyətdə olmağı daha çox bu təşkilatda öyrəndim. Bizim işimizin uğurlu alınmasını şərtləndirən amillər mövcuddur.
Ən başlıca amil isə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bizə göstərdikləri yüksək etimaddır. Heç şübhəsiz, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və bu strategiyanı uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti, işgüzar mühitin yaradılması istiqamətində atdığı addımlar, həyata keçirdiyi tədbirlər ölkəsini, xalqını ürəkdən sevən hər kəs üçün ən gözəl örnəkdir. Bizim öhdəmizə düşən isə odur ki, bundan sonra da uğurların davamını gətirə bilək və yeni mükafatlar qazanaq. Ən böyük mükafatımız isə insanların üzündəki təbəssüm və razılıq hissi olsun.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.-2009.-13 fevral.-S.7.