“Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” mövzusunda III Beynəlxalq elmi konfrans

 

Konfransda iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi zərurəti xüsusi vurğulanmışdır

 

Ölkəmizin Macarıstan Respublikasındakı səfiri Həsən Həsənovun təşəbbüsü və təşkilatçılığı ilə artıq 3-cü ildir ki, Budapeştdə “Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir. Yüksək səviyyədə təşkil olunan bu konfranslarda Azərbaycandan dəvət olunan alimlərlə yanaşı, Macarıstanın dövlət xadimləri, Elmlər Akademiyası və universitetlərdə çalışan görkəmli alimlər, tələbələr, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Səfirliyimizin səmərəli fəaliyyəti sayəsində Macarıstanda Azərbaycanın tarixi, mədəniyyətinin müxtəlif sahələri, ümumiyyətlə, Azərbaycanşünaslığın çoxsaylı problemləri ilə məşğul olan alimlərin sayı ildən ilə artır.

Macar alimlərini Azərbaycan və macar xalqlarının etnogenezlərindəki yaxınlıqlar, Azərbaycan xalqının tarixi keçmişi və müasir dövrdə əldə etdiyi nailiyyətlər maraqlandırır. Bununla əlaqədar olaraq Macarıstanda Azərbaycanşünaslıq problemləri ilə müxtəlif elm sahəsində çalışan alimlər məşğul olurlar.

Budapeştdə keçirilən elmi konfranslarda macar alimləri tədqiq etdikləri müxtəlif problemlər üzrə maraqlı məruzələrlə çıxış edirlər. Səfirliyimiz konfransda oxunacaq məruzələri toplayır, onların qısa xülasələrini macar dilində nəşr etdirərək konfrans iştirakçılarına paylayır. Konfrans zamanı məruzələr macar və rus dillərində oxunur, onların sinxron tərcüməsi təşkil olunur. Konfransdan sonra məruzələrin tam mətnləri toplanır, rus dilində təqdim olunan məruzələr də macar dilinə tərcümə olunaraq, böyük həcmli toplu şəklində nəşr olunur. Bu yolla Macarıstan əhalisi Azərbaycanın tarixi, mədəniyyəti və xalqımızın həyatının müxtəlif sahələri üzrə əldə etdiyi nailiyyətlərlə tanış olmaq imkanı əldə edir.

“Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” mövzusunda əvvəlki konfranslar Budapeştin elmi-tədqiqat institutları və universitetlərinin konfrans zallarında keçirilmişdir. Sonuncu, III konfrans isə 2008-ci ilin noyabr ayının 18-20-də Budapeştdə səfirliyimiz üçün ayrılan və çox gözəl təmir olunan binanın böyük zalında keçirildi. Budapeştin mərkəzi hissəsində yerləşən bu bina dövlət tərəfindən qorunan tarixi abidələrin siyahısına daxil edilmişdir.

III konfrans, Azərbaycanın Macarıstandakı səfirliyinin, Azərbaycanın Milli Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının, Etves Lorand adına Budapeşt Universitetinin təşkilatçılığı və Azərbaycan Respublikasının Xaricdə Yaşayan Azərbaycanlılara İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirildi. Konfransda Macarıstanın dövlət orqanlarının, ictimai təşkilatların, elmi müəssislərin, aparıcı universitetlərin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak edirdilər.

Bakıdan isə konfransda iştirak etmək üçün Budapeştə AMEA-nın vitse-prezidenti, Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova və həmin institutun şöbə müdiri AMEA-nın müxbir üzvü İlyas Babayevdən ibarət nümayəndə heyəti getmişdi.

Üç gün davam edən konfransda Azərbaycan və Macarıstan alimlərinin 40-dan çox məruzəsi dinlənildi. Məruzələr tarix, arxeologiya, etnologiya, ədəbiyyat, dilçilik, folklor, politologiya, iqtisadiyyat, hüquq və memarlıq məsələlərinə həsr olunmuşdu. Konfrans başlanarkən Macarıstan parlamentinin spikeri Katalin Sillinin konfrans iştirakçılarına müraciəti oxundu. Müraciətdə bu tədbirin Macarıstan-Azərbaycan əlaqələrinin genişləndirilməsində əhəmiyyətindən, Azərbaycanın Macarıstandakı səfirliyinin bu sahədə böyük fəaliyyətindən bəhs olunur və konfrans iştirakçılarına müvəffəqiyyətlər arzu olunurdu.

Konfransı Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov açaraq iştirakçıları təbrik etdi. O, xüsusi vurğuladı ki, Budapeştdə 3-cü dəfə belə tədbirin keçirilməsi Macarıstanın elmi dairələrdə ölkəmizə marağın getdikcə artdığını göstərir. Səfirimiz qeyd etdi ki, konfrans qardaş xalqlarımızın daha da yaxınlaşmasına, humanitar əlaqələrimizin genişlənməsinə kömək edəcəkdir.

Sonra Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Xazai Dyerd, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, Macarıstan Etnologiya və Avropa Folkloru İnstitutunun direktoru Mixay Xoppal çıxış edərək konfrans iştirakçılarına müvəffəqiyyətlər arzuladılar. Çıxış edənlər xüsusi vurğuladılar ki, bu konfransların keçirilməsi artıq ənənə halını almışdır və o, xalqımızın arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə kömək edir. Azərbaycanla əlaqədar mövzularla məşğul olan macar alimlərinin sayı ildən ilə artır. Çıxış edənlərin hamısı bu sahədə Azərbaycan səfirliyinin səmərəli fəaliyyətini xüsusi qeyd etdilər.

Konfransın noyabrın 18-də keçirilən birinci iclasında macar dilinə tərcümə edilərək nəşr olunan “Dədə Qorqud” və “Koroğlu” dastanlarının təqdimat mərasimi keçirildi. Dünyada məşhur olan bu dastanlarımızı səfirliyimizin təşəbbüsü və maliyyə dəstəyi ilə Macarıstanın tanınmış alimləri İmre Adorian və Laslo Puşkaş tərcümə etmişlər. Poliqrafik cəhətdən yüksək səviyyədə tərtib olunan kitablar Avropa Folkloru İnstitutu və “L.Harmattan” nəşriyyatlarında çap olunmuşlar.

Səfir Həsən Həsənov təqdimat mərasimində İmre Adoriana və Laslo Puşkaşa Azərbaycanın bu folklor incilərini yüksək səviyyədə tərcümə etdiklərinə və bu dastanlarla macar xalqını tanış olmaq imkanı yaratdıqlarına görə təşəkkür etdi. Səfir bildirdi ki, Xaricdə Yaşayan Azərbaycanlılara İş üzrə Dövlət Komitəsi dastanlarımızın tərcüməçilərini Azərbaycana bir həftəlik səfərlə mükafatlandırıb.

Təqdimat mərasimində tərcüməçilər İmre Adorian, Laslo Puşkaş və Avropa Folkloru İnstitutunun direktoru Mixay Xoppal çıxış etdilər. Laslo Puşkaş “Koroğlu” dastanının tərcüməsinə iki ilə yaxın gərgin əmək sərf etdiyini, xüsusilə, oradakı şeirlərin tərcüməsinin xeyli çətinlik törətdiyini bildirdi.

Bütün çıxış edənlər xüsusi olaraq qeyd etdilər ki, bu dastanların macar dilində nəşri təkcə tarixçilərin, filosofların deyil, sıravi macar oxucularının da böyük marağına səbəb olacaq, Azərbaycan mədəniyyəti ilə macar xalqının yaxından tanış olmasında böyük rol oynayacaq. Ekspertlər bu əsərlərin nəşrini Azərbaycan-Macarıstan humanitar münasibətləri tarixində əlamətdar hadisə adlandırdılar.

Mərasimdə səfirimiz tərcüməçilər İmre Adorian və Laslo Puşkaşı “Azərbaycan-Macarıstan münasibətləri sahəsində xidmətə görə” fəxri mükafatı ilə təltif etdi.

Təqdimat mərasimindən sonra məruzələr dinlənildi.

İclasa AMEA-nın vitse-prezidenti akademik Nailə Vəlixanlı və Macarıstan tərəfindən Avropa Folkloru İnstitutunun direktoru Mixay Xoppal sədrlik edirdilər.

Konfransda akademik Xazai Diyerd çıxış edərək Macarıstan EA adından konfrans iştirakçılarını təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. O, artıq ənənəyə çevrilən bu konfransın Macarıstanla Azərbaycan arasında hərtərəfli əlaqələrin genişlənməsində böyük əhəmiyyəti olduğunu bildirdi. Sonra X.Diyerd Azərbaycan və Anadolunun qədim yazılı abidələri haqqında məruzə etdi.

Macar alimi İmre Adorianın məruzəsi Azərbaycan aşıq ədəbiyyatına həsr olunmuşdu. O, Azərbaycanda ədəbiyyat sahəsində apardığı tədqiqatlardan, xüsusilə professor Q.Namazovun aşıq ədəbiyyatı ilə bağlı tədqiqatların əhəmiyyətindən danışdı. Məruzəçi Sarı Aşığın Anadoludan olması fikirini irəli sürdü.

Bu iclasda digər macar alimləri də Azərbaycanla bağlı maraqlı məruzələrlə çıxış etdilər.

Eled Kovaç “Biri var idi, biri yox idi” ifadəsinin macar və Azərbaycan variantları, Edit Taşnadi “Naxçıvanın folkloru”, İmre Dyarmati “Azərbaycan dilində Venera (Zöhrə) planetinin adı”, yenə onun “Macar”, “Kalaf” və Azərbaycan dilində “falak” sözlərinin etimologiyası, Aç Pal “Macar diplomatı İştvan Kakaşın Kaspi dənzinə son səfəri və ölümü", Peri Benedik “Füzuli qəzəlinin macar dilinə ilk tərcüməsi”, İvan Şanto “Azərbaycanın iki orta əsr memarlıq abidəsi” məruzələri maraqla dinlənildi. Məruzələr sinxron tərcümə olunurdu. Dinləyicilər suallar verir və məruzələrdə səslənən fikirlərə öz münasibətlərini bildirirdilər.

Konfransın ikinci günündə iclasa Macarıstan Elmlər Akademiyasının Hüquq Elmləri İnstitutunun direktoru, akademik Vanda Lamm və akademik Nailə Vəlixanlı sədrlik edirdilər. Həmin gün Macarıstan alimləri ilə yanaşı, Azərbaycandan gəlmiş qonaqlar — Yaqub Mahmudov və İlyas Babayev məruzə etdilər. Yaqub Mahmudovun məruzəsi “Azərbaycanın Avropa dövlətləri ilə qarışılıqlı əlaqələri (XV əsrin ikinci yarısı - XVII əsrin əvvəli)”, İlyas Babayevin məruzəsi isə “Antik dövrdə Qafqaz Albaniyasının ticarət əlaqələri və pul dövriyyəsi” adlanırdı.

Yaqub Mahmudov çoxlu yazılı mənbələr əsasında Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin Avropa ölkələri ilə çox geniş əlaqələri olduğunu göstərdi.

İlyas Babayevin məruzəsi çoxsaylı arxeoloji materillar əsasında qədim Azərbaycan dövləti Albaniyanın ticarət əlaqələrinə, ölkədə ticarətdən başqa ölkələrdən gətirilən və yerli gümüş pullardan geniş istifadə olunmasına həsr olunmuşdu. Məruzə zamanı Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntıların rəngli şəkilləri ekranda göstərildi. Məruzədə göstərildi ki, hələ 2300 il bundan əvvəl Azərbaycan dünya ticarətinə qoşulmuş, ölkənin ərazisindən tranzit ticarət yolları keçmiş, Azərbaycanın özündə də gümüş pullar kəsilmişdir. Bu pullar həm böyük dəfinə şəklində, həm də tək-tək tapılır.

Konfransın ikinci günündə macar alimlərinin dinlənilən məruzələrinin əksəriyyəti hüquq məsələlərinə, Azərbaycanın Konstituiyasına, ölkəmizin hüquq sahəsində əldə etdiyi nəaliyyətlərə həsr olunmuşdu.

Kristof Nad Seçen “Yeni mülki hüquqla əlaqədar notariusların roluna”, Aqneş Doşa “Mülki hüququn yeni kodifikasiyasının müqayisəsi”, Tamaş Notari “Azərbaycanda və Macarıstanda xüsusi hüququn inkişafı”, İvan Xalas “İnzibati islahatlar və yerli özünü idarənin vəziyyəti”, Miklaş Xollan “Cinayət hüququ və cəza sistemi” mövzularında məruzələrlə çıxış etdilər. Bu məruzələrdə Azərbaycan hüququ Avropa ölkələrinin hüququ ilə müqayisə olunurdu.

Konfransda Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun “Azərbaycan-macar siyasi, elmi-mədəni əlaqələrinin möhkəmlənməsi sahəsində Azərbaycan səfirliyinin fəaliyyəti” məruzəsi xüsusi maraqla dinlənildi. H.Həsənov bu sahədə səfirliyin çoxsahəli fəaliyyəti haqqında geniş məlumat verdi və göstərdi ki, ölkələrimiz arasında əlaqələr getdikcə genişlənir. Bu əlaqələr həyatın bütün sahələrini əhatə edir. O, daha çox macar alimlərinin Azərbaycan problemləri ilə məşğul olmasını arzuladı və göstərdi ki, onlar bu sahədə səfirliyimizin köməyinə arxayın ola bilərlər.

Konfransda macar tədqiqatçısı Şandor Jarnotsayın “Macarıstanın kənd təsərrüfatının rəqabətə davamlılığı” mövzusundakı məruzəsi də xüsusi maraqla qarşılandı. O, məruzəsində Macarıstanın kənd təsərrüfatının maldarlıq, əkinçilik, balıqçlıq, şərabçılıq və digər sahədə böyük nailiyyətlərinin olduğunu qeyd etdi və göstərdi ki, onlar öz məhsullarını Azərbaycana da ixrac edə bilərlər. Macar tərəfi kənd təsərrüfatı sahələrində Azərbaycanla təcrübə mübadiləsi də edə bilər. Macarıstanın kənd təsərrüfatı texnikası, kimyəvi maddələr, qarğıdalı yetişdirmək sahəsində böyük nailiyyətləri var. Onlar bu sahələr üzrə Azərbaycanla sıx əməkdaşlığa hazır olduqlarını bildirdilər.

Noyabrın 19-da Azərbaycan səfirliyində AMEA-nın vitse -prezidenti akademik Nailə xanım Vəlixanlı ilə Macarıstanan EA-nın vitse-prezidenti akademik Norbert Krou ilə görüşü keçirildi. Akademik N.Vəlixanlı AMEA-nın quruluşu, tədqiq olunan elm sahələri, Azərbaycan alimlərinin elmin müxtəlif sahələrində qazandıqları nəailiyyətləri, alimlərimizin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verdi və göstərdi ki, Macarıstan EA ilə mövcud əlaqələrin gələcəkdə daha da genişləndirilməsi hər iki tərəf üçün çox faydalı olar.

Görüşdə iki tərəf ölkənin Elmlər Akademiyaları arasında əlaqələrin qarışılıqlı maraq əsasında daha da genişləndirilməsi və dərinləşdirilməsi zəruriliyini vurğuladı.

Görüşün sonunda səfir Həsən Həsənov akademik Norbert Krouya hədiyyə olaraq diplomatik nümayəndəliyimizin macar dilində nəşr etdirdiyi “Dədə Qorqud” və “Koroğlu” kitablarını və Heydər Əliyev Fondunun macar dilində nəşr etdirdiyi “Qarabağ haqqında həqiqət” kitabını təqdim etdi.

Noyabrın 20-də ELTE Universiteteinın Şərqşünaslıq İnstitutunun professoru İştvan Vaşarinin sədrliyi ilə keçirilən konfransın yekun iclasında da Azərbaycan və Macarıstan alimlərinin çox maraqlı məruzələri dinlənildi.

Akademik Nailə Vəlixanlı “Azərbaycan tarixinin bəzi məsələləri Müasir Macarıstan tarixşünalığında” mövzusunda məruzə ilə çıxış etdi. Nailə xanım Macarıstan tədqiqatçılarının Azərbaycan tarixinin problemləri ilə məşğul olmasına, xüsusilə son vaxtlarda bu məsələyə daha çox fikir verildiyini qeyd etdi və səfirimiz Həsən Həsənovun bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi.

Sonra Nailə xanım professor İştvan Vaşarinin türk dilində nəşr etdirdiyi “Eski iç Asiyanın tarixi” kitabı haqqında danışaraq onun böyük əhəmiyyətini və kitab haqqında bəzi tövsiyələrini bildirdi.

İclasa sədrlik edən professor İştvan Vaşari məruzəni yüsək qiymətləndirdi və məruzədə göstərilən bütün tənqidi qeydləri nəzərə alacağını bildirdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru Maisə Rəhimovanın məruzəsi Azərbaycanda son illərdə aparılan arxeoloji tədqiqatlara, xüsusilə Azərbaycan arxeoloqlarının Almaniya, Fransa, ABŞ, Gürcüstan, Cənubi Koreya arxeoloqları ilə birgə apardıqları arxeoloji qazıntılara həsr olunmuşdu. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikada arxeologiya elminin inkişafına xüsusi fikir verdiyini, ölkədə arxeoloji qazıntıların aparılması üçün küllü miqdarda vəsait ayrıldığını xüsusi qeyd etdi. Məruzəçi Azərbaycan ərazisində olan paleolitdən orta əsrlərə qədər bütün dövrlərə aid çoxsaylı abidələrin təkcə Azərbaycanın deyil, dünya tarixinin bütün dövrlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə malik olduğunu göstərdi. Ona görə də bir çox ölkələrin arxeoloqları bu abidələrin öyrənilməsinə maraq göstərirlər. İnstitutumuzun beynəlxalq əlaqələri sürətlə genişlənir. O qeyd etdi ki, biz macar arxeoloqları ilə də məmnuniyyətlə işləyərdik.

Gənc tədqiqatçı Zaur Həsənov öz məruzəsini “Don-ton” hidroniminə həsr etdi. O, dilçiliyə aid çoxsaylı mənbə və ədəbiyyatdan istifadə edərək bu hidronimin türk mənşəli olduğunu göstərdi.

Konfransda tanınmış macar türkoloqu musiqişünas, Azərbaycan xalq musiqisi haqqında kitab yazan Yanoş Şipoşun Azərbaycan, macar, Anadolu türk mərasim mahnıları haqqında məruzəsi də böyük maraqla dinlənildi. Məruzə zamanı bir neçə musiqi nümunələri səsləndirildi.

Macar tədqiqatçısı Xidan Çaba XVI əsrdə Azərbaycan və Macarıstan tarixi mövzularına həsr olunmuş əsərlərdə döyüşçülərin zirehli geyimləri, bu geyimlərin keyfiyyəti haqqında məruzəsi əyani vasitələrin nümayiş etdirilməsi ilə müşayiət olundu. Məruzəçinin özü və köməkçiləri zirehli paltarları əyinlərinə geyinərək onlardan necə istifadə olunduğunu göstərdilər. Məruzə teatr tamaşasını xatırladırdı. İfaçılar zirehli geyimləri, silahları, onların istifadə qaydalarını nümayiş etdirdilər.

Digər macar tədqiqatçıları İştvan Erdeyin “Macarların Qafqazın tədqiqi ilə əlaqədar əsərləri”, Peter Vereşin “Azərbaycan və Macarıstanın qədim tarixi məsələsi”, Veneta Yankovanın “Maskalarla oyunlar və mədəniyyətlərin dialoqu”, Şandor Foldvarinnin “Azərbaycan xalqının Midiya, Parfiya kökləri” məruzələri də kofrans iştiraksılarının böyük marağına səbəb oldu.

Sonuncu məruzə zamanı qədim yunan müəllifləri Strabon və Arrianın əsərlərindən ayrı-ayrı parçalar qədim yunan dilində nümayiş etdirilir və onların ingilis dilində tərcüməsi verilirdi.

Konfransda tanınmış Ukrayna arxeoloqu professor Vitali Otroşenko da iştirak edirdi. Onun “Ağac tikililər tayfalarının tarixi taleyi” mövzusunda məruzəsi böyük maraqla dinlənildi. Bu mədəniyyət Ukrayna, Cənubi Rusiya çöllərində geniş ərazini əhatə etmişdir.

Çox yüksək səviyyədə təşkil olunmuş konfransda bütün məruzələr maraqla dinlənilirdi. İştirakçılar məruzəçilərə çoxlu suallar verdilər və məruzələrlə bağlı öz fikirlərini söyləyirdilər.

Konfransın axırıncı günüdə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənovla birlikdə Azərbaycan nümayəndələri AMEA- nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı Macarıstan Parlamentində oldular və vitse- spiker doktor Qabor Vilaqoşi ilə görüşdülər. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıldı. Görüş iştirakçıları iki dost ölkə arasında hərtərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əlaqələrinin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğunu qeyd etdilər.

Heç şübhəsiz, “Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” mövzusunda keçirilən III Beynəlxalq Elmi konfransı iki ölkənin alimləri arasında əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycanla Macarıstan arasında hərtərəfli əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə olacaqdır.

 

 

Maisə RƏHİMOVA,

 AMEA-nın Arxeologiya və

Etnoqrafiya İnstitutunun direktoru

 

İlyas BABAYEV,

AMEA-nın müxbir üzvü 

 

Xalq qəzeti.-2009.-14 fevral.-S.5.