Göygöl rayonunda inkişafı sürətləndirən
başlıca amillər
Göygöl Rayon
İcra Hakimiyyətində 2008-ci ilin sosial-iqtisadi inkişaf
yekunlarına və cari ildə qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş toplantıda son illərdə
bölgədə inkişafı sürətləndirən
başlıca amillər diqqət mərkəzində oldu. Hesabat
məruzəsində və çıxışlarda bildirildi
ki, ulu öndər Heydər Əliyevin sabitlik və tərəqqi
strategiyasının uğurlu davamı olaraq Prezident İlham Əliyevin
rəhbərliyi ilə son 5 ildə həyata
keçirilmiş ümummilli proqramlar, xüsusən, regional
inkişaf proqramı ölkənin bütün bölgələri
kimi, Göygöl rayonuna da sürətli inkişaf gətirmişdir.
Son illərdə irili-xırdalı bir çox problemlər həllini
tapmış, əhalinin rifahı yüksəlmişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hesabat məruzəsində son 1 ildə ölkədə qazanılmış siyasi, iqtisadi və sosial-mədəni uğurlara nəzər saldıqdan sonra rayonda qazanılmış nailiyyətlərdən geniş söz açdı. Başçı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il də bölgələrə müntəzəm səfərlər edərək dövlət siyasətinin yerlərdə həyata keçirilməsinə birbaşa nəzarət etmişdir. Dövlət başçısı 2008-ci il ərzində ölkənin 36 şəhər və rayonunda 160-dan çox obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdi.
2008-ci il martın 4-də Prezident İlham Əliyev Göygöl rayonuna da səfər etmiş, ümummilli lider Heydər Əliyevin əzəmətli heykəlinin açılışında iştirak etmiş, rayon sakinləri ilə görüşmüş və səmimi söhbətlər aparmışdı. Ölkə rəhbəri Göygöl şərab zavoduna baş çəkərək aparılan yenidənqurma-bərpa işləri və istehsal sahələri ilə də tanış olmuş, dəyərli məsləhətlərini vermişdi. Prezident yeni inşa olunan 180 çarpayılıq tibb müəssisəsinə gedərək tikinti işlərinin gedişi ilə maraqlanmışdı. Möhtərəm İlham Əliyev daha sonra Dövlət Neft Şirkəti tərəfindən qısa müddət ərzində ən müasir layihə əsasında inşa edilmiş şəhər 1 saylı orta məktəbdə sinif otaqlarına baxmış, yaradılmış şərait ilə tanış olmuşdu. Göygöl şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 16 mənzilli yaşayış evinin orderlərini də ölkə rəhbəri təqdim etmişdi. Cənab İlham Əliyev Yeni Zod kəndində qaçqınlarla da görüşmüş, onların həyat şəraiti ilə yaxından tanış olaraq mövcud problemlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdi.
Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xanlar rayonunun Göygöl rayonu, Xanlar şəhərinin Göygöl şəhəri adlandırılması haqqında Azərbaycan Respublikasının 25 aprel 2008-ci il tarixli Qanununa imza atmış, bu tarixi hadisə rayon sakinlərinin çoxdankı arzusunun həyata keçməsinə səbəb olmuşdur.
Rayon rəhbəri daha sonra qeyd etdi ki, respublikada əldə olunan nailiyyətlər Göygöl rayonunun da sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmiş, uzun illər yığılıb qalmış mövcud problemlərin aradan qaldırılmasına şərait yaratmış, iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir. Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı dövlət proqramı üzrə Göygöl rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş 13 tədbir icrası yerinə yetirilmiş, 4667 yeni iş yeri açılmışdır, ondan da 3726-sı daimidir. 2008-ci ildə isə 938-i daimi olmaqla 1014 iş yeri açılmışdır. Dövlət Proqramının icrasının nəticəsi olaraq 39 MMC, 15 kəndli fermer təsərrüfatı, 19 firma yaradılmışdır.
Yerli əhəmiyyətli avtomobil yollarına 41,5 kilometr asfalt örtük salınmış, 26940 metr səki daşları düzülmüş, 5563 kvadratmetr üzlük piltələr döşənmişdir. Göygöl şəhərinin mərkəzində və R.Nəsibov məhəlləsində 27,6 kilometr yeni kanalizasiya sistemi quraşdırılmış və təmizləyici qurğu tikilmişdir.
Əhalinin elektrik enerjisi, qaz, su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 22 transformator məntəqəsi, 35 kv-luq Çaykənd yarımstansiyası tikilmişdir. 48,2 kilometr hava elektrik verilişi xətti, 2,5 kilometr yeraltı kabel xətti çəkilmişdir. Rayonun 15 kəndini və 4 qəsəbəsini əhatə edən qaz təsərrüfatında təmir-bərpa işləri aparılmış, 2961 abonentə təbii qaz verilmişdir. Göygöl şəhərində 9562 metr, kənd və qəsəbələrdə isə 15990 metr su xətti çəkilmişdir. 12 artezian quyusu qazılmış, 61 quyu təmir olunmuşdur.
180 çarpayılıq yeni tibb müəssisəsinin tikintisi başa çatmaq üzrədir. 1 kənd sahə xəstəxanası, 1 kənd həkim ambulatoriyası, 6 kənd feldşer mama məntəqəsi, 1 kənd kitabxanası, Göygöl poçtamtı üçün yeni bina, 5 kənddə poçt məntəqəsi tikilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi və Məşğulluq Mərkəzi üçün inzibati bina, Gənclər evi, Qırıqlı kəndində uşaq bağçası, 2 şadlıq sarayı ötən ilin yadigarıdır. Heydər Əliyev Fondu hesabına 400 şagirdlik 3 məktəb binası, bundan əlavə 3124 şacirdlik 9 orta məktəb binası, 455 şagirdlik 26 sinif otağı istifadəyə verilmişdir. 17 məktəb binası, Cümşüdlü kənd uşaq bağçası, rayon baytarlıq laboratoriyası, 135 fərdi və 18 ikimərtəbəli, çoxmənzilli yaşayış evinin dam örtükləri əsaslı təmir olunmuşdur. 282 həyət darvazaları yenisi ilə əvəz edilmişdir. 6 kənddə elektron tipli ATS, 11 kənddə peyk telefonu avadanlığı quraşdırılmışdır. 2 kənddə köhnə tipli ATS elektron tipli ATS-lə əvəz olunmuşdur.
Azərbaycan Bioloji Kombinatında 562,4 min manat həcmində yenidənqurma və bərpa işləri aparılmışdır. Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutun nəzdində toxum bankı tikilmişdir. Keçmiş Xanlar Aqrar Sənaye Kombinatının bazasında “Göygöl şərab zavodu” ASC yaradılmış, üzüm qəbulu məntəqəsi, araq, şərab, konyak, şampan, spirt çəkmə sexləri və laboratoriya yenidən qurulmuş, avadanlıqlarla təchiz olunaraq işə salınmışdır.
Dövlət Proqramının uğurla icrasının nəticəsi olaraq sosial məsələlərin həlli, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, sosial obyektlərin tikilməsi sahəsində əldə olunmuş uğurları sonrakı illərdə də davam etdirmək məqsədilə 2009-2013-cü illər üçün hazırlanacaq Dövlət Proqramına rayonun şəhər, qəsəbə və kəndlərində mövcud olan problemlərin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı aidiyyatı dövlət orqanları qarşısında məsələlər qaldırılmışdır.
2008-ci il rayonda təmir-bərpa, tikinti-quraşdırma və abadlıq işlərinin aparılması, yerli əhəmiyyətli avtomobil yollarının təmiri davam etdirilmitş, 1 milyon 262 min manat həcmində təmir-bərpa və abadlıq işləri görülmüşdür. İl ərzində Göygöl şəhərini əhatə edən avtomobil yollarına, prospekt və küçələrə, R.Nəsibov və 21-ci məhəllələri əhatə edən əraziyə 5,5 kilometr asfalt örtük salınmışdır. 11649 metr səki daşları düzülmüş, 16 küçəyə 119100 kvadratmetr çınqıl örtük tökülmüşdür.
Aşıqlı — Köşkü-Üçbulaq, Çaykənd — Qarabulaq — Sarısu, Gəncəkənd — Zurnabad kəndarası avtomobil yollarında çınqılla cari təmir işləri aparılmışdır. 4 iyul 2008-ci il tarixdə yağan güclü yağışın təsirindən Danayeri kəndindəki tutumu 50 ton kubmetr olan dağılmış süni göl bərpa edilmişdir. 8 iyun 2008-ci il tarixdə yağan aramsız yağış nəticəsində öz məcrasından çıxmış Gəncə, Kürək və Qoşqar çaylarının əhaliyə, enerji təchizatına, yol və körpülərə, su qurğularına və suvarma sistemlərinə vurduğu ziyan rayonun daxili imkanları hesabına aradan qaldırılmışdır. Göygöl şəhərində qaz təsərrüfatı olmayan yaşayış massivlərinə 35 kilometr uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir.
Dozular kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində köçürülmüş ailələr üçün təhlükəsi olmayan ərazidə yeni tikilən kənddə bütün tikililərin kommunikasiya xətləri ilə birlikdə tikintisini tam başa çatdırmaq üçün əlavə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış 4 milyon manat məbləğində vəsait hesabına 42 yaşayış evinin, 120 şagirdlik orta məktəb binasının, klub və inzibati binanın, feldşer-mama məntəqəsinin, mağaza və hamamın tikintisi başa çatdırılmışdır. Küçələrə asfalt örtük salınmış, gecə işıqlandırma sistemi quraşdırılmışdır.
2008-ci ildə müasir standartlara cavab verən 15 sahibkar obyekti və ümumi sahəsi 6671 kvadratmetr olan 50 fərdi yaşayış evi tikilmişdir. Sarısu kəndində icra nümayəndəliyinin, klub, kitabxana və feldşer mama məntəqəsinin yerləşdiyi bina, Pənahlılar kənd mədəniyyət evi əsaslı təmir olunmuşdur. Rayon maliyyə idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmışdır. Prokurorluq, Yağından Mühafizə Bölməsi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üçün inzibati binaların tikintisi davam etdirilir.
Park və xiyabanlarda, şəhidlər xiyabanında, yol kənarlarında 7 mindən çox ağac və bəzək kolları əkilmişdir.
2008-ci ildə rayon üzrə
34 milyon 156 min manat əsas kapitala investisiya qoyulmuşdur. 32
milyon 610 min manat tikinti-quraşdırma işlərinə
yönəldilmişdir. Bu da əvvəlki ilə nisbətən
2,3 dəfə çoxdur. Kiçik və orta
sahibkarlığın inkişafına dövlət dəstəyi
bu sahənin inkişafına təkan vermişdir. Hazırda
rayonda 457 hüquqi, 1353 fiziki şəxs sahibkarlıq fəaliyyəti
ilə məşğul olur. 75 kollektiv kəndli fermer təsərrüfatı,
187 kiçik müəssisə, 7 səhmdar cəmiyyət fəaliyyət
göstərir.
Ümumdaxili məhsul
istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi
rayon üzrə 60 faiz təşkil etmişdir. 2007-ci illə
müqayisədə 81,2 faiz çox olmaqla, 10 milyon 634 min manat
dəyərində sənaye məhsulları istehsal
edilmişdir. Bunun 69,5 faizi qeyri-dövlət sektorunun payına
düşür. 2008-ci ildə sənaye müəssisələrində
çalışanların orta aylıq əmək haqqı əvvəlki
illə müqayisədə 25,2 faiz artaraq 120 manat,
adambaşına pul gəliri 1278,3 manat təşkil
etmişdir. 2008-ci ildə rayon üzrə orta aylıq əmək
haqqı 2007-ci ilə nisbətən 29 manat (23,8 faiz) artaraq 149
manata çatmışdır.
Aqrar sahənin inkişaf
etdirilməsi istiqamətində də müvafiq tədbirlər
həyata keçirilmişdir. 1183 nəfər
istehsalçıya kənd təsərrüfatı məhsullarının
istehsalı üçün yanacaq və motor yağlarına
görə məqsədi ilə dövlət tərəfindən
391 min 242 manat ödənmişdir. 1230 nəfər buğda
istehsalçısına isə 318 min 644 manat məbləğində
yardım verilmişdir. “Aqrolizinq” yolu ilə dəyərindən
50 faiz aşağı qiymətə 88,8 ton azot, 157,5 ton
superfosfat gübrəsi satılmışdır.
2008-ci ildə 5
toxumçuluq təsərrüfatlarına istehsal etdikləri
1381,8 ton 1-ci və 2-ci reproduksiyalı toxuma görə
dövlət büdcəsindən 117 min 179 manat məbləğində
subsidiya verilmişdir. Aqrar sektoru dövlət
qayğısının nəticəsi olaraq kənd təsərrüfatında
becərilən əkin sahələri və məhsuldarıq
nəzərəçarpacaq dərəcədə
artmışdır. Belə ki, keçən ilə nisbətən
1603 hektar çox olmaqla, 10319 hektar sahədə səpin
aparılmışdır. 2008-ci ildə 20868 ton taxıl
istehsal olunmuşdur, bu da keçən ilə nisbətən
2619 ton (14,3 faiz) çoxdur. 2007-ci illə müqayisədə
2008-ci ildə 5,4 faiz çox — 27 milyon 347 min manat dəyərində
kənd təsərrüfatı məhsulları istehsal
edilmişdir. Bunun da 99,6 faizi qeyri-dövlət sektorunun
payına düşür.
Başçı daha sonra
bildirdi ki, rayonda təhsilin inkişaf etdirilməsi istiqamətində
də ötən il mühüm tədbirlər həyata
keçirilmişdir. 2008-ci ildə 504 şagirdlik Göygöl
şəhər 6 saylı, 320 şagirdlik Balçılı
kənd, 250 şagirdlik Aşıqlı və Xaqani kənd
orta, 220 şagirdlik 8 Mart kənd əsas məktəb
binalarının tikintisi başa çatdırılaraq istifadəyə
verilmişdir. 180 şagirdlik Əlimədədli kənd əsas
məktəb binasının tikintisi ilə davam etdirilir.
Hacıməlik qəsəbə 1 saylı, Kökü kənd,
Stansiya Qızılca orta, Yalqışlaq kənd əsas məktəb
binaları əsaslı təmir olunmuşdur. Göygöl
şəhər 2 və 3 saylı orta məktəblərində
istilik sistemi yenidən qurulmuşdur. Ali məktəblərə
qəbul olan orta məktəb məzunlarının sayı
artmışdır. 2007-ci ildə ali məktəblərə
iş verən 393 məzundan 81-i qəbul olduğu halda, 2008-ci
ildə 420 məzundan 114-ü qəbul olmuşdur. 6 nəfər
600-dən çox, 14 nəfər 500-dən çox bal
toplamışdır.
Əhalinin
sağlamlığını qoruyub saxlamaq, onlara göstərilən
tibbi xidməti yaxşılaşdırmaq məqsədilə
2008-ci il ərzində Çaylı, Topalhəsənli kənd
həkim ambulatoriyası, Çaykənd sahə xəstəxanasının
mərkəzləşdirilmiş istilik sistemi təmir
edilmişdir. 60 min manat dəyərində tibbi avadanlıq,
7500 manat dəyərində bərk inventar
alınmışdır. İmtiyazlı xəstələrə
103 min manat dəyərində pulsuz dərman verilmişdir.
Əhaliyə göstərilən
mədəni xilmətin səviyyəsini daha da
yaxşılaşdırmaq məqsədilə Nadil,
Qırıqlı kənd klubu, Kərəmli kənd
kitabxanası, XIX əsrə aid memarlıq incəsənət
abidələrinin fasad hissələri, Lüteran alman kilsəsi
təmir olunmuşdur. Yerli əhəmiyyətli tarixi abidələrin,
mədəniyyət evlərinin, klub və kitabxanaların əksəriyyətinin
əsaslı və cari təmirə ehtiyacı var.
Rayon idmançıları
respublika miqyaslı yarışlarda və dünya
çempionatlarında fəal iştirak edərək 7
qızıl, 7 gümüş, 10 bürünc medal əldə
etmişlər.
A.Seyidov hesabat məruzəsində
sosial məsələlərin həllinə də toxunaraq qeyd
etdi ki, son 1 ildə əhalinin aztəminatlı təbəqəsinin,
sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifah
halının yaxşılaşdırılmasına diqqət
daha da artırılmışdır. 2008-ci ildə 1603 ailə
olmaqla, 7556 nəfərə 140 min 960 manat məbləğində
ünvanlı sosial yardım verilmişdir. 1190 nəfərə
696 min manat sosial pensiya, 8346 nəfərə isə 8 milyon 366
min manat əmək pensiyası ödənilmişdir. Orta
aylıq pensiyanın məbləği 83,6 manat təşkil
etmişdir. Göygöl şəhərində 4 bankomat
quraşdırılmış, pensiya və müavinətlərin
plastik kartlar vasitəsilə vaxtında əhaliyə
çatdırılması təmin olunmuşdur.
Əhalini dayanıqlı
elektrik enerjisi ilə təmin etmək məqsədilə
Göygöl şəhərində və Qızılqaya qəsəbəsində
3, Balçılı, Yalqışlaq, Aşıqlı kəndlərində
1 yeni transformator məntəqəsi
quraşdırılmışdır. Göygöl şəhərində
yeni salınmış yaşayş massivinə və
Qızılqaya qəsəbəsinə 8 kilometr elektrik
veriliş xətti çəkilmişdir. 140 elektrik
dayaqları qoylmuş, 108 transformator, 31 kilometr elektrik
veriliş xətti təmir olunmuşdur.
Təbii qazla təchizatı
yaxşılaşdırmaq məqsədilə Qızılqaya
qəsəbəsində 3,8 kilometr daşıyıcı qaz kəməri
çəkilmiş, 235 metr qəsəbədaxili
paylayıcı xətt bərpa edilmişdir. Göygöl
şəhərinin Aşıq Alı küçəsində
112 metr yeraltı qaz kəmər xətti yerüstü ilə
əvəz olunmuşdur. Mollacəlili, Xaqani və
Köşkü kəndlərində qaz təsərrüfatında
təmir-bərpa işləri aparılmış, 697 abonent təbii
qazla təmin edilmişdir.
Yeni Zod, Göyçəkənd
və Mixaylovka kəndlərinə 1972-ci ildə çəkilmiş
9 kilometr daşıyıcı qaz kəmərinin 1,3 kilometr
hissəsi yenisi ilə əvəz olunmuş, 300 abonent təbii
qazla təmin edilmişdir.
İçməli suya olan tələbatı
yaxşılaşdırmaq məqsədilə ötən il
Göygöl şəhərində 830 metr magistral, 510 metr məhəllədaxili,
Yeni Zod kəndində 1040 metr yeni su xətti çəkilmişdir.
Çaykənd kəndinin magistral su xəttinin 650 metr hissəsi
yenisi ilə əvəz olunmuşdur.
2008-ci ildə rayon büdcəsinin
mədaxil və məxaric hissəsi üzrə proqnoz
tapşırıqlarının icrası, vəsaitin təyinatına
görə səmərəli istifadə olunması, maliyyə
intizamına riayət edilməsi daim diqqət mərkəzində
saxlanılmışdır. 2007-ci illə müqayisədə
2008-ci ildə büdcənin mədaxil hissəsi 54,6 faiz
artaraq 2 milyon 328,2 min manata, məxaric hissəsi 42,6 faiz artaraq
10 milyon 481,1 min manata çatmışdır. Rayon büdcəsinin
həcmi 2009-cu ildə 12 milyon 365,5 min manat təşkil
etmiş, 2008-ci ilə nisbətən 17,9 faiz, 2004-cü illə
müqayisədə isə 4,5 dəfə artmışdır.
Rayonda 45 yaşayış məntəqəsi
üzrə 1 şəhər, 1 qəsəbə ,28 kənd bələdiyyəsi
fəaliyyət göstərir. Bələdiyyələr fəaliyyətləri
dövründə yaşayış məntəqələrinin
abadlaşdırılmasında, əhalinin sosial problemlərinin
həllində müəyyən işlər görmələrinə
baxmayaraq, yaranmış əlverişli imkanlardan, torpaqlardan və
mülkiyyətlərində olan obyektlərdən səmərəli
istifadə etmirlər, yenri iş yerlərinin və istehsal sahələrinin
yaradılmasına, xidmət sahələrinin inkişaf
etdirilməsinə, kənd daaxili yolların təmirinə
lazımi diqqət yetirmirlər.
Ötən il RİH-də vətəndaşların
qəbul edilməsinə, onların müraciətlərinə,
ərizə və şikayətlərinə baxılmasına
xüsusi diqqət yetirilmiş, qaldırılan məsələlər
yerində araşdırılıb vətəndaşların
haqlı tələbləri öz həllini tapmışdır.
Rayon icra hakimiyyətinə 2008-ci il ərzində 1679
müraciət daxil olmuşdur ki, bu da 2007-ci illə müqayisədə
292 ədəd azdır.
Hesabat
yığıncağında çıxış edən təhsil
şöbəsinin müdiri Altay İsmayılov,
Göygöl Bələdiyyəsinin sədri Mikayıl
Hacıyev, maliyyə şöbəsinin müdiri Oqtay Əliyev,
Gənclər və İdman İdarəsinin rəisi Zaur
Abbasov və digər natiqlər ayrı-ayrı sahələrdə
əldə edilmiş uğurları diqqətə
çatdırdılar, nöqsan və
çatışmazlıqları qeyd etdilər,
qarşıdakı vəzifələrə nəzər
saldılar.
Hesabat
yığıncağında yekun olaraq bildirildi ki,
Göygöl rayonunda əhalinin rifahının
yaxşılaşdırılması, ictimai-siyasi fəallığın
daha da yüksəldilməsi, rayonun sosial-iqtisadi cəhətdən
yüksək inkişaf etmiş bir bölgəyə
çevrilməsi istiqamətində tədbirlər bu il daha
da sürətləndiriləcək. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dövlət
orqanları qarşısında qoyduğu vəzifələrin
icrası yüksək səviyyədə təmin olunacaq.
Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının məsul işçisi
Canpolad Musayev, Milli Məclisin deputatı Rövşən
Rzayev hesabat yığıncağında
çıxış etdilər, diqqəti regional inkişafla
bağlı mühüm məsələlərə yönəltdilər.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-14 fevral.-S.6.