İxtisasartırma kursunun növbəti buraxılışı olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları” istiqaməti üzrə keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.

Şəhər və rayon bələdiyyələrinin sədrlərinin iştirak etdiyi kursun əsas məqsədi yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyi sahəsində dinləyicilərin biliklərinin təkmilləşdirilməsi, yeni məlumatların verilməsi, həmçinin fikir mübadiləsinin aparılması olmuşdur.

Tədris-tematik plan üzrə kursda yerli özünüdarəetmənin əsasları, onun iqtisadi və maliyyə problemləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, heyətin idarə olunmasının əsas prinsipləri, yerli özünüidarəetmə orqanlarında sənədləşdirmə texnologiyası və s. mövzular üzrə mühazirələr aparılmışdır.

DİA-nın mətbuat və informasiya xidmətindən aldığımız məlumata görə, təhsil müddəti ərzində kursda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov, Prezidentin İcra Aparatının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdir müavini Fikrət Əzizov, Milli Məclisin regional məsələlər üzrə daimi komissiyasının sədri Arif Rəhimzadə, sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sektor müdiri Lətif Qasımov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini Tofiq Həsənov, tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında yerli özünüidarəetmənin müxtəlif problemlərinə dair mühazirələrlə çıxış etmişlər.

DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursun sonunda çıxış edərək, kursun dinləyicilərinə vəsiqələr təqdim edərək, onlara gələcək işlərində uğurlar arzu etmişdir.

        

 

          Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2009.-14 fevral.-S.7.