Sağlam qidalanma piramidası
O qədər çox yemə, ağırlıq etsin.
O qədər ac qalma,
can əldən getsin.
Sədi Şirazi,
“Gülüstan”
Qidalanma ilə əlaqədar çoxsaylı hikmətli
kəlamlar həm atalar sözlərində,
həm də aforizmlərdə öz əksini tapmışdır. Bəzən qidaya
“dərman” kimi, dərmana isə “zəhər” kimi yanaşmaq tövsiyə olunur. Düzgün qidalanma-sağlamlığın
əsasıdır. Hamıya məlumdur
ki, qidalanma bütün canlıların
əsas bioloji təlabatıdır. Qidasız yaşamaq
mümkün deyil.
Eyni zamanda, düzgün qidalanmadan normal və sağlam yaşamaq mümkün olmur. Deməli, insan səmərəli, gün ərzində gördüyü işə
uyğun olaraq tarazlaşdırılmış qidalanmanı öyrənməlidir.
Bunun üçün, ilk növbədə,
qida rasionuna daxil olan əsas
qidaların tərkibini
bilmək lazımdır.
Əsas qida maddələrinə zülallar, yağlar və karbohidratlar daxildir. Qəbul edilən qidanın
50-60 faizi karbohidratlar,
15-20 faizi zülallar və 20-35 faizi yağlardan ibarət olmalıdır. Karbohidratlar orqanizm
üçün enerji
mənbəyi rolu oynadığı üçün
onun miqdarı çoxluq təşkil edir. Zülallar orqanizmdəki hər
bir hüceyrə üçün tam dəyərli,
qurucu material hesab olunur. Maddələr mübadiləsinin gedişində zülallar
həm karbohidratlara, həm də yağlara çevrilə bilir. Canlı orqanizm zülal aclığına tab gətirə
bilmir.
Düzgün qidalanmanın mahiyyətini
daha yaxşı başa düşmək üçün əsrlərlə
hamının diqqətini
cəlb edən piramida fiqurundan istifadə etmək olar. Misir piramidalarının timsalında dünyada çoxsaylı memarlıq
abidələri yaradılmışdır.
Dietoloq alimlər bəşəriyyətin
bu qədim ixtirasından istifadə etməklə sağlam qidalanma piramidası hazırlamışlar. Hələ
insanlara ilk Misir piramidasının müəllifinin
kim olması
məlum deyil və bu barədə
mübahisələr davam
edir. Bəlkə də piramida
başqa planetin yaradıcılığının bəhrəsidir?
Piramida nədir? Piramida həndəsi fiqur
olub, əsas hissədən-oturacaqdan və
zirvədən ibarətdir.
Piramidanın “dibi” və
ya əsası son dərəcə etibarlıdır,
ona görə də o yerdə möhkəm dayanır və qorunub saxlanılır. Düzgün qidalanma planında əsas yeri karbohidratlar tutur. Karbohidrat isə taxıl və un məmulatlarında daha çox olur. Karbohidratlara, eyni zamanda,
nişasta tərkibli bitki məhsulu olan və populyar
qida hesab edilən kartof da daxildir. “Qida piramidasının”
zirvəsində elə
qidalar yer tutur ki, onları
ancaq başı bir qədər yuxarı qaldırdıqda
görmək mümkün
olur. Onlara yağlar və
şirniyyatlar daxildir.
Onlar gündəlik qida rasionunun daimi elementləri olmasalar da, bir qədər
“dadmaq” üçün
nəzərdə tutulmuşdur,
yaxud da onlarsız keçinmək
mümkündür. Piramidanın əsası ilə zirvəsi arasında tam dəyərli qidalanma üçün elə ərzaqlar yerləşdirilir
ki, onlarsız keçinmək mümkün
deyildir. Buraya zülallar,
tərəvəz və
meyvələr aiddir.
Hamı bu fikirlə razılaşar ki, meyvəsiz, tərəvəzsiz
süfrə “darıxdırıcı”
olur. Meyvə və tərəvəzin
orqanizm üçün
çox böyük əhəmiyyəti vardır.
Onların tərkibində qiymətli
vitaminlər və mikroelementlər, eləcə
də bağırsaqların
yaxşı işləməsi
üçün bitki
lifləri mövcuddur.
Zülallar orqanizmdə “kərpic” rolu oynamaqla möhkəm “binanın” qurulmasında və yeniləşməsində iştirak
edirlər. Onlar “gəzir, üzür
və uçurlar”.
Bunlara mal , balıq, quş əti və onların əmələ
gətirdiyi məhsullar:
süd, kürü və yumurta aiddir. Şəkərli diabetli xəstələrə
süd məhsullarından
kəsmik, qatıq, pendir,qaymaq, xama
məsləhət görülsə
də, süddən çox istifadə etmək tövsiyə edilmir. Çünki, südün tərkibində
süd şəkəri
laktoza vardır.
Piramidada
qidaların yerləşdirilməsi
aşağıdakı şəkildə
təsvir edilmişdir.
Piramidanın birinci mərtəbəsində
nişasta tərkibli ərzaqlar yerləşdirilmişdir. Bildiyimiz kimi,
onlar sutkalıq qida rasionunun 50-60 faizini təşkil edir və orqanizmdə
enerji mənbəyi rolu oynayır. Burada çörək, kökə, sıyıqlar,
vermişel, makaron, şit peçenye və s. yerləşdirilmişdir,
eləcə də onların bir paylıq miqdarı göstərilmişdir. Şəkərli diabetli xəstələrdə
gün ərzində karbohidratların düzgün
bölüşdürülməsi vacib şərtlərdən
biridir. Karbohidratlar
əsas qida qəbulunda, yəni səhər yeməyində
25 faiz, naharda 30 faiz, şamda 20 faiz; qəlyanaltılarda isə (2-ci səhər,
2-ci nahar, 2-ci şam)
10-15 faiz hesabı ilə qəbul edilməsi məqsədəuyğun
hesab edilir.
Piramidanın 2-ci mərtəbəsində meyvə
və tərəvəzlər
üçün yer ayrılmış və onların birdəfəlik
payları göstərilmişdər. Birdəfəlik
pay nə deməkdir? Bir paylıq tərəvəz dedikdə:
yarım fincan bişmiş tərəvəz,
yarım fincan xırda doğranmış
çiy tərəvəz,
yarım fincan bişmiş paxlalı bitkilər (yaşıl noxud, paxla və
lobya) dörddə-üç
fincan meyvə şirəsi; 1 paylıq meyvə dedikdə: 1 alma,
1 banan, 1 apelsin, 1 qreyfrut, 1 dilim yemiş, 1 dilim qarpız, yarım fincan giləmeyvə, yarım fincan albalı, dörddə-bir
fincan quru meyvə kütləsi nəzərdə tutulur.
Piramida 3-cü mərtəbədə orqanizm
üçün ət
və süd məhsulları yerləşdirilmişdir. Bir paylıq zülal dedikdə: 150-200 qram bişmiş mal və toyuq əti (dərisi təmizlənmiş)
və ya yağsız balıq, 1 ədəd yumurta aiddir. Bir paylıq
süd məhsulları
dedikdə: bir stəkan süd (200 ml), yarım stəkan yoqurt, 45-50 qram pendir (bərk və ya əridilmiş)
nəzərdə tutulur.
Piramidanın zirvəsində
yağ və
şirniyyatlar yerləşdirilmişdir.
Bir paylıq yağ dedikdə:
15-20 qram kərə yağı, 2-3 xörək
qaşığı bitki
yağı, 15-20 qram mayonez başa düşülür. Bir paylıq şirniyyat dedikdə: 2-3 çay qaşığı şəkər
tozu, 2-3 çay qaşığı cem, yarım stəkan dondurmaya nəzərdə
tutulur.
Beləliklə, sağlam qidalanmanın əsas pirinsipləri “qida piramidasının” konstruksiyasına uyğun nəzərə alınmışdır. ABŞ-da sutkalıq qida rasionunun planlaşdırılması qida
piramidasının sxeminə
uyğun təşkil
olunmuşdur. Keçən
əsrin sonunda amerikalılar belə qərara gəldilər ki, insanlarda artıq çəki və ya piylənmə
ilə mübarizədə
bütün ehtiyatlardan:
dövlət, səhiyyə
və ictimai institutların gücündən
istifadə olunmalıdır.
İlk dəfə pəhriz üçün hazırlanan
elmi vəsait “sağlam qidalanma piramidası” adlandırıldı.
Bu piramidadan sonralar
müxtəlif ixtisaslı
həkimlər, o cümlədən
endokrinoloqlar, kardioloqlar
istifadə etməyə
başladılar. Son illərdə qidalanmanın
yeni piramidası hazırlanmışdır. Həm “köhnə”, həm də “yeni” piramidanın verdiyi tövsiyələr insanların
sağlam qidalanmasına
və öz çəkilərini normal saxlamağa
düzgün istiqamət
verir. Sağlam qidalanmanı öyrənməyə
hamının ehtiyacı
vardır. Çalışın
öyrənin, öyrənmək
isə heç vaxt gec deyil!
Tofiq MEHDİYEV,
Şəki rayonlararası endokrinoloji
dispanserin baş həkimi, respublikanın
əməkdar həkimi, tibb elmləri namizədi
Xalq qəzeti.-2009.-14 fevral.-S.8.