Sumqayıt: altmış yaşlı gənclik şəhəri
Dünya şöhrətli
fransız yazıçısı Aleksandr Düma (Ata) düz
150 il öncə Sumqayıta gəlib... İnanmayanlar
yazıçının “Qafqaz səfəri” əsərinin
“Şah Abbas karvansarası” adlı bölümündən
aşağıdakı hissəni tapıb oxuya bilərlər:
“Bütün günü yol gedib gecə Sumqayıt adlanan yerdə
dayandıq. Poçt məntəqəsi burada yerləşirdi.
Biz Xəzər dənizini bir neçə saat əvvəl
görmüş və yol boyu onu müşayiət
etmişdik. İndi isə dəniz o qədər yaxında idi
ki, ləpələrin səsi eşidilirdi... Bir qum təpəciyinin
üstünə çıxaraq ulduzların
işığında dənizə baxmağa başladım.
Birdən gözüm bizdən bir-iki kilometr aralıda
işıq gələn beş-altı çadıra
sataşdı. Bu, düşərgə idi.”
Şəhər kimi bu
il 60 yaşı tamam olacaq Sumqayıtın səsi-sorağı
daha qədimlərdən gəlir. Alimlərin tədqiqatlarına
görə, Sumqayıtın ərazisində eramızdan əvvəl
insanlar məskunlaşıb. Orta əsrlərdə burada
böyük ticarət yolu uzanırdı. O dövrün səyyahları
Sumqayıt çayının hər iki tərəfində
yerləşmiş karvansaraların təsvirini veriblər.
Sumqayıt şəhərinin
isə 60 illik yubileyi bu il qeyd ediləcək. Artıq bununla əlaqədar
şəhər icra hakimiyyətində yaradılmiış təşkilat
komitəsinin ilk geniş iclası keçirilib və
hazırlıq işlərinə start verilib. Şəhərin
bütün idarə, müəssisə və təşkilatları,
təhsil, səhiyyə, mədəniyyət ocaqları yubiley
tədbirləri planı hazırlayıb ilboyu həyata
keçirəcəklər. Oxucuların diqqətinə təqdim
edilən bu qeydlərsə mənim doğma şəhərim
haqqında düşüncələrimdir...
Ağlım kəsəndən
Sumqayıtla bağlı hər bir məlumatı oxuyub-öyrənməyə,
yadımda saxlamağa çalışmışam. İndi bu
qeydləri qələmə alarkən ilk növbədə bəstəkar
Səid Rüstəmovun məşhur “Sumqayıt”
mahnısının melodiyaları qulaqlarımda səslənir:
Canlanır hər
qarış yer Sumqayıtda,
Xariqələr
yaradır el Sumqayıtda.
Mahnının sözlərinin
müəllifi Nəsib Cəfərovdur. Bəşəri ruhla
aşılanan bu əsərinə və daha bir neçə
nəğməsinə görə Səid Rüstəmov
1951-ci ildə SSRİ Dövlət Mükafatına layiq
görülüb.
Sumqayıtın tərənnümündən
danışarkən mərhum xalq şairi Nəbi Xəzrinin
“Sumqayıt səhifələri” poemasını xatırlamamaq
olmur. Elə bir sumqayıtlı tapmaq çətindir ki, həmin
poemadan ən azı bir bənd əzbər bilməsin.
Sumqayıt cavandır,
cavandan cavan,
Taleyi, arzusu nura
boyanmış.
Sumqayıt oxuyur göylərə
meydan,
Ayağı torpaqda möhkəm
dayanmış.
...Bu sətirləri yaza-yaza
mənzilimin eyvanından Xəzərə baxıram. Xəzərin
duzlu küləyi şəhərə dəniz havası ilə
tumar çəkir. Eyvandan Səməd Vurğun və Cəfər
Cabbarlı küçələrinin kəsişdiyi yer —
Şəhidlər Xiyabanı olan yamyaşıl ərazi
aydın görünür. Mənsə “Sumqayıt səhifələri”
poemasından Səməd Vurğunla Cəfər
Cabbarlının xəyali görüş səhnəsini
xatırlayıram. Böyük şairlə böyük
dramaturqun sahildə salınacaq böyük sənaye şəhəri
ilə bağlı dialoqu poemada obrazlı bir dillə qələmə
alınıb. İşə baxın ki, böyük
yazarların görüşünün təsvir edildiyi yerdə
illərdir ki, məhz onların adını daşıyan
böyük küçələr kəsişir,
görüşür.
Şəhərin tarixindən.
Hələ 1932-ci ildə İttifaq miqyaslı komissiya
Sumqayıt ərazisinə baxıb buranı salınacaq sənaye
kompleksi üçün əlverişli yer kimi bəyənmişdi.
Beşillik plan direktivlərində Azərbaycanda qara və əlvan
metallurgiya sənayesinin yaradılması nəzərdə
tutulurdu. Bakı neft sənayesinin polad boruya ehtiyacı
böyük idi. Neftin inkişafı isə kimya sənayesi
üçün bol xammal vermək imkanı demək idi. Məhz
bu zərurət Abşeronda iri sənaye kompleksləri tikməkdən
ötrü əsas oldu. Dəniz yaxın olduğu
üçün onun suyundan müəssisələrdə
istifadəyə o qədər də çox xərc çəkilməyəcəkdi.
Beləliklə, 1935-ci ildə Abşeronda güclü sənayeni
hərəkətə gətirəcək elektrik
stansiyasının tikilməsi qərara alındı. Kiçik
yaşayış məntəqəsi olan Sumqayıtda
inşaatçılar ilk çadırlarını qurdular.
Duz gölü quruduldu, təpələr söküldü, dərələr
düzəldildi, ilk bünövrələr qoyuldu. Nəhayət,
1938-ci ildə əraziyə qəsəbə statusu verildi.
...Üç il sonra fevralın 13-də axşam mitinqinə
toplaşanlar Azərbaycanda ilk İES-in
açılışının şahidi oldular. İlk turbin
blokunun uğultusu ətrafı bürüdü. Dəhnə
düzü nura qərq oldu. Bu, əsl toy-bayram idi. Ətraf kənd
və qəsəbələr neft lampası ilə həmişəlik
vidalaşdılar. Stansiyanın nur çeşməsi
Sumqayıta yeni həyat verdi. Bu, gələcək şəhərin
“ürəyi” idi.
Lakin Böyük Vətən
müharibəsinin başlanması ilə quruculuq işləri
müvəqqəti dayandırıldı. Bir də müharibənin
sonuna yaxın hökumət bərpa və yeni sənaye mərkəzləri
yaratmaq barədə düşündü. 1944-cü ilin
martında Sumqayıtda inşaatçıların ilk qərargahı
— “Zaqsənayeinşaat” tresti təşkil edildi. Qələbədən
sonra əsgər paltarını dəyişib quruculuq işlərinə
başlayan gənclər Xəzərin sahilində yeni şəhər
yaratmaq üçün buraya yürüş etdilər.
O dövrdə kənd təsərrüfatı
üçün kimyəvi maddələrin istehsalına tələbat
böyük idi. 1943-cü ilin ortalarında Sumqayıt
kimyasının ilki olan kaustik soda qurğusunun inşasına
başlanmışdı, artıq iki il sonra, 1945-də
kimyaçılar ilk məhsul aldılar.
Neft sənayesinə kömək
üçün 1946-cı ildə bünövrəsi qoyulan
boruyayma zavodunun 6 ildə bir neçə sexi istifadəyə
verildi. Sintetik kauçuk və alüminium zavodlarının
yardımçı sexləri tikildi. Qəsəbə
böyüyüb şəhərə çevrildi. Nəhayət,
1949-cu il noyabrın 22-də respubka Ali Sovetinin Fərmanı ilə
Sumqayıta şəhər statusu verildi.
Həmin il Sumqayıtın
ilk çörək zavodu işə salındı. 1952-ci ilin
avqustunda keçmiş SSRİ-də ilk dəfə,
Sumqayıtda süni kauçuk “plantasiyası” — sintetik etil
spirti istehsalı kompleksi ilk məhsulunu verdi. Dekabrda Bakı
neftçiləri Sumqayıt metallurqlarının ilk hədiyyəsini
— polad boruları aldı. 1955-ci ilin martında alüminium
zavodunda ilk əlvan metal külçə — ilkin alüminium
buraxıldı.
Gənclik şəhəri
ilbəil, aybaay böyüyürdü. İnsanlar yaşamaq
üçün Sumqayıtı həvəslə məskən
seçirdilər. Əllinci illərdə bu sətirlərin
müəllifinin də ata-anası öz talelərini
Sumqayıtla bağlayıblar. Şəhərimizin 8
yaşı olanda mən dünyaya gəlmişəm.
Sumqayıt bizim taleyimizin
şəhəridir. Sevincimiz-kədərimiz, uğurumuz, tarixi
günlərimiz... bu gözəl şəhərlə
bağlıdır. Hərdən şəhərin köhnə
yaşayış massivinə — uşaqlığımın
keçdiyi İnşaatçılar qəsəbəsinə
gedirəm, baxıram, yada salıram. Hər küçəsində,
hər dalanında bir xatirə yatır. Yaxınlıqdakı
çörək zavodundan gələn buğda ətrini hələ
də unutmamışam. Zavod indi də fəaliyyətdədir,
amma nədənsə həmin çörəyin ətri indi
duyulmur.
Sumqayıt gözlərimin
önündə böyüyüb, gözəlləşib.
1959-cu ildə ilk tramvayları, üç il sonra ilk
trolleybusları küçələr boyu şütüməyə
başlayıb. Heyf ki, indi heç biri yoxdur. İlk “beşmərtəbə”
(Bakıda olduğutək, Sumqayıtda da köhnə sakinlərə
belə bir ünvan bəllidir), 9, 12 və 14 mərtəbəli
evlərin tikintisi, məktəblərin, mədəniyyət
saraylarının açılışı unudulmur. Dənizkənarı
parkda keçirilən iməciliklərin, bayramların
yaddaşımda əlvan boyaları qalmaqdadır.
Altmışıncı illərdə
superfosfat zavodu, yuyucu toz istehsal edən müəssisə,
“şəffaf” vərəqlər — şüşə zavodu,
aşqarlar zavodu, kimya kombinatı istifadəyə verilib. Şəhəri
bütün ölkə tikirdi. Bu işlərdə 200-dən
artıq iqtisadi rayon iştirak edirdi.
Ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərlik etməyə
başladığı 1969-cu ildən Sumqayıt
inkişafının yeni mərhələsinə qədəm
qoyub. Həmin il Sumqayıtın tarixində H.Ərəblinski
adına Dövlət Dram Teatrının açılması
ilə yadda qalıb. Mənzil, məktəb, mədəni-sosial
obyektlər daha sürətlə tikilməyə
başlayıb. Həmin dövrdə gənclik şəhərinin
sosial-iqtisadi sahələrinin inkişafında, iri sənaye
strukturlarının formalaşmasında, elm, təhsil, səhiyyə
və mədəniyyət sahələrinin tərəqqisində
ulu öndərin müstəsna xidmətləri olub. Əhalinin
sayı 300 minə çatıb.
Şəhərin
şöhrət tacı hesab olunan müəssisələrin
texniki cəhətdən müasirləşdirilməsi ilə
yanaşı, burada kompressorlar, etilen-polietilen zavodları,
üst trikotaj, xovlu iplik fabrikləri, kimya istehsalatlarında
yeni nəhəng qurğular istifadəyə verilib. İki
milyon kvadratmetrdən çox mənzil sahəsi inşa edilib.
27 məktəb, 15 uşaq bağçası — körpələr
evi, kitabxanalar, xəstəxanalar istifadəyə verilib. 1970-ci
il yanvarın 31-də respublika rəhbəri kimi ilk dəfə
Sumqayıta gələn ulu öndər şəhər fəallarının
konfransında tarixi nitq söyləyib. Həmin il fevralın
28-də ümummilli lider yenidən gənclik şəhərinə
gələrək kimya və boruyayma zavodlarında əmək
adamları ilə görüşüb. Onun Sumqayıta hər
səfəri şəhərin inkişafını sürətləndirib.
1971-ci il aprelin 7-də kimya kombinatında Rumıniyanın
Piteşti şəhəri ilə Sumqayıtın
qardaşlaşmasının təməlini məhz Heydər Əliyev
qoyub. 1974-cü il noyabrın 27-də ulu öndər
S.Vurğun adına mədəniyyət sarayında
Sumqayıtın 25 illik yubileyində iştirak edib. Sumqayıt
şahmat məktəbinin müəllim və yetirmələri
milli liderlə 1981-ci il aprelin 8-də olan unudulmaz
görüşün xoş təəssüratlarını
yaşayır.
Bu gün Sumqayıtın bir
çox müəssisələrinin foyeləri ulu öndərin
xalqa həsr olunmuş ömrümün Sumqayıt səhifələrinə
aid foto-stendlərlə bəzədilib. Nadir şəkillər
unudulmaz böyük şəxsiyyətin gənclik şəhərinə
diqqət və qayğısını əks etdirir. Azərbaycan
dövlət müstəqilliyinə qovuşduqdan sonra,
1993-cü il dekabrın 28-də ulu öndərin Sumqayıta səfəri
yeni beynəlxalq ATS-in işə salınması ilə əlamətdar
olub.
Sonrakı illərdə də
ulu öndərlə tarixi görüşlərini
sumqayıtlılar ifxtixarla xatırlayırlar. BMT-nin
İnkişaf Proqramı ilə “İnsan inkişafı”
kitabının müzakirəsi, seçicilərlə
görüşlər, buxar-generator qurğusunun
özülünün qoyulması, daha sonra isə işə
salınması mərasimlərində Heydər Əliyevi
görən, dinləyən, alqışlayan hər bir
sumqayıtlı özünü xoşbəxt sayır.
Ümummilli liderin 2003-cü
il aprelin 3-də Sumqayıta son səfəri şəhərin
yeni inkişaf tarixinin başlanğıcı oldu. Bu səfərdə
onun məqsədi Sumqayıtda sağlam siyasi-mənəvi
iqlimi bərpa etmək, yerlibazlıq, tayfabazlıq kimi
halların qarşısını almaq idi. Ulu öndərin
parlaq nitqi, açıq söylədiyi fikirlər təsirsiz
qalmadı. Həmin gün onun xeyir-duası ilə Vaqif Əliyev
Şəhər İcra Hakimiyyətinin
başçısı təyin edildi. Dahi rəhbərin
nitqindən irəli gələn müddəaları fəaliyyət
proqramı kimi həyata keçirən sumqayıtlılar
çalışırlar ki, etimadı layiqli işləri ilə
doğrultsunlar. Bu yolda göstərilən fədakarlıq nəticəsiz
qalmır. Ümummilli liderin uzaqgörən müdrik siyasətini
uğurla davam etdirən Prezident İlham Əliyevin gündəik
diqqəti ilə əhatə olunan Sumqayıtda sosial-iqtisadi
inkişaf proqramları layiqincə yerinə yetirilir. Gənclik
şəhəri ulu öndərin buraya son səfərindən
ötən altı ildə xeyli gözəlləşib və
inkişaf edib.
Sumqayıtın
inkişafında müstəsna xidmətəri olan
ümummilli lider Heydər Əliyevin xatirəsi şəhərin
hər bir sakini üçün son dərəcə əzizdir.
2004-cü il aprelin 10-da qəbul edilmiş qərara əsasən,
müasir şəhərsalma meyarlarına tam uyğun gələn,
genişliyi və abadlığı ilə göz oxşayan
“Dostluq” küçəsi Heydər Əliyev prospekti
adlandırılıb. Elə bu prospektin “Sülh” küçəsi
ilə kəsişdiyi yerdə ulu öndərin möhtəşəm
abidəsi ucaldılıb.
Bəli, altmış
yaşlı Sumqayıt – Bakının peyk şəhəri bu
gün Xəzərin sahilində inamla “göylərə meydan
oxuyur”. Müdriklik yaşına çatsa da, Sumqayıtın
qəlbi, ruhu həmişə cavandır. Buna görə də
onun hələ də gənclik şəhəri
adlandırılması tam qanunauyğundur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.-15 fevral.-S.5.