Ağdaşda hərtərəfli yeniləşmə uğurla davam etdirilir

 

Son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq proqramlarından bacarıqla faydalanan, ciddi nailiyyətlər qazanan bölgələrdən biri də Ağdaşdır. Rayonun qurub-yaradan insanları ötən ili də həyatın bütün sahələrində yaddaqalan, üzağardan uğurlarla başa vurmuş, yeni ilə möhkəm əsaslarla qədəm qoymuşlar. Ağdaş rayon fəallarının toplaşdığı hesabat yığıncağında ötən ilin başlıca sosial-iqtisadi yekunları, mədəni sahədə və xidmət sferasındakı yeniliklər diqqət mərkəzində oldu, 2009-cu ildə yeni hədəflərə, həllivacib vəzifələrə nəzər salındı.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev hesabat məruzəsinin əvvəlində ötən il ölkəmizin həyatındakı əlamətdar proseslərdən söz açdı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi uğurları vurğuladı, rayonun inkişafındakı sevindirici göstəriciləri məhz bu prosesin tərkib hissəsi kimi dəyərləndirdi. Başçı regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin bütün istiqamətlərdə, tam həcmdə həyata keçirildiyini konkret fakt və rəqəmlərlə açıqladı.

Məruzəçi bildirdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında 2004-2008-ci illərdə nəzərdə tutulan tədbirlərin, həmçinin də sonradan əlavə edilmiş tədbirlərin tam icrası sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaratmış, rayonu tarazlı iqtisadi inkişaf yoluna çıxarmaqla onun simasını kökündən dəyişmişdir.

2008-ci ildə Ağdaş rayonunun sosial-iqtisadi inkişafı daha sürətli olmuşdur. Nəticədə, rayonda ümumi daxili məhsul istehsalı 125,7 milyon manat, sənaye istehsalı 8,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 110 milyon manat, əhalinin gəlirləri 96,9 milyon manat, adambaşına düşən gəlirlər 984,5 manat, orta aylıq əməkhaqqı isə 182 manat təşkil etmişdir. Bu, ümumi daxili məhsulun 24,5 faiz, sənaye məhsullarının 18,0 faiz, pərakəndə əmtəə dövriyyəsinin 80,1 faiz, əhalinin gəirlərinin 146,5 faiz, adambaşına düşən gəlirlərin 144,6 faiz, orta aylıq əməkhaqqının isə 172,9 faiz artması deməkdir.

Ötən il bütün maliyyə mənbələri hesabına əsas kapitala 38,9 milyon manat həcmində — keçən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox investisiya qoyulmuşdur. İl ərzində rayonda 2447 yeni iş yeri yaradılmışdır ki, bunun da 817-si daimidir. 2008-ci ildə Ağdaş rayonunun dürüstləşmiş büdcəsi 14,1 milyon manat təsdiq olunmuşdu. Büdcənin mədaxil hissəsi 12,6 milyon manat (89,6 faiz) yerli gəlirlər üzrə plan 2,8 milyon manata qarşı 3,8 milyon manat (138,5 faiz) yerinə yetirilmiş, büdcəyə nəzərdə tutulandan 1,07 milyon manat çox vəsait daxil olmuşdur.

Rayonda 2471 ailəyə 255 min manat ünvanlı sosial-yardım təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 10300 nəfər fərdi qeydiyyata götürülmüş və onlara sosial-sığorta şəhadətnamələri verilmişdir. Məşğulluq Strategiyasından irəli gələn vəzifələrin həyata keçirilməsi nəticəsində 650 nəfər işlə təmin edilmişdir.

Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 2008-ci ildə rayonda 23,3 kilometr müxtəlif gücdə elektrik verilişi xətləri çəkilmiş və ya təmir edilmişdir. 3 yeni transformator qoyulmuş və 55 elektrik transformatoru isə təmir olunmuşdur. Lakin mövcud elektrik avadanlıqlarının müəyyən qisminin istismar müddətini başa vurması əhalinin elektrik enerjisi ilə təminatında fasilələrin yaranmasına, ötürülən enerjinin keyfiyyətinin standartdan aşağı olmasına gətirib çıxarır. Paylayıcı Elektrik Şəbəkəsi problemləri aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir.

Rayonun təbii qazla təminatını yaxşılaşdırmaq məqsdilə 2008-ci ildə qaz verilişi bərpa olunan yaşayış məntəqələrinin sayı 27-yə çatdırılmışdır. Hazırda bu iş davam etdirilir. Qaz İstismarı İdarəsi qaz itkisinə qarşı mübarizəni gücləndirməli, yaşayış məntəqələrinin qazlaşdırılmasını sürətləndirməlidir.

Ötən il Abad kəndində yeni 256 nömrəlik elektron ATS quraşdırılaraq istifadəyə verilmişdir. Hapıtlı kəndində isə 96 nömrəlik yeni elektron ATS-in tikinti-quraşdırma işləri aparılır. Hesabat ilində rayon əhalisinə 293,6 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da ötən illə müqayisədə 52,5 min manat çoxdur. Telekommunikasiya qovşağı mərkəzi ATS-nin elektron ATS-ə çevrilməsi prosesinin qısa müddət ərzində başa çatdırılmasına, telefon rabitəsi ilə əhatə olunmayan kəndlərdə elektron ATS-lərin istifadəyə verilməsinə diqqət artırmalıdır. Əhaliyə poçt xidmətləri göstərilməsi üzrə tarif gəlirləri proqnozuna əməl olunsa da, poçtapmt xidmətlərin səviyyəsini yüksəltməli, yeni poçt şöbələrinin tikintisinə nail olmalıdır.

Hesabat dövründə rayonda geniş təmir-tikinti və quruculuq-abadlıq aparılmış, 26,7 milyon manatlıq işlər görülmüşdür. Ölkə Prezidentinin tapşırığı ilə şəhid ailələri və Qarabağ əlilləri üçün 48 mənzilli yaşayış evi tikilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsinin yeni inzibati binası və 9 saylı Ərazi Vergilər İdarəsinin yeni xidmət terminalı da istifadəyə verilmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binası isə əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda inşa olunan Uşaq musiqi məktəbinin tikintisində tamamlama işləri aparılır.

İl ərzində Ağdaş şəhəri ərazisində abadlıq-quruculuq işləri davam etdirilmişdir. M.Ə.Rəsulzadə, M.İsayev, Vaqif, 20 Yanvar, Məşəd və C.Cabbarlı küçələrinə 62,3 min kvadratmetr asfalt vurulmuşdur. Heydər Əliyev prospekti, M.İsayev, Vaqif və 20 Yanvar küçələrinə 600 müasir elektrik dirəkləri basdırılmış, yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Ərazilərdə sosial obyektlərin inşasına diqqət yetirilmişdir. Ərəb kəndində həkim ambulatoriyası, Ləki qəsəbəsində poçt binası tikilmişdir. Ötən il kənd yollarının abadlaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Orta Ləki, Kükəl, Ərəb kəndlərinin yolları, Əmirarx — Güvəkənd — Ləki yolu asfaltlaşdırılmışdır. Eymur, Ərəbşəki, Ağcaqovaq və Şordəhnə kəndlərinin daxili yolları əsaslı təmir olunmuş, bütün kənddaxili yollara çınqıl döşənmişdir.

İçməli su probleminin həlli məqsədilə Yuxarı Nemətabad kəndində sutəmizləyici qurğu quraşdırılmış,Xosrov və Pirəzə kəndlərində artezian quyuları qazılmışdır. Ağdaş şəhər əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində 3 artezian quyusu qazılmış, idarə və anbar binalarının tikintisinə başlanmışdır.

R.Niftəliyev daha sonra bildirdi ki, Ağdaş respublikanın aqrar rayonlarından olduğu üçün keçən il kənd təsərrüfatı məhsulları istehsalının artırılması ön plana çəkilmiş, bu sahədən 97,6 milyon manat gəlir əldə edilmişdir. 2008-ci ilin yazlıq və payızlıq əkinləri, həmçinin çoxilliik əkmələrlə əlaqədar 8105 nəfər istehsalçıya 1,4 milyon manat vəsait ödənilmişdir. 2008-ci ildə 649 hektar sahədə çəltik və 2009-cu ilin məhsulu üçün 10,2 min hektar sahədə buğda əkinləri üçün 2468 nəfər istehsalçıya 436,2 min manat həcmində dövlət yardımının verilməsi üçün müvafiq sənədlər hazırlanaraq təqdim edilmişdir. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 529 ton gübrə satılmışdır.

2008-ci ildə rayonda 43,3 min ton taxıl istehsal olunmuşdur. Bu ilin məhsulu üçün isə 15,5 min hektar sahədə taxıl əkilmişdir. Rayonda iri malın sayı 72,1 min, xırda malın sayı isə 87,4 min başa çatdırılmışdır. Ötən il bostançılıq və meyvəçilik surətlə inkişaf etmişdir. 19,1 min ton meyvə, 10 min tona yaxın kartof, 21,2 min ton bostan məhsulları istehsal olunmuşdur. 2008-ci ildə Bakı şəhərində təşkil olunmuş satış-yarmarkalara rayon fermerləri 330 ton kənd təsərrüfatı məhsulları çıxarmışlar.

Başçı sosial-mədəni sahənin uğurlarından söz açaraq qeyd etdi ki, son 5 il rayonda məktəb tikintisi genişlənmiş, 664 yerlik orta məktəb binaları və 520 yerlik əlavə sinif otaqları inşa edilmişdir. Bir sıra məktəb binaları əsaslı və cari təmir olunmuşdur. Hazırda Yuxarı Ləki və Qaradeyin kəndlərində yeni məktəb binaları tikilir. Heydər Əliyev Fondunun xəttilə də rayonda məktəb tikintisi və təmir işləri həyata keçirilmişdir. Ümumtəhsil məktəblərində bələdiyyələr və iş adamları tərəfindən isə 200 min manatlıq təmir işləri aparılmışdır.

Son üç ildə rayonun ümumtəhsil məktəblərinə 359 ədəd kompyuter verilmişdir. Cari dərs ilində 51 adda 26,3 min ədəd dərslik gətirilərək məktəblərə paylanmışdır. Ötən il ilk dəfə olaraq ali məktəblərə tələbə qəbulunda rayonun bütün orta məktəbləri təmsil olunmuş, imtahanlarda iştirak etmiş 574 məzunun 186 nəfəri (32,4 faiz) ali məktəblərə daxil olmuşdur. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mövcud problemlərin həlli diqqət mərkəhindədir. Yaxın gələcəkdə rayonda birnövbəli tədris sisteminə keçilməsi üçün 25 yeni məktəb binası və 230 əlavə sinif otağı tikilməli, ucqar kənd məktəblərinin yüksək ixtisaslı pedaqoji kadrlarla təmin olunmalıdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin artırılması məqsədilə hesabat dövründə Mərkəzi Rayon Xəstəxanasında və onun struktur bölmələrində əsaslı və cari təmir işləri aparılmışdır. Dünya Bankının maliyyə dəstəyi ilə “Səhiyyə sektorunda islahatlar” çərçivəsində rayonda 100 yerlik nümunəvi xəstəxana binasının layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.

Heydər Əliyev Muzeyində, Tarix-diyarşünaslıq muzeyində, Gənclər kitabxanasında və Ləki qəsəbə uşaq musiqi məktəbində ötən il təmir və bərpa işləri aparılmışdır. Mədəni-maarif müəssisələri rayon və respublika səviyyəli tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. Kitabxana şəbəkəsinə latın qrafikası ilə nəşr edilmiş 22,1 min nüsxə yeni kitab gətirilmişdir. 2008-ci ildə 5173 nəfər gəncin iştirakı ilə 41 mədəni-kütləvi tədbir, 6396 nəfər idmançının iştirakı ilə 39 müxtəlif idman yarışı keçirilmişdir. Ağdaşlı gənclərə dövlət başçısının diqqət və qayğısının nümunəsi kimi inşa edilən Olimpiya İdman Kompleksinin tikintisi yekunlaşmaqdadır. Dövlət gənclər siyasətinin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılmış, rayonun ictimai-siyasi həyatında gənclərin rolu artırılmışdır. İstedadlı və bacarıqlı gənc kadrların yüksək vəzifələrə irəli çəkilməsi ənənə halını almışdır.

İl ərzində şəhər, qəsəbə və kənd ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən yerli problemlərin həlli sahəsində aparılan işlərin monitorinqi keçirilərək, nəticələri müzakirə olunmuşdur. Bələdiyyələr büdcələrinə uyğun olaraq, ərazilərdə suvarma arxlarının və şirə kanallarının qazılıb lildən təmizlənməsi, kəndarası yolların təmir olunması, əhalinin içməli suya tələbatının ödənilməsi, məktəblərin, eləcə də digər sosial obyektlərin təmiri və digər yerli problemlərin aradan qaldırılmasını təmin etmişlər.

Məruzəçi sonra bildirdi ki, 2008-ci il uğurlu il olmuşdur. Ağdaşlılar 2009-cu ildə də rayonun inkişafı və çiçəklənməsi naminə daha məsuliyyətlə, vicdanla çalışacaq, ulu öndər Heydər Əliyevin sabitlik və tərəqqi yolunun davam etdirilməsinə töhfələrini artıracaq, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər.

Məruzə ətrafında müzakirələrdə çıxış edən Maliyyə Şöbəsinin müdiri Əhmədalı Hacıyev, Təhsil Şöbəsinin müdiri Lütvi Paşayev, Ağdaş şəhər icra nümayəndəsi Müstəqim Məmmədov və digər natiqlər ayrı-ayrı sahələrin inkişaf göstəricilərindən, problemlərdən və bu il qarşıda duran vəzifələrdən söz açdılar.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Rəhim Məmmədov yığıncaqda çıxış edərək həlli vacib məsələlərə toxundu, ağdaşlılara yeni uğurlar arzuladı.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.-2009.-15 fevral.-S.5.