Gəncənin nəğməkar qızı

 

Xoşbəxt o müğənnidir ki, xalq onun üzünü görmədən səsindən tanıya, mahnılarına sevə-sevə qulaq asa. Şirin, məlahətli səs taleyin hər kəsə nəsib etmədiyi bir nemətdir. Haqqında söhbət açacağım sənətkar da belələrindəndir. Lakin o heç vaxt yalnız səsinə arxalanmayıb. Onun insani keyfiyyətləri sənətkarlığı ilə vəhdət təşkil edir. Daim axtarışlarda olub, musiqi sənətini, klassik irsi dərindən öyrənməyə çalışıb. El məhəbbətini qazanmaq istəyən sənətkar üçün bu, çox vacib amildir. Səhnə adamı yüksək əxlaqi dəyərlərə malik şəxsiyyət kimi də formalaşmalıdır. Bu onun ilk, növbədə, ailəyə olan münasibətindən, evdəki səliqə-səhmanından, övladına verdiyi tərbiyədən, ən başlıcası isə Vətənə olan məhəbbətdən irəli gəlir. Belə sənətkarlardan biri də ürəkləri riqqətə gətirən şirin, yanıqlı səsiylə xalqımızın dərin rəğbətini qazanmış sevimli müğənnimiz, respublikamızın xalq artisti, Gəncə Dövlət Filarmoniyasının direktoru Şahnaz Haşımovadır.

Sonuncu dəfə Şahnaz xanımla 2000-ci ilin mayında “Respublika”, indiki Heydər Əliyev Sarayında görüşmüşdük. O vaxt “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı özünün 30 illiyini təntənə ilə qeyd edirdi. Elə bu məqsədlə də bu möhtəşəm sarayda böyük yubiley konserti təşkil olunmuşdu. Konsertə dəvətli qonaqlar arasında mən də vardım. Ansambl üzvlərinin hər birinin çıxışı, xüsusən də Şahnaz xanımın ürəkləri riqqətə gətirən gözəl səsi, muğam və təsnifləri, eləcə də oğlu Turalla birgə duet olaraq oxuduqları “Bu qadın nədən ağlıyor” türk mahnısının tamaşaçılar tərəfindən necə hərarətlə qarşılandığını görmək və eşitmək xoş idi. Böyük müvəffəqiyyətlə keçən o möhtəşəm konsert haqqında qəzetimizdə geniş yazı da vermişdim.

Aradan on ilə yaxın vaxt ötür. Zaman axarında on il çox olmasa da , qəlbi yaradıcılıq eşqilə döyünən insanlar üçün heç də az vaxt deyil. Redaksiyamıza daxil olan çoxsaylı telefon zənglərini, oxucu məktublarını nəzərə alaraq Şahnaz Haşımova ilə yenidən görüşməyi, yaradıcılığından söz açmağı qərara aldım. Açığını deyim ki, bu görüş mənim də ürəyimdən idi. Şeir-sənət ocağı, Nizami yurduna son on ildə bu mənim ilk səfərim olacaqdı.

Məni qarşılamağa Şahnaz xanım həyat yoldaşı, “Göygöl” ansamblının ilk yaradıcılarından biri, respublikanın əməkdar artisti Eldar Abdullayevlə gəlmişdi. Maşınımız Gəncənin tərtəmiz küçələri ilə şütüdükcə, göz oxşayan yeni tikililəri, yamyaşıl park və meydançaları gördükcə gözlərimə ianana bilmirdim. Bu illər ərzində doğma Gəncəmiz simasını tanınmaz dərəcədə dəyişib. Bu gözəlliyi əbədiləşdirmək üçün əlimi tez fotoaparatıma atdım.

Lakin Şahnaz xanım “Tələsməyin, yol gəlmisiniz, bir az dincəlin, sonra özüm sizi Gəncənin gəzməli, görməli yerləri ilə tanış edəcəyəm” – deyə qayğıkeşliklə evə dəvət etdi. Həyətə girən kimi yuxudan yenicə durmuş nəvələri Şahnaz və Eldarın Şahnaz nənənin və Eldar babanın boynuna necə sevinclə sarıldığını gözlə görmək lazım idi. Şahnaz xanımın gəlini Nuranənin zövqlə bəzəyib açdığı süfrə, hazırladığı təamlar, bəli-xeyirlə danışan övladları Elşən və Tural, Şahnaz xanımın həyat yoldaşı Eldarla son dərəcə mehriban davranışı bütün ailələrə nəsib olmayan bir səadətdən xəbər verirdi. Həyatımda çox müğənni və ifaçılarla görüşlərim olub. Çoxu gözəl səsə malik olsa da, özünü əsl ziyalı, incəsənət adamı kimi təsdiq edə bilməyib. Bu kimi insani dəyərləri Şahnaz xanımda, bu ailədə gördükcə, bu görüşün pərdə arxası məqamlarını ön plana çəkməyim ,yəqin ki, oxucuların da ürəyincə olar – dedim.

Şahnaz xanım orta məktəbi rus dilində bitirsə də, doğma musiqiyə, xalq havacatımıza maraq onda erkən yaşlarından başlayıb. Atası Həsən İmran oğlu inşaatçı olub. Gəncə şəhərini bəzəyən bir çox binaların ucalmasında onun əməyi var. Gözəl saz çalmağı, incəsənətə xüsusi rəğbəti olub. Səkkiz övlad atası ailənin ilkin övladı olan sevimli Şahnazı gələcəkdə həkim görmək arzusunda idi. O dövrdə cəmiyyətdə mənsəb tutmaq üçün rus dilini mükəmməl bilməyin vacibliyini yaxşı başa düşən Həsən kişi elə bu səbəbdən də Şahnazı rus dilli məktəbə qoyur. Məktəbdə rus dili, evdə isə tamam başqa bir ab-hava. Balaca qızcığaz ata istəyinə qarşı çıxa bilmir, dərslərini səylə öyrənməyə çalışır. Lakin musiqiyə olan həvəs ona bir an belə rahatlıq vermir. Özü də həmyaşıdlarından fərqli olaraq, uşaq mahnılarından daha çox xalq mahnılarına meyl salır.

Övladının musiqiyə olan həvəsini görən Həsən kişi Şahnazın ad günündə ona balaca bir radio alıb bağışlayır. Gözəl hafizəsi və musiqi duyumu olduğundan az bir zamanda o bir çox bəstəkar və xalq mahnılarını öyrənir, müğənniləri səslərindən tanıyır. Xoşuna gələn mahnıları əzbərləyib eynilə oxumağa çalışır. Məktəbdə keçirilən əksər mədəni tədbirlərdə balaca Şahnaza da yer verilir. Qızının hər bir çıxışını fəxarətlə izləyən atası Şahnazın incəsənətə olan marağının ötəri hiss olduğuna və tezliklə ötüb-keçəcəyinə inanmaq istəyir. Lakin “sən saydığını say, görək fələk nə sayır” el məsəlində deyildiyi kimi, Həsən kişi nə biləydi ki, vaxt gələcək, insanlara şəfa verəcək əllər əvəzinə, qızı məlahətli səsiylə milyonların rəğbətini qazanıb, ruhunu oxşayaraq onlara zövq-səfa verəcək. Və bunun qarşısını o, heç cürə ala bilməyəcəyi ilə barışmalı olacaq.

Hər şey təsadüfdən başladı. 1972- ci ilin mart ayı. 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirində Şahnaz məktəbin ansamblı ilə “Zabul segah” üstündə Ə.Tağıyevin “Vəsilə” mahnısını, eləcə də “Şahnaz” muğamını oxudu. Təsadüfən bu konserti izləyən Toxucular mədəniyyət sarayı özfəaliyyət ansamblının bədii rəhbəri tarzən Murtuz Əliyev Şahnazı dinləyib səsini bəyənir. Onu öz ansamblına dəvət edir. O günü sevincdən uçmağa qanadı olmayan Şahnaz özünü artıq böyük səhnəyə aparan yolun başlanğıcında hiss edir. Ansambl üzvləri həvəskar musiqiçilər olsa da, Şahnazın gözündə onlar son dərəcə peşəkar, səhnə isə ən mötəbər konsert salonu idi. 15 yaşı yenicə tamam olmuş gənc müğənninin günü-gündən artan şöhrəti, qazandığı uğurlar, onu və ansamblı az bir zamanda bütün Gəncəyə tanıdır. İlk müəllimi, ansamblın bədii rəhbəri Murtuz Əliyev Şahnazın bu uğurunu görüb ansamblın adını da “Şahnaz” qoyur.

Çox müğənnilərə qulaq asıb, mahnılarını əzbərləyib oxusa da təqlidçilikdən uzaq olmağa, hər mahnıya öz yaradıcılıq prizmasından yanaşıb sənətdə öz yolunu, öz cığırını açmağa çalışır. Musiqi təhsili almaq, xanəndəlik sənətini daha dərindən öyrənmək məqsədilə 1974-cü ildə sənədlərini Gəncə şəhər Qəmbər Hüseynli adına Orta İxtisas Musiqi Məktəbinə verib ustad xanəndə Bağman Rəhimovdan muğam sənətinin incəliklərini öyrənmək arzusunda olur. Təəssüf ki, yaşı çatmadığından onun bu arzusu baş tutmur. Lakin həvəsdən də düşmür. “Şahnaz” ansamblında üçillik fəaliyyəti Şahnazın yaradıcılığında mühüm yer tutsa da, onun əsl sənət məktəbi tanınmış tarzən, respublikanın əməkdar artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi “Göygöl” ansamblı ilə bağlıdır.

“1969-cu ildən fəaliyyət göstərən ”Göygöl" ansamblının şöhrəti artıq bütün respublikaya yayılmışdı. Nə vaxtsa belə bir ansamblda çıxış edəcəyimi heç ağlıma belə gətirməzdim” – deyə o günləri xatırlamağa çalışan Şahnaz Haşımova sözünə davam etdi: “Yaxşı yadımdadır, 1975- ci ilin may ayının əvvəli idi. Toxucular mədəniyyət sarayında növbəti məşq zamanı mənə qulaq asmağa gələn Fikrət Verdiyev ifamı bəyəndi və məni öz ansamblına dəvət etdi. Bir gün sonra ansambl Bakıya, Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə dəvət olundu. Ömrümdə ilk dəfə olaraq televizorda çıxış edəcəkdim. Oxuduğum “Leylam” və “Aparmağa gəlmişik” mahnıları başqa şəhərləri bilmirəm, gəncəlilər tərəfindən rəğbətlə qarşılandı. Səhəri gün hamı ansamblın uğurlu çıxışından danışırdı. Bu ,mənim çoxmilyonlu auditoriya qarşısında ilk uğurlu çıxışım idi”. O günləri xoş xatirə tək yada salan Şahnaz xanım bir az da kövrəldi.

Həmin il ansamblın rəhbəri, qayğıkeq insan Fikrət Verdiyev Şahnazın musiqi təhsili almasına şərait yaradır. Ustad xanəndə Bağman Rəhimovdan muğam sənətini səylə öyrənir. “Zabul”, “Mirzə Hüseyn segahı”, “Qatar”, “Şahnaz”, “Çahargah”, “Şur” muğamlarını, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət tapır. İlk dəfə olaraq 1980-ci ildə musiqi məktəbinin simfonik orkestrinin dirijoru və bədii rəhbəri Vahid Mirzəyev şəhər şənliklərinin birində “Leyli və Məcnun” operasından bir səhnəni oynamaq üçün Leyli roluna – Şahnaz Haşımovanı, Məcnun roluna Şəhadət Ömərovu, Məcnunun atası roluna isə Bağman Rəhimovu dəvət edir. Şahnazın uşaqlıqdan bu rolu oynamaq arzusunda olduğunu yaxşı bilən Fikrət Verdiyev konsertə bir neçə gün qalmış təcili Bakıya gedib operanın librettosunu tapıb Gəncəyə qayıdır. Şahnazın sevərək yaratdığı Leyli obrazı onu artıq bir opera müğənnisi kimi də tanıdır. O vaxtki şəhər rəhbərliyi bu gözəl səs sahibinin şəninə Gəncədə yaxın gələcəkdə opera teatrı da tikiləcəyinə söz verir. Şahnaz Haşımova Bakıya, opera və filarmoniyaya solist kimi dəvət olunsa da, nə doğma Gəncəni, nə də ona candan əziz olan “Göygöl”ü tərk etdi. Elə həmin il 1980-ci ildə “Göygöl”ün yaradıcılarından biri, kamança ifaçısı Eldar Abdullayevlə ailə qurdu.

Şahnaz Haşımova “Göygöl”lə ABŞ, Türkiyə, Almaniya, Kanada, Macarıstan və digər ölkələrdə qastrol səfərlərində olur. Azərbaycan incəsənətini layiqincə təmsil və təbliğ edir. Doğma respublikamızı da yaddan çıxarmır. Ansamblı tez-tez cəbhə bölgələrində, məcburi köçkün düşərgələrində, hərbi hissə və qospitallarda görmək olur. Yeri gəlmişkən, bu il “Göygöl” ansamblının 40 yaşı tamam olur. Kollektiv bu şərəfli yubileyi böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Bu gün radio və televiziyanın qızıl fondunda sevimli sənətkarın ifasında “Xatirə”, “Dan ulduzu” ansamblının, S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiətilə saysız-hesabsız bəstəkar və xalq mahnıları, muğam və təsniflər qorunub saxlanır.

Respublikanın tanınmış musiqiçiləri tarzən Adil Bağırov, Möhlət Müslümov və kamançaçı Elman Bədəlovun müşayiətilə lentə aldırdığı “Mirzə Hüseyn” və “Şahnaz” muğam dəsgahlarının və mərhum sənətçimiz Fatma Mehrəliyevadan sonra “Kəsmə şikəstə”nin mahir ifaçısı kimi özünü təsdiqləmişdir. Söhbət zamanı bir dəfə də olsun mən-mən deyib özünü tərifləməyən, daim axtarışda, öyrənməkdə olduğundan söz açan Şahnaz xanım sonda “O gün ki, dedin, məndən yoxdur, demək, o gündən sənətdə yoxsan” – dedi.

Şahnaz Haşımovanın yaradıcılığında mühüm yer tutan mahnılardan biri də “Uca dağlar” xalq mahnısıdır. Heydər Əliyev adına Sarayda vaxtilə konsertlərin birində bu ifaya diqqətlə qulaq asan böyük xanəndə Xan Şuşinski konsertdən sonra Fikrət Verdiyevi yanına çağırıb “Bu qızın gözəl səsi var. Mahnını da nöqsansız oxudu” – deyir. Böyük bəstəkarımız Fikrət Əmirov da vaxtilə Şahnazın səsinə yüksək dəyər vermiş, ansamblla yadigar şəkil çəkdirən zaman onu öz yanında oturtmuşdu.

Həmin şəkil bu gün də Şahnaz xanımın iş otağını bəzəyir. Görkəmli sənət adamlarıyla birgə çəkdirdiyi şəkillər çox olsa da, ona ən əziz, ən doğma olanı ulu öndər Heydər Əliyevlə və möhtərəm Prezidentimiz İlham Əliyevlə birgə çəkdirdiyi şəkillərdir. Ulu öndərin, eləcə də Prezident İlham Əliyevin Gəncəyə hər gəlişi, sənətçilər, o cümlədən Şahnaz xanım üçün unudulmaz bir hadisəyə çevrilmişdir.

Azərbaycan incəsənətinin təbliğində və inkişafındakı xidmətlərinə görə Şahnaz Haşımovaya 1995-ci ildə respublikanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adı verilmişdir. 1997-ci ildə o, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdur. Flarmoniya yaradıldığı gündən qəzalı sayılan bu məbədgahın nə vaxt əsaslı təmir olunacağı sualıma Şahnaz xanım Prezident İlham Əliyevin, eləcə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin incəsənətə qayğısı nəticəsində Filarmoniya binasının təmirinin yox,yenidən tikilməsinin artıq dövlət proqramına salındığını dedi.

Bu yaxınlarda dövlət başçısı İlham Əliyevin sərəncamı ilə bir qrup incəsənət ustası, o cümlədən Şahnaz xanımın həyat yoldaşı Eldar Abdullayev, bacısı, sevimli müğənnimiz Aybəniz Haşımova və oğlu, Gəncə Dövlət Filarmoniyası kamera orkestrinin solisti, 23 yaşlı gənc müğənni Tural Abdullayev respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşlər. Sevindirici haldır ki, Gəncə Dövlət Filarmoniyasının daha beş üzvü bu yüksək ada layiq görülmüşlər. Əgər 97-ci ildə Şahnaz xanım Filarmoniyaya direktor təyin olunarkən cəmi bir nəfərin fəxri adı vardısa, son iki ildə onların sayı 8-ə çatıb. Şahnaz xanım deyir: “Bu, bir daha dövlət başçımızın incəsənətə göstərdiyi diqqət və qayğını göstərir. Heç də təsadüfi deyil ki, Heydər Əliyev Fondunun prezidenti, “YUNESKO” və “İSESKO”-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə Muğam televiziya müsabiqələri keçirilmiş, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilmiş, Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilmiş, Üzeyir bəyin əsərlərinin toplusu və ensiklopediyası yenidən nəşr olunub xalqa çatdırılmışdır. Bütün bunlar ulu öndərin başladığı nəcib və xeyirxah işlərin davamı və incəsənət adamlarına olan rəğbətin təcəssümüdür. Ona öz ailəmiz, eləcə də gəncəlilər adından dərin təşəkkürümü bildirirəm”.

Həmin gün Şahnaz xanımla filarmoniyanın əksər kollektivlərinin məşqində iştirak etdik. Hər bir kollektivə doğma münasibətin şahidi oldum. Oğlu Turalın kamera orkestrinin müşayiəti ilə oxuduğu lirik mahnılara, xarici operalardan ariyalara, romanslara qulaq asdıqca, sanki, başqa bir aləmə düşürsən. Respublikanın əməkdar artisti Rəfail Bayramovun rəhbərlik etdiyi bu kollektiv bir çox xarici ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan incəsənətini layiqincə təmsil edib, böyük uğurlar qazanıb.

Ömrünün 35 ilini “Göygöl”ə bağlayan, bu gün də həm ansamblın aparıcı solisti olan, həm də filarmoniyaya rəhbərlik edən Şahnaz xanım, eyni zamanda, böyük bir ailənin qayğısın çəkir. Tacikistanlı şair Cəmaləddin Kərimzadə, folklorşünas alim, professor Sədnik Pirsultanlı, şair Nüsrət Kəsəmənli, Rasim Kərimli və bir çox digər şairlərimiz Şahnaz sənətinə çox yüksək dəyər verərək ona şeirlər həsr etmişlər. Yeri gəlmişkən onu da qeyd edim ki, Şahnaz xanımın özü də gözəl şeirlər müəllifidir. Onun “Mən dərdimi mahnılara danışdım” adlı şeir kitabı bu yaxınlarda işıq üzü görüb. Şahnaz xanımın şeirlərində Vətənə, xalqa, ailəyə məhəbbət motivləri əsas yer tutur. Aparıcı mövzu isə onun içərisindən gələn sənət yanğısıdır:

– Evin böyük övladı mən olduğumdan atam rəhmətə gedəndən sonra ailənin, bacı və qardaşlarımın yükü düşüb mənim boynuma. Həyatda, sənət aləmində çəkdiyim əziyyətləri gördüyümdən, bacım Aybənizin də müğənni olmasına razılıq vermirdim. Nə edim ki, özüm kimi onun da bu istəyinə qarşı çıxa bilmədim. Bu yükü indi ikimiz çəkirik. Çox çətin anlarımda məhz bacım mənə arxa olub. Bu gün onun sənətdə şan-şöhrət qazanması, fəxri ad alması bir bacı kimi məni hədsiz dərəcədə sevindirir. Hər gün telefonla əlaqə saxlayırıq.. Onun Gəncəyə hər gəlişi evimizdə bayrama çevrilir. Bizim ailədə onun öz yeri var.

O gün, Şahnaz xanımın dediyi kimi, Gəncəni gəzməyə də vaxt tapdıq. Yol polisi əməkdaşları maşını görən kimi mehribanlıqla ona öz hörmət və ehtiramlarını bildirirdilər. Respublikamızın hər yerindən arzu və diləklərinin yerinə yetirilməsi, ulu Tanrıya olan sevgisini bildirmək üçün insanların üz tutduqları “İmamzadə” ocağını ziyarət edərkən axundun Şahnaz xanımı necə hörmətlə qarşılamağını görüncə bu insanın xalqa, Tanrıya nə qədər bağlı olduğunun bir daha şahidi oldum. Qatarla Bakıya qayıdacağımı bilsə də, axşama yaxın imkan tapıb Kür üstünə getməyə razılıq verməyimi xahiş etdi. Batan günəşin qızılı şəfəqləri Kürün lal sularına qərq olduqca tamam başqa bir mənzərənin şahidi olursan. Nə yaxşı ki, fotoaparat yanımda idi. Və nə yaxşı ki, o xoş anları öncə yaddaşıma, daha sonra isə lentə həkk edə bildim.

Qatar aparmışdı məni Gəncəyə, qatar da geriyə qaytardı. Sabah bir başqasını yenidən aparıb qaytaracaq o qatar. Qayıtmayan isə ömürdən ötən illər, birgünlük Gəncə səfərindən aldığım xoş təəssürat, bir də şirin anlar olacaq.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.-2009.-15 fevral.-S.7.