Təhsildə hər şey dərsin keyfiyyətinə
xidmət etməlidir
Dörd məktəb, dörd təəssürat
Azərbaycan tarixindəki
xidmətlərinə görə bənzəri olmayan ulu
öndərimiz Heydər Əliyev demişdir: “Bizim təhsilimizin
məqsədi gənc nəsli gələcəyə
hazırlamaq, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli
üzvlərini yetişdirməkdir”. Təhsil sahəsində
çalışan bütün işçilər ulu öndərimizin
bu tövsiyəsini yerinə yetirmək üçün səylə
çalışaraq böyük uğurlar əldə
etmişlər. Bu günlərdə Bakı şəhərində
yerləşən bir neçə məktəbdə
olmuş, dərslərdə iştirak etmişəm. Həmin
məktəblər və dinlədiyim dərslər barədə
təəssüratlarımı oxucularla bölüşmək
istəyirəm.
Binəqədi
rayonundakı 3 nömrəli məktəbdə olarkən foyedə
gördüyüm təhsilə, elmə
çağırış məzmunlu plakatlar, şagirdlərin
intizamlı davranışı, səliqə-sahman rəhbərliyin
yerində olduğunu göstərirdi. Nəvəmin təhsil
aldığı III sinifdə Qəndab müəllimənin
apardığı dərsdə oldum. Müəllimənin dərsdə
istifadə etdiyi metodlar mənə xoş təsir
bağışladı. Sinifdə gözəl intizam var idi. Şagirdlərin
heç biri icazəsiz hərəkət etmirdi, amma çox sərbəst
idilər. Müəllim bütün şagirdləri diqqət
mərkəzində saxlayırdı. Dərsin gedişində
nisbətən zəiflik göstərən şagirdlər
tez-tez sorğuya cəlb edilirdi. Bu hal dərs prosesində
bütün şagirdlərin fəal olmasını təmin
edirdi.
Qəndab müəllimənin dərs aparma metodu mənə xoş təsir etdiyindən digər dərslərində də oldum. Müəllimin ustalığı onda idi ki, dərsdə şagirdlər fəal idilər. Onlarda yorğunluq hiss olunmurdu. Şagirdlərin yoxlama yazı dəftərlərini nəzərdən keçirərkən məndə, necə deyərlər, heyranlıq yarandı. Bütün yazı dəftərlərində olan yazıları, sanki, bir şagird yazmışdı. Hüsnxətt təliminə uyğun bir haldır. Qəndab müəllimə, çox sağ ol! – deyirəm və belə müəllimlərin rəğbətləndirilməsini arzu edirəm.
Nərimanov rayonunun bağça-məktəb-lisey kompleksinin 43 nömrəli liseyində VI sinfində üç dərsdə (coğrafiya, biologiya və riyaziyyat) oldum. Məlum olduğu kimi, tədris sahəsində aparılan bütün işlər 45 dəqiqəlik dərsin yüksək səviyyədə, keyfiyyətli keçirilməsinə xidmət etməlidir. Gənc müəllim Şəfəq Əliyevanın apardığı riyaziyyat dərsi çox maraqlı, canlı olmaqla bərabər, həm də məhsuldar keçdi.
Keçmiş dərsin (ədədin hissəsinin tapılması) soruşulması evrestik müsahibə üsulu ilə aparıldı. Bu o deməkdir ki, hər bir şagird suallara düşünərək, nəyisə kəşf edərək cavab verirdi. Bu hal şagirdlərdə yaradıcılıq qabiliyyətinin formalaşmasına kömək edir, dərsin bu mərhələsində 5-6 şagirdin biliyinin qiymətləndirilməsinə imkan yaradır. Yeni dərsin (ədədə görə faizin tapılması) izahı elə aparıldı ki, şagirdlər dərsi sinifdəcə mənimsədilər. Dərsdə ədədə görə faizin tapılmasına aid məsələləri şagirdlər özləri tərtib edirdi. Bu hal kiçik yaşlı şagirdlərin yaradıcılıq qabiliyyətinin yaranıb inkişaf etməsinə köməklik edirdi.
Dərs prosesində ev tapşırığının icrası üçün müəllimin verdiyi metodik göstərişlər tapşırığın icrasına şagirdlərdə böyük maraq yaratdı. Şəfəq müəllimənin gələcəyinin adı kimi şəfəqli olacağına mən əminəm. Və ona da inanıram ki, Şəfəq müəllimə gələcəkdə məktəbin adını daşıdığı Gültəkin Əskərovanın səviyyəsinə qalxacaq. Ona uğurlar, xoşbəxt gələcək və cansağlığı arzulayıram.
Abşeron rayonu ərazisində Laçın rayonu Qozlu kənd Mehman Səfərov adına orta məktəb kiçik binada yerləşməsinə baxmayaraq, foye elmə, təhsilə çağırış haqqında böyük şəxsiyyətlərin, klassiklərin hikmətli fikirləri yazılmış plakatlarla yüksək zövqlə tərtib olunmuşdur.
IX sinifdə Adil müəllimin
kimya dərsini dinlədim. Birinci yarım ilin sonu olduğundan,
müəllim təkrar üçün verdiyi
tapşırıq əsasında sorğu apardı. Sorğu
bütün şagirdlərin fəallığı şəraitində
keçirildi. Sinifdə olan bütün şagirdlər səviyyəli
idi, nisbətən zəiflik göstərənləri isə
müəllim nəzərdə saxlamaqla tez-tez sorğuya cəlb
edirdi. Mürəkkəb maddələr mövzusunun təkrarı
elə ustalıqla aparıldı ki, şagirdlər
üçün qaranlıq sahə qalmadı. Oksidləşmə-reduksiya
əsasında kimyəvi tənliklərin əmsallarının
düzəldilməsi mövzusu bütün şagirdlər tərəfindən
mənimsənildi. Adil müəllimin aktiv metalların
dövri cədvəldə yerləşməsi haqda verdiyi
izahat şagirdlərdə böyük maraq yaratdı.
Məktəbin direktoru Rəhman
müəllimlə söhbətdən hiss etdim ki, o
böyük təcrübəyə malik məktəb rəhbəridir.
Rəhman müəllim məni bütün siniflərlə
Nərimanov rayonundakı
M.Şəhriyar adına 193 nömrəli orta məktəblə
ümumi tanışlıq məndə qəribə hisslər
yaratdı. Məktəbin foyesində təhsilə, elmə
dair diqqətiçəkən heç bir yazı yox idi. Foyedə
müstəqil Azərbayanın dövlət və ictimai
xadimlərinin təhsil və elm sahəsinə aid qiymətli
fikirlərini əks etdirən tərtibat elementləri də
yox idi, sinif otaqlarının qapılarında hansı siniflərin
olduğu göstərilməmişdi.
Məktəbin direktoru Xalidə
müəllimlə söhbətimdə məlum oldu ki, bu məktəbdə
1580 nəfər şagird təhsil alır, 190 müəllim fəaliyyət
göstərir. Bunlardan 3 nəfəri elmlər namizədidir.
Ötən dərs ilində məktəbi 218 nəfər
bitirib, 95 nəfər ail məktəblərə qəbul
olunub (onlardan biri qəbul imtahanlarında 600-dən çox
bal toplayıb). Bu da məktəbi bitirənlərin 43,56
faizini təşkil edir.
Dövlət tərəfindən
təhsil sahəsində aparılan bütün islahatlar,
görülən tədbirlər dərsin məhsuldar
keçməsinə xidmət edir. Buna görə də mən
dərslərdə olmağı vacib bildim. VIII sinifdə Sədaqət
müəllimənin tarix dərsi çox maraqlı
keçdi. Müəllim dərsə bütün şagirdlər
tərəfindən Azərbaycanın Dövlət Himninin
oxunması ilə başladı. Bu hal sinifdə yaxşı əhval-ruhiyyə
yaratdı. Müəllim keçmiş dərsin
soruşulmasına başlarkən “kim hazır deyil?” deyə
müraciət etdi. Belə sorğunu mən birinci dəfə
eşidirdim. Hansı şagird dərsə hazır
olmadığını bildirər?!
Monqolların Azərbaycana
hücumu mövzusunun soruşulması çox səmərəli
aparıldı. Bütün şagirdlərdə o
dövrün hadislərinə maraq oyatmaqla bərabər,
müəllim bu mövzunu 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması ilə bacarıqla əlaqələndirdi.
Keçmiş dərsin soruşulması prosesində fəallıq
göstərən dörd şagirdin biliyi qiymətləndirildi.
Yeni dərsin öyrədilməsi
də şagirdlərin fəallığı ilə
aparıldı. Yeni dərsin izahı prosesində daha çox
fəallıq göstərən iki şagirdin biliyinin də
qiymətləndirilməsi dərsin bu mərhələsinə
şagirdlərin məsuliyyətlə yanaşmasını təmin
etdi.
Dərsin hər iki mərhələsində
tarixi hadisələrin müasir dövrün hadisələri
ilə ustalıqla əlaqələndirilməsi verilən
biliyin möhkəmləndirilməsinə xidmət edirdi. Dərs
o qədər maraqlı keçdi ki, mən və şagirdlər
zəngin vurulmasına təəssüfləndik.
III sinifdə ana dili dərsinin
müəllimə Sevil Abdunova tərəfindən aparılma
prossei məndə təəccüb doğurdu. Müəllimə
dərsi əvvəldən sona qədər stulda oturmuş vəziyyətdə
apardı. Təbii ki, bu hal şagirdlərin intizamına və
diqqətsizliyinə zərərli təsir göstərməyə
bilməzdi.
Dərsin gedişi prosesində
yazı işlərini nəzərdən keçirərkən
məlum oldu ki, müəllim yazıları yoxlayarkən
onları qiymətləndirməkdə heç bir nümunəvi
göstəriş verməyib. Dərsin soruşulması evə
yeni dərsin izahı tələb olunan səviyyədə
aparıldı. Demək olar ki, yeni dərs şagirdlərə
sinifdəcə mənimsədildi. Dərsdə bir nəfər
valideyinin də iştirak etməsi onu göstərirdi ki,
müəllimə valideynlərlə yaxşı əlaqə
qura bilib. Valideynlərlə əlaqə dəftərinə
baxarkən bu işin yüksək səviyyədə
aparıldığı məlum oldu.
Elbrus müəllimin IX sinifdə
apardığı riyaziyyat dərsi çox məhsuldar oldu. Ədədi
silsilə mövzusunun soruşulması zamanı hər bir
şagird ədədi silsilənin tərifini deyərkən
buna aid bir neçə əməli də lövhədə
icra edirdi. Cavab verən şagirdlərin biliyi müəllim tərəfindən
sinif jurnalında qiymətləndirildi. Müəllim yeni dərsin
(həndəsi silsilə) izahını keçmiş dərslə
əlaqəli surətdə qurdu, tərif soruşularkən
lövhədə buna aid misallar həll edilirdi. Dərsin
yekunlaşdırılması, evə tapşırıq verilməsi
çox məhsuldar aparılırdı.
Dərsdən sonra Elbrus
müəllimlə söhbətdən məlum oldu ki, o, fəal
ictimaiyyətçi olmaqla bərabər, şagirdlərin
milli ruhda tərbiyə olunmasında da çox böyük
işlər aparır. Belə ki, Elbrus müəllim və
onun sinif rəhbəri olduğu VIII sinif şagirdlərinin
Türkiyənin terrorla mübarizəsinə maddi və mənəvi
dəstək verməsi, Türkiyə hökumətinə
müraciəti Türkiyə və Azərbaycan ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilib.
Müəllim Həcər Əliyevanın
VII sinifdə apardığı coğrafiya dərsi onun
yüksək hazırlığa malik olmaqla bərabər,
çox böyük vətənpərvər olması barədə
heyranlıq hissi yaratdı. Avrasiya materikinin sahil xətləri,
onu əhatə edən okean və dənizlər mövzusu
soruşularkən şagirdlər dərs danışan
yoldaşlarına suallarla müraciət edirdilər. Müəllim
onların düşünərək danışmasına
şərait yaradır və bu prosesi istiqamətləndirirdi.
Keçmiş dərslə
yeni dərs (Avrasiya materikinin okean və dənizləri)
arasında əlaqə çox böyük ustalıqla
yaradıldı. Şagirdlərin xəritədən istifadəsi,
Azərbaycanın Avrasiya materikində tutduğu yer, ölkənin
təbii sərvətləri şagirdlərə elə bir
coşqunluqla çatdırıldı ki, sinifdə təbii bir
canlanma yarandı.
Mən məktəbdə
olduğum müddətdə dörd dərs dinləyib təhlil
apardım. Bu işdən müəllimlər çox razı
qaldılar. Direktor, direktor müavinlərinin dinləyib təhlil
etdikləri dərslərlə maraqlandım. Məlum oldu ki, məktəb
rəhbərlərinin bu sahədə heç bir fəaliyyəti
yoxdur. İstərdim ki, bu barədə digər məktəblərin
rəhbərləri Abşeron rayonu ərazisində yerləşən
Laçın rayon Qozlu kənd məktəbinin təcrübəsi
ilə tanış olub ondan yararlansınlar. Ölkə
Prezidenti İlham Əliyevin pedaqoji kollektivlər
qarşısına qoyduğu yüksək tələblərin
yerinə yetirilməsinə bu da bir kömək ola bilər.
İbrahim İMANOV,
qocaman müəllim,
qabaqcıl maarif xadimi
Xalq qəzeti.-2009.-15 fevral.-S.7.