Sözün gücünə inam

 

Qələm sahibinin kimliyini, xüsusən, daim söz tribunasında görünən jurnalisti onun çatdırdığı mətləb, daşıdığı məram, sərgilədiyi mövqe nişan verir. Qəzetimizdə illərdən bəri ardıcıl görünən “Vaqif Bayramov” imzası onun sahibini peşəkar və məhsuldar, eyni zamanda, ciddi və məsuliyyətli jurnalist kimi tanıtmışdır. Çalışdığı kollektivdə isə Vaqif müəllim ümumi işə can yandırması, səmimi və diqqətcil olması, yaxşıya-yaxşı, pisə-pis deməsi ilə seçilib fərdiləşir.

Həmkarımızın qəzetçiliyə gəlişi asan olmamışdır. Orta məktəb illərindən jurnalist olmaq arzusu xeyli sonra baş tutsa da, “itirilmiş illərin” əvəzini yorulmaq bilmədən yazıb-yaratması, jurnalistikaya dərin sədaqəti və ciddi xidməti ilə çıxmağa çalışmışdır. Redaksiyamıza 36 yaşında yetkin yazar, həyatın hər üzünü görmüş bir insan kimi gəlmiş Vaqif Bayramov bu gün 50 yaşında ölkənin seçilən, nüfuzlu jurnalistlərindən biri kimi tanınır. O, daha çox iqtisadi mövzuda yazsa da, qəzetçiliyin sirlərini dərindən mənimsəmiş bir jurnalist kimi redaksiyanın istənilən tapşırığını yüksək səviyyədə yerinə yetirməsi ilə də fərqlənir. Qəzet rəhbərliyi “desant” kimi istənilən vaxt ona məsul tapşırıqlar verir və gözlənilən yazı vaxtında səhifəyə qoyulur.

Vaqif müəllimin əsasən iqtisadi mövzuda hazırladığı müxtəlif janrlı yazılar ölkəmizdə həyata keçirilən islahatların, geniş quruculuq prosesinin, qazanılan nailiyyətlərin, qarşıya çıxan problem və çətinliklərin əhatəli mənzərəsini yaratmağa, oxuculara bu sahədə obyektiv və operativ informasiya verməyə, onlarda düzgün və dolğun təsəvvür yaratmağa xidmət edir. Onun yazılarında fakta, reallığa söykənməyən mülahizə, yersiz təfərrüat olmur. Məlumat yığcam və aydın, şərh konkret və inandırıcı, qiymət düzgün və ədalətli olur. Vaqif Bayramov doğru sözə, halallıqla bağlı olduğundan yazılarında tərif və təqdirdə nə qədər xəsisdirsə, tənqid və inkarda bir o qədər xoşniyyət və insaflıdır.

Vaqif Bayramovun ali filoloji təhsil alması, bir neçə il orta məktəblərdə işləməsi onun jurnalistliyini daim milli-mənəvi dəyərlərdən qidalandırır və yazılarına öyrədicilik, maarifçilik çalarları gətirir. Bütün bunlar onun çoxsaylı yazılarında açıq-aydın görünür.

Onda gəlin 50 yaşlı jurnalistin pərdə arxasında qalan, oxuculara məlum olmayan dünyası ilə tanış olaq. Bioqrafiyasını özü qısaca belə ifadə etdi:

— 1959-cu ilin fevral ayının 16-da keçmiş Ermənistan SSR-nin Sisyan rayonunun Ağudi kəndində ziyalı ailəsində anadan olmuşam. 1976-cı ildə orta məktəbi bitirmişəm. 1977–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində oxumuş, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası almışam. 1981–84-cü illərdə Astara rayonunun Kakalos kəndində, 1984– 1986-cı illərdə isə doğma kəndimizdə orta məktəbdə müəllim işləmişəm. 1986-cı ildə “İnşaatçı”, 1987-ci ildə “İnşaatçı sözü”, 1988–1990-cı illərdə “Sovet kəndi” (“Həyat”), 1990–1994-cü illərdə “Respublika” qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışmışam. 1995-ci ildən “Xalq qəzeti” redaksiyasında müxbir işləyirəm. Ailəliyəm, 4 övladım var.

Yəqin, oxucular üçün də maraqlıdır: Vaqif Bayramov jurnalistika aləminə necə gəlib, onun xeyirxahı və qəzetçilikdə müəllimi kim olub? Müsahibimiz bu sualları belə cavablandırdı:

— Orta məktəbdə ədəbiyyat müəllimim rəhmətlik Məmməd Baxşəliyev mətbuatda vaxtaşırı publisistik yazılarla çıxış edirdi. Bizi də həvəsləndirirdi yazı-pozuya — kimi hekayə, kimi şeir, kimi də məktəbdə keçirilən tədbirlər haqqında məqalə yazırdı. 1973-cü ildə məktəbimizdə Nəsiminin 600 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdi. Həmin tədbirin təfsilatını kağıza köçürüb göndərmişdim o vaxtkı “Sovet Ermənistanı” qəzetinə. Yazı (xəbər) dərc edilən gün məktəbdə aləm bir-birinə dəymişdi. Həvəslənib növbəti tədbirlərdən xəbərlər göndərirdim redaksiyaya, qəzet də verirdi... Beləcə dönüb olub “məktəbli müxbir”.

Çox təəssüf ki, orta məktəbi bitirib sənədlərimi jurnalistika fakültəsinə verə bilmədim — xarici dil keçməmişdim. Getdim Sumqayıta, başladım 49 saylı texniki peşə məktəbində oxumağa. Sonra bir müddət Sumqayıt boru prokatı zavodunda fəhlə işlədim. Jurnalist olmaq arzusu isə beynimdən çıxmırdı. Arzuma çatmaq üçün dolayı yol seçdim: pedaqoji institutun filologiya fakültəsinə qəbul oldum... Oxudum, qurtardım, amma qəzetə yaxın düşə bilməzdim. Təyinatla Astarada 4 il, sonra da doğma kəndimiz Ağudidə 2 il müəllim işlədim. Jurnalistika isə içimdə susmaz bir səs kimi elə hey mənə “gəl-gəl” deyirdi.

1987-ci ilin avqustunda mətbuat aləmində tanınan bir dostum məni “İnşaatçı” qəzetinə apardı və redaktor Oqtay Cəfərovdan işə düzəlməyimi xahiş etdi. Oqtay müəllimin xeyirxahlığı ilə arzuma qovuşdum. O mənə diqqət-qayğısını əsirgəmədi, qəzetçiliyin sirlərini öyrənməkdə ilk müəllimim oldu. Sonrakı illərdə belə himayəni “Həyat” qəzetində redaktor işləmiş rəhmətlik Rəfail Nağıyevdən, Vaqif Bəhmənlidən, “Respublika” qəzetində Rusvat Bayramovdan və mənim bu gün “Xalq qəzeti”ndə işləməyimin səbəbkarı rəhmətlik Məmməd Nazimoğlundan gördüm. “Xalq qəzeti” mənim üçün arzularımın zirvəsi olan bir jurnalistika məktəbi, sevib-bağlandığım iş yeri oldu. Belə bir qəzetdə çalışmaq xoşbəxtliyini bu redaksiyanın hər bir tapşırığını yerinə yetirməyə, doğma kollektivin hər bir cəfasını çəkməyə hazır olmağımla cavablandıra bilərəm və buna çalışıram.

“...Yenidən müəllim olmaq...” Bu sualımı havadan tutan həmkarım xeyli qayğılandı:

— Etiraf edim ki, yenidən müməllim olmaq istəmirəm. Çünki bu peşəni müqəddəs saysam da, müəllim ailəsində doğulub-böyüsəm də, bayaq dediyim kimi, 6 il orta məktəbdə dil və ədəbiyyat fənnindən dərs desəm də, düşünürəm ki, jurnalistikaya təsadüfən gəlməmişəm. Uşaqlıq arzularımın istəyilə qəzetçi olmuşam. Bu yolda qazandığım itirdiyimdən qat-qat çoxdur. Necə deyərlər, barmağımın qabarı ilə çörək qazanıram, heç kimin yanında gözükölgəli deyiləm. Düzlüyü, saflığı, halallığı hər şeydən üstün tutmaqda qəzetçi olmağım karıma gəlir. Amma bu yolda, bu peşədə sədaqətsizlər, sözü ilə əməli düz gəlməyənlər, dünya malını bütün müqəddəsliklərdən uca tutanlar da az deyil.

— Necə oldu ki, ədəbiyyata bağlı, humanitar mövzulara yaxın olduğun halda iqtisadiyyat səni özünə çəkdi?

– İqtisadi mövzuda yazmağımın səbəbinə gəlincə, deyə bilərəm ki, bu, jurnalistika fəaliyyətinə başladığım “İnşaatçı” qəzetinin istiqaməti ilə bağlı olmuşdur. Bəlkə, başqa bir qəzet məni özgə səmtə yönəldərdi. Jurnalistikada tanıdığım ilk iş yeri məni məcbur elədi ki, tikinti sahəsini — bütövlükdə, iqtisadi həyatı dərindən öyrənim. Bu mövzuya bələd olduqca quruculuq sahəsinin spesifik cazibəsi məni özünə möhkəm bağladı. Həyat iqtisadiyyatın üstündə bərqərar olub. Yaxşı deyiblər ki, ac qarınla ən gözəl nəğmə də qulağa girmir. Çörək, köynək, baş üstündə dam olanda həyat gözəlləşir. Bunlar da zəhmətlə hasilə gəlir.

İndiki dünya iqtisadi böhranına nəzər salın. Bu gün kütləvi informasiya vasitələrinin bir nömrəli mövzusu bu böhran, iqtisadiyyatın sağlam məcraya qayıtmasıdır. Sivil ölkələrdə çoxdan iqtisadiyyat KİV-in ən çox diqqət yetirdiyi və insanların da ən çox maraq göstərdiyi mövzudur. Qəzet-jurnala, radio-televiziyaya büdcəsindən pul ayıran hər kəs istəyir ki, onun köməyi ilə maddi qazanc götürsün. Bizdə iqtisadi mövzunun “quruluğu” hələ sovet dövründən bu sahənin insanların maraqlarından uzaq olması ilə bağlıdır. Axı nə qədər plandan, öhdəlikdən, yarışdan, çobandan, pambıqçıdan yazmaq olardı. İndi isə iqtisadi həyat adamların bir çox maraqlarının mərkəzində dayanır. Bir də nədən yazmaq yox, necə yazmaq önəmlidir.

Sonda Vaqif müəllimin gözəgörünməz dünyasının ən ağrılı guşəsinə yetişdik: yurd itkisi, Vətən həsrəti...

— Ömür keçir, yer-yurd, od-ocaq həsrəti məni daha çox yandırır, göynədir. Evimiz, uşaqlığım keçən yerlər yuxularımdan çıxmır. Getdikcə kəndimizi — o yerləri nə vaxtsa görmək istəyim alovlanır. Bu dərd-kədəri anamın yollara dikilən gözlərində də görəndə çox çətin olur. Özümü yazıb-yaratmaqla ovuduram. Ölkəmizin güclənməsi, müdafiə qüdrətimizin artması qaçqın-köçkün taleli soydaşlarımız kimi, məni də umidləndirir. Çalışıram ki, qələmimlə respublikada qərarlaşmış sabitliyə və sosial-iqtisadi tərəqqiyə zərrə qədər də olsa kömək edim. Böyük Nizami deyirdi ki, söz ölkələr almaqda qılıncdan da kəsərli və üstündür. Bu gün Azərbaycanın KİV-də səslənən hər bir söz xalqımıza güc verməli, düşmənlərə qarşı mübarizədə qılıncdan da kəsərli olmalıdır.

Söhbətimizdən, verdiyi cavablardan göründüyü kimi, Vaqif Bayramov Xeyiri göyərdən, Şəri öldürən qadir sözə möhkəm bağlı bir yazar olaraq, bilik və bacarığı ilə jurnalistikamızın xidmətindədir. Həmkarımızı həyatındakı əlamətdar hadisə — 50 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik, ömrünün məhsuldar çağında ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

        

 

          Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2009.-15 fevral.-S.8.