Kimsəsiz uşaqlar öz himayədarlarının görüşünə
gəldilər
“Müqəddəs
kitablarda qeyd edilir ki, istənilən qayğıkeşlik və
himayədarlıq əməlləri öz sahibinə mükəmməl
savab qazandırır. Ancaq uşaqlara, xüsusən, kimsəsiz
körpələrə dayaq olmaq, onların problemlərinin həllinə
yardım etmək savabların ən böyüyüdür. Bu
baxımdan Bakının Xətai rayonundakı 3 saylı
uşaq evinin sakinlərinə daim qayğı göstərən
tanınmış ziyalı və iş adamı Hacı Fərhad
Mirzənin savabı daha çoxdur”. Bu fikirləri uşaq
evinin ən fəal sakinləri ilə birlikdə adı
çəkilən qayğıkeş ziyalının
görüşünə gəlmiş direktor Zöhrə ana
söyləmişdir. Tədris və tərbiyə müəssisəsinin
rəhbəri öz fikirlərini konkret faktlarla əsaslandıraraq
demişdir ki, Azərbaycan və Türkiyənin müxtəlif
qurumlarının Hacı Fərhadın fəaliyyətini
yüksək qiymətləndirməsi ədalət nümunəsidir.
Bəs uşaqları
Hacı Fərhadın görüşünə gətirən
hansı səbəb idi? Qeyd edək ki, özünün məşhur
“Kəlamlar” kitabı ilə bir çox müsəlman ölkələrində
çoxsaylı oxucuların böyük rəğbətini
qazanmış Hacı Fərhad Mirzə 2008-ci ildə ölkə
və beynəlxalq miqyaslı bir neçə mükafata və
fəxri ada layiq görülmüşdür. Türk
Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının Yüksək Yönətim Kurulu müxtəlif
vaxtlarda tanınmış ziyalı və iş adamını
akademiyanın fəxri üzvü seçmiş (o, əvvəllər
bu qurumun fəxri professoru idi), Türkiyə–Azərbaycan
qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsindəki
xidmətlərinə görə onu akademiyanın “Beynəlxalq
qızıl ulduz” medalına layiq görmüşdür.
Ənənəvi illik
hesabatların çoxsaylı müzakirələrdən
keçirilməsindən, xüsusən, “Kəlamlar”
kitabının türkcəyə və ingiliscəyə tərcüməsi
uğurlu alındıqdan sonra isə akademiyanın ekspertləri
azərbaycanlı ziyalını “İlin kültür
adamı” fəxri adına layiq görmüşlər. Bu il
fevral ayının 4-də Ankaradan daha bir şad xəbər gəlmişdir.
Akademiyanın Yüksək Yönətim Kurulu Hacı Fərhad
Mirzəni “Dünya kültürünə hizmət” beynəlxalq
mükafatına layiq görmüşdür. Qurumun rəhbəri,
professor Ata Atunun və baş katib Məlahət Ecevitin
imzasıyla Bakıya ünvanlanan məktubda göstərilir ki,
professor Hacı Fərhad Mirzənin
yaradıcılığı 2008-ci ildə beynəlxalq aləmdə
yüksək qiymətləndirilmişdir. Odur ki,
akademiyanın ekspertləri dünya mədəniyyətinə
xidmət etmiş azərbaycanlı ziyalını bu
mükafata layiq görmüşdür.
Xəbərin Bakıya çatmasından bir həftə sonra Hacının qayğı göstərdiyi və himayədarlıq etdiyi çoxsaylı təşkilatlardan birinin — paytaxtdakı 3 saylı uşaq evinin kollektivi öz himaydarlarını təbrik etməyə gəlmişldir. Dünyanın müxtəlif ölkələrində olmuş, çoxsaylı mükafatlara layiq görülmüş, qiymətli hədiyyələr almış Hacı Fərhad kimsəsiz uşaqların ona gətirdiyi hədiyyəni indiyədək aldığı hədiyyələrin ən dəyərlisi kimi qiymətləndirmişdir. Bu, uşaq evi sakinlərinin üç rəngli muncuqlardan kətan üzərində yaratdıqları Azərbaycan Respublikasının Dövlət gerbidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti .-2009.-15 fevral.-S.8.