Mətbuat Şurasının yeni layihəsi
Azərbaycan Mətbuat
Şurası ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi
ilə “Azərbaycan mətbuatında peşə etikası
prinsiplərinin gözlənilməsi” adlı yeni monitorinq
layihəsi həyata keçirir. AMŞ-da keçirilən mətbuat
konfransında layihə barədə KİV təmsilçilərinə
geniş açıqlama verildi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, KİV-də jurnalistlərin peşə davranışı qaydalarına əməl olunması, vətəndaşların şərəf və ləyaqətinin qorunması yarandığı gündən şuranın fəaliyyətində aparıcı yer tutub. Bu yaxınlarda öz yazıları ilə jurnalistlərin peşə əxlaqı kodeksinin tələblərini pozan, çıxışlarında vətəndaşların şərəf və ləyaqətini alçaldan, böhtan və qərəzə yol verən, digər neqativ hərəkətləri ilə oxucularda dərin narazılıq yaradan məsuliyyətsiz nəşrlərin adları ictimaiyyətə açıqlanmışdır.
Fevralın 1-dən isə Mətbuat Şurası “Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi” layihəsini həyata keçirməyə başlayıb. Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin kiçik qrantlar üzrə komissiyası tərəfindən maliyyələşdirilir.
Şura sədri daha sonra açıqlama verərək dedi ki, layihə KİV əməkdaşlarının mövcud etik və qanunvericilik normalarına əməl etməsini izləməyə imkan verən daimi fəaliyyət göstərən mexanizm yaradılması məqsədilə həyata keçirilir. Bu, ölkə jurnalistlərinin peşə səviyyəsini dəqiq qiymətləndirməyə, daha xarakterik səhvləri, peşə standartlarına əməl edən və onu daha çox pozan KİV-ləri müəyyən etməyə, ictimai qınaq institutunu işə salmağa və Mətbuat Şurasının fəaliyyətini yaxşılaşdırmağa, etik normalara əməl etmək üzrə jurnalistlər üçün tövsiyələr hazırlamağa, bununla da peşəkarlıq standartlarının tədricən yüksəldilməsinə kömək etməyə imkan verəcək. Həyata keçirilən layihə son nəticədə jurnalistlərə qarşı məhkəmə işlərinin sayını azaldacaq, diffamasiya haqda yeni qanunvericiliyin qəbul edilməsi üçün daha münasib şərait yaradacaq.
İndiki layihə 57 qəzeti və internet-nəşri əhatə edəcək. 2007-ci ilin 1 oktyabrından 2008-ci ilin 30 sentyabrına kimi həyata keçirilmiş ilk layihəni isə ABŞ-ın Azərbaycandakı səfirliyinin kiçik qrantlar üzrə komissiyasının dəstəyi ilə beş jurnalist təşkilatı koalisiyası – “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Demokratik Jurnalistlər Liqası, “RUH” Jurnalistləri Müdafiə Komitəsi həyata keçirib. Koalisiya tərəfindən keçirilən monitorinq daha xarakterik səhvləri, peşə standartlarına əməl edən və onu daha çox pozan KİV-ləri müəyyən etməyə, ictimai qınaq institutunu işə salmağa imkan verib. Nəticədə pozuntuların sayı iki dəfədən çox – 8326-dan 3850-dək azalıb. Xüsusən, vacibi odur ki, böhtan, şərəf və ləyaqətin alçaldılması kimi pozuntular 81 faiz azalıb – 1594-dən 290-a enib.
Hazırkı layihəyə yeni vəzifələr əlavə olunub. Monitorinq qrupunun üzvləri əsas işlə yanaşı, redaksiyalarla görüşlər keçirəcək, pozuntuların səbəbləri ilə bağlı sorğu aparacaq, nəticələrlə bağlı hesabat və onların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq. Bununla bağlı gələcəkdə jurnalistlərin peşə-etik normalarının yüksəldilməsi üçün müxtəlif tədbirlər görülməsi planlaşdırılır.
Ə.Amaşov sonda qeyd etdi ki, layihənin icrasının AMŞ-yə həvalə olunması onunla bağlıdır ki, jurnalist standartlarının və mətbuatda etik normaların təmin edilməsi onun əsas funksiyasıdır. Ümid edirik ki, layihə şuranın və monitorinqin əhatə etdiyi nəşrlərin işinin səmərəliliyini artıracaq.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin birinci mərhələsi və indiki monitorinqin xüsusiyyətləri barədə ətraflı məlumat verdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Terri Davidson bildirdi ki, Azərbaycanda demokratiyanın inkişafı, mətbuat azadlığı prinsiplərinin tam reallaşması onun ölkəsinin önəm verdiyi məsələlərdəndir. Azərbaycan mətbuatında peşəkarlığın yüksəlməsi, obyektiv informasiyanın maneəsiz yayılması, eləcə də vətəndaşların şərəf və ləyaqətinin uca tutulması üçün səfirlik KİV-ə köməyini əsirgəmir və belə layihələrin fayda verəcəyinə ümid bəsləyir.
Mətbuat konfransında yeni layihə ilə bağlı jurnalistlərin sualları da cavablandırıldı.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2009.-15 fevral.-S.4.