2008-ci il Nəsimi rayonu üçün uğurlu olmuşdur

 

Ölkəmizdə bütün sahələrdə son illər geniş vüsət alan dinamik inkişaf və böyük tərəqqi 2008-ci ildə də davam etmişdir. Dünyada hökm sürən iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan ötən il ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyada lider dövlət olaraq qalmışdır. Bütün bunlar dövlət başçımız möhtərəm İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Ölkəmizin keçən il qazandığı uğurlar Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında açıqlanmış və 2009-cu ildə qarşıda duran vəzifələr barədə danışılmışdır. Dövlət başçısı bildirmişdir ki, 2008-ci ildə ölkədə nəzərdə tutulmuş bütün proqramlar icra edilmiş, Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirmiş, infrastruktur və digər layihələr vaxtlı-vaxtında icra olunmuşdur.

Keçən il əhalinin pul gəlirləri 36 faiz, minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır. Prezidentimiz vurğulamışdır ki, bütün bunlar aparılan iqtisadi islahatların, sosial məsələlərin həllinin nəticəsidir və bu sosial-iqtisadi siyasət bundan sonra da uğurla davam etdiriləcəkdir. Dövlət başçımız bildirmişdir ki, əgər dünyanın ən birinci, ən qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə, ilin bir nömrəli islahatçı ölkəsi kimi tanıyırsa və bunu bəyan edirsə, bu özü-özlüyündə göstərir ki, uğurlarımızın təməlində bizim siyasətimiz, düzgün xəttimiz və Azərbaycanda gedən müsbət proseslər dayanır.

Ölkə həyatının bütün sahələrində geniş vüsət alan inkişaf və əldə edilən uğurlarda Bakının Nəsimi rayonunun da öz payı, öz yeri vardır. Bütün bunlar barədə, 2008-ci ildə rayonda sosial-iqtisadi inkişafın yekunlarına və 2009-cu ildə qarşıda duran məsələlərə həsr edilmiş yığıncaqda ətraflı danışılmışdır.

Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, 2008-ci il Azərbaycanda istər sosial-iqtisadi inkişafın dinamikası, istərsə də milli maraqlarımızın beynəlxalq miqyasda qorunması və ölkəmizin nüfuzunun artması baxımından çağdaş tariximizə daha bir uğurlu il kimi daxil olmuşdur. Keçən il ölkəmizdə yüksək makroiqtisadi göstəricilər əldə edilmiş və ümumi daxili məhsul 11 faiz artmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində son beş ildə ölkə iqtisadiyyatının həcmi 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır.

Aparılan uğurlu iqtisadi islahatlar, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş sosial siyasət nəticəsində böyük nailiyyətlər əldə edilmişdir. Ölkədə yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə düşmüşdür.

2008-ci ilin və ümumilikdə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son beş ildəki fəaliyyətinin nəticələri özünü ilin ən mühüm siyasi hadisəsi olan 15 oktyabrdakı prezident seçkilərində göstərdi. Xalqla iqtidarın sıx birliyi, Prezidentin siyasi kursuna, onun uğurla həyata keçirdiyi və ölkəmizin tərəqqisinə yönəlmiş siyasətinə verilən yüksək qiymətin bariz təzahürü kimi seçicilərin 88,7 faizi cənab İlham Əliyevə səs verərək onun həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini nümayiş etdirdilər.

2008-ci ildə ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2004-2008- ci illər) uyğun olaraq Nəsimi rayonunda 14300 iş yerinin açılması nəzərdə tutulmuşdu. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövr ərzində rayonda 15457 yeni iş yeri açılmışdır. Yalnız 2008-ci ildə 3372 yeni iş yeri yaradılmışdır.

2008-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 7 faiz artmışdır. Hesabat ilində sənaye istehsalının həcmi 196808,2 min manat təşkil etmişdir ki, bu da 2007-ci illə müqayisədə 11,9 faiz çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi əvvəlki illə müqayisədə 3,1 dəfə artaraq 274030,0 min manat olmuşdur. Rayonda nəqliyyat və rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi 2008-ci ildəkindən 27,5 faiz çox olmuşdur.

Hesabat ilində rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 514918,5 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 32 faiz artım deməkdir. Əhaliyə göstərilən pullu xidmətlər isə 2007-ci ilə nisbətən 18 faiz çoxalmışdır. Keçən il rayonda orta aylıq əmək haqqı 2007-ci ilə nisbətən 30,4 faiz artaraq 244 manat olmuşdur.

Əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri “Təzə bazar” MMC-nin ərazisində təşkil edilən yarmarka fəaliyyətini davam etdirmiş, sahibkarların öz məhsullarını maneəsiz reallaşdırması üçün hər cür şərait yaradılmışdır.

Dövlət Əmlakının Özəlləşdirilməsi proqramına uyğun olaraq 2008-ci ildə Nəsimi rayonunda 154 qeyri-yaşayış sahəsi icarəyə verilmiş, 8 kiçik dövlət müəssisəsi, 118 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilmiş, 19 obyektin torpaq sahəsi icarəyə verilmiş, 29 obyektin torpaq sahəsi ilə özəlləşdirilmişdir. Özəlləşdirilmədən 37.541.482 manat, icarəyə verilmədən isə 641.832 manat həcmində vəsait dövlət büdcəsinə daxil olmuşdur.

Hesabat ilində elektrik enerjisi və təbii qazın verilməsi və onların satışı ilə bağlı müsbət nəticələr əldə edilmişdir. Keçən il istehsalçıları fasiləsiz enerji ilə təmin etmək məqsədilə rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 13 ədəd TM-də əsaslı təmir işləri aparılmış, standartlara uyğun 6 ədəd transformator məntəqələri inşa edilmişdir. Enerji haqlarının yığımı 8 milyon 740 min manat və ya 88,5 faiz təşkil etmişdir.

Nəsimi Rayon Qaz İstismar İdarəsi tərəfindən 2008-ci il ərzində istehlakçılara 7 milyon 845 min manatlıq təbii qaz satılmışdır. Ötən illə müqayisədə satış üzrə ümumi yığım 8,9 faiz artmışdır.

2008-ci ildə rayonda genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılmışdır. C.Hacıbəyli və Vaqif küçələrinin kəsişməsində yerləşən parkda başlanmış əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Parkda 6 min kvadratmetrdən artıq əraziyə tamet plitə döşənmiş, 3 min metrdən artıq bardür dəyişdirilmiş, yeni, rahat oturacaqlar qoyulmuş, parkın bütün ərazisi müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, məsafədən idarə edilən müasir fəvvarələr kompleksi yaradılmış, minlərlə dekorativ ağac və gül əkilmiş, ərazi tamamilə yaşıllaşdırılmışdır.

Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda abadlıq və yenidənqurma işləri aparılmış, parkda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsi ucaldılmışdır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko iştirak etmişlər.

2-ci mikrorayondakı “Heydər Parkı” əsaslı təmir edilmiş, buradakı şəlalə və favvarələr kompleksi yenidən qurulmuş, tamet plitə örtüyü yeniləşdirilmiş, yeni dekorativ ağac və gül kolları əkilmişdir. “Sevil Qazıyeva” parkında da yenidənqurma və abadlıq işləri aparılmışdır.

Nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində rayon ərazisində yeni yaşıllıq zolaqlarının salınması, ağac və gül kollarının əkilməsi, məhəllədaxili yolların asfaltlaşdırılması, bir çox binaların fasadlarının rənglənməsi, C.Cabbarlının abidəsinin ətrafının abadlaşdırılması və yenidən qurulması işləri başa çatdırılmışdır.

X.Şuşinski və H.Seyidzadə küçələrində yeni yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilmişdir. Rusiya səfirliyinin ətrafı və A.Bakıxanov küçəsi tamamilə yenidən qurulmuşdur. Özbəkistan Respublikasının səfirliyi üçün ayrılmış ərazidə geniş abadlıq işləri aparılmışdır.

2008-ci ildə Heydər Əliyev adına Saray, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Ü.Hacıbəyov adına Musiqi Akademiyası, Dillər Universiteti, Bakı Təhsil İdarəsi, Musiqi Akademiyası nəzdindəki Musiqi Kollecində əsaslı təmir işləri aparılmışdır.

Azadlıq prospekti ilə D.Əliyeva küçələrinin kəsişməsində genişləndirmə və abadlıq işləri görülmüş və S.Rüstəm və R.Behbudov küçələrini birləşdirən yol tamamilə yenidən qurularaq istifadəyə verilmişdir.

Hazırda Səməd Vurğun, “Muğam”, “Zabitlər” və Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşən parklarda yenidənqurma işləri davam etdirilir. R.Behbudov və Vəzirov küçələrinin kəsişməsində 3,5 hektar sahədə yerləşən parkda genişmiqyaslı yenidənqurma işlərinə başlanılmış və yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcəkdir. 2008-ci ildə, ümumilikdə 130 min kvadratmetr ərazi, 80 min kvadratmetr məhəllədaxili yollar asfaltlaşdırılmış, 160 mindən artıq dekorativ ağac və gül kolları əkilmişdir.

Ötən il inşasına başlanılmış Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binası 15 iyun Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilmişdir.

2007-2008-ci tədris ilində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərini 2183 şagird bitirmiş, onlardan 1975-i ali məktəblərə sənəd vermiş və 1052-si qəbul olunmuşdur. Qəbul imtahanlarında 40 abituriyent 600-dən yuxarı, 21-i 650-dən yuxarı bal toplamış, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.

N.Məhəməliyev qeyd etmişdir ki, fərəhləndirici haldır ki, keçən tədris ilinin nəticələrinə görə, 23,46 saylı orta məktəblər və Elitar Cimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, 4 pedaqoq isə “Ən yaxşı müəllim” nominasiyası üzrə müsabiqənin qalibi olmuşlar. 5 oktyabr Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bir nəfər “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülmüş, üç nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ötən il rayondakı 9 saylı məktəbdə 500 yerlik, 111 saylı məktəbdə 200 yerlik, 240 saylı məktəbdə 500 yerlik, 292 saylı məktəbdə 300 yerlik əlavə korpuslar tikilərək istifadəyə verilmişdir. 159 və 211 saylı məktəblərdə isə əlavə korpusların inşası başa çatdırılmış və onlar yaxın günlərdə istifadəyə veriləcəklər.

2008-ci ildə 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq və Gənclər İdman Məktəbi təmirdən sonra gənc idmançıların ixtiyarına verilmişdir.

2008-ci ildə rayonun 8, 28, 151 saylı məktəblərində, “Qərənfil” və 127 saylı körpələr evi — uşaq bağçasında əsaslı təmir işləri aparılmış və onlar müasir avadanlıqlarla təchiz edildikdən sonra istifadəyə verilmişlər. 162 saylı körpələr evi — uşaq bağçasında isə əsaslı təmir işləri artıq başa çatdırılmışdır.

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən məktəb kitabxanalarına il ərzində 10 mindən artıq bədii ədəbiyyat çatdırılmışdır. Ötən il məktəblərin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, kompyuterləşdirmə işləri davam etdirilmiş, vahid məktəbli formasının tətbiqi ilə bağlı başlanmış işlər başa çatdırılmışdır.

Rayon ərazisində 11 xəstəxana, o cümlədən 2 elmi-tədqiqat institutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası fəaliyyət göstərir.

Keçən il Klinika Tibbi Mərkəzdə 2006-cı ildən başlanmış əsaslı təmir işləri başa çatdırılmış, burada bütün korpuslar müasir avadanlıqlarla təchiz edilmiş, yeni qazanxana və camaşırxana tikilmiş, mərkəzin ərazisi abadlaşdırılmışdır. Mərkəzin açılış mərasimində dövlətimizin başçısı cənab İlham Əliyev iştirak etmişdir.

2008-ci ildə rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə və zəhərlənmə halları baş verməmişdir. Sanitar norma və qaydalara cavab verməyən obyektlərlə bağlı müxtəlif inzibati tədbirlər (cərimə, işdən kənarlaşdırma, obyektin istismarının müvəqqəti dayandırılması) həyata keçirilmişdir.

Ticarət və xidmət şəbəkələrində mənşəyi məlum olmayan, saxta, aşağı keyfiyyətli, mövcud normativ-texniki tələblərə və standartlara cavab verməyən, yararlılıq müddəti ötmüş, insan sağlamlığı və həyatı üçün təhlükəli olan malların satılması və ya xidmətlərin göstərilməsinin qarşısının alınması məqsədilə aidiyyatı orqanlarla birgə tədbirlər həyata keçirilmişdir.

2009-cu il yanvarın 1-nə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sahibkarlıq fəaliyyəti ilə məsul olan 6444 fiziki şəxs qeydiyyatdan keçmişdir ki, bunlardan 1772 nəfəri 2008-ci ildə qeydiyyata alınmışdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məcburi dövlət sosial sığortası qaydalarını mütəmadi olaraq pozan, qeydiyyatdan yayınan 93 fiziki şəxs barədə protokol tərtib edilmiş və 4092 manat məbləğində inzibati cərimə ödənilməsi barədə qərar çıxarılmışdır.

2008-ci ildə pensiyaların ödənilməsi üçün 30480,1 min manat vəsait sərf edilmişdir ki, bu da ötən illə müqayisədə 38 faiz çoxdur.

Ötən il rayonda 4333 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir və hər ailəyə düşən yardımın orta aylıq məbləği 89 manat təşkil etmişdir. 368 tənha, ahıl və əlil vətəndaşa evlərdə sosial-məişət xidmətləri göstərilmişdir. Rayon ərazisində 10399 nəfər məcburi köçkün və 14476 nəfər qaçqın məskunlaşmışdır. Həmin soydaşlarımızın məişət problemləri, məskunlaşdıqları yerlərdə üzləşdikləri çətinliklərlə bağlı yazılı və şifahi müraciətləri daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Hesabat ilində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində rayon prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli görülən işlərin keyfiyyəti xeyli yaxşılaşmışdır. Cinayətkarlığın ümumi strukturunda ağır və xüsusilə ağır cinayətlərin xüsusi çəkisi 14 faizdən 9,8 faizədək azalmış, onların açılma göstəricisi isə 62,6 faiz təşkil etmişdir.

İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın iclaslarında rayondakı sosial-iqtisadi vəziyyət müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmiş, vətəndaşların şikayət və təklifləri şuranın qərarlarında və rayon icra hakimiyyəti başçısının sərəncamlarında nəzərdə alınmışdır.

2008-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinə 2128 ərizə və müraciət daxil olub. Onlardan 1214-ü müxtəlif təşkilatlardan, 914-ü vətəndaşlardandır. Ərizə və müraciətlərin əksəriyyəti mənzillə təmin olunma, torpaq sahəsinin ayrılması və kommunal problemlər, qanunsuz tikinti və digər məsələlərlə əlaqədar olmuşdur. Qaldırılan məsələlərdən rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olanları əsasən müsbət həllini tapmış, digərləri isə aidiyyatı idarə və təşkilatlara göndərilmişdir.

Vətəndaşların yazılı və şifahi müraciətləri, onların problemlərinin həlli rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. İl ərzində keçirilən qəbullarda 1495 vətəndaşın müraciətinə baxılmış və həmin müraciətlərdə qaldırılan məsələlərin hamısı öz həllini tapmışdır. Rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri tərəfindən aidiyyatı idarə və təşkilat rəhbərlərinin iştirakı ilə səyyar qəbullar keçirilmiş, vətəndaşların problemləri yerində öyrənilmiş və onların həlli üçün operativ tədbirlər görülmüşdür.

Rayon icra hakimiyyətində ictimai təşkilatların iştirakı ilə dəyirmi masalar təşkil edilmiş, insan hüquq və azadlıqlarının qorunması, bu sahədə görülmüş və görülməsi zəruri olan işlər barədə geniş müzakirələr və fikir mübadilələri aparılmışdır.

Nəsimi rayonunda 3 seçki dairəsi — 21 saylı Nəsimi 1-ci, 22 saylı Nəsimi 2-ci, 23 saylı Nəsimi-Səbail seçki dairələri fəaliyyət göstərir. Hər üç dairə seçki komissiyası və bütün seçki məntəqələri normal fəaliyyət göstərmələri üçün müasir tələblərə cavab verən yer və avadanlıqlarla təchiz edilmişlər.

2008-ci ilin 15 oktyabrında keçirilmiş prezident seçkiləri ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmiş və seçkilərdə iştirak edənlərin 93,24 faizi cənab İlham Əliyevi dəstəkləmişlər. Hazırda 18 mart ümumxalq səsverməsi (referendum) ilə əlaqədar rayonda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi davam etdirilir.

Nəsib Məhəməliyev çıxışının sonunda cari ildə qarşıda duran həlli vacib məsələlərdən danışmış və bildirmişdir ki, 2009-cu ildə də Nəsimi rayonunda sosial-iqtisadi sahədə uğurların əldə edilməsi və insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində tələb olunan bütün işlər həyata keçiriləcəkdir.

Sonra rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, Nəsimi rayon Qaz İstismar İdarəsinin rəisi Yaşar Osmanov, 4 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov, rayon Sosial Müdafiə Mərkəzinin direktoru Natiq Heydərov, 46 saylı orta məktəbin direktoru Sevinc Budaqova və başqalarının çıxışları dinlənilmişdir.

Yığıncaqda millət vəkili, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev çıxış etmişlər.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.-2009.-17 fevral.-S.7.