Kürdəmirdə regional inkişaf proqramı
uğurla yerinə yetirilmişdir
Regionların
simasını tamamilə dəyişmiş, bölgələrdə
illərdən bəri yığılıb qalmış bir
sıra problemləri qısa müddətdə aradan
qaldırmağa imkan yaratmış beşillik dövlət
proqramından daha çox bəhrələnmiş, sürətli
inkişaf yoluna çıxmış rayonlardan biri də
Kürdəmirdir. Son bir neçə ildə rayonda həyatın
bütün sahələrində misli görünməmiş
irəliləyiş əldə edilmişdir. Ötən il isə
əvvəlki illərdə yaradılmış əsas üzərində
daha ciddi nailiyyətlər qazanılmışdır. Nəticədə,
bir sıra çatışmazlıqlar aradan
qaldırılmış, əhalinin güzaranı əsaslı
surətdə yüksəlmişdir.
Ötən ilin
sosial-iqtisadi yekunlarına və builki konkret vəzifələrinin
müzakirəsinə həsr olunmuş ümumrayon
toplantısında inkişafı sürətləndirən
amillər, mövcud problemlər, qarşıda duran ciddi
işlər diqqət mərkəzində oldu. Rayon icra hakimiyyətinin
başçısı Fəxrəddin Məlikovun geniş
hesabat məruzəsində əksini tapmış
başlıca məqamları, çıxışlarda səslənən
diqqətçəkən məsələləri
oxucuların diqqətinə çatdırırıq. Məruzəçi
ötən il ölkəmizdə qazanılmış
uğurlara qısa nəzər saldıqdan sonra Kürdəmirin
son bir ilki durumunu təhlil etdi:
— Keçən il
rayonumuz üçün nailiyyətlərlə zəngin bir
il olmuşdur. Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramında nəzərdə tutulmuş tədbirlər
tamamilə həyata keçirilmişdir. Ötən il əhalinin
sosial və məişət problemlərinin həlli ilə əlaqədar
da çox əhəmiyyətli olmuşdur.
“Azərsun” şirkətlər qrupunun 34 hektarda “Kürdəmir süd emalı”, “Qafqaz holdinq”in isə 30 hektarda Lift istehsalı zavodlarının tikintisi davam etdirilmişdir. 2008-ci ildə əvvəlki illə müqayisədə ümumi məhsul istehsalı 42,3 faiz və ya 82,2 milyon manat artaraq 232 milyon manata çatmışdır. 72,9 faiz çox və ya 52 milyon 720 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bunun 93,3 faizi qeyri-dövlət bölməsinin payına düşür. Sənaye məhsulunun 95,4 faizi emal, 4,6 faizi isə elektrik enerjisi, qaz və su təchizatı bölməsinin payına düşür.
Aqrar islahatların uğurla həyata keçirilməsi, bu sahədə sahibkarlığın inkişafı üçün yaradılmış işgüzar şərait və dövlət dəstəyi nəticəsində ötən il də kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunmuşdur. Dənli bitkilərin əkin sahəsi 688 hektar artaraq 28684 hektara çatdırılmışdır. 60 min 192 ton taxıl (əvvəlki ildəkindən 2 min 138 ton artıq), 22 min 943 ton tərəvəz (241 ton çox), 47 min 237 ton bostan (310 ton artıq), 14 min 682 ton kartof (1458 ton çox), 5 min 107 ton üzüm (900 ton artıq) istehsal edilmişdir.
Rayonda üzümçülüyün və narçılığın inkişafına xüsusi diqqət yetirilir. 2008-ci ildə 40 hektarda üzüm tingləri əkilərək plantasiyalar 693 hektara, 299 hektarda isə meyvə bağları salınaraq 2872 hektara çatdırılmışdır. Ötən il iri malın sayı 59 min 932 baş (2007-ci ildəkindən 1880 baş çox), davarların sayı isə 123 min 531 baş (2 min 721 baş artıq) olmuşdur. Ət istehsalı əvvəlki ildəkindən 50 ton artıq — 5 min 11 ton, süd istehsalı 24 min 384 ton (471 ton çox), yumurta istehsalı 11 milyon 689 min ədəd (449 min ədəd artıq) olmuşdur. Payızda 35 min 432 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki ildən 25,3 faiz çoxdur. Əkin sahəsinin 56,8 faizini arpa, 43,2 faizini isə buğda təşkil edir.
Taxılçılığı, eləcə də digər kənd təsərrüfatı bitkilərini inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Bu məqsədlə 162 km kollektor və dren şəbəkələri, 476 kilometr uzunluğunda isə təsərrüfatlararası kanallarda qazma və lildən təmizlənmə işləri aparılmışdır.
Kənd təsərrüfatının maddi-texiki bazasının möhkəmləndirilməsi məqsədi ilə rayonda 4 aqrotexservis şəbəkəsi yaradılmışdır. Onların sərəncamında 100-dən çox kombayn, traktor və digər kənd təsərrüfatı texnikası var. Bakı şəhərində təşkil olunan yarmarkalara ötən il rayonumuzun sahibkarları tərəfindən 26 çeşiddə, 3 min tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Başçı bildirdi ki, ötən il rayonda geniş tikinti-quraşdırma, abadlıq və quruculuq işləri aparılmışdır. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına 59 milyon 790 min manat məbləğində investisiya yönəldilmişdir. Bu, əvvəlki illə müqayisədə 85,4 faiz çoxdur. İstehsal təyinatlı obyektlərin inşasında istifadə edilmiş vəsait əsas kapitala yönəldilmiş investisiyanın 87,9 faiz təşkil etmişdir.
Kürdəmir şəhərində Bakı prospektində 1676 metr uzunluğunda “Avrolüks” hasar quraşdırılmışdır. 2050 kvadratmetr ölçüdə hasar tavalarla üzlənmişdir. 1200 kvadratmetr piyada yoluna üzlük döşənmişdir. 3 kilometr uzunluğunda 2 lampalı küçə işıqlanma sistemi quraşdırılmışdır. Keçidlərə asfalt örtüyü döşənmişdir. Uzun illərdən bəri rayonun Köhnəbazar və Atakişili kənd orta məktəblərində təhsil alan şagirdlər, o cümlədən Atakişili, Şıxımlı, Qaraqocalı kənd əhalisi magistral yol boyu piyada səkinin olmamasından əziyyət çəkirdilər. Uzunluğu 3 kilometr, smeta dəyəri 79 min manat olan yeni piyada yolunun çəkilişi daxili imkanlar hesabına həyata keçirilmişdir.
Bakı—Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində təmizlik-abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Şəhərin Bakı prospektində 6, Bakı—Qazax avtomagistralı boyunca 10, Ağsu—Kürdəmir—İmişli avtomagistralının kənarında isə 12 yöndəmsiz köşk və tikili sökülmüş və bu işlər davam etdirilir. Görülmüş işlərə baxmayaraq, rayon ərazisində hələ də müasir tələblərə cavab verməyən obyektlər qalmaqdadır.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması, çınqıl döşənməsi və təmiri sahəsində də işlər görülmüşdür. Ötən il Heydər Əliyev prospektində, Bakıxanov, 20 Yanvar, Ə.Abdullayev, Vaqif küçələrində ümumi sahəsi 15 min 155 kvadratmetr əraziyə yeni asfalt salınmışdır. “Cənub” məhəlləsində 3000 kvadratmetr, 63-cü məhəllədə isə 1820 kvadratmetr yol çınqılla hamarlanmışdır. Yerli büdcənin vəsaiti hesabına rayonun Atakişili kəndinə gedən yolun 0,5 kilometrinə, Xırdapay kəndinə gedən yolun 0,6 kilometrinə asfalt döşənmişdir. Çöhranlı kəndində 9 kilometr və Sığırlı kəndində 17 kilometr kəndarası yollara çınqıl örtüyü döşənərək bərpa edilmişdir. Bu işlərin görülməsinə 140 min manat vəsait sərf olunmuşdur.
Sosial-iqtisadi inkişaf proqramından irəli gələn əsas vəzifələrdən biri də əhalinin məşğulluğunun təmin olunması və yeni iş yerlərinin açılmasıdır. Son beş ildə rayonda mövcud müəssisələrin fəaliyyəti genişləndirilmiş, yeni emal, istehsal müəssisələri açılmış və nəticədə, iş yerlərinin sayı xeyli artmışdır. Proqramda nəzərdə tutulmuş 4433 əvəzinə — 8805 yeni iş yeri açılmışdır. Bunun da 5499-u daimi, 3306-sı mövsümüdür. 2008-ci ildə isə 643 yeni iş yeri yaradılmışdır ki, onun da 393-ü daimidir. Daimi iş yerlərinin 1394-ü yeni yaradılmış, 1546-sı mövcud, 84-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 2473-ü isə fiziki şəxslərdə olmuşdur. Hesabat dövründə rayon üzrə əmək haqqı fondu ötən illə müqayisədə 26,5 faiz çox olmuşdur. İqtisadiyyatda çalışan işçilərin orta aylıq əmək haqqı 138,9 manat (2007-ci ilə nisbətən 25 faiz çox) olmuşdur.
F.Məlikov rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar keçirilmiş tədbirlərdən də söz açdı. 2008-ci ildə rayonun tarixində ilk dəfə olaraq müasir standartlara cavab verən beş yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan məktəblərin tikintisi ilə əlaqədar Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 640 yerlik Dəyirmanlı kənd və 480 yerlik şəhər 6 saylı orta məktəbləri, dövlət proqramına uyğun olaraq 190 şagird yerlik Böyük Kəngərli orta məktəbi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 360 şagird yerlik Yenikənd, 300 şagird yerlik şəhər 4 saylı orta məktəbləri istifadəyə verilmişdir. Ümumiyyətlə, son beş ildə rayonda 20 yeni məktəb və ya 5570 şagird yerlik 280 sinif otağı tikilib istifadəyə verilmişdir. Bu, əvvəlki 20—25 ildə tikilən məktəb və sinif otaqlarından 4 dəfə çoxdur.
Ötən il orta məktəbi bitirmiş 1444 nəfər şagirddən 162 nəfəri və ya 11,2 faizi ali, 80 nəfəri və ya 5,5 faizi isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Sevindirici haldır ki, 3 nəfər 600 baldan, 19 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir. Şəhər 2 saylı orta məktəb tələbə qəbulu üzrə respublikada 100 ən yaxşı məktəb sırasına düşmüşdür. Əldə edilmiş nailiyyətlərlə yanaşı, hələ də bu sahədə nöqsanlar qalmaqdadır.
Dövlət proqramına müvafiq olaraq səhiyyənin inkişafı, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədi ilə xeyli iş görülmüşdür. Səhiyyə sisteminin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün 1 QAZ-31, 1 QAZEL markalı təcili yardım maşınları, ultrasəs müayinə aparatı, doğum şöbəsi üçün “küvez” və sorucu aparat, reanimasiya şöbəsi üçün süni tənəffüs aparatı, laboratoriya üçün mikroskor, biokimyəvi analizator, fermertləri yoxlamaq üçün aparat, şəkər xəstələri üçün 986 ədəd qlükometr, 4 kompyuter dəsti alınmışdır.
Muradxan kəndində 10 otaqlı, Qarasaqqal kəndində isə 5 otaqlı həkim məntəqəsinin tikintisi, ruhi xəstəxananın və Mollakənd xəstəxanasının doğum şöbəsinin əsaslı təmiri işləri başa çatmışdır. Mehdili və Çöhranlı kəndlərində isə feldşer-mama məntəqələrinin tikilməsi üçün torpaq sahələri ayrılmış, hazırda layihə-smeta sənədləri hazırlanır. Bu sahədə də əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra nöqsanlar hələ də qalmaqdadır.
Hesabat ilində N.Nərimanov adına rayon Mədəniyyət evində, Tarix-diyarşünaslıq muzeyində, Mərkəzi kitabxanana və uşaq kitabxanasında, Qarasu kənd kitabxanasında, Köhünlü kənd mədəniyyət evində cari və əsaslı təmir işləri aparılmışdır. 6 otaqdan ibarət müasir tələblərə cavab verən “Gənclər evi” tikilmişdir. “Gənclər evi”ndə Heydər Əliyev guşəsi, internet şəbəkəsinə qoşulmuş kompyuter otağı , tennis, idman oyunları salonu və geniş diskoteka fəaliyyət göstərir.
Ötən il Kürdəmirdə ölkədə bənzəri olmayan, ən müasir standartlara cavab verən 600 yerlik əl-idman oyunları maneji, 200 yerlik üzgüçülük hovuzu, mini futbol, voleybol, basketbol meydançaları, tennis kortları, 5 ədəd 2 mərtəbəli kottecləri olan “Kürdəmir Olimpiya İdman Kompleksi”, 2000 yerlik şəhər stadionu tikilib istifadəyə verilmişdir. İndi bu obyektlərdə müxtəlif idman növləri üzrə dünya və respublika çempionatlarının keçirilməsi üçün bütün şərait yaradılmışdır.
Başçı əhalinin rifahının yüksəldilməsinin də diqqət mərkəzində olduğunu vurğuladı. Şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmaqla, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 2004—2008-ci illərdə ümumi sahəsi 2150 kvadratmetr olan Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün 16 mənzilli 2 mərtəbəli 2 yaşayış binası və bir fərdi ev tikilib istifadəyə verilmişdir. Bu kateqoriyadan 32 ailə mənzillə təmin edilmişdir. Hazırda 2-ci qrup Qarabağ əlili Vasif Dəmirov üçün 2 otaqlı fərdi yaşayış evinin tikintisi başa çatmaq üzrədir. 40 nəfər Qarabağ əlili və 23 şəhid ailəsi rayonun idarə və müəssisələri tərəfindən himayəyə götürülmüşdür.
Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. İstehlak olunan elektrik enerjisinin, təbii qazın və suyun haqqının əhali tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə rayon icra hakimiyyəti başçısı yanında xüsusi qərargah yaradılmışdır. Ötən il təbii qazla təminatı yaxşılaşdırmaq və uzun illərdən bəri təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması istiqamətində xeyli iş görülmüşdür. 15-20 il təbii qaz almayan 8 kəndə (Cəyli, Ucarlı, Şahbəyli, Bala Kəngərli, Qarasaqqal, Yenikənd, Böyük Kəngərli və İsmayıllı) mavi yanacağın verilişi bərpa edilmişdir. İstehlakçılar tərəfindən istifadə edilmiş təbii qazın dəyəri noyabr ayına qədər hər ay 100 faiz təmin edilmişdir.
II Külüllü-Kürdəmir su xəttinin istismara verilməsi şəhər əhalisinin içməli suya olan tələbatının tam ödənilməsinə imkan verir və su pulunun yığılmasına müsbət təsirini göstərir. Çirkab suların axıdılmasına xidmət edən mərkəzi kanalizasia xəttinin təmizlənməsi və ötürücü nasos stansiyalarının iş fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə də bir sıra işlər görülmüşdür. Ölkə Prezidentinin tapşırığı ilə rayonumuzun Sovla, Köhünlü, Şüşün, Beyi və Carlı kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sutəmizləyici qurğuları tikilərək istifadəyə verilmişdir. Yaxın günlərdə isə Şıximli, Pirili, Mollakənd və Muradxan kəndlərində istifadəyə veriləcəkdir.
Məruzəçi sonda bildirdi ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi hazırlanan 2009—2013-cü illər üçün dövlət proqramı bölgələrin, o cümlədən hər bir kəndin problemlərinin həll olunmasına, ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşmasına səbəb olacaqdır. Yeni proqram hazırlanarkən rayonda təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin və həmçinin sənayenin, aqrar sahənin inkişafı üzrə nəhəng layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qarşımızda duran mühüm vəzifələri layiqincə yerinə yetirməklə bütün səy və bacarığımızı möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu möhtəşəm vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirməliyik.
Məruzə ətrafında müzakirələrdə ötən il qazanılmış uğurlar və problemlər barədə işgüzar söhbət davam etdirildi. Maliyyə şöbəsinin müdiri Kərəm Kərimov, Ziyalılar Cəmiyyətinin sədri Oqtay Babayev, rayon prokuroru Nurəddin Qasımov və digər natiqlər bildirdilər ki, cari ildə kürdəmirlilər uğurları daha da artıracaq, quruculuq işlərini sürətləndirəcəklər.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Rəhim Məmmədov yığıncaqda çıxış edərək rayon əhalisinin qazandıqları nailiyyətlərdən razılıqla danışdı, diqqəti yeni vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə yönəltdi.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-18 fevral.-S.6.