Yardımlı: zirvələr yaxın
görünür
Adama elə gəlir ki,
dağlar qoynunda yerləşən Yardımlının uzun və
üzücü yolları xeyli qısalıb. Əsas
magistralın yenidən qurulması, rahatlığın təmin
olunması belə təsəvvür yaradır. Elə
bugünkü rayon mərkəzi də neçə il əvvəlkindən
xeyli fərqlənir. Yardımlı böyüyüb, gözəlləşib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2008-ci il tarixli
sərəncamı ilə ucqar qəsəbəyə şəhər
statusu verilib. İndi dünyada Yardımlı adlı bir şəhərin
də olması onun sakinlərini fərəhləndirir. Burada
hər cür infrastruktur yaradılıb, təchizat
yaxşılaşıb, iş yerləri çoxalıb.
Biz rayonda olarkən bütün bunlardan həvəslə danışan icra hakimiyyətinin başçısı Xəzər Aslanov Yardımlının sabahının daha gözəl olacağına inamını bildirdi. Daha burada həyat əvvəlki kimi yeknəsəq və darıxdırıcı deyil. İstər rayon rəhbərliyi, istərsə də idarə və müəssisələr, həmçinin camaat tərəfindən inkişafın davamlı olmasına ciddi səylər göstərilir.
Yardımlı rayonunda
ötən il yaddaqalan olub. Rayonun sosial-iqtisadi həyatında ciddi irəliləyiş müşahidə
edilib. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramında,
habelə Prezident İlham Əliyevin Dövlət Proqramına əlavə olaraq imzaladığı 14 sentyabr
2005-ci il tarixli sərəncamında nəzərdə
tutulmuş tədbirlərin
uğurla həyata keçirilməsi nəticəsində
Yardımlı şəhəri
və digər yaşayış məntəqələrinə
qaz xəttinin çəkilişi davam edib. Yeni məktəblər,
səhiyyə obyektləri,
istirahət parkı tikilərək istifadəyə
verilib. Görülmüş
işlər nəticəsində
2004-2007-ci illərdə 3556 iş yeri açılıb
ki, bunun da 2249-u daimidir.
Rayonda tikinti-quruculuq
işlərinin vüsəti
artıb. Viləş
çayı üzərində
bir piyada və bir nəqliyyat
körpüsü tikilərək
istifadəyə verilib.
Şəhərin mərkəzində
yeni park inşa olunub və fəvvarə quraşdırılıb.
Şəhid Rövşən
İsmayılovun adını
daşıyan küçə
tam abadlaşdırılıb, buraya ornamentli hasarlar qoyulub. Şəhərin mərkəzi
Heydər Əliyev küçəsinin istinad
divarlarına ornamentli
üzlük daş çəkilib, Böyük
Vətən müharibəsi
iştirakçılarının xatirə kompleksi yenidən qurulub. Ulu öndərin adını daşıyan
parkda, digər küçələrdə cari
təmir işləri
aparılıb. Küçələrdə
min kvadratmetrdən artıq
sahəyə asfalt örtük çəkilib.
Prezidentin tapşırığı
ilə respublikamıza
gətirilmiş və
kommunal xidmət üçün nəzərdə
tutulmuş maşınlardan
2-nin Yardımlıya verilməsi
şəhərin daha
təmiz saxlanılmasına
və kommunal xidmətin müasir təşkilinə şərait
yaradıb. Şəhər
əhalisinin içməli
suya olan tələbatının ödənilməsi
məqsədilə ölkə
başçısının tapşırığına uyğun
olaraq Nizami küçəsinə yeni
su xəttinin çəkilməsi başa
çatdırılıb.
İl ərzində
daha 300 abonentə qaz xəttinin çəkilişi həyata
keçirilib, qazdan istifadə edən abonentlərin sayı 928-ə
çatdırılıb. Əngövül
kəndi ərazisində
ikinci qazpaylayıcı
stansiya inşa olunub və kənd qazlaşdırılıb.
Qış mövsümündə
hərəkət üçün
ciddi problem yaradan kəndarası yolların
təmiri işləri
davam etdirilib. İl ərzində 1 kilometr uzunluğunda Yardımlı-Gavran yolu, 2
kilometr uzunluğunda Yardımlı-Bozayran yolu əsaslı təmir olunub. Son 4 il ərzində 53 kilometr uzunluğunda Masallı-Yardımlı
yolu müasir tələblər səviyyəsində
yenidən inşa olunub, 62 kilometrlik kəndarası yol əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib, 9
yeni körpü tikilib.
2008-ci il
ərzində rayonda
63,1 milyon manatlıq,
2007-ci illə müqayisədə
1,38 dəfə artıq
ümumi məhsul istehsal olunub. Son 5 il ərzində ümumi daxili məhsul istehsalı 3,2 dəfə, sənaye məhsulları istehsalı
2,6 dəfə, tikinti
işlərinin həcmi
8,6 dəfə, kənd
təsərrüfatı məhsulları
istehsalı 3,5 dəfə
artıb, əhaliyə
göstərilən ticarət
xidmətinin səviyyəsi
2,9 dəfə, nəqliyyat
xidmətinin səviyyəsi
3,5 dəfə, rabitə
xidmətinin səviyyəsi
isə 2,4 dəfə
artıq olub.
Rayon üzrə
orta aylıq əmək haqqı
2003-cü illə müqayisədə
3 dəfə artaraq
198 manata çatıb.
Sahibkarlığın inkişafına
xüsusi diqqət yetirilib. Prezidentin sahibkarlıq subyektlərinin
sadələşdirilmiş qeydiyyatdan keçməsi ilə bağlı verdiyi tapşırığa
uyğun olaraq onlar üçün lazımi şərait yaradılıb. İl ərzində 21 hüquqi və 79 fiziki şəxs qeydiyyatdan keçib. 2008-ci ildə sahibkarlıq subyektləri
tərəfindən 60 milyon
300 min manatlıq məhsul
istehsal olunub ki, bu da
ümumi məhsulun 95
faizini təşkil edir. Özəl sektorda istehsal olunan məhsul 2003-cü illə müqayisədə
4,2 dəfə artıb.
Rayonda son illər
sənaye məhsulları
istehsalı artsa da, əhalinin əsas hissəsi kənd təsərrüfatı
ilə məşğul
olur. İl ərzində 73515 sentner kartof, 21815 sentner tərəvəz, 9031 sentner
meyvə istehsal edilib.
Mal-qara və davarların sayının ildən-ilə
artması hesabına
2008-ci ildə 23840 sentner
ət və 128650 sentner süd istehsal olunub. Bu, 2007-ci illə müqayisədə
müvafiq olaraq 160 və 840 sentner çoxdur.
2008-ci ildə
2157 hektarda buğda biçilərək 4294 ton məhsul
istehsal olunub ki, bu göstərici
də son illərdə
ən yüksək olmaqla, ötən illə müqayisədə
3 dəfə çoxdur.
Taxıl yığımına
“Aqroservis” MMC, özəl
və qonşu rayonlardan gətirilən texnika da daxil
olmaqla 17 kombayn cəlb edilib. Bu isə məhsulun yığılmasını sürətləndirib.
Məktəblərin maddi-texniki
bazasının yaxşılaşdırılması,
avadanlıq və inventarla təminatı məsələsi daim diqqətdə saxlanılıb.
Qəzalı vəziyyətdə
olan Nisəqala, Gavran, Honuba-Şıxlar kəndlərində orta, Jiy və Odurağaran
kəndlərində ibtidai
məktəb binalarının
tikintisinə başlanıb.
Nisəqala, Jiy və Odurağaranda məktəblər istifadəyə
verilib. Hazırda Honuba-Şıxlar məktəbinin
idman zalında son tamamlama işləri gedir.
Məktəblərin tikintisində
əlavə kompyuter, kitabxana və digər xidmət otaqları nəzərdə
tutulub. Son 5 ildə rayonda 45 məktəb yenidən tikilib və əlavə sinif otaqları inşa edilib. İstifadəyə verilmiş
bütün məktəblər
avadanlıq və inventarla, kompyuter dəstləri ilə təmin olunub. Bu məktəblərdən 38-i Heydər
Əliyev Fondunun hesabına inşa olunub. Prezidentin Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı
Proqramının təsdiq
edilməsi haqqında"
sərəncamına uyğun
olaraq təkcə
2008-ci ildə məktəblərə
148 kompyuter dəsti verilib. Yeni dərs
ilinə hazırlıqla
əlaqədar rayonun bütün məktəbləri
cari təmir olunub, şəhər 1 saylı orta məktəbi isə əsaslı təmir edilib. Tikintisi gecikən 260 şagird yerlik Bozayran orta məktəbi hazır vəziyyətə
gətirilərək şagirdlərin
istifadəsinə verilib.
İl ərzində
əhaliyə səhiyyə
xidmətinin yaxşılaşdırılması
üçün Dövlət
Proqramına uyğun olaraq 165 çarpayılıq
mərkəzi rayon xəstəxanasının
əsaslı təmiri
işləri, demək
olar ki, başa çatdırılıb.
Prezidentin tapşırığı
ilə rayona verilmiş ən müasir avadanlıqlar hesabına xəstələrimiz
başqa rayonlara getmədən buradaca əməliyyat oluna biləcəklər. İl
ərzində digər
mənbələr hesabına
istismara yararsız vəziyyətdə olan Mirimli və Çayüzü kənd
həkim ambulatoriyaları
üçün yeni,
müasir binalar tikilib istifadəyə verilib. Son iki il ərzində xəstəxanaya verilən
təcili tibbi yardım maşınlarının
sayı 3-ə çatıb.
Şəhərin mərkəzində
yeni istirahət parkı istifadəyə verilib, tarix-diyarşünaslıq
muzeyində daxili tərtibat işləri yenidən aparılıb, bir sıra mədəniyyət
müəssisələri, habelə,
rayon mərkəzi kitabxanası
əsaslı təmir
olunub. Uşaq musiqi məktəbi binasının qəzalı
vəziyyətdə olması
nəzərə alınaraq,
məktəb yeni binaya köçürülüb.
Rayon mərkəzi
stadionu əsaslı surətdə yenidən qurulub. İdmanın inkişafı nəticəsində
rayonda müxtəlif idman növləri üzrə respublika səviyyəli yarışlarının
keçirilməsinə şərait
yaradılıb. 2008-ci ildə
şahmat və kontakt-karate üzrə respublika birincilikləri Yardımlıda keçirilib.
Yarışlarda yerli idmançılar yüksək
nailiyyətlər əldə
ediblər. Kontakt-karate
üzrə rayonu təmsil edən 12 idmançıdan 6 nəfəri
birinci və 6 nəfəri isə ikinci yeri tutublar.
Futbol üzrə zona yarışlarında rayonun yeniyetmələri birinci olublar. Eyni zamanda, “Vətənin müdafiəsinə
hazıram” çoxnövçülüyü
üzrə zona çempionu olan rayonun təmsilçiləri
respublika birinciliyində
80 rayon arasında 4-cü yerə
layiq görülüblər.
Əhalinin Sosial Müdafiə Mərkəzi
üçün yeni inzibati bina istifadəyə
verilib. Rayon Telekommunikasiya
Qovşağında böyük
elektron ATS quraşdırılaraq
istifadəyə verilib.
Yeni Hamarkənd elektron ATS hesabına Bürzünbül, Anzov, Osnağaran, Solqard, Zenqaran kəndləri telefonlaşdırılıb. Vərgədüz
kəndində 128 nömrəlik
EATS istifadəyə verilib.
Telavar, Zevin, Perindel kəndləri üçün hər biri 128 nömrə tutumlu elektron ATS-lər alınıb. Horoni, Arvana, Deman, Honuba-Şıxlar, Honuba, Yeni Abidinli,
Peştəsər, Zeynələzir,
Gügavar, Zəngələ,
Ləzran kimi əvvəllər telefon olmayan yaşayış məntəqələrində hər
biri 4 nömrəlik olmaqla 76 ədəd peyk rabitəsi telefonları quraşdırılıb.
Əksər kənd
yaşayış məntəqələrinə
elektrik enerjisinin verilməsi 17-18 saata çatdırılıb. Qalan
yaşayış məntəqələri
də elektrik xətləri təmir olunduqca fasiləsiz enerji ilə təmin olunacaq. Elektrik enerjisinin dəyəri hər ay 100 faiz ödənilib.
Artıq Yardımlı
gözdən uzaq, könüldən iraq bir bölgə deyil. Rayonun inkişafı ucqar kəndlərə doğru
istiqamət götürür.
Zirvələr də get-gedə daha yaxın, daha əzəmətli
görünür.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.-18 fevral.-S.6.