Bir ata-ananın uşaqları...
Dostum, həmkarım
Şamil Fərzəliyev (Şamil Xurşud) yaşasaydı,
bu gün 75 yaşı olacaqdı...
Zaman qəfləti səmum
yeli deyil ki, yaddaşımızın incilərini
silib-süpürüb, tarixin gedər-gəlməzinə
atsın. Özü də çox yox, cəmi
üç-dörd onilliyə bərabər olan
yaddaşımızın...
İndiyədək xatirimdədir. Bahar ayı idi. Ağaclar göyərirdi. Təbiət dirçəlirdi. Hər şey yaxşıdan xəbər verirdi. Amma içərimizdə bir ağırlıq, bir qüssə yumağı vardı. Çünki dostumuz, qələmdaşımız, məsləkdaşımız ağır xəstə idi. Özü də yaxında, əlimiz çatan yerdə yatmırdı. Yanına tez-tez gedə, ən çox sevdiyi sözlərlə ovundura, dərdini-ağrısını yüngülləşdirə bilmirdik. O, Tiflis şəhərində yatırdı və tezliklə sağ-salamat qayıdıb doğma evinə, dost-tanışlarının yanına dönəcəyinə ümid edirdik. Amma...
Bizdən heç nə soruşmayan, bizimlə məsləhətləşməyən ölüm öz işini gördü. “Ölüm haqdır” deyiblər. Amma bəzi hallarda olduğu kimi, bu dəfə də nahaq iş gördü. Çox cavan apardı Şamil Fərzəliyevi bu dünyadan. Cəmi 52 yaşında...
Bu qüssəli epizodu işıqlı bir insanın xatirə yazısının əvvəlində söyləməyim təsadüfi deyil. Həmin dəfn mərasimində şahidi olduğum bir hadisə həmişəlik hafizəmə həkk olunub. Əvvəlcə haşiyə çıxaraq onu deyim ki, Şamil müəllim olduqca prinsipial və ədalətli adam idi. Bir əməkdaşın haqqını digərinin tapdalamasına qətiyyən razı olmazdı. Bax belə bir zəmində işçilərdən birini cəzalandırmışdı. Həmin əməkdaş isə hövsələsini basmayıb, yuxarı təşkilatlara redaktordan şikayət etmişdi... Belə bir vaxtda faciə baş verdi və Şamil Xurşud dünyasını dəyişdi... O zaman redaktorla “küskün vəziyyətdə” dolaşan, başqa sözlə, ondan “şikayətçi” olan həmin jurnalist yoldaşımızın Şamilin cənazəsi üstündə çəkdiyi naləni sözlə ifadə etmək çətindir. Əlbəttə, söz bu işdə aciz olsa da bu hərəkətin – ağlamağın, sızlamağın, nəhayət, keçirdiyi peşimançılıq hissinin mahiyyətini anlamaq çətin deyildi. Şamil Fərzəliyevin həmin adama etdiyi yaxşılıqların çəkisi etdiyi “pisliyin” çəkisindən qat-qat ağır idi... Ümumiyyətlə, məncə, bu dünyada mütləq yaxşı, yaxud mütləq pis adam anlayışı yox deyil. Şamil Fərzəliyevin isə sözün tam mənasında adı “Yaxşı adam” idi...
Biz eyni vaxtda
bir yerdə, bir təşkilatda işləməmişdik. Amma bir-birimizin imzasını tanıyırdıq. Daha doğrusu, mən
onu yaxşı tanıyırdım. Mən 60-cı illərdə jurnalistika aləminə təzəcə
qədəm qoyanda Şamil Fərzəliyev artıq respublikanın tanınıb-sevilən qələm
sahiblərindən idi.
Açığını deyim ki, mən hələ şagird vaxtımdan “Azərbaycan gəncləri”
qəzetinin oxucusu idim və bu
qəzetin səhifələrində
rast gəldiyim yeni imzalara və
yazılara xüsusi maraq göstərirdim.
Bu dəfə qəzetdə Ş.Fərzəliyev
adlı yeni bir müəllifin “Hünərinə alqış”
adlı şeirini oxudum. Xoşum gəldi və
düşündüm ki,
bundan sonra belə bir şairlə
tez-tez rastlaşacağıq.
Ancaq belə olmadı. Şamil Fərzəliyevin (daha sonra Şamil Xurşudun) imzası ilə müxtəlif məqalələrə, felyetonlara,
pyeslərə, hekayə
və povestlərə
rast gəldim. Şeirdən başqa. Ancaq
sonralar Şamil müəllimin yaradıcılığı
ilə yaxından
Zaman keçdikcə biz bir “ata-ananın övladına”
çevrildik. Əslində bu bənzətmə
mənimki deyil.
“Azərbaycan gəncləri”
qəzetinin müdrik redaktorlarından biri vaxtından və vəzifəsindən asılı
olmayaraq “Azərbaycan gəncləri”ndə işləmiş
bütün əməkdaşlara
“bir ata-ananın uşağı” deyərdi.
Qəribədir ki, bu ifadə təxəyyülün
məhsulu olaraq yaransa da “Azərbaycan
gəncləri”ndə çalışan
jurnalistlərin hal-xasiyyətindəki
yaxınlığı, doğmalığı
ifadə edirdi. Bəlkə elə ona görə 75 illik ömründə “Azərbaycan gəncləri”ni yolundan, qayəsindən sapdıran
bir xəta baş verməmişdi...
Hə, iş elə gətirdi ki, biz də, yəni Şamil Xurşud və mən də “bir ata-ananın övladına” çevrildik.
Başqa
sözlə, “Azərbaycan
gəncləri” qəzetinin
redaktorluq “estafeti” Şamil Xurşuddan mənə keçdi.
Başqa sözlə,
onun uzun illər işləyib püxtələşdiyi və
doqquz il
ərzində püxtələşdirdiyi
“Azərbaycan gəncləri”
qəzetinə mən
redaktor təyin olundum.
Azərbaycan KP MK bürosunun təsdiqinə
ikimiz də birgə getmişdik. Şamil müəllim
“Kirpi” curnalına, mən isə “Azərbaycan gəncləri”
qəzetinə redaktor
təyin olunmalı idik. O zaman bu vəzifələri ən yuxarı dairədə təsdiq edirdilər. 1981-ci ilin fevralı idi. Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyev ikimizi də birgə qəbul etdi. Sahə jurnalistikasına
aid ikimizə də çoxlu sual verdi. Şamil
müəllimlə isə
zarafatlaşmağı da
unutmadı: “Çox qaraqabaqsan, yəni sən satirik jurnal çıxara bilərsən?” Sonra isə öz sualına özü cavab verdi:
“Eşitdiyimə görə
qaraqabaq adamın içərisi yumorla dolu olur”... Respublikanın rəhbəri doğru duymuşdu. Daha doğrusu, bəlkə
də Şamil Fərzəliyevin yaradıcılığına
bələd olduğundan
belə inamla danışırdı. Çünki Şamilin yazılarında
istər felyeton olsun, istər nəsr, yaxud dram əsərləri, hansını
“sıxsan” gülüş
və zarafat yağışı yağırdı.
Hətta
əsərlərinin adında
belə bir yumor ruhu duyulurdu.
“Azarkeş nənə”
(“Gənclik”, 1970), “Özüm
və özün” (“Azərnəşr”, 1965), “Sakitlik
olmayacaq” (“Yazıçı”,
1983) kitabları, “Xəstələr”
komediyası, “Ona deyin, kəndə gəlsin”, “Kötük” hekayələri, “Bəxtiyar
deyil” pyesi və s. Bəlkə də, elə bu istedadına görə Şamil Xurşud 1981-ci ildə ömrünün axırınacan
mətbuat aləmində
ən çətin və məsuliyyətli nəşr olan satirik dərgini – “Kirpi” jurnalını hünərlə çıxartdı,
onu respublikamızın
ən mötəbər
nəşrlərindən birinə
çevirdi...
Qaldı mənə, mənim də bəxtim gətirmişdi. “Azərbaycan
gəncləri”nə gələnədək
bir sıra mötəbər mətbu
orqanlarında işləməyimə
baxmayaraq, redaktorluq təcrübəsi sahəsində
kifayət qədər
səriştəli deyildim.
Xüsusən, Şamil
Fərzəliyevdən “təhvil
aldığım” redaksiya
kollektivi o qədər
yetkin, o qədər səriştəli idi ki, bu cür
jurnalistlər arasında
“naşı olmamaq” mümkün deyildi. Xatirimdədir, “kənardan gəlmə
redaktorun özünütəsdiqi
üçün” ilk bir
ildə çox əziyyət çəkməli
oldum. Ancaq bu əziyyət
nəticə etibarı
ilə xeyrimə oldu. Məni öyrətdi, yeni
kollektivlə qaynayıb-qarışmağıma
səbəb oldu.
Bəlkə elə ona görə nə az ,nə çox-düz
15 il müddətində
“Azərbaycan gəncləri”nə
redaktorluq edə bildim...
Şamil müəllim istər publisistikada, istərsə
də bədii yaradıcılığında “ağsaqqal” xasiyyətli idi. Elə ona görə
də ən çox “ağsaqqallarla” dostluq edərdi. Xalq yazıçısı Əli
Vəliyev onun “Naxırçı çörəyi”
kitabına (1978) ön
söz yazmışdı.
Özünəməxsus sadə
və lakonik dildə, ən əsası anlaşılan
dildə ədəbi təhlil verirdi: – “Məncə, Şamilin əsərlərini bizə
böyük həvəslə
oxutduran onun surətlərinin canlılığı,
həyatiliyi, oxucuya yaxın olmasıdır...
Şamildə surətləri fərdiləşdirmək,
hər birini özünəməxsus şəkildə
dindirib danışdırmaq
bacarığı güclüdür”.
İlk gənclik
yaşlarından “Azərbaycan
gəncləri” qəzeti
ilə sıx əlaqəsi olan, onun fəal oxucusuna və müəllifinə çevrilən
istedadlı publisist, dramaturq Hidayət Orucov Şamil müəllimin yaradıcılıq
“sərhədini” çox
gözəl müəyyənləşdirib.
O yazır: “Yazıçı
Şamil Fərzəliyev
(bədii əsərlərin
müəllifi kimi Şamil Xurşud adıyla nəşr etdirirdi) publisist Şamil Fərzəliyevin
bədii söz dünyası idi. Publisistikasındakı inandırıcılıq, səmimiyyət və dil zənginliyi bədii əsərlərini
oxuculara sevdirən əsas amillərdən idi”. Hidayətin sözünün qüvvəti, elə Şamil Fərzəliyevin
publisistikasının qüdrəti
onu redaktor zirvəsinə qaldırmamışdımı,
onu “Qızıl qələm” mükafatı
laureatı etməmişdimi?
Və bu kökdə cücərən, qol-budaq
atan qələm məhsulları Şamil Xurşud imzalı hekayələrə, povestlərə,
dram əsərlərinə çevrilməmişdimi?
Şamil Xurşudla bir yerdə işləyənlərin,
dostluq edənlərin
hər birini dindirsən onun barəsində saatlarla danışar. Mən isə bu məqalənin
sonunda onu demək istəyirəm ki, jurnalist Şamil
Fərzəliyev, yazıçı-dramaturq
Şamil Xurşud yaşadığı bu işıqlı dünyada
külli miqdarda publisistika nümunəsi, onlarca hekayə, povest, dram əsəri, habelə əməyinin və istedadının dəyəri olan çoxlu mükafat qoyub getmişdir. Bunlar onun düşüncəsinin,
təfəkkürünün məhsuludur. Başqa sözlə,
bu dünyada əbədi yaşayacaq ruhudur. O ruhu ki, özünü unudulmağa, bizi darıxmağa qoymayacaq...
Yusif KƏRİMOV,
yazıçı - publisist
Xalq qəzeti.-2009.-18 fevral.-S.7.