Neft-kimya elminin bayraqdarı
Cari ildə AMEA-nın
akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri
İnstitutunun təşkil olunmasının 80 ili tamam olur. Əsası
1929-cu ildə qoyulmuş Neft Emalı üzrə Elmi-Tədqiqat
İnstitutunun bazasında NKPİ-nin yaradılması Azərbaycanda
və dünyada neft-kimya elminin və sənayesinin
inkişafında mühüm hadisə olmuşdur.
Azərbaycanda neft
emalı və neft kimyası sənayesinin əsasını təşkil
edən bir çox sənaye prosesləri məhz Y.H.Məmmədəliyevin
təşkil etmiş olduğu Neft-Kimya Prosesləri
İnstitutunda yaradılmışdır. İnstitutun
inkişafında Azərbaycanın məşhur
kimyaçı alimlərindən M.F.Nağıyevin, V.S.Əliyevin,
S.C.Mehdiyevin, Ə.M.Quliyevin, M.A.Dalinin, B.Q.Zeynalovun, B.A.
Dadaşovun, S.M.Əliyevin, R.H.İsmayılovun, M.Ə.Mərdanovun,
Ə.M.Quliyevin, Ş.Ə.Məmmədovun,
İ.M.Orucovanın və b. xidmətləri əvəzedilməzdir.
NKPİ-də hal-hazırda da Azərbaycanın
hüdudlarından çox-çox uzaqlarda tanınan bir
çox istedadlı alimlər çalışmaqdadırlar. Onlardan
akademiklər M.İ.Rüstəmovun, M.Ə.Məmmədyarovun,
N.M.Seyidovun, AMEA-nın müxbir üzvləri F.İ.Səmədovanın,
A.H.Əzizovun, V.M.Abbasovun, N. F. Canıbəyovun, D.B.Tağıyevin
adlarını çəkmək olar.
Bu illər ərzində institutun alimləri neft emalı və neft kimyası sahəsində fundamental və xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən tətbiqi xarakterli elmi-tədqiqat işləri aparmışlar. Azərbaycan nefti tədqiq olunmuş, neft emalı və neft-kimya prosesləri üçün yeni texnologiyalar və katalizatorlar işlənib hazırlanmış, kataliz, neft-kimya sintezi, üzvi və fiziki kimya sahəsində fundamental tədqiqatlar aparılmış, Azərbaycanın neft emalı və neft-kimya sənayesi üçün kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.
Tədqiqatların bir çox nəticələri və tövsiyələri müxtəlif vaxtlarda Azərbaycanın və xarici ölkələrin neft emalı və neft-kimya müəssisələrində sənaye miqyasında uğurla tətbiq olunmuşdur.
İnstitutu neft-kimya və neft emalı sahəsində dünya miqyasında şöhrətləndirən nailiyyətlər içərisində bəzilərini qeyd etmək istərdik. İnstitut neftlərin fərdi, qrup, fraksiyalar üzrə kimyəvi tərkibi və xassələrinin tədqiqi, onlardan yüksək keyfiyyətli yanacaq-sürtgü materiallarının alınmasını təmin edən səmərəli emal texnologiyalarının elmi əsaslarının işlənib hazırlanması və tətbiqini bir sıra məhsulların, o cümlədən sintetik kauçukun, aviasiya benzinləri üçün yüksək oktanlı əlavələrin, partlayıcı maddələrin, xlortərkibli karbohidrogenlərin alınması texnologiyasının elmi əsaslarının işlənib hazırlanması və istehsalının təşkilini həyata keçirmişdir.
Eyni zamanda, kiçik ölçülü katalizator hissəciklərinin xammalın buxarları ilə kontaktlaşdırılmasının elmi əsaslarının işlənib hazırlanması və bunun əsasında qaz-katalizator qarışığının “qaynar” və birbaşa axın laylarında heterogen kontakt-katalitik proseslərin aparılması üçün texnoloji sistemlərin yaradılması, bu sistemlərin tətbiqi ilə keçmiş SSRİ-də ilk dəfə olaraq yüksək məhsuldarlığı olan katalitik krekinq prosesləri, alunit filizindən alüminium oksidin alınması prosesi və sintetik kauçuk istehsalı üçün əsas xammal olan butadienin alınmasını təmin edən butanın dehidrogenləşməsi prosesinin işlənib hazırlanması bu instituta məxsusdur.
Burada aşağı temperaturda donmayan transformator yağlarının, dizel yanacağının və yüksək təmizlik dərəcəsinə malik parafinlərin alınmasını təmin edən aşağı özlülüklü yağların və yanacaqların karbamidin izopropil spirtində məhlulu ilə parafinsizləşdirilməsi prosesinin işlənib hazırlanması və tətbiqi, alitsiklik karbohidrogenlər kimyasının mühüm bir elmi istiqamət kimi formalaşması prosesi sahəsində ciddi elmi axtarışlar aparılmışdır.
Neft-Kimya Prosesləri İnstitutu xalq təsərrüfatı üçün qiymətli olan bir sıra bioloji-fəal birləşmələrin, kənd təsərrüfatı üçün preparatların, mürəkkəb efir mənşəli plastifikatorların, sintetik yağların, ətirli maddələrin, polimer materialları üçün stabilizatorların, yeni reaksiyaya qəbul oliqomer və polimer materiallarının alınmasının elmi əsaslarının və istehsal texnologiyalarının işlənib hazırlanmasını təmin etmişdir.
Doymamış karbohidrogenlərin polimerləşmə və oliqomerləşməsi, o cümlədən butadienin stereorequlyar polimerləşməsi və alınmış polimer materialın stabilləşməsi üçün bifunksional metalkompleks katalizatorların alınmasının elmi əsaslarının və texnologiyalarının yaradılması, öz səmərəliliyi ilə xaricdə istehsal olunan ən yüksək analoqlarından geri qalmayan korroziya və parafinçökmə inhibitorlarının və deemulqatorlarının alınmasının elmi əsaslarının öyrənilməsi texnologiyalarının yaradılması və tətbiqi də bu instituta məxsusdur.
Azərbaycan neft-kimya və neft emalı sənayesinin XXI əsrdə strateji inkişafının konsepsiyasının işlənib hazırlanması da bu institutun əməkdaşlarına həvalə olunmuşdur.
Yuxarıda sadalanan işləmələrdən əksəriyyəti Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Latviya, Rumıniya, Bolqarıstan və s. ölkələrin sənaye müəssisələrində uğurla tətbiq olunmuşdur.
İnstitutun tətbiq olunan işləmələrindən respublikanın büdcəsinə yüz milyonlarla vəsait köçürülmüşdür. Təkcə 1993-cü ildə NKPİ, VNİİNP, QrozNİİ və layihə institutları ilə birlikdə yaradılmış və Azərbaycanın neft emalı zavodlarında tətbiq olunmuş Q-43-107 tipli katalitik krekinq kompleksinin yalnız üç illik istismarı zamanı dövlət büdcəsinə vergilər yolu ilə 750 milyard manat (150 milyon AZN) vəsait köçürülmüşdür. 2004-cü ildən başlayaraq institutda işlənib hazırlanmış texnologiya ilə Heydər Əliyev adına NEZ-də dizel yanacağının hidrotəmizləmə prosesinin tətbiqindən hər il respublikanın büdcəsinə mənfəət şəklində 9 milyon AZN vəsait köçürülür.
Neft emalı müəssisələrinin sifarişi ilə hər il onlarla işlər yerinə yetirilir və həmin müəssisələrə tətbiq üçün təhvil verilir.
Hal-hazırda XXI əsrin perspektiv neft məhsullarına və texnoloji proseslərinə olan ekoloji, iqtisadi və təhlükəsizlik tələblərini nəzərə alaraq, institutun tədqiqatları yeni müvafiq istiqamətlərə yönəldilmişlər.
Hazırda neft-kimya və neft emalı prosesləri üçün ekoloji zərərsiz ion mayeləri texnologiyalarının yaradılması, ifrat kritik həlledicilərlə ekstraksiya üsulunun tətbiqi ilə neft və onun ağır qalıqlarının asfalt-qətran birləşmələrindən və mikroelementlərdən təmizlənməsi, dərin heterogen-katalitik hidrogenləşmə proseslərinin işlənib hazırlanması, fullerenlər və fulleren tərkibli sistemlərdən oksidləşmə prosesləri üçün aktivator və inhibitor kimi istifadəsinin tədqiqi, nanotexnologiya üsullarından istifadə etməklə, yüksək fəallığa malik nanokatalizatorların və polimer nanokompozitlərin, nanokarbon-materiallarının alınması, alkilləşmə və oliqomerləşmə proseslərində olefin mənşəli xammalın alkanlarla əvəz olunması sahəsində ciddi tədqiqat işləri aparılır.
Eləcə də yüksək istismar xassələrinə malik yeni tip sintetik sürtgü yağ kompozisiyalarının alınma texnologiyalarının, bərpa oluna bilən xammal mənbələri, yan məhsullar və polimer tullantıları əsasında neft kimya məhsullarının ekoloji zərərsiz alınma üsullarının və texnologiyalarının işlənib hazırlanması və s. sahələrdə aparılan səmərəli tədqiqatlar öz müsbət nəticəsini verməkdədir.
İnstitut alimlərinin 8 işi dövlət mükafatına layiq görülmüşdür. Neft-kimya və neft emalı sahəsində aparılan tədqiqatlardan alınmış uğurlu nəticələrinə görə və elmi kadrların hazırlanmasına görə 1967-ci ildə NKPİ Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilmişdir.
Ayrı-ayrı vaxtlarda institutun işçiləri fəxri adlarla-“SSRİ Dövlət mükafatı laureatı” (12), “Azərbaycan Dövlət mükafatı laureatı” (13), “Azərbaycanın əməkdar elm xadimi” (13), “Azərbaycan əməkdar elm və texnika xadimi” (3), “Y.H.Məmmədəliyev mükafatı laureatı” (8) və Azərbaycanın “Şöhrət” ordeni (3) ilə təltif edilmişlər.
İnstitutun elm və texnologiya sahəsində işləmələri İqtisadi Əməkdaşlıq Təşkilatının (2002-ci il) və İslam İnkişaf Bankının (2005-ci il) diplom və mükafatına layiq görülmüşdür.
İnstitut ənənəvi olaraq yüksək ixtisaslı kadrlar, o cümlədən Asiya, Afrika, Amerika və b. ölkələr üçün mütəxəssislər hazırlayır. Təkcə son 20 ilin ərzində institutda 60-dan artıq elmlər doktoru və 500-dən artıq elmlər namizədi hazırlanmışdır. İnstitutun alimləri ABŞ, Türkiyə, İran İslam Respublikası, Tayvan, İngiltərə, Almaniya, Səudiyyə Ərəbistanı, Rusiya və Ukrayna universitetlərində müvəffəqiyyətlə çalışırlar, onların tərəfindən onlarla monoqrafiya və bir neçə min elmi əsər respublika nəşriyyatında, MDB respublikalarında və digər xarici ölkələrdə nəşr olunmuşdur. Bu günə kimi institut 1000-dən artıq müəlliflik şəhadətnaməsinin, patent və lisenziyaların sahibidir. Uzun illər ərzində institutun alimləri keçmiş SSRİ, Bolqarıstan, Çexoslovakiya və başqa ölkələrin akademik və elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələri həyata keçirmişdir. Sonrakı illərdə institut “Elm sülh naminə” NATO proqramı çərçivəsində elmi tədqiqatların aparılmasında iştirak edir, Türkiyənin ”Tubitak” elmi mərkəzi və Egey Universiteti ilə, Səudiyyə Ərəbistanının “Sabik” firması ilə, Almaniyanın Azad Berlin Universiteti ilə, ABŞ ”Fenomeneks” firması ilə birgə əməkdaşlıq edir.
Son illərdə AMEA və Rusiya EA arasında elmi əməkdaşlıq çərçivəsində 24 iş üzrə tədqiqatlar aparılır.
Hazırda NKPİ üzrə 524 əməkdaş fəaliyyət göstərir. 217 nəfər elmi işçilərdir, bunlardan 39 nəfər elmlər doktoru, o cümlədən 3 akademik, 4 nəfər AMEA-nın müxbir üzvü, 100 nəfəri isə elmlər namizədidir.
Bu gün institutun alimləri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, respublikanın neft-kimya elminin və sənayesinin inkişafı üçün bütün qüvvələrini səfərbər etmişlər.
Musa RÜSTƏMOV,
akademik,
Neft-Kimya Prosesləri
İnstitutunun direktoru
Xalq qəzeti.-2009.-19 fevral.-S.4.