Nizami rayonunda 2008-ci ilin sosial-iqtisadi uğurları təhlil olunmuşdur

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2008-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular. Sonra onlar ötən il rayonun təhsil sahəsində əldə olunmuş uğurlarını əks etdirən sərgiyə baxdılar.

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarının, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev açdı. Tədbir iştirakçıları ulu öndərimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra 2008-ci ildə Nizami rayonunun sosial-iqtisadi inkişafını, burada aparılan abadlıq-quruculuq işlərini əks etdirən film nümayiş olundu.

Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev 2008-ci il ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2008-ci ildə ölkəmizdə ümumi inkişafın bir qədər də sürətləndiyini diqqətə çatdırdı. Ötən il Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün islahatların əsas məqsədinin vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldiyini vurğulayan məruzəçi ümumi inkişafı xarakterizə edən makroiqtisadi göstəricilərin əvvəlki illə müqayisədə bir qədər də yaxşılaşdığını və bunun Azərbaycanın regionun lider dövlətinə çevrilməsinə imkan yaratdığını bildirdi.

Yola saldığımız 2008-ci ilin Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir il olduğunu qeyd edən natiq dedi ki, ötən il ölkəmiz öz beynəlxalq mövqelərini bir qədər də möhkəmləndirmiş, böyük iqtisadi inkişafa nail ola bilmişdir.

M. Əliyev bildirdi ki, yanvar ayının 16-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və 2009-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımız son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın ötən il də davam etdiyini bildirərək, bütün proqramlar üzrə görülmüş işləri müsbət qiymətləndirmişdir. Belə ki, cənab Prezident statistik göstəricilərlə Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, neft-qaz sektorunun və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək Azərbaycanda iqtisadiyyatın həcminin son beş il ərzində 2,6 dəfə, sənaye istehsalının isə 2,5 dəfə artmasını, 2008-ci ildə minimum əmək haqqının və pensiyanın 60 manata çatdırılmasını, əhali arasında yoxsulluğun 13,2 faizə düşməsini qeyd etmişdir. Dövlət başçımız regionların sosial-iqtisadi inkişafı proqramının və iqtisadiyyatımızın çox yüksək templə və dünyada analoqu olmayan sürətlə uğurlu icrasını qeyd etmiş və qarşıda duran əsas vəzifələr barəsində konkret tapşırıqlar vermişdir.

Ölkəmizin sosial-iqtisadi həyatında baş verən tərəqqi paytaxtın Nizami rayonunda da aydın hiss olunmaqdadır. Bu barədə məlumat verən rayon rəhbəri bildirdi ki, ölkə başçısı möhtərəm İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanı və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının(2004-2008-ci illər)”icrası ilə əlaqədar Nizami rayonunda da geniş miqyaslı işlər görülmüşdür. Qeyd olundu ki, ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da canlandırmış, rayon sakinlərinin qarşılaşdığı sosial problemlərin həlli istiqamətlərində konkret addımlar atılmış, geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüş, xidmət sahələrinin fəaliyyəti yüksəlmiş, yeni iş yerlərinin açılması sahəsində əməli tədbirlər həyata keçirilmişdir.

2003-cü illə müqayisədə ötən il sənayedə istehsalın həcmi 2,8 dəfə, əsas kapitala yönəldilmiş investisiya 7,6 dəfə, pərakəndə əmtəə dövriyyəsi 96,9 faiz və əhaliyə göstərilən pullu xidmətlər 5,2 dəfə artmışdır. Ötən il rayon ərazisində 1445 sahibkarlıq subyekti və 4530 fiziki şəxs fəaliyyət göstərmişdir.

Natiq bildirdi ki, sənaye sahəsi üzrə 2008-ci il ərzində fəaliyyət göstərən müəssisələr tərəfindən faktiki qiymətlərlə 1 milyard 614,8 milyon manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çox sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 37,7 faizi qeyri-dövlət sektorunun payına düşür. Ötən il içkilər də daxil olmaqla ərzaq məhsullarının istehsalı 12,8 faiz, neft məhsullarının istehsalı isə 33,1 faiz artmışdır. Bundan əlavə, cari ildə sənaye xarakterli xidmətlərin həcmi də əvvəlki ilə nisbətən xeyli çox olmuşdur.

Rayonda istehsalın inkişafında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “European-Tobacco Baku” ASC-nin, “Bakı Diyircəkli Yastıq” ATSC-nin, “Neftqaztikinti” trestinin, “NJT-2000" firmasının və ”Azərsun Holdinq" şirkətinin böyük rolu olduğunu diqqətə çatdıran məruzəçi bununla yanaşı, ötən il bəzi sənaye müəssisələrinin günün tələbləri səviyyəsində fəaliyyət göstərməməsinin narahatlıq doğurduğunu bildirdi.

2008-ci ildə rayonun nəqliyyat və rabitə müəssisələrinin uğurlu fəaliyyətini qeyd edən natiq, həmçinin il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 166,7 milyon manat həcmində investisiya yönəltdiyini, bunun da əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,2 faiz çox olduğunu bildirdi. Qeyd olundu ki, əsas kapitala yönəldilmiş investisiyaların 152,7 milyon manatı və ya 91,5 faizi dövlət, 14 milyon manatı, yaxud 8,5 faizi qeyri-dövlət müəssisələrinə aiddir. İstifadə edilmiş investisiyanın 122,6 milyon manatı, yəni 73,6 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir.

2008-ci ildə rayon üzrə ticarət, eləcə də pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin səviyyəsinin real mənzərəsi konkret rəqəmlərlə əsaslandırıldı. Həmçinin bildirildi ki, 2008-ci il ərzində rayon üzrə işləyənlərin orta aylıq məvacibi 27,6 faiz artaraq 265 manata çatmışdır. Orta aylıq əmək haqqı sənaye sahəsində 34,2 faiz, nəqliyyatda 11,1 faiz, rabitədə 15,1 faiz , ticarətdə 34,6 faiz, sosial sahədə isə 33,1 faiz artmışdır.

Natiq qeyd etdi ki, 2008-ci ildə Nizami rayonunda 2318 yeni iş yeri açılmışdır ki,bunun da 524-ü yeni müəssisələrin, 672-si mövcud müəssisələrin, 1102-si fiziki şəxslərin payına düşür. Bütövlükdə isə 2003-cü ilin oktyabr ayından 2009-cu ilin yanvar ayınadək rayonda 13766 yeni iş yeri açılmışdır. Ötən il rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülmüş işlər barəsində məlumat verən natiq bildirdi ki, ölkə rəhbəri tərəfindən imzalanmış fərman və sərəncamların məhz əhalinin sosial-rifah halının yüksəldilməsinə yönəldilməsinin nəticəsidir ki, ötən illərlə müqayisədə əhalinin sosial-maddi durumu yüksək artımla müşahidə olunur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Bakının abadlaşdırılması, yol və kommunikasiya sistemlərinin yenidən qurulması, nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi, ekoloji sağlamlığın təmin edilməsi haqqındakı tövsiyə və göstərişləri rəhbər tutularaq Nizami rayonunda da genişmiqyaslı işlər görülmüşdür. Bu barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, il ərzində rayon üzrə küçə ticarəti və onun yaratdığı antisanitariyaya qarşı genişmiqyaslı mübarizə tədbirləri davam etdirilmişdir.

Ötən il rayonun səhiyyə və təhsil müəssisələrinin işinin əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə konkret tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə rayon məktəbləri üçün əlavə korpuslarun tikintisi davam etdirilmiş, rayon icra hakimiyyətinin daxili imkanları hesabına mövcud məktəblərdə lazımi təmir işləri aparılmışdır. Bundan əlavə, ötən il rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüş, səhiyyə müəssisələrinin kommunikasiya sistemləri təmir olunmuş, yenidən qurulmuşdur.

İl ərzində rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilmiş, əhalinin sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması da rayon rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bütün bunlarla yanaşı, məruzəçi rayon üzrə mövcud problemlərə də toxundu, onların qısa müddətdə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı.

Məruzə ətrafında çıxış edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Qaz İstismarı İdarəsinin rəisi Rəfael Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Babək Tatlıyev və başqaları yola saldığımız 2008-ci ilin Nizami rayonu üçün əlamətdar olduğunu, cari ildə bu uğurların artırılması üçün daha böyük əzmkarlıqla çalışacaqlarını bildirdilər.

Yığıncağın sonunda iclasın qərarı oxundu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

Paytaxtın Nizami rayonunda 2008-ci ilin sosial-iqtisadi yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev iştirak edirdi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.-2009.-19 fevral.-S.5.