Lerik: uğurların arxasında böyük zəhmət
dayanır
Dünyanın gərdişi
ilə tanışlığımın, nağıla
dönmüş şıltaq uşaqlıq və yeniyetməlik
çağlarımın izi qalan Lerikdən məni elə
böyük bir zaman ayırmırdı. Beş-altı il əvvəl
eyvanda durub səhərin təmiz, saf havasını ciyərlərimə
çəkəndə, bacalardan çıxıb şəhərin
üstünə yatan acı tüstü də burnumu göynətmişdi.
Onda düşünmüşdüm ki, aman Tanrım, bu yurdun
bir təmiz havası qalmışdı, deyəsən, ona da
tamarzı qalacağıq...
O vaxt pessimizmə qapılmağımın səbəbi təkcə havanın acı tüstü qoxuması yox, rayonda sosial “ab-havanın”, yaşam tərzinin, əhalinin güzəranının elə də ürəkaçan olmaması idi. Paytaxt Bakıda yenicə start götürmüş tikinti-quruculuq və abadlıq işlərinin əks-sədası hələ bu yerlərə gəlib çatmamışdı. Hər yerdə olduğu kimi əhali, xüsusilə də gənclər boya-başa çatdıqları dağlar qoynundakı bu qəsəbə və kəndləri bəlkə də geriyə boylanmadan tərk edirdilər. Kəndlərdə yüzlərlə ev boşalır, bağ-bağat müəyyən bir müddətdən sonra kiçik bir “cərgəlliyə” çevrilirdi.
Sərt relyefi və sərt təbiəti olan bu yerlərdə şad-xürrəm yaşayıb ömür sürmək, mənə elə gəlirdi ki, bu nəslin boyuna biçilməyib. Əslində Şirəli Müslümov, Mahmud Eyvazov kimi yüzü haqlayıb, ikinci yüzilliyi yaşamaq üçün ən azından səbrin, gücün, dözümün və işgüzarlığınla bu təbiətin sərtliklərini gərək ram etməyi bacarasan. Yox, qorxdunsa, onda payız aylarının şaqqıldayan ildırımları, soyuq, amma bəmbəyaz şıdırğı yağışlar, böyük çillənin şaxtası və boranı səni bu dağların qoynundan perik salacaq. “Dağlar qorxaqları sevməz”, deyərdi babam...
Eynən belə düşüncələrlə ayrıldığım Lerikə bir də 2005-ci ildə gəlmişdim. Gəlmişdim bu rayonun torpağına ilk dəfə ayağı toxunacaq dövlət başçımızı mən də görəm. Bax, o anları görmək və yaşamağa dəyərdi. Mən çoxdan özümün lerikli olmağımla bu qədər qürur duymamışdım. Küçələr, mərkəzi meydan, hələ Prezident İlham Əliyevin, Lerikə ilk səfərə gələcək dövlət başçısının gəlişinə 5 saat qalmış insanlarla dolu idi. Hamı rayon üçün bu tarixi anı görmək istəyirdi. Bu insan selinin içində intizardan daha çox, bir səksəkə duyulurdu, “birdən gəlmədi”, “işi çıxdı”, “zarafat deyil, bu boyda ölkənin məsuliyyəti onun çiynindədi”. Dövlət başçılarının səfərlərində iştirak etməmiş olsaydım, bəlkə bu sadəlövh insanların qənaətlərini mən də bölüşərdim. Amma mən yəqin bilirdim ki, gələcək. Həm də öz sərəncamı ilə yenidən tikilən, rahat və müasir standartlara cavab verən yolla gələcək...
... Bu gəlişi sadəcə görmək və onu görənlərin sevincini duymaq lazım idi. Bu gün bir anlıq Lerik Azərbaycanın mərkəzinə çevrilmişdi, çünki Azərbaycanın prezidenti bu anda Lerikdə idi.
Həmin anları xatırayan Lerikin qocaman ziyalılarından biri, rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov deyir:
— Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, bütün respublikada olduğu kimi, Lerikdə də xoş cələcəyə, sosial rifahın yüksəlişinə, iqtisadi tərəqqiyə olan ümidlərimizə bir yəqinlik, əminlik gətirmişdi. Bizim ona olan məhəbbətimizin özəl bir səbəbi də onda idi ki, ulu öndər biz dağ adamlarına yüksək qiymət verir, hörmət və qayğı göstərirdi. O, vəd vermişdi ki, heç bir dövlət rəhbərinin ayağı dəyməyən Lerikə şəxsən özü təşrif gətirəcək. Biz leriklilər yaxşı bilirdik ki, onun gəlişi bu yerlərə yeni həyat gətirəcək, arzularımızı və istəklərimizi çin edəcək.
Çox təəssüf
ki, bu böyük dahiyə Lerikə gəlib lerikliləri
sevindirmək nəsib olmadı. Lakin tale üzümüzə
onda güldü ki, ata Əliyevin yarımçıq
qalmış müqəddəs işlərini oğul Əliyev
çox böyük uğurlar və nailiyyətlərlə həyata
keçirməyə başladı. Bu nailiyyətlərin sevincini ilk
dadanlardan biri də 2005-ci ilin sentyabrında Lerik əhalisi
oldu. Lerikin tərəqqisinin təməl daşı onda
atıldı.
...Bəli, məhz təməl
daşı atıldı. Amma işlər çox ağır
və ləng gedirdi. Hətta dövlət
başçısı ilk gəlişi zamanı verdiyi vədi
yerinə yetirib bir il sonra Lerikə mavi yanacağın gəlişini
bildirən məşəli yandıranda belə, rayonun sərhədləri
çərçivəsində işlər çox da ürəkaçan
deyildi. Baxmayaraq ki, dövlət başçısı Lerikə
ikinci səfəri zamanı söylədiyi nitqdə “Lerikin
böyük iqtisadi paotensialı” olduğunu
vurğulamış, konkret istiqamətlər göstərmişdi.
Prezidentin “Azərbaycan Respubdikası regionlrının, o
cümlədən Lənkəran şəhəri, Astara,
Lerik, Masallı və Yardımlı rayonlarının
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” sərəncamından
sonra belə, çox az şey dəyişdi.. Yenə mexanizm
tam gücü ilə işə düşmədi.
İki il əvvələ təsadüf
edən bu jurnalist müşahidələrimin sonuna
çıxmaq və bəlkə də bir qədər sərt
analitik material hazırlamaq düşüncəsi, bir də
qaz çəkilişindən sonra daha acı tüstü
qoxumayan dağ havası udmaq üçün Lerikə
yollandım. Açığı az qala bir il əvvəl
şəhər statusu almış rayon mərkəzinin
qısa vaxtda belə dəyişəcəyini və
düşündüklərimi alt-üst edəcəyini
ağlıma da gətirmirdim. Lerik, lap sovet dönəmində
işlətdiyimiz bir ifadədə olduğu kimi, zərbəçi
tikinti meydanını xatırladırdı.
Artıq tikintisi başa
çatdırılmış, istifadəyə verilmiş
yaraşıqlı binalar, abadlaşdırılmış
yollar, yeni salınmış xiyaban və bağlar
iki-üç il əvvəl gördüklərimin tam əksi
idi.
Hidayət müəllimlə
ilk təəssüratlarımı bölüşəndə
hansı dönəmdən danışdığımı həmən
tutdu və dedi:
— Açığı, son
15 ildə və mən deyərdim ondan da əvvəl Lerikdə
belə inkişaf tempi olmayıb. İstər tikinti-abadlıq
işlərində, istərsə də sosial-iqtisadi sahədə.
Ağsaqqalın bu rayonda
hansı məsul vəzifələrdə
çalışdığını bildiyim və rayonun
keçmişinə yaxşı bələd olduğum
üçün dedikləri ilə razılaşmaya bilməzdim.
Bəs iki ildə birdən-birə belə
sıçrayış və inkişafa səbəb nə
oldu?
Bu sual Hidayət müəllimin
göstərdiyi səbəbkarlardan birinə, Lerik Rayon
İcra Hakimiyyətinin başçısı Rövşən
Bağırova ünvanlamışdı.
— Təyin olunduğum gün
möhtərəm Prezidentimizin respublikanın bütün
regionları kimi, Lerikə də xüsusi diqqət yetirdiyini
qarşımda qoyduğu tapşırıq və vəzifələrdən
aydın görürdüm. Amma dövlət
başçımız təkcə tapşırıq və
vəzifələri deyil, eyni zamanda, onun həlli
yollarını da göstərir. Bizim öhdəmizə isə
sadəcə, onları yerinə yetirmək qalırdı.
Göstərilən
yolların başlıcası və deyərdim ki, əsası
rayonun iqtisadi potensialını hərəkətə gətirmək
idi. Bunu təkbaşına həyata keçirmək təbii
ki, olmazdı və ona görə rayonun təşəbbüskar,
işgüzar kadr potensialını, işçi qüvvəsini
bu prosesə cəlb etmək, gərgin işləmək, səyləri
əsirgəməmək lazım gəlirdi. Rayona hamilik edən,
təşəbbüskarlıqda bəzən bizi də
qabaqlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,
onun prezidenti millət vəkili Rövnəq Abdullayev bu
potensialın işə düşməsində əvəzsiz
rol oynadılar.
Lerik üçün vacib
olan iki böyük iş artıq
görülmüşdü. Dövlət
başçısı cənab İlham Əliyev verdiyi vədlərin
vaxtını qabaqlayaraq bu ucqara çox vacib olan infrastrukturu —
Lənkəran—Lerik magistralını əsaslı şəkildə
yenidən qurmuş və leriklilərə buranın saf
havası, suyu qədər zəruri olan, illərlə həsrətlə
gözlədikləri qazı çəkmişdi. İndi
buraların “yaşıl donu” olan meşələr rahat nəfəs
dərə bilərdilər. Lakin Lerikdə daha vacib olan iş
yerlərinin açılması idi. Göstərilən rəqəmlərdən
görünür ki, son dörd ildə 4557 nəfər
işlə təmin olunmuşdur ki, bunun da 1291 nəfəri
2008-ci ilin payına düşür.
Qazlaşdırmanın
sürətlə aparılmasının mahiyyətini çox
gözəl başa düşən rayon rəhbərliyi və
rayon qaz təsərrüfatının işçiləri
şəhərin özündə demək olar ki,
qazlaşdırmanı başa çatdırmışlar.
2008-ci ildə rayon əhalisinə 1 milyon 767 min kubmetr qaz
satılmışdır. Maraqlı cəhətlərdən
biri ondan ibarətdir ki, Lerik respublikada satılan qazın
pulunun ödənişində bütün rayonları
qabaqlayır. Bu günə olan ödənişin 101,2 faizə
çatmasının özü bünü əyani şəkildə
göstərir.
R.Bağırov bildirdi ki,
rayonun digər yaşayış məntəqələrinin
qazlaşdırılması da bu gün sürətlə davam
etdirilir. Artıq Ordahal kəndindəki bütün evlərə
qaz xətti çəkilmiş, kəndin qazpaylayıcı məntəqəsinin
tikintisində son tamamlama işləri gedir.
Diqqət çəkən
reallıqlardan biri də ondan ibarətdir ki, əhalinin mənzil
probleminin yaxşılaşdırılması
üçün uzun illər heç bir işin görülmədiyi
rayonda respublika Prezidentinin göstərişi ilə əvvəlcə
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 4 mərtəbəli 16 mənzilli
yaşayış evi tikilib istifadəyə verildi. Daha sonra
Dövlət Neft Şirkətinin dəstəyi ilə 18 mənzilli
bina istifadəyə verildi. Bu gün isə dövlət vəsaiti
hesabına daha bir 16 mənzilli yaşayış
binasının tikintisi sürətlə aparılır.
Söhbət əsnasında
rayon icra hakimiyyətinin başçısı Lerik
iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatı sektorunun inkişafının
xüsusi diqqətdə saxlanıldığını qeyd edərək
bildirdi ki, təkcə 2008-ci il ərzində taxıl əkini
və biçininə görə kənd təsərrüfatının
bu sahəsi ilə məşğul olan hüquqi və fiziki
şəxslərə üst-üstə 169 min manat dövlət
vəsaiti ödənilmiş və 1930 nəfərə
payızlıq buğda əkininə görə daha 113 min
manat vəsaitin ödənilməsi üçün
sifariş verilmişdir. Təbii ki, bu, möhtərəm
Prezidentimizin “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamından sonra
mümkün olmuşdur. Ölkə
başçısının bu sərəncamı aqrar
sektorda işlərin gedişinə böyük təkan verdi
və ona görə də əhali dövlət
başçısının bu qayğısını minnətdarlıqla
xatırlayır.
Rayonda sahibkarlığın
inkişafı da icra strukturlarının xüsusi diqqətində
olan məsələlərdəndir. Bunun nəticəsidir ki,
rayon ərazisində qeydə alınmış 884
sahibkarlıq subyektindən 546-sı tam fəaliyyət
göstərir. Kənd təsərrüfatı rayonda
üstünlük təşkil etdiyi üçün
sahibkarların bu sahəyə marağı daha
böyükdür. Bu sahənin inkişafı faktların və
rəqəmlərin müqayisəsində daha qabarıq
görünür. Məsələn, 2008-ci ildə ət
istehsalı 2007-ci ildəkindən 5 ton artaraq 4664 tona, süd
istehsalı 8 ton artaraq 13768 tona, yun istehsalı 1 ton artaraq 222
tona, yumurta istehsalı 13 min ədəd artaraq 4 milyon 398 min ədədə
çatmışdır. Taxıl istehsalında hər
hektarın məhsuldarlığı 2007-ci ilə nisbətən
2,1 sentner artaraq 18,2 sentner olmuşdur. Heyvandarlığın
inkişafında da artım tendensiyası özünü
aydın göstərir. Məsələn, bu günə
rayonda qaramalın sayı 2007-ci ilə nisbətən 158
baş artaraq 36846 başa, qoyun və keçilərin sayı
133 baş artaraq 130 min 666 başa çatmışdır.
Bütün bunlar son nəticədə
əhalinin gəlirlərinin artmasına, onların sosial rifah
halının yaxşılaşdırılmasına səbəb
olmuşdur. Sevindirici haldır ki, Lerikdə adambaşına
düşən gəlir 2007-ci ilə nisbətən 186 manat
artaraq 736 manata çatmışdır. Ümumi daxili məhsul
buraxılışının həcmi 2007-ci ilə nisbətən
2008-ci ildə 13,8 faiz, kənd təsərrüfatı məhsulları
istehsalı 26,8 faiz, nəqliyyat daşımalarının gəlirləri
27,2 faiz, rabitə xidməti 67,9 faiz, pərakəndə əmtəə
dövriyyəsi 23,8 faiz, pullu xidmət 15,8 faiz və təmir-tikinti
işləri 5,1 faiz artmışdır.
Bütün maliyyə mənbələri
hesabına rayonda 2008-ci ildə 2007-ci ildəkindən 4 milyon
16 min manat çox, yəni 11 milyon 7 min manatlıq təmir
tikinti işləri aparılmışdır. Bu da onu göstərir
ki, cəmi iki ildə Lerikdə 18 milyon manata yaxın təmir-tikinti
işi görülmüşdür. Ola bilsin, hər hansı
bir rayon üçün bu elə də böyük göstərici
olmasın. Amma uzun illər xırda, kosmetik işlərin
görüldüyü, əslində heç gözə belə
görünməyən, ümumi mənzərəsini qətiyyən
dəyişməyən ucqar dağ rayonu olan Lerik
üçün bu böyük rəqəmdir.
Rayonun Heydər Əliyev
meydanı boyu yerləşən ikimərtəbəli kommunal
binaların, N.Nərimanov küçəsindəki fərdi
yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi,
fasadların rənglənməsi, şəhərin meydan və
küçələrinin işıqlandırma sistemlərinin
bərpası, səkilərə üzlük daşların
döşənməsi, küçələrdə istinad
divarlarının milli üslubda yenidən inşası,
H.Aslanov küçəsində 1 kilometrlik yolun genişləndirilməsi
abadlaşdırmanın payına düşür. Ancaq
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin
və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni
inzibati idarə binalarının istifadəyə verilməsi,
rayon icra hakimiyyəti, baytarlıq idarəsi üçün
inzibati binaların tikintisində son tamamlama işlərinin
aparılması, daxili imkanlar hesabına Niso-Murya,
Osnağaküçə kəndlərində ahıllar
üçün istirahət evlərinin tikilməsi artıq
müasirləşmədən soraq verir.
Lerik ziyalıları
üçün xüsusi önəm daşıyan əhəmiyyətli
məsələlərdən biri 80-ci illərdən sonra
rayonda yada belə düşməyən məktəb
tikintisinin son iki-üç ildə böyük vüsət
almasıdır. Açığını deyək ki, bu məsələdə
Heydər Əliyev Fondu həmişə və hər yerdə
olduğu kimi, Lerikdə də birinci olmuş və rayon mərkəzində
hələ tikintisi 2007-ci ildə tamamlanmış ən
müasir standartlara cavab verən məktəb binasını məktəblilərin
ixtiyarına vermişdir.
Heydər Əliyev Fondunun bu
təşəbbüsü o qədər düşərli
olmuşdur ki, təkcə 2008-ci ildə rayonda müasir
standartlara cavab verən 12 məktəb binası tikilmiş və
4 məktəb əsaslı təmirdən sonra istifadəyə
verilmişdir. Lerikin sərt relyefi ilə az-çox
tanış olanlar bunun nə demək olduğunu yəqin ki, təsəvvürlərində
canlandıra bilərlər. Şübhəsiz, öz vətəndaşlarına,
ölkəsinin gələcəyi olan uşaqların təhsilinə
xüsusi önəm verən dövlət
başçısına göstərdiyi bu qayğıya
leriklilər çox qısa bir zamanda, prezident seçkilərində
cənab İlham Əliyevə hamılıqla səs verməklə
münasibətlərini, sevgilərini bildirdilər.
Lerikdə əhalinin
sağlamlığının qorunması da günün aktual
məsələlərindən birinə çevrilmişdir.
Rayonda fəaliyyət göstərən 12 xəstəxana, 17
həkim ambulatoriyası, 44 feldşer-mama məntəqəsində
62 həkim, 233 tibb işçisi 75 min əhaliyə xidmət
göstərir. Şübhəsiz, kontingentin əhalinin
sayı ilə müqayisədə azlığı müəyyən
çətinliklər yaradır. Lerik Rayon Mərkəzi Xəstəxanasına
yeni təyin olunmuş baş həkim Mübariz Ağayev
söhbət əsnasında bildirdi ki, bu sahə uzun müddət
diqqətdən kənarda qalmışdı. Yəni
ümumilikdə respublikada 2005-ci ilə qədər səhiyyənin
bərbad vəziyyəti bu rayonun səhiyyə xidmətinə
də təsirsiz ötüşməyib.
Lakin Mübariz Ağayev
keçmişi bəhanə etmək fikrindən tam
uzaqdır. Bu gün onu daha çox görülməsi zəruri
olan işlər düşündürür. Rayonun səhiyyəsinə
ilkin yardım kimi ağır xəstələrə diqqəti
daha vacib sayır. Ona görə də 427 şəkərli və
şəkərsiz xəstəyə 306 şəkər
ölçən aparat, 21,2 min manatlıq dərman
pereparatlarının verilməsini, 288 vərəmli, 161
onkoloji xəstəyə dərman pereparatlarının
çatdırılmasını ön plana çəkib.
Rayonda uşaq ölümünün səviyyəsini azaltmaq,
epidemioloji vəziyyətə nəzarət etmək, xüsusi
xəstəliklərin vaxtında müəyyənləşdirib
qarşısını almaq günün ən aktual tədbirləri
kimi qarşıya qoyulub.
Baş həkim söhbət
zamanı vurğuladı ki, başqa sahələrdə
olduğu kimi, səhiyyə sahəsində də rayon icra hakimiyyəti
geniş tədbirlər planını
reallaşdırmaqdadır. Dövlət Neft Şirkətinin vəsaiti
hesabına rayon mərkəzi xəstəxanasında həyata
keçirilən əsaslı təmir və tikinti işləri
başa çatdıqdan sonra bura ən müasir tibbi
avadanlıqlar və müayinə qurğuları ilə təmin
olunacaq. Rayonun Cərgəmiran, Bırkandül, Barzavu və Cəngənəvid
kəndlərində feldşer-mama məntəqələrinin
tikintisi, rayon uşaq və Çayrud kənd xəstəxanalarında
təmirin aparılması məhz ötən il başa
çatdırılan işlərdəndir. Hazırda isə
dövlət vəsaiti hesabına Piran və Biləband kəndlərində
tikilən həkim məntəqələrində son tamamlama
işləri gedir. Bütün bunlarla yanaşı, icra
hakimiyyətinin başçısı da, rayonun baş həkimi
də səhiyyədə hələ çox problemlərin həllini
gözlədiklərini söylədilər.
Müşahidələrimizdən
yayınmayan gerçəkliklərdən biri də tariximizi,
mədəniyyətimizin yaşını,
ulularımızın yaşam tərzini, izini göstərən
abidələrə qayğıkeş münasibətdir. Bu
günə rayonda ölkə əhəmiyyətli 42 tarixi abidə
qeydə alınmışdır. Rövşən müəllim
səmimi etiraf edir ki, imkanlar geniş olmasa da,
qayğımızı əsirgəmirik. Hazırda XIX əsrin
tarixi abidəsi olan Lüləkəran məscidində təmir
bərpa işləri aparılır. Amma XIII-XIV əsrlərə
aid olan “Qız qalası”, “Oğlan qalası”, XIV əsrə
aid “Xoca Seyid”, “Kəla”, XVI əsrə aid “Cabir” türbələrinin
ciddi təmirə ehtiyacı var və biz muvafiq təşkilatlara
bu barədə sözümüzü demişik.
Əslində möhtərəm
Prezidentimiz İlham Əliyevin dediyi kimi, Lerikin gözəl təbiəti
turizm üçün gözəl imkanlar açır. Tarixi
abidələr də bu sahənin inkişafına, mənə
elə gəlir ki, az töhfə verməz. Lerikin
axarlı-baxarlı bir guşəsində salınmış,
rayonda ilk turizm və istirahət mərkəzi olan “Təbəssüm”ün
direktoru Akif Əliyevlə bu barədə fikirlərimi
bölüşəndə, “çox yaxşı olar” — dedi.
Sonra əlavə etdi ki, son iki ildə rayon rəhbərliyi bu
sahəyə xüsusi önəm verir. İndi “Təbəssüm”
artıq tək deyil və Lerikin müxtəlif ərazilərində
fəaliyyət göstərən turizm və istirahət mərkəzləri
ona iqtisadi baxımdan rəqibdirlər. “Relax”, “Meşəbəyi”,
“Altun”, “Xəyal” və sair istirahət-turizm mərkəzləri
gündən-günə yüksək xidmətləri ilə
diqqət çəkirlər. Mənə elə gəlir ki,
bizim bu turizm-istirahət mərkəzləri özləri də
rayonun tarixi abidələrini qonaqlarına göstərməkdə
maraqlı olmalı, eyni zamanda, onların qorunması və bərpasında
yaxından iştirak etməlidirlər.
...Lerik haqqında, burada
görülən abadlıq və quruculuq işlərindən,
əhalinin sosial rifahının yaxşılaşmasından
bu yazıda çox şey yazmaq olardı, əlbəttə, əgər
qəzetçiliyin prinsipləri buna imkan versəydi.
Çünki öyrəndiyim faktlar, götürdüyüm
rəqəmlər az qala bir kitabın materialı ola bilərdi.
Amma son fakta özəl münasibətimi qeyd etməklə
yazımı tamamlamaq istəyirəm.
Mən Lerikin 60-70-ci illərini
xatırladım. O vaxt çox nadir hallarda, qarda, boranda
işıq kəsilərdi. Sonra həyat dəyişdi. Azərbaycan
müstəqilləşdi. Bu müstəqilliyin ilk illərində
yolum rayona düşəndə qaş qaralmamış kerosin
lampasını doldurub stolun üstünə qoyardıq və
heç bir neçə dəqiqə keçməmiş
işıqlar sönərdi. İşığa alışan
insanlar bu illəri çox çətin yaşadılar və
hətta min əziyyətlə, qan-qada ilə qazanılan
müstəqillik haqqında bədgüman da oldular. Bu təkcə
işıq məsələsi deyil, həm də ümid bəslədikləri
gələcək işıqlı sabah arzuları idi. ... İndi
Lerikdə daha işıqlar demək olar ki, sönmür...
İlqar RÜSTƏMOV
Xalq qəzeti.-2009.-19 fevral.-S.6.