Türk dünyasının Bəxtiyarı
Ustad şairin son günləri və son şeirləri
Hər cür bəxtiyarlığa
layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların,
dünya türklərinin bəxtiyarlığını
çox istəyirdi. Xalq şairi ömrünü şam kimi əridirdi,
Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, Necə
çıxar qaranlıqlar aydınlığa?”
çağırışına qoşulub insanları el
yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşamaq
yanmaqdır, yanasan gərək” — deyirdi. Bəxtiyar Vahabzadənin
əsas ədəbi missiyası sözün qüdrətini,
gücünü insanlara çatdırmaq idi. Yorulmadan
yazıb-yaradırdı. Türkün dilinə, tarixinə qəsd
edənlərlə açıq döyüşməkdən
çəkinmirdi. Hələ 2001-ci ilin sentyabrında
“Tanrı türkü qorusun” alqışından, duasından
təşvişə düşənlərə
üzünü tutub deyirdi:
“Tanrı türkü qorusun”
Atılan daşmı sənə?
Bizim bu
alqışımız
Söylə,
qarğışmı sənə?
Həmişə
türklüyündən fəxrlə danışan
üsyankar söz ustadı ömrünün son üç
ilini əsərlərinin sistemli şəkildə,
külliyyat halında nəşrinə
çalışıb. Bu işdə məni özünə
yardımçı seçməsi ilə həyatımın
ən şərəfli anlarını yaşadım onunla. Bu
günlərdə mən də Bəxtiyarsız qaldım...
Narahatlığını içimə çəkdim,
dürüstlüyünü, vətənsevərliyini miras
götürdüm. Bəxtiyar müəllimsiz
yazıb-yaratmaq, zamanla ayaqlaşmaq çətin olsa da,
tövsiyələri qulaqlarımda
sırğalandığından qələmimi işlətmək
üçün özümdə güc tapdım.
Hər səhər zəng edirdi, gecələr əlyazmalarının arasından tapdığı şeirinin cildlərə salınmasını istəyirdi. Ya da bildirirdi ki, “Yeni yazılarım var, gəl götür”. Deyirdim: “Bir azdan yanınızdayam”. İşlərim başımdan aşsa da, onun “Mümkünsə, saat ikidən sonra gəl, bir yerdə nahar edərik, təkbaşına adamın iştahı olmur” — təklifindən boyun qaçırmağa cəsarətim çatmırdı. Beləcə istəyirdi ki, günortalar onunla nahar edim. Əslində yaşantılarını bölüşməyə məsləkdaş arayırdı. Hər adamla qaynayıb-qarışmazdı. Xudu Məmmədovdan, Şahmar Əkbərzadədən sonra təkliyə alışmaq çətin idi. Ətrafında ürək qızdırdığı dostlar çox az idi. Professor Şirməmməd Hüseynovu, Vəkil müəllimi, İkramı da hər an yanında görmək istəyirdi.
Son zamanlar iki məsələyə
sevinmişdi. Türkiyənin Elağız şəhərində
adına küçə vermişdilər. “Hələ
unudulmamışam, — deyirdi, — ömrümü faydasız
keçirməmişəm.” “Özümüzü kəsən
qılınc” dramının
Birincini Moskvada, 1985-ci il
aprelin 15-də Zərifə xanım dünyasını dəyişən
gün yazıb əlyazmasını ulu öndər Heydər Əliyevə
vermişdi. Həmin hüznlü vaxtlarda millət
atasının dost, ağsaqqal təsəllisinə ehtiyac
duyduğu anlarda Bəxtiyar Vahabzadə də
sarsılmış halda onun yanında dayanmış,
duyğularını “Mərsiyə — rekviyem” adlı əsərdə
misralara çevirmişdi:
“Gəlmişəm!” — səsləndi
ölüm bir anda,
Gözəl bir insana necə
qıydı o?
Sən bir ağrıya bax!
Böyük bir xalqa
Arxa olan kəsin
arxasıydı o.
“Mərsiyə—rekviyem”
şeirini tapıb külliyatının 9-cu cildinə
saldığımı bildirəndə sevinmişdi. İkinci
şeiri isə Süleyman Dəmirəlin özündən
alacağıma söz vermişəm.
İstəməyənlər,
türk dünyasındakı şöhrətinə
paxıllıqla yanaşanlar B.Vahabzadəni hörmətdən
salmaq üçün dəridən-qabıqdan
çıxır, qəzetlərdə böhtanlı
yazılar dərc etdirir, qərəzli şayiələr yayırdılar.
Təəssüflənirdi. Belələrinə baş
qoşmasa da, rastlaşdığı pisliklər içərisini
didib-parçalayırdı. Özü hamının
uğurunu böyük fərəhlə
qarşılayırdı. Tərifdən xoşu gəlmirdi.
Tez-tez ötənləri
xatırlayırdı. Mehdi Hüseyndən danışanda isə
kövrəlirdi.
Heç nədə
gözü yox idi.Yeganə istəyi əsərlərini
külliyyat halına salıb çap etdirmək idi. Bu,
böyük vəsait tələb edirdi. O zamanlar gözəl
ziyalımız Cavanşir Feyziyevlə birlikdə “Qafqaz”
jurnalını nəşr edirdik. Bəxtiyar Vahabzadə dərgimizin
redaksiya şurasının sədri idi. Hər
buraxılışı diqqətlə izləyir və xeyirxah
iş gördüyümüzü alqışlayırdı,
redaksiyaya məktub da yazmışdı: “Mən ”Qafqaz"
jurnalını oxuyanda qürurlanıram. İtirilən,
unudulan keçmişimizə ayna tutulduğunu görürəm..."
Cavanşir müəllim istəyirdi
ki, Şəkidə Bəxtiyar müəllimin abidəsini
qoydursun. “Şairlə danış,
razılığını al” —dedi. Lakin Bəxtiyar müəllim
bildirdi ki, mənim heykəlim əsərlərimdir, onları
insanlar oxuyub faydalanırlarsa, xoşbəxtəm. Axı, quru
daş parçası onlara nə verəcək? Bilirdim ki,
şair indiyədək çap olunan kitablarındakı
nöqsanlardan narahatdır. Sağlığında
külliyatının yetkin halda nəşrini
arzulayır.Cavanşir müəllimə şairin heykəlinin
qoyulması ilə razılaşmadığını dedim. O:
“Əsərlərini nəşr edək” - qərarını
verdi.
B.Vahabzadə əsərlərinin
çapı üçün heç kimin
yardımını qəbul etmirdi. Uzun söhbətlərdən
sonra onu yumşaltdım.
Cavanşir müəllimlə
görüşə razılıq verdi. Onunla bir saatlıq
söhbətdən sonra səmimiyyətinə inandı və
külliyatının nəşrinə başladıq.
Sonsuz həyat eşqi onun
yaratdıqlarından süzülüb gəlirdi. Əsərlərinin
hər birini nəzərdən keçirir, bəzi
misralarının yanında xətlər çəkirdi.
Soruşurdum: “Onları çıxardımmı?” “Yox, —
deyirdi, — şeirlərimi oxudum, inana bilmədim ki, bunları mən
yazmışam. İlahidən gəlib o misralar.” Bəxtiyar
Vahabzadə əsərlərinə qarşı çox tələbkar
idi. Bəzilərinin külliyatına salınmasını istəmirdi.
“Onlardan tər iyi gəlir, istedaddan yaranmayıb”, — deyirdi. Əvvəllər
böyük rəğbət bəsləyərək şeir
həsr etdiyi insanların ikiüzlülüyünü
görüb ithafı götürməyi xahiş edirdi. Yeni
cildlərini əlinə alanda uşaq kimi sevinirdi. İki il ərzində
onu 8 dəfə sevindirə bildim. Dözmədi. Qalan 4 cildin
bütün materiallarını mənə təhvil verib haqqa
qovuşdu...
Yanvarın 27-də Türkiyə
Cümhuriyyətinin Bakı Böyük Elçisi Hülusi
Kılınc və “Qafqaz Plyus” jurnalının Türkiyə
təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin
qonağı olduq. Orada şairin son şəkillərini
çəkdim. Əhval-ruhiyyəsi normal idi. Dostumuz
İkramın oxuduğu şeirlərə kövrəlsə
də, ürəyi həyat eşqi ilə
döyünürdü, İstanbulu, Ankaranı bir də
görmək, türk xalqı ilə görüşmək
arzusundaydı. Hülusi Kılınc şairin
külliyyatının tezliklə Türkiyədə də
basılacağını vəd etdi.
Fevralın 11-də “Qafqaz”
universitetinin rektoru, professor Əhməd Saniç və xarici əlaqələr
üzrə prorektor Murad Ərgüvən “Qafqaz” jurnalı
redaksiyasında qonaq oldular. B.Vahabzadənin
külliyyatının çapdan çıxan 8 cildini onlara hədiyyə
etdim. Yaxın günlərdə şairə baş çəkəcəklərini
bildirdilər. Sonra Bəxtiyar müəllim zəng edib məni
yanına çağırdı. Günorta üstü onun
iş otağında görüşdük. Son qeydlərini mənə
verdi, istəklərini bildirdi. Növbəti cildlərdəki əsərlərin
tərtibi ilə maraqlandı. Bütün məsələləri
müzakirə edib razılaşdıq. Gözləmədiyim
halda:
— Hər şey bitdi. — dedi. —
Sənə öz atama arxayın olduğum qədər
arxayınam. İşi başa çatdıracaqsan. Daha
gücüm qalmayıb. Gedirəm. — Kövrəldiyimi
görüb sözünü dəyişdi, — Sən yayda
Şəkiyə gələcəksən? Dedim: — Bəli.
— Məni Gavur qalasına
apararsan... Fevralın 13-də saat 16.30-da məni Türkiyə
Cumhuriyyətinin Bakı böyük elçiliyinə
çağırdılar, mədəniyyət və turizim
nazirinin şəxsi məktubunu Bəxtiyar Vahabzadəyə
verməyimi xahiş etdilər. Lakin bu məktubu
ünvanına çatdıra bilmədim.
İki saatdan sonra şair
“Qafqaz” universitetinin rektoru ilə görüşür, 5-10 dəqiqəlik
çay süfrəsindən sonra qonaqları
ötürüb iş otağına keçir... Saat 18.24 dəqiqədə
telefonumun zəngi çalınır. Ekranda “Bəxtiyar
Vahabzadə” sözlərini oxuyuram. Lakin ilk dəfə onunla
danışmağa imkan tapmıram. Xətt kəsilir. Demə,
bu an şair İlahinin çağırışını
eşidir. Həyat yoldaşı Dilarə xanıma: “Mən
gedirəm” — deyib əbədiyyətə qovuşur... Bir
neçə dəqiqədən sonra mobil telefonum təkrar səslənir.
Ekranda son dəfə “Bəxtiyar Vahabzadə” sözlərini
oxuyuram və həmişəki kimi Tengiz xanımın səsini
eşidirəm. Ancaq bu dəfə “Ramazan müəllim, Bəxtiyar
müəllim sizinlə danışmaq istəyir” əvəzinə
ağlamsınaraq “Bəxtiyar müəllim
dünyasını dəyişdi” — deyir...
Xudu müəllimdən sonra
Bəxtiyar müəllimin dostu olmaq, ömrün ön beş
ildən çoxunu onunla qəlbən birləşmək
xoşbəxtlik idi. O mənim mənəvi atama
çevrilmişdi.
Bəxtiyar Vahabzadə həm
də insaniyyətin atası idi.
Şair 2005-ci ilin
avqust—sentyabr aylarında “Ölümlə üz-üzə”
şeirini qələmə almışdı. Bu hələ
onda onun həyatla vidalaşmağa
hazırlaşdığından xəbər verirdi. Lakin
gücünü itirdikcə deyirdi ki:
İstək çox, arzu
çox, ürək gen, vaxt dar.
Hələ gileyliyəm
özüm özümdən.
İnsandan ağırdır
onun istəyi,
Həmişə
təşnədir insan ürəyi.
Külliyyatının nəşri
məsələsi ortaya çıxanda Bəxtiyar müəllim
yenidən qələmini əlinə aldı və iki ildən
artıq yaşamağa özündə güc tapdı, yazıb-yaratdı
da... Şairin ölümündən bir neçə gün
qabaq dediyinə görə, son şeiri “Çətin
addım”dır. 2008-ci ilin aprel ayında qələmə
alınıb (Əslində sonrakı 10 ay ərzində də
bir neçə kiçik şeir yazıb). Ömrü
boyu Vətən sevgisi ilə ürəyi döyünən Bəxtiyar
Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son
misraları ilə yaradıcılığına nöqtə
qoyub. Bu müdrik insana ahıl yaşında da
üzüntülər çəkdirən sevgili kimdir? Bu
sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə
qovuşmaq üçün Vətənindən ayrılarkən
haqqa əyilər, bir gilə istəyinin ürəyində
qalmaması ilə barışardı. Və anlayırdı
yaxınlarda bu çətin addımı atmaq məcburiyyətindədir:
Qəlbimi gəmirən tərəddüdləri
Sənə birər-birər açandan bəri
Hər gün öz-özümü danlayıram mən.
Amma çox şadam ki,
qurtara bildim,
Nəhayət, çəkdiyim
üzüntülərdən...
Gerçəyə əyildim,
haqqa əyildim.
Bir yolluq qurtarsın o
şirin nağıl.
Yaşasın hissimin
od-alovunu
Söndürən
ağıl!
Qəribədir, 2008-ci ilin 20
iyulunda Bəxtiyar Vahabzadə yenə naməlum sevgilini
xatırlayır, onun özü ilə vuruşduğunu, tərəddüdlərinin
arxada qaldığını, qəlbinin ağlı, kamalı
ilə barışdığını və sabahını
şairdən soruşduğunu bildirir. Bu, ancaq onun xalqı ola
bilərdi. Şair ömrünün son aylarında qələmə
aldığı “Tapınmaq” (avqust, 2008) şeirində
“gülüm” deyə müraciət etdiyi həmin sevgilisinin
ruhani kamilliyinə tapındığını etiraf edir.
“Demə, könlümdəymiş”
(avqust, 2008) şeirində doğruya çatıb Allahdan əfv
diləyir, könül həmdəminin yerini arayır:
Budaqdan budağa qonub mən
yazıq
Bir həmdəm axtardım
özümə, yarəb.
Gecikmiş olsam da, mən
indi artıq
Çatmışam
doğruma, düzümə, yarəb.
İndi Allahımdan əfv
dilərəm,
Qibləmi sözlərə
çevirir qələm.
Arzuma, eşqimə Allahdan kərəm!
Demə könlümdəymiş
könül həmdəmim.
O, həm sevincimdir, həm də
dərd-qəmim...
Şəkidə qələmə
aldığı dörd misralıq şeirindən (iyul, 2008)
hiss olunur ki, o, olaylardan baş çıxarmağa can
atır, ağlının qüdrətilə dolaşıq məsələləri
çözə bilməyəndə fəhminə, hissinə
arxalanır. Çünki xalqın iki əkiz qardaş kimi təqdim
etdiyi Xeyir də, Şər də haqdan gəlir. Bu, mübariz
insanın zaman qarşısında təslimçiliyi deyil,
taleyin hökmü ilə barışmasıdır:
Taleyin hökmüdür
Xeyir də, Şər də,
Onu da, bunu da haqdan
sanmışam.
Ağlımın qüdrəti
çatmayan yerdə
Fəhmimə, hissimə
arxalanmışam.
“Əyribel suallar”ına (21
iyul, 2008) cavab axtaran B.Vahabzadə yenə İlahidən
güc alıb gözə görünməzləri
görür:
İçimdə baş
qaldıran
Əyribel suallarım
Bir-bir dönür nidaya,
Şükür olsun Xudaya.
İçimdə
çarpazlaşan
Toqquşmalardan bəri
Fəhmimin gözlərilə
Anlayıram, görürəm
Gözə görünməzləri.
Ruhun şad olsun, ustad!
Ramazan QAFARLI,
Bəxtiyar Vahabzadənin
12 cildlik külliyyatının
tərtibçisi və
redaktoru
Xalq qəzeti.-2009.-19 fevral.-S.7.