Ətraf mühitin mühafizəsi istiqamətində
növbəti monitorinq keçirilmişdir
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər
Şöbəsinin nəzarət etdiyi inzibati ərazilərdə
(Göyçay, Ucar, Zərdab, Kürdəmir) 2009-cu ilin yanvar
ayı ərzində ətraf mühitin mühafizəsi istiqamətində
həyata keçirilən reyd və yoxlamalar zamanı ekoloji
qanunvericiliyin pozulması halları aşkara
çıxarılıb. Şöbə əməkdaşları
ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə
müvafiq reyd və yoxlamalar keçirərək 29 akt və
protokol tərtib etmişlər.
Belə ki, su
ehtiyatlarının mühafizəsi sahəsində qanunu pozan
21 fiziki şəxs inzibati qaydada 12600 manat məbləğində
cərimə olunub.
Yaşıllıqları mühafizə məqsədilə xidməti ərazidə aparılan reyd və yoxlamalar zamanı ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktlarına görə 2 fiziki şəxs 1200 manat məbləğində cərimə olunub, 2 fiziki şəxs barəsində isə 156 manat məbləğində iddia tələbi qaldırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, istehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun pozulması ilə əlaqədar bərk tullantıları qalaqlandıraraq yandırdıqlarına görə 2 fiziki şəxs 1000 manat məbləğində cərimə olunub.
Ov qaydalarını pozmuş 2 fiziki şəxs barəsində müvafiq qaydada sənədlər tərtib edilərək, qanun pozucuları inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2009.-19 fevral.-S.8.