Abşeron: 2008-ci ilə uğurla yekun vuruldu

 

Abşeron rayonunda 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları fevralın 18-də ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsini ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər, əziz xatirəsini ehtiramla yad etdilər. Sonra rayon mədəniyyət evində hesabat yığıncağı işinə başladı. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov 2008-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan bəhs etdi. 2008-ci ilin Abşeron rayonu üçün də uğurlu olduğunu bildirdi:

— Son beş ildə rayonumuzda yaşayış məntəqələrinin abadlaşdırılması, enerji daşıyıcıları, içməli su ilə təminat, təhsil, səhiyyə və mədəni-maarif ocaqları şəbəkəsinin genişləndirilməsi, azad sahibkarlığın inkişafı və digər sahələrdə mühüm tədbirlər həyata keçirilmişdir.

Əsasən 2005-ci ildən sonra ümumtəhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Belə ki, məktəblərimizə 8055 ədəd şagird partası, 991 ədəd müəllim stolu, 1140 ədəd müəllim stulu, 818 ədəd yazı lövhəsi, 277 ədəd kompyuter ayrılmışdır. Həmin illərdə rayon ərazisində müasir tələblərə uyğun 11 orta məktəb binası, 1580 şagird-yerlik 79 əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Mövcud məktəblərin hamısı əsaslı təmir olunmuş, ən ciddi problem olan istilik sistemlərinin bərpası təmin edilmişdir. Bu illər ərzində yaşayış məntəqələrində ən müasir layihələr əsasında dörd məktəbəqədər uşaq müəssisəsi inşa olunmuş, 13 bağça isə əsaslı təmir edilmişdir.

Doqquz yeni səhiyyə ocağı tikilərək istismara verilmiş, üst-üstə 175 çarpayılıq Qobu, Saray və rayon mərkəzi xəstəxanaları əsaslı surətdə yenidən qurulmuş, müasir tibb avadanlıqları və nəqliyyat vasitələri ilə təmin olunmuşdur. Rayon mədəniyyət evinin geniş ərazisi abadlaşdırılmış, binası əsaslı qaydada təmir edilmiş, daxilində yenidənqurma işləri görülmüş və yeni avadanlıqlarla təmin olunmuşdur.

Bu dövr ərzində sahəsi 9,6 hektar olan, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı yaradılmış, burada Heydər Əliyevin əzəmətli abidə - kompleksi, eksponatlarla zəngin Heydər Əliyev Muzeyi ucaldılmışdır. Parkın ərazisində yerləşən, 80-ci illərdə inşa olunmuş rayon Tarix-diyarşünaslıq muzeyi də əsaslı qaydada yenidən qurulmuş və parka yaraşıq verən bir obyektə çevrilmişdir.

Həmyerlilərimiz, əfsanəvi partizan Mehdi Hüseynzadənin Novxanı kəndində, şair-qəzəlxan Əliağa Vahidin isə Masazır kəndində abidələri ucaldılmış, ətraflarında göz oxşayan xiyabanlar yaradılmışdır.

Azad sahibkarlığın inkişafına yaradılmış geniş imkanlar rayon ərazisində nəhəng istehsalat, eləcə də ticarət, iaşə və məişət xidməti obyektlərinin tikilib işə salınmasına, tikinti, sənaye, nəqliyyat müəssisələrinin fəaliyyətinin bərpasına, həm də yeni iş yerlərinin yaradılmasına imkan vermişdir.

Kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq məqsədilə rayonda fəaliyyət göstərən fermerlərə və kəndli təsərrüfatlarına son beş ildə üst-üstə 8,3 milyon manat kredit ayrılmış, əkin sahələrində işlətdikləri yanacaq və motor yağlarına görə isə sahibkarlara son iki ildə 77 min 406 manat dövlət yardımı göstərilmişdir.

Azərbaycan və Misir Ərəb Respublikası arasında prezidentlər səviyyəsində imzalanmış memorandumda Abşeron – Qalubiyyə əlaqələrinin təsbit olunmasından keçən qısa müddət ərzində tərəflərin qarşılıqlı dostluq səfərləri baş tutmuş, hər iki tərəfin arzusu ilə Qalubiyyə şəhərində ulu öndər Heydər Əliyevin, Xırdalanda isə MƏR-in Prezidenti Hüsnü Mübarəkin abidələri ucaldılmış və onların adını daşıyan Dostluq Parkları salınmışdır. Əlaqələrimiz çərçivəsində Misirin birinci xanımı Suzan Mübarək şəhərimizdə onun adını daşıyan 9 saylı orta məktəbdə olmuş, Heydər Əliyevin və Hüsnü Mübarəkin abidələrini ziyarət etmişdir.

Xırdalan şəhər bələdiyyəsi ilə qardaş Türkiyənin Bursa vilayətinin Yıldırım bələdiyyəsi arasında dostluq əlaqələri də inkişaf etmiş və möhkəmlənmişdir. “Nizami Gəncəvidən Yunis İmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu” mövzusunda beynəlxalq simpoziumun məhz Abşeronda keçirilməsi də rayonumuzun beynəlxalq əlaqələrdə önəmli yer tutduğunu təsdiq edir.

Respublikanın müxtəlif bölgələrində, o cümlədən rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir. Biz, qaçqın və köçkün soydaşlarımıza münasibətdə son beş ildə cənab Prezident tərəfindən imzalanmış 19 fərman və sərəncamın, xüsusi Dövlət Proqramının və bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarının, Milli Məclisin qəbul etdiyi qanunların icrasını təmin etməyə daim səy göstəririk. İlham Əliyev cənablarının son beş ildə 11 dəfə məcburi köçkünlərlə şəxsən görüşməsi, onun tapşırığı ilə 2007-ci ildə respublikada sonuncu çadır şəhərciyinin ləğv edilməsi bizim üçün örnək olmuşdur.

Son beş il ərzində Azərbaycanda demokratiyanın inkişafı, siyasi islahatların aparılması üçün önəmli addımlar atılmış, seçki mədəniyyəti təkmilləşmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 2008-ci ilin 15 oktyabr seçkilərində son beş ildə Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədəki inkişaf və tərəqqiyə Azərbaycan xalqının obyektiv qiymət verdiyini və düzgün seçimini bir daha təsdiqləmişdir. Bütövlükdə, xalqın, o cümlədən abşeronlu seçicilərin böyük əksəriyyəti cənab İlham Əliyevin namizədliyini birmənalı dəstəkləmişlər. Bu seçkiləri bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər yüksək qiymətləndirmişlər.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin hər yerində olduğu kimi, rayonumuzun inkişafında da həlledici rol oynamışdır. Dövlət Proqramının 2009-2013-cü illər üçün davamının hazırlanması məqsədilə respublika İqtisadi İnkişaf Nazirliyinə təqdim etdiyimiz təkliflər paketində bütövlükdə rayonumuzun, şəhər, qəsəbə və kəndlərimizin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək təkliflər irəli sürülmüşdür.

Yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə şəhər, qəsəbə və kənddaxili, həmçinin qəsəbə və kəndlərarası yollara, məhəllədaxili küçələrə və piyada yollarına 304,8 min kv.metr asfalt örtük çəkilmiş, 78,6 min kub.metr çınqıl tökülərək 920 min kv.metr sahəyə yayılmış, yaşayış məntəqələrində nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti əsasən təmin olunmuşdur. Bu işlər Xırdalan şəhərində, Qobu, Masazır, Hökməli və Fatmayı yaşayış məntəqələrində daha yaxşı təşkil olunmuşdur.

Əhalinin sabit elektrik enerjisi təminatı ilə bağlı rayonun yaşayış məntəqələrində 3476 ədəd dayaq dəyişdirilmiş, 25,3 km uzunluqda hava verilişi xətləri çəkilmiş, 56 ədəd müxtəlif gücə malik yeni transformator quraşdırılmış, 25 ədəd yanmış və az məhsuldar transformator isə bərpa edilmiş və ya daha məhsuldarları ilə əvəz olunmuşdur. Bu zaman 6,8 km uzunluqda kabeldən istifadə edilmişdir.

Əhalinin təbii qazla təminatında uzun illər davam edən gərginliyin aradan qaldırılması məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xüsusi göstərişi ilə rayonumuzun bütün ərazisində mövcud qaz şəbəkəsinin yenidən qurulması və yeni daşıyıcı kəmərlərin inşası məqsədilə 18,0 milyon manat vəsait ayrılmışdır.

Əsasən yerli bələdiyyələrin, xeyriyyəçi iş adamlarının və əhalinin maliyyə dəstəyi ilə içməli su təminatının yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. İl ərzində yaşayış məntəqələrinin daxili su şəbəkəsində 8,2 km uzunluqda yeni su xətləri çəkilmiş, korroziyaya uğramış 2,3 km xətt isə dəyişdirilmişdir. Ötən il üç yeni nasosxana inşa olunmuş, beş komplekt nasos və mühərrik işə salınmışdır.

2008-ci ildə Qobu qəsəbəsində 220 şagird-yerlik orta məktəb, Novxanı kəndində dörd qrupluq, Aşağı Güzdək qəsəbəsində iki qrupluq, Qobu qəsəbəsində dörd qrupluq uşaq bağçaları tikilib istifadəyə verilmişdir. Xırdalan şəhərindəki və Novxanı kəndindəki 1 saylı, Aşağı Güzdək qəsəbəsindəki orta məktəblər əsaslı təmir olunmuşdur.

Ümumtəhsil məktəblərinin maddi-texniki təchizatı yaxşılaşdırılmış,şagird və müəllim kollektivlərinin daha səmərəli fəaliyyətinə əlverişli şərait yaradılmışdır. 2007-ci illə müqayisədə 2008-ci ildə ali məktəblərə qəbul olunan məzunların sayı 31 nəfər artaraq 316-ya, 600-dən yuxarı bal toplayanların sayı isə 7 nəfərdən 18 nəfərə çatmışdır. Əlbəttə, ilk baxışdan bunlar pis göstərici deyildir. Lakin təhsilə qayğının indiki səviyyəsində bunlar bizi qane etmir. 2009-cu ildə test imtahanlarında iştirak edəcək məzunlarımızın ən azı 50 faizinin tələbələr sırasına daxil olmaları uğrunda hər bir məktəb kollektivi ciddi iş aparmalıdır.

Səhiyyə və digər sosial obyektlərin bərpası və yenilərinin tikilib istifadəyə verilməsi baxımından 2008-ci ili daha uğurlu hesab etmək olar. Xırdalan şəhərində uzun illər baxımsızlıq nəticəsində yararsız vəziyyətə düşmüş uşaq infeksion xəstəxanasının əsaslı təmiri və yenidən qurulması başa çatdırılmış, profili dəyişilərək 80 çarpayılıq rayon mərkəzi xəstəxanası kimi istifadəyə verilmişdir. Hökməli və Mehdiabad qəsəbələrinin hər birində ikimərtəbəli, Aşağı Güzdək və Güzdək qəsəbələrində isə birmərtəbəli həkim ambulatoriyaları, Ceyranbatan və Qobustan yaşayış məntəqələrində isə feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmışdır. Digah qəsəbə həkim ambulatoriyası əsaslı təmir edilmişdir.

Ötən il Xırdalan şəhərində rayon statistika idarəsi, ƏSMM-nin rayon şöbəsi, 45 saylı Abşeron Seçki Dairəsinin Dairə Seçki Komissiyası və MTN-nin rayon şöbəsi üçün inzibati binalar tikilib istifadəyə verilmişdir.

2008-ci ildə tikintisinə başlanılmış Ceyranbatan və Qobu qəsəbə mədəniyyət evlərinin, Görədil kəndində feldşer-mama məntəqəsinin, Xırdalan şəhərində Şəhid ailələri və Qarabağ əlilləri üçün tikilən doqquzmərtəbli, 81 mənzilli yaşayış binasının,Masazır kəndində 220 şagird-yerlik orta məktəbin,Qobu qəsəbəsində daha bir dörd qrupluq uşaq bağçasının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rayon idarəsinin binalarının 2009-cu ildə istifadəyə veriləcəyi gözlənilir.

Cari ildə tikintisi tamamlanıb istifadəyə veriləcək obyektlər içərisində ən önəmlisi respublika Prezidenti İlham Əliyev cənablarının xeyir-duası ilə inşa olunan RİH-nin inzibati binasıdır. Üç mərtəbədən ibarət olan bu əzəmətli bina şəhərimizin görkəminə xüsusi gözəllik verəcəkdir.

Kənd təsərrüfatı məhsulları emalı sahəsində də irəliləyişə nail olunmuşdur. Əvvəlki illə müqayisədə süd və ət məhsullarının,eləcə də respublikada yalnız rayonumuzda becərilən zeytun məhsulunun emalı sayəsində alınan ərzağın çeşidi və həcmi xeyli artmışdır. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının nümunəsində Xırdalan şəhərində də vaxtaşırı yarmarkalar təşkil olunmuş, burada yerli sahibkarların istehsal etdikləri kənd təsərrüfatı məhsulları bazar qiymətlərindən 25-30 faiz aşağı tariflərlə satılmışdır. 2008-ci ildə də rayonda kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmışdır. İl ərzində 4200 tona yaxın ət, 30,1 min ton süd, 90,8 milyon ədəd yumurta, 2614 sentner yun istehsal olunmuşdur. Mal-qaranın və quşların baş sayı, meyvə, tərəvəz və bostan məhsullarının istehsalı da xeyli yüksəlmişdir. İl ərzində daha 2359 yeni iş yeri açılmaqla, bütövlükdə Dövlət Proqramının əhatə etdiyi illərdə açılmış yeni iş yerinin sayı 7682-yə çatdırılmışdır. Tikinti-quruculuq işlərinin sürətli davamı yaxın gələcəkdə çoxsaylı yeni iş yerlərinin də yaranmasına öz müsbət təsirini göstərəcəkdir.

Şəhər, qəsəbə və kəndlərimizdə aparılan abadlıq-quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrimiz fəal iştirak etmişlər. Əslində respublikada təqdir olunan “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü baxımından yanaşdıqda yerli bələdiyyələrimiz bir neçə layihəni həyata keçirməklə, mövcud imkanlardan yüksək səmərə ilə istifadə etmişlər. Ümumiyyətlə, bələdiyyələrin istər ötən il, istərsə də 2004-2008-ci illərdə həyata keçirdikləri quruculuq işlərini təqdirəlayiq hesab etmək olar.

Abşeronu ölkənin ən inkişaf etmiş rayonuna çevirəcəyimizə inandığını bildirən dövlətimizin başçısı İlham Əliyev cənablarının etimadını doğrultmaq üçün ikiqat səylə çalışmalıyıq. Möhtərəm Prezidentimiz İlham Əliyevi əmin edirəm ki, uğurla başladığımız quruculuq işlərinin miqyasını daha da genişləndirəcək, 2009-cu ili də yüksək nailiyyətlərlə başa vuracağıq.

Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi İlham Əliyev iştirak edirdi.

Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2009.-20 fevral.-S.7.