Zaman amili, elitarizm, varislik və innovasiyalılıq

 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda keçirilən “dəyirmi masa” Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsərində qaldırılmış problemlərin, müasir dövrümüzdə elmi elitanın qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur

İlham MƏMMƏDZADƏ, institutun direktoru, fəlsəfə elmləri doktoru:

— Biz müasir Azərbaycan fəlsəfəsinin görkəmli nümayəndəsi, akademik Ramiz Mehdiyevin “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsərini, ilk növbədə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üçün sosial sifariş kimi qəbul edirik. Bunun üçün kollektiv öz işini yenidən qurmalıdır ki, bu sifarişi keyfiyyətli surətdə yerinə yetirə bilsin. Məsələn, ölkə üçün ən vacib, əhəmiyyətli elmi mövzu və istiqamətləri tədqiq etmək, istedadlı, yaradıcı gənc alimlərin təşəkkülünə fəal surətdə yardımçı olmaq, bilavasitə cəmiyyət, təhsil, mədəniyyət və s. problemləri ilə məşğul olan sosial institut və nazirliklərlə əlaqələr yaratmaq lazımdır. Ən mühüm mövzular arasında milli ideologiyanın strukturunun tədqiqini, Azərbaycanda milli elitalar və orta sinif nəzəriyyələrinin işlənməsini göstərmək olar.

Milli azərbaycançılıq ideologiyası problemləri ölkədə milli elitaların, o cümlədən, intellektual elitanın təşəkkülü məsələləri ilə sıx bağlıdır. Etiraf etmək lazımdır ki, burada fəlsəfə çox şeyi tədqiq etməlidir. Çox vaxt keçmiş dövrlərin alimlərinin elitalar barəsindəki ayrı-ayrı fikirlərinə yenidən başqa cür məna verildiyi bəzi, tək-tək təsadüf edilən işlərdə təcrübədə istifadə oluna biləcək elmi cəhətdən lazımınca maraqlı heç nə yoxdur. Əlbəttə, bu gün cəmiyyəti fəlsəfədən başqa sosiologiya da, siyasi elmlər... fənlər də öyrənir. Lakin onlar heç də həmişə bu işə qadir olmur.

Onu da etiraf etmək lazımdır ki, sosioloji tədqiqatlar aparmaq üçün bu elmlər əlavə maliyyələşdirmə tələb edir. Konkret sosioloji tədqiqatlar təcrübəsi yaradılarkən onlar həm sosiologiya, siyasi sosiologiya, həm də fəlsəfədə istifadə oluna biləcək lazımi konkret material verə bilərlər. Burada qeyd etmək vacibdir ki, bu tədqiqatlar konkret informasiya verir, lakin təcrübədən alınan məlumatları təhlil etmək üçün bu işə fəlsəfə cəlb edilməlidir.

Sosial fəlsəfə və bütövlükdə fəlsəfə ictimai elmlər arasında əlaqələndirici kimi, ölkədə milli azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan müasirləşmə ideologiyasının inkişafına kömək edə bilər.

İnstitusional fəlsəfə də Azərbaycanın modernləşməsi fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının işlənib hazırlanması işinə öz töhfəsini verə bilər və verməlidir. Bunlar müasir Azərbaycan fəlsəfəsinin zəruri tərkib hissələridir. O, kütləvi şüur, elitalar, xalq, fərd, cəmiyyətin sosial strukturu və s. məfhumların tədqiqi, müasirləşmə şəraitində lazımi davranış nümunələrinin təbliği, yayılması və digər məsələlərlə məşğul olmalıdır.

Nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın şüuru bəzi qonşu ölkələr tərəfindən hədəf seçilmiş və bu fakt bizim ictimaiyyətimizi narahat etməyə bilməz. Qloballaşma şəraitində informasiya kanalları açıqdır, bu, müasir dövrün, demokratiyanın tələbidir. Lakin, bununla belə, bizə yad olan təsirlərə qarşı rəqiblərə təsirli ideoloji müqavimət göstərmək lazımdır.

Təklif edirəm ki, yaxın zamanlarda institutumuzun kollektivi tərəfindən milli ideologiyanın bəzi mühüm problemlərinin işlənməsinə dair, hələlik şərti olaraq, “Azərbaycanın sosiomədəni müasirləşdirilməsi kursu və milli ideologiya” mövzusunda iki layihə hazırlansın. Layihənin birini gənc alimlər, digərini isə təcrübəli filosof, sosioloq, hüquqşünas və politoloqlar hazırlaya bilər. Əlbəttə, milli ideologiyanın mətbuat səhifələrində, televiziya kanallarında yayılması məsələləri ilə də fəal surətdə məşğul olmaq və bu mövzuda konfranslar keçirmək vacibdir.

İmkandan istifadə edərək elitalar barəsində də bir neçə söz demək istəyirəm. Milli ideologiya problemləri milli elita problemlərilə sıx bağlıdır, ideologiyanın keyfiyyəti, onun yaşamağa qabilliyi, davamlılığı elitanın nə dərəcədə peşəkar, vətənpərvər və dövləti təfəkkürə malik olmasından asılıdır. Bu kontekstdə akademik Ramiz Mehdiyevin elitaların xaricdən (kənardan) formalaşdırıla bilməsi və indiki elitanın ilk dəfə olaraq “...öz varlığını milli xüsusiyyətlərin xarakterinə uyğun olaraq təşkil etməsi” haqqında fikri xüsusi əhəmiyyət kəsb edir. İkincisi, transformasiyanın indiki mərhələsində yalnız elitanın keyfiyyəti dövlətin inkişafını və ölkənin demokratikləşməsini təmin edir. Demək olar ki, bu tezis ölkənin alimləri, ictimaiyyəti üçün demokratiyanın dərk olunmasında irəliyə doğru sıçrayışdır. Üçüncüsü, ölkəmiz, müəllifin yazdığı kimi, “Azərbaycan cəmiyyətinin total transformasiyası” şəraitindədir, buna görə də sabitliyi qoruyub saxlayaraq, dəyişikliklərdə diqqətli olmaq lazımdır. Bu, cəmiyyət və dövlətin mərhələli müasirləşməsi və transformasiyasının əsas şərtidir. Onsuz əsaslı transformasiya mümkün deyil, lakin bunu elitaların təfəkkürünün innovasiyalılığı ilə birləşdirmək lazımdır. Dördüncüsü, cəmiyyətin köklü islahatları idarəetmə məsələləri, iqtisadiyyat, demokratiya və dəyərlər arasında əlaqələrlə bağlıdır.

Təbii ki, haqqında söhbət gedən əsərdə elitaların inkişafı mövzusunun əsas tərəfləri, onun demokratiyanın inkişafının Azərbaycan konteksti və mərhələsi üçün əhəmiyyəti, transformasiya və modernləşmə ideologiyasının inkişafında əks olunmasının zəruriliyi məsələlərinə toxunulub. Biz isə yalnız dəqiqləşdirmək istəyirik ki, milli ideologiya professional etika, ölkənin elitasının, o cümlədən elmi elitasının məsuliyyəti məsələlərinə xüsusi diqqət yetirilməsini nəzərdə tutur.

İsaxan VƏLİYEV, şöbə müdiri, hüquq elmləri doktoru:

— Bu gün müzakirəsini keçirdiyimiz “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsəri, əslində, ölkəmizin dinamik inkişafının perspektivləri, gələcəkdə bu tərəqqini davam etdirəcək zümrənin —yeni “milli elita”nın yetişdirilməsi və formalaşdırılması, dövlətin idarə edilməsinin səmərəli üsulları, kadr hazırlığı və seçimi, azərbaycançılıq məfkurəsinin düzgün yozumu və sair məsələlərin həlli yolları haqqında proqram xarakterli bir manifestdir. Zəngin siyasi və elmi-nəzəri təcrübəyə sahib görkəmli filosofun — akademik Ramiz Mehdiyevin qələminin məhsulu olan bu fundamental əsərdə ölkə ziyalılarının, elmi elitanın, xüsusən filosofların, hüquqşünasların, tarixçilərin və iqtisadçıların qarşısında konkret və həlli vacib vəzifələr qoyulmuşdur.

Müəllif qeyd edir ki, ölkənin gələcək inkişafı elitaya münasibətdə həm peşəkarlıq, kreativlik baxımından, həm də siyasi məsuliyyətin artması mövqeyindən daha yüksək tələblər irəli sürür... Bu gün müasir elitanın keyfiyyəti ilə bağlı əsas tələblər yüksək təhsil səviyyəsi, peşəkarlıq, məsuliyyət, qəbul edilən qərarların nəticəsini irəlicədən görmək qabiliyyəti, proqnozlaşdırma bacarığıdır. İqtisadi yüksəlişin keyfiyyəti və sürəti, dövlətin gücü və səmərəliliyi ümumən elitanın keyfiyyətindən və kadrların potensialından asılıdır. Prezident İlham Əliyevin fikrincə, intellektual və gənc kadrları iqtisadiyyata, dövlət idarəçiliyinə və sosial sahəyə cəlb etmədən ölkənin dinamik inkişafını təsəvvür etmək mümkün deyildir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi üçün Prezidentin qarşıya qoyduğu vəzifə bu tezisin əməli şəkildə reallaşdırılmasıdır.

Müəllif əsərdə belə bir qanunauyğun nəticəyə gəlir ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafının yeni mərhələsinə daxil olur. Deməli, hər hansı riskə getmədən elitaların ehtiyatlı transformasiyası haqqında düşünməyin vaxtı çatmışdır. Akademik Ramiz Mehdiyev bütün bu məsələlərin həllində yaxından iştirakı vacib olan elmi elitanın fəaliyyətindən danışarkən bildirir ki, bir sıra milli elmi-tədqiqat institutlarında hələ də qalmaqda olan kiflənmiş, köhnəlmiş, bəsit forma və standartlardan uzaqlaşmaq, Azərbaycan cəmiyyətinin inkişafının real problemləri və amilləri üzərində ciddi düşünmək lazımdır.

Tədqiqatçılar mühitinin cavanlaşdırılması, aktual sosial, siyasi, iqtisadi və tarixi məsələlərin müəyyən edilməsi, xarici mərkəzlərlə birgə elmi layihələrin və proqramların həyata keçirilməsi, gənclərin elmə marağının stimullaşdırılması qarşıdakı illərdə milli elmin inkişafına dair proqramın işlənib hazırlanmasında prioritet məsələlərə çevrilməlidir. Bütün bu tövsiyələr, əslində, elmi elita üçün fəaliyyət proqramıdır.

Əlikram TAĞIYEV, şöbə müdiri, fəlsəfə elmləri doktoru:

— “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsəri müasir cəmiyyətimizi narahat edən çox mühüm sosial-siyasi problemlərin şərhinə və təhlilinə həsr olunmuşdur. Onun əsas ideya istiqamətini: a) Azərbaycan cəmiyyətində baş verən mühüm sosial-siyasi innovasiyalar, onların təkamülü və hazırkı şəraitdə inkişafı; b) milli elitanın tarixi təkamülü və reallıqları əsasında ortaya qoyulması, quruluşu, forması, məqsəd və vəzifələri, gələcək inkişaf perspektivləri təşkil edir.

Əsərin bir xüsusiyyəti də onun keçid dövründə Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinin qaldırılmasında və həllində alimlər, tədqiqatçılar və siyasətçilər üçün istiqamət verən, bir növ, metodoloji əsas rolunu oynamasıdır. Yeni ideyalar və hətta ideologiyaların özləri də bu yolla yaranır: əvvəlcə ayrı-ayrı mütəffəkkirlərin düşüncəsinin məhsulu olur, sonradan isə xalqın malına çevrilir. Əsərin digər bir müsbət məziyyəti onun reallıqları müqayisə və təkamül prosesində əks etdirməsidir.

Tarixdə xalqın və şəxsiyyətin rolu və nisbəti məsələsi ən maraqlı və mübahisə doğuran məsələlərdəndir. Şübhəsiz, əsas söz xalqındır, yəni o birincidir, tarixi şəxsiyyətlər lazım olan məqamda yetişir. Amma xalq, bütövlükdə kütlədən ibarətdir, tarixi yaradan, onu irəli aparan isə ayrı-ayrı şəxsiyyətlərdir. Harbi hələ b.e.ə. III əsrdə qeyd edirdi ki, “başında şir olan ceyran sürüsü, başında ceyran olan şir sürüsündən daha təhlükəlidir”. Xalqı müəyyən qələbələrə, tərəqqiyə, uğurlara aparan müəyyən şəxsiyyətlərdir. Məsələn, əgər tarixdə Şah İsmayıl olmasaydı, Azərbaycan Səfəvilər dövləti bu qədər qüdrətli olmazdı. Böyük Pyotr olmasaydı, çox güman ki, Rusiya imperiyası indiki qədər nəhəng olmazdı. Corc Vaşinqton olmasaydı, Amerika istiqlaliyyət əldə etməzdi. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqilliyini itirər, ayrı-ayrı hissələrə parçalana bilərdi və s.

Platon və ondan sonrakı mütəfəkkirlər elitanı “seçilmişlər” kimi qeyd etmişlər. Yəni, hər bir cəmiyyətin idarə olunması elitasız qeyri-mümkündür.

Hazırkı siyasi elita əvvəlkilərin başa çatdıra bilmədikləri bir sıra vəzifələri — Azərbaycan cəmiyyətinin keçid dövrü vəzifələrini uğurla yerinə yetirməsinə nail olmaqla onu “açıq cəmiyyətin” magistral yoluna çıxara bilmək əzmindədir. Şübhə yoxdur ki, buraya həllini tələb edən bir sıra sosial, iqtisadi, mədəni kompleks problemlərdən tutmuş, gündəlik adi və sadə məsələlərədək hər şey daxildir. Azərbaycan Respublikası bu məsələləri həll etməklə regionda öz sözünü deyə bilməli, daxili siyasətdə azərbaycançılıq ideologiyasının təntənəsinə nail olmalı, milli və dini həmrəylik nümayiş etdirməlidir. İqtisadi və hərbi sahədə söz sahibi, xarici siyasətdə müstəqil mövqeyi olmalıdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən siyasi strateji xətt ardıcıl davam etdirilməli, xalq bu məqsədlə tam səfərbər olunmalıdır. Bu yolda ziyalıların gücündən maksimum istifadə edilməlidir. Ziyalılar ictimai inkişafın bir lokomotivi kimi, yeni dəyişikliklərin və innovasiyaların mərkəzində dayanmalıdır. Bunun üçün ziyalılara hər cür şərait yaradılmalı, onların sosial ehtiyacları vaxtında ödənilməlidir. Xüsusilə də alimlər mütəmadi olaraq yeni siyasi elitanın tərkibinə qatılmalı və onların elmi potensialından geniş istifadə edilməlidir.

Bəhram ZAHİDOV, institut direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru:

— Ölkəmizdə gedən qlobal ictimai-siyasi və ideoloji proseslər akademik Ramiz Mehdiyevin son illər silsilə şəklində dərc etdirdiyi “Azərbaycanın inkişaf dialektikası”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə”, “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modenrləşmə xətti” və başqa əsərlərində yüksək elmi səviyyədə və dərindən tədqiq edilmişdir. Bu əsərlər milli və beynəlxalq miqyasda son dərəcə böyük maraqla qarşılanır və dərin elmi mahiyyət daşıyır. Bu da təsadüfi deyildir. Bu əsərlərdə cəmiyyətin və dövlətin həyatında maraq doğuran çoxsaylı suallara məntiqi və ardıcıl cavab verilir. Yaxın siyasi tariximiz obyektiv təhlil edilir, cəmiyyətimizin inkişaf istiqamətləri göstərilir.

Akademik R.Mehdiyevin “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” adlı sonuncu əsəri isə ölkəmizin siyasi, dövlətçilik və ideoloji həyatının kompleks tədqiqinə həsr edilmişdir. Müəllif haqlı olaraq göstərir ki, ölkə Prezidenti İlham Əliyevin siyasi, iqtisadi və hüquqi islahatları, dövlətin və cəmiyyətin inkişafının müasir vəziyyəti və gələcək perspektivləri ciddi elmi tədqiqatlara məruz qoyulmalıdır.

Bütün bunlarla əlaqədar olaraq Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi-tədqiqat istiqamətlərinə əsaslı surətdə yenidən baxılır və qarşıya qoyulan istiqamətlər məhz bu tələblərə uyğun müəyyənləşir.

Fəlsəfə, sosiologiya, politologiya, sosial-psixologiya və hüquq istiqamətlərində yaradıcı elmi qrup qarşıda duran vəzifələri, onların istiqamətlərini və həlli yolları barədə təkliflər hazırlamalıdır. Hər bir elm sahəsi özünün yaxın və uzaq dövr üçün kompleks tədbirlərini hazırlayıb, Elmi Şurada müzakirəyə təqdim etməlidir. Bu zaman ən prioritet problemlərin tədqiqi üzrə müvafiq layihələr hazırlanmalı və qrantlara təqdim edilməlidir.

İnstitutda müvafiq elm sahələri və elmin aktual problemləri üzrə qeyri-hökumət təşkilatlarının, məsələn, sosioloqların, hüquqşünasların, politoloqların müvafiq təşkilatlarının yaradılması, onların müvafiq layihələr əsasında maliyyələşdirilməsi təmin edilməlidir.

İnstitutun elmi istiqamətləri üzrə ali məktəblərdə fəaliyyət göstərən müvafiq kafedralarla elmi əməkdaşlığı genişləndirilməli, filosofların, sosioloqların, politoloqların, psixoloqların və hüquqşünasların birgə elmi-nəzəri konfranslarının keçirilməsi təmin olunmalı, akademiya alimlərinin mötəbər elmi-nəzəri mövqeləri təhsildə nəzərə alınmalıdır.

Ən istedadlı və yaradıcı gənclərin sıralarından aspirant və dissertantların seçilməsi, onların elmi-tədqiqat işlərinin vaxtında başa çatdırılması və müdafiəsi üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə gənc alimlərin müdafiəsinin vaxtında həyata keçirilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında məsələ qaldırılmalıdır. Elmi-tədqiqat işlərində irəli sürülən elmi yeniliklərin və uğurlu təkliflərin dövlət səviyyəsində təcrübəyə yönəldilməsi təmin edilməlidir. Aspirantların və onlara elmi rəhbərliyi həyata keçirən alimlərin maddi vəziyyətinin daha da yaxşılaşdırılması, aspirantların gələcək elmi kadrlar kimi hazırlanması istiqamətində iş əsaslı surətdə yenidən qurulmalıdır .

İnstitut tədqiqat sahələri üzrə Azərbaycan elminin və təhsilinin problemlərinin həllində öz fəaliyyətini fəallaşdırmalı, bu vacib işin ağırlığını öz üzərinə götürməlidir. Təhsil sistemində pedaqoji fəaliyyətlə məşğul olan tədqiqatçıların və mütəxəssis kadrların attestasiyası hər il institutun alimləri tərəfindən keçirilməli, daimi fəaliyyət göstərən təkmilləşmə kursları təşkil edilməlidir. İnstitutda magistratura təhsil forması fəaliyyətə başlamalıdır. Bütün bu məsələlərin həllində elm haqqında qanunun tezliklə hazırlanması və qəbulu xüsusi əhəmiyyət kəsb edir. İnstitutun alimləri bu sahədə mümkün olan bütün tədbirləri görməyə hazırdır.

Akademik Ramiz Mehdiyevin əsəri böyük elmi marağa səbəb olmuşdur. İnanırıq ki, bu qiymətli əsər ideoloji və siyasi fəaliyyətlə məşğul olan elmi və siyasi elitamızın stolüstü kitabına çevriləcəkdir.

Azər MUSTAFAYEV, baş elmi işçi, fəlsəfə elmləri doktoru, professor:

— Böyük maraq doğuran, dərin məzmunlu bu əsər, ilk növbədə, yüksək intellektual səviyyəyə malik auditoriya üçün nəzərdə tutulmuşdur. Əsər dərin elmi-nəzəri və praktiki xarakter daşıyan fikirlərlə zəngin olduğundan, bir dəfə yox, bir neçə dəfə diqqətlə oxunduqdan sonra onun əhəmiyyəti və məzmunu dərk edilir. Burada, demək olar ki, müasir ictimai həyatımızın bütün sahələrini əhatə edən problemlərin ön plana çəkilməsi və onların həlli yollarının zərgər dəqiqliyi ilə göstərilməsi təqdirəlayiqdir. Əsərlə yaxından tanışlıq, ilk növbədə, onu deməyə əsas verir ki, o, hamını yaxın və uzaq keçmişimiz, bu günümüz və sabahımızla bağlı məsələlərin həlli istiqamətində bir daha dərindən düşünməyə dəvət edir. Bu isə əsərin uğurundan, prinsipindən və konseptual xarakter daşımasından xəbər verir.

Əsərin ana xəttini müəllifin müasir Azərbaycan cəmiyyətində formalaşmaqda və mövcud olan elitalar, onların ictimai, siyasi və mədəni həyatımızda oynadığı rol və yer, cəmiyyətin və dövlətin inkişafında varislik və innovasiyalarla bağlı prinsiplər təşkil edir.

Bir sözlə, həcmcə geniş, məna və məzmunca dərin olan bu elmi-fəlsəfi əsərdə diqqəti cəlb edən və gələcək inkişaf perspektivlərimizi əhatə edən ən başlıca cəhət, zənnimizcə, azərbaycançılıq və güclü Azərbaycan məfkurəsinin bugünkü və gələcək nəsillərin yaddaşlarında əbədi həkk olunmasından ibarətdir.

Rəfiqə ƏZİMOVA, şöbə müdiri, fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi:

—Son iyirmi ildə respublikada gedən mürəkkəb və ziddiyyətli proseslər müzakirə etdiyimiz əsərdə dərin fəlsəfi ümumiləşdirmələr çərçivəsində verilmişdir. Cəmiyyətin aparıcı sahələrində yaranan problemlər məntiqi şəkildə araşdırılır. Burada nəzərə çarpan və oxucunu düşündürən ideyalar çoxşaxəlidir. Bununla əlaqədər olaraq, ilk növbədə, qeyd etmək istərdim ki, müəllif Azərbaycanda siyasi təkamül anatomiyasının mənzərəsinin geniş təhlilini məharətlə verə bilmişdir.

Sözsüz ki, siyasi proseslərin təkamülü nəticəsində sosial strukturun aparıcı institutlarında köklü dəyişikliklərə təkan verilmişdir. Bazar iqtisadiyyatının nəticəsi kimi, makrosiniflərin tədricən “silinməsi” və yeni stratifikasiya (təbəqələşmə) prosesi başlanmışdır.

Akademik Ramiz Mehdiyevin elitalar haqqında fikirləri vaxtında irəli sürülən aktual ideyalardır. Müəllifə görə, müasir Azərbaycanda dörd elita formalaşmaqdadır. Bunlar siyasi, iqtisadi, hərbi və dini elitalardır. Bu məsələ müzakirə etdiyimiz əsərdə geniş tədqiq olunur və bildirilir ki, elita hər bir təbəqənin seçilən, aparıcı qüvvəsidir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda elitalar hələ formalaşma mərhələsindədir. Deməli, bu elitaları formalaşdıran baza elitası — elmi-təhsil elitası olmalıdır.

Məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, elmi-təhsil elitasının özünün formalaşması hələ irəlidədir. Əgər elmi-təhsil elitasını yeni tələblərə uyğun formalaşdıra bilməsək, sözsüz ki, məqalədə qeyd olunan dörd elitanın (siyasi, iqtisadi, hərbi, dini) yetişməsi müşkül məsələyə çevrilə bilər.

Ramiz müəllim elmi-fəlsəfi əsərində elitaya belə tərif verir: “Elita” dedikdə, ölkənin bütün hakim qruplarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçuları olmayan, lakin öz hərəkətləri ilə ölkədəki sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və ya digər şəkildə təsir göstərən insanları nəzərdə tuturam. Elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf yolları və mexanizmlərinin aşkar edilməsində ona həlledici yer ayrılır."

Bunları yalnız yeniləşmiş elmi-təhsil elitası formalaşdırmağa qadirdir. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun tədqiqatçısı kimi, mən elmi kadrların formalaşmasında üzərimə düşən məsuliyyəti başa düşürəm və var gücümü bu işə yönəltmək əzmindəyəm.

Füzuli QURBANOV, şöbə müdiri, fəlsəfə elmləri doktoru:

— “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsərinə akademik Ramiz Mehdiyevin bundan öncə dərc edilmiş “Gələcəyin strategiyasını müəyyən edərkən: modernləşmə xətti” məqaləsində irəli sürülən ideyaların davamı kimi də baxmaq olar. Həmin məqalədə müəllif Prezident İlham Əliyevin modernləşmə kursunun bir sıra mühüm istiqamətlərini təhlil etmişdir. O istiqamətlər sırasında ictimai şüurun postindustrial dəyərlər məkanına transformasiyası əsas yerlərdən birini tutur. Bu bağlılıqda hörmətli akademikin yeni məqaləsi fəlsəfi-metodoloji aspektdə istiqamətverici və konkretləşdirici rol oynayır. Azərbaycanda elitanın transformasiyasına bu ideyaların işığında nəzər salanda varislik və innovasiyalılığın vəhdətinin fəlsəfi təhlilinin aktuallığını dərk etmək olur. Rəhbəri olduğum İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsi akademik Ramiz Mehdiyevin əsərindən irəli gələn vəzifələri müzakirə edərək aşağıdakı üç istiqamət üzrə tədqiqatları genişləndirmək qərarına gəlib:

Birinci, Azərbaycan cəmiyyətinin sosial-psixoloji arxetiplərinin fəlsəfi öyrənilməsi. Bu, müasir cəmiyyətimizin sosial-psixoloji özəlliklərini dərk etməyə, ictimai şüurun yeni sosiomədəni mühitə transformasiyasının nəzəri modelini qurmağa yardım edərdi.

İkinci, Azərbaycan cəmiyyətinin modernləşməsi bağlılığında ictimai şüurun müasir xüsusiyyətlərinin fəlsəfi-metodoloji təhlilinin aparılması. Bununla günümüzün diaqnozunu verməyə və təkamül tendensiyalarını müəyyənləşdirməyə yardımçı olmaq mümkündür.

Üçüncü, başqa ixtisas sahibləri ilə birgə ictimai şüurun postindustrial dəyərlər məkanına transformasiyasının elmi modelini hazırlamaq. Burada humanitar sahə mütəxəssisləri ilə yanaşı, riyaziyyatçıların da iştirakı lazım gəlir. Yəni məsələ fənlərarası tədqiqat xarakteri alır.

“Dəyirmi masa”da həmçinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Əli Abbasov, aparıcı elmi işçilərdən, fəlsəfə elmləri doktorları Rəna Mirzəzadə, Sakit Hüseynov, iqtisad elmləri namizədi Əhməd Həşimoğlu, gənc tədqiqatçı, fəlsəfə elmləri namizədi Faiq Ələkbərov və başqaları öz çıxışlarında müzakirə olunan elmi-fəlsəfi əsərin ictimai-siyasi dəyərindən, orada qaldırılan məsələlərin aktuallığından, qarşıya qoyulan vəzifələrin ümumxalq və dövlət əhəmiyyətliliyindən bəhs edərək, konkret təkliflərini səsləndirdilər.

İnstitutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə tədbirə yekun vuraraq, müzakirədə fəal iştirak edən alimlərə təşəkkür etdi və əmin olduğunu bildirdi ki, akademik Ramiz Mehdiyevin yeni əsərində elmi elita qarşısında qoyduğu vəzifələr, habelə burada səslənən təkliflər onların fəaliyyətinə yeni impuls verəcəkdir.

 

 

Hazırladı: Qüdrət PİRİYEV

 

Xalq qəzeti.-2009.-21 fevral.-S.3-4.