Gənclik enerjisi və ruhu öz sözünü bir
daha deyəcək
Azərbaycanın
sürətli inkişaf yoluna qədəm qoyması ölkəmizi
təkcə regionda yox, dünyada qabaqcıl dövlətə
çevirib. Qəbul olunan qanunların beynəlxalq standartlara
cavab verməsi, müstəqil dövlətimizin beynəlxalq
konvensiyalara qoşulması, inkişaf etmış dövlətlərlə
əlaqələri genişləndirmək naminə müxtəlif
sahələr üzrə sazişlərin imzalanması ölkəmizin
dünya birliyindəki nüfuzunu daha da yüksəltmişdir.
Xatırladaq ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası
ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanaraq 1995-ci ilin noyabrında qəbul olunmuşdur. O
vaxtdan 13 il keçib. Bu illər ərzində ölkəmizdə
bütün sahələr üzrə xeyli dəyişikliklər,
inkişaf olub. Yalnız 2002-ci ildə xalqın tələbi
ilə Konstitusiyada referendum yolu ilə dəyişiklik olub.
Bu da
seçki sisteminin daha da təkmilləşdirilməsi məqsədi
ilə edilmişdir. Həmin
vaxt proporsional seçki sistemi ləğv edilmiş və
mojaritar seçki sisteminə üstünlük verilmişdi.
O vaxtdan bu günə kimi Əsas Qanunumuza heç bir əlavə
və dəyişiklik edilməyib. Söz yox ki, Konstitusiya
vacib və əhəmiyyətli bir sənəddir. Zaman
keçdikcə, illər ötdükcə bu sənədə
də əlavə və dəyişikliklər zərurəti
meydana çıxır. İndi qloballaşma
dövrüdür.
Azərbaycan Avropaya və
dünyaya inteqrasiya edir. Dünyanın əhəmiyyətli
bir ölkəsinə çevrilir, söz sahibi olur. Ona görə
də Konstitusiyanın daha da möhkəmləndirilməsi
vacib məsələ kimi özünü büruzə verir.
Demokratik proseslərin inkişafına diqqət artdıqca,
hüquqi, sivil dövlət quruculuğu yolunda qətiyyətli
addımlar atıldıqca, insan hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində
mühüm əhəmiyyətli tədbirlər həyata
keçirildikcə Konstitusiyaya əlavə və dəyişikliklər
edilməsi zərurəti də özünü büruzə
verdi.
Artıq Konstitusiya Məhkəməsinin
Plenumu ötən ilin sonlarında “Konstitusiyaya əlavə və
dəyişikliklər haqqında” Referendum Aktına rəy
vermiş və bu il martın 18-də referendum keçirilməsi
barədə qərar qəbul olunmuşdur. Bu qərarın
ardınca xalq tərəfindən yaradılmış təşəbbüs
qrupları təsis edilərək Mərkəzi Seçki
Komissiyasına müraciət edilmiş və komissiyanın qərarına
əsasən tələblərə cavab verən təşəbbüs
qrupları qeydiyyata alınmışdı.
Dünya təcrübəsinə
nəzər salsaq görərik ki, bütün inkişaf
etmiş ölkələrin Konstitusiyalarına zaman-zaman əlavə
və dəyişikliklər edilib. 1992-ci ildən
dünyanın 36 ölkəsində Konstitusiyaya bir neçə
dəfə dəyişiklik edilib. Bu da təbiidir.
Çünki konstitusiyalar, qanunlar ehkam kimi qəbul olunmur,
inkişaf olduqca daha da təkmilləşir, yeniləşir. Yəni
bu və ya digər qanunların dəyişməsi zamanın
tələbinə uyğun olaraq baş verir. Azərbaycan
Konstitusiyasına gəlincə, bildirmək istərdim ki,
Müstəqil Dövlətlər Birliyi məkanında insan
hüquq və azadlıqlarının yer aldığı
konstitusiyalardan birincisidir.
Ana yasamıza nəzər
salsaq görərik ki, Konstitusiya maddələrindən təxminən
30-dan çoxu insan hüquq və azadlıqları ilə
bağlıdır. Nəzərə alsaq ki, insan daim
inkişaf edir. O zaman istənilən sənədə əlavə
və dəyişikliklərin edilməsi zərurəti meydana
çıxmış olur. Bu baxımdan, Konstitusiyanın maddələrinə
bu və ya digər formada referendumda əlavə və dəyişiklər
edilməsi təbiidir. Biz həmişə
atdığımız addımlarda, qəbul etdiyimiz qərarlarda
dünyanın inkişaf etmiş ölkələri ilə,
xüsusən, demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş
Ştatları ilə müqayisə edir, onlar kimi inkişaf
etmək, Avropa standartlarına uyğun olaraq formalaşmaq
üçün daim çalışırıq.
Qeyd edək ki, ABŞ
Konstitusiyası qəbul olunduğu ğündən bu günə
kimi hüquq və azadlıqlarla bağlı maddələrində
20-dən çox dəyişikliklər edilibdir. Bunun
özü demokratiyanın nümunəsi sayıla bilən
element kimi dəyərləndirilməlidir. Bu mənada, Azərbaycan
Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər
də məhz demokratiyanın, insan hüquq və
azadlıqlarının nümunəsi kimi təqdim oluna bilər.
Mart ayının 18-də ümumxalq referendumuna
çıxarılacaq 29 maddəyə nəzər saldıqda
, qeyd etdiklərimiz bir daha təsdiqlənmiş olur.
Qeyd edək ki, Azərbaycan
indiyədək saysız-hesabsız beynəlxalq konvensiyalara
qoşulub. Həmin konvesiyalardan irəli gələn müddəaları
həyata keçirməkdən ötrü Azərbaycan Əsas
Qanununda bəzi əlavə və dəyişikliyin edilməsi
zərurəti yaranmışdır. Bu baxımdan, 12-ci maddənin
I hissəsinə “Azərbaycan Respublikası vətəndaşlarıına
layiqli həyat səviyyəsi” ifadəsinin əlavə edilməsi
günün tələbi kimi qiymətləndirilə bilər.
Bu, dövlətimizin inkişafı ilə yanaşı, həm
də Azərbaycanın qoşulduğu beynəlxalq konvesiyalar
qarşısında götürdüyü öhdəlikdən
irəli gələn fakt kimi dəyərləndirilə bilər.
Bu maddəyə ediləcək əlavə və dəyişiklik,
eyni zamanda, Azərbaycan xalqının hüquq və
azadlıqlarının daha yüksək səviyyədə təmin
olunmasına xidmət etmiş olur.
Növbəti 15-ci maddənin
II bəndinə nəzər yetirsək görərik ki, bu,
daha çox iqtisadi azadlıqla bağlıdır.
Çünki ilkin variantda dövlət Azərbaycan
Konstitusiyasının 15-ci maddəsinin II bəndinə görə,
azad sahibkarlığa təminat verirdi. O dövrü
xatırlasaq deyə bilərik ki, 1995-ci ilin Azərbaycanı
ilə 2009-cu ilin Azərbaycanı arasında böyük fərq
mövcuddur. O dövrdə ölkəmiz müstəqil olsa
da, iqtisadi cəhətdən elə də qüdrətli
dövlətə çevrilməmişdi. Ölkə
iqtisadiyyatı yeni-yeni inkişaf edirdi. Bu gün isə Azərbaycan
iqtisadi cəhətdən qüdrətli bir dövlətdir. Cənubi
Qafqazın lider dövlətidir. Beynəlxalq aləmdə səsimiz
eşidilir.
Bu mənada, iqtisadi
uğurlarımızla bərabər sosial yönümlü
layihələrimizin də uğurlu inkişafını təmin
etmək zəruridir. Ana yasamızın bu maddəsinə edilən
əlavə və dəyişiklik məhz sosial
yönümlü layihələrin də inkişafına təkan
vermiş olacaqdır. Çünki dövlət
başçımız İlham Əliyev tərəfindən
qəbul edilən çoxsaylı dövlət proqramları
bu maddəyə əlavə və dəyişikliyin edilməsinə
şərait yaradır. İqtisadi cəhətdən
inkişaf etmiş Azərbaycana sosial dövlətin
formalaşması zəruridir və günün tələbidir.
Azərbaycan xalqının
sosial rifah halının
yaxşılaşdırılmasına xidmət edən
dövlətin qurulması qanunla tənzimlənmiş olur.
Buna dövlət təminatı verilməsi o deməkdir ki, Azərbaycan
vətəndaşları artıq bütün həyatı
boyu dövlətin maddi imkanlarından istifadə edə bilərlər.
Dövlət bir qurum kimi öz vətəndaşlarının
sosial rifah halının yaxşılaşdırılmasını
üzərinə öhdəlik olaraq götürür və
bunu qanunla tənzimləyir. Ona görə də 15-ci maddəsinin
II bəndinə məhz “sosial yönümlü”
sözünün artırılması Azərbaycanın
artıq keçid mərhələsindən yeni iqtisadi fazaya
sürətlə, inkişaf etmiş dövlət mərhələsinə
keçməsini bir daha nümayiş etdirmiş olur.
Digər tərəfdən də,
Konstitusiyanın I bəndində göstərilir ki, Azərbaycan
dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Yəni
dövlət xalq qarşısında götürdüyü
öhdəlikləri yerinə yetirməyi özünə borc
bilir. Dəyişiklik də hüquqi cəhətdən
normativ hüquqi baza yaratmağa xidmət edən əlavədir.
Referenduma təklif edilən
maddələrdən biri də 17-ci maddədir. Hər birimiz
qeyd edirik ki, uşaqlar bizim gələcəyimizdir. Onların
inkişafı, saglam ruhda böyüməsi üçün
bu gün hər bir Azərbaycan vətəndaşı məsuliyyət
daşıyır. Ancaq ən böyük məsuliyyət isə
dövlətin üzərinə düşür. Belə ki,
dövlətimiz gələcəyimiz olan körpələrimizin
daha xoşbəxt, Vətənə, dövlətə layiq vətəndaş
kimi böyümələri, vətənpərvər
olmaları məqsədi ilə, zorakılığa, istismara,
uşaq əməyinin istifadə olunmamasına münasibətinin
təzahürü olaraq, bu əlavə və dəyişiklikləri
irəli sürmüşdür. Həmin maddənin V hissəsində
15 yaşına çatmamış uşaqların işə
cəlb olunması qanunla qadagan edilir. Bu, uşaqların təhsildən
uzaqlaşmasının qarşısını almaqla
yanaşı, eyni zamanda, onların əməyinin istismar edilməsinin
də qarşının alınmasına xidmət edir.
Düşünürəm ki, bu maddəni alqışlamaq və
onun reallaşması naminə hər birimiz referendumda
iştirak etməliyik.
Konstitusiyanın 101-ci maddənin
V hissəsinin çıxarılması təklifi hüquqi
baxımdan da əsaslıdır. Məlum olduğu kimi, həmin
maddədə bir şəxsin iki dəfədən artıq
prezident seçilməsinə qadağa qoyulub. Bu, insanların
seçmək və seçilmək hüququnu məhdudlaşdırır.
Hər bir şəxsin seçmək və seçilmək
hüququ var. Azərbaycan xalqının istədiyi şəxsi,
hər hansı məhdudiyyət olmadan istədiyi qədər
prezident seçməyə haqqı var. Necə ola bilir ki,
ölkə vətəndaşı millət vəkilini 4-5 dəfə
və daha artıq Milli Məclisə seçə bilir, ancaq
dövlət başçısını 2 dəfədən
artıq seçə bilmir. Bu faktın özü
demokratiyanın pozulması və insan hüquq və
azadlıqlarının məhdudlaşdırılmasıdır.
Bundan əlavə, həmin
maddədə “Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi
əməliyyatların sonunadək uzadılır. Bu barədə
qərar seçkilərin (referendumun) keçirilməsini təmin
edən dövlət orqanlarının müraciətinə əsasən
Konstitusiya Məhkəməsi tərəfindən qəbul
edilir”. Hesab edirəm ki, çox vacib və əhəmiyyətli
bir məsələdir.
Ümumiyyətlə, təklif
olunan əlavələr və dəyişikliklərin
hamısı xalqın seçim hüququnun məhdudlaşdırılmasının
aradan qaldırılmasına, insanların hüquq və
azadlıqlarının daha geniş şəkildə
müdafiəsinə xidmət edir. Qeyd edək ki, bu müddəa
bəzi ölkələrin konstitusiyalarında yer
almışdır. Bu mənada, hesab edirəm ki, bu məhdudiyyətin
aradan qaldırılması çox vacibdir. Çünki Azərbaycanda
hüquqi, sivil, demokratik dövlət qurulur.
Əgər hər hansı
bir dövlət başçısı ölkəni iqtisadi
böhrandan xilas edibsə, insanların həyat səviyyəsinin
yüksəldilməsi üçün şərait
yaradıbsa, beynəlxalq əlaqələri genişləndiribsə,
ölkənin nüfuzunu dünya birliyində
qaldırıbsa, niyə onun yenidən prezident seçilməsinə
şərait yaradılmamalıdır? Əgər xalq öz
Konstitusiyasında dəyişiklik edilməsini tələb
edirsə, referendumu yüksək səviyyədə
keçirirsə, bunu insan hüquqlarının müdafiəsi
kimi qiymətləndirmək lazımdır.
Mən dünyanın ən
inkişaf etmiş demokratik dövləti olan Amerika Birləşmiş
Ştatlarını nümunə kimi qeyd etmək istərdim.
Demokratlar Partiyasından prezident Franklin Ruzvelt 4 dəfə
ardıcıl olaraq prezident seçilməyibmi? Məgər
onu xalq seçməyibmi? Ruzvelt 1932–1945-ci illərdə
ABŞ-ın prezidenti olub. Xalq gördü ki, Franklin Ruzveltin
başladığı uğurlu islahatları ondan başqa
kimsə istənilən səviyyədə həyata
keçirə bilməyəcək. Ona görə də onu
dörd dəfə ardıcıl olaraq prezident seçdi və
Ruzvelt də xalqın bu etimadını doğrultdu. Azərbaycanda
da vəziyyət oxşardır. Xalqımız İlham Əliyevin
ölkəmiz üçün etdiklərinin şahididir. Xalq
niyə belə bir şəxsiyyəti yenidən prezident
seçməməli, ona etimad göstərməməlidir? Niyə
belə bir siyasi xadimə başladığı işləri,
apardığı islahatları davam etdirməyə şərait
yaratmayaq?
Axı, bütün bunlar
ölkəmizin inkişafı, xalqın həyat səviyyəsinin
daha da yüksəldilməsi naminə edilir. Ona görə də
inanıram ki, martın 18-də keçirilməsi nəzərdə
tutulan referendumda xalq böyük ruh yüksəkliyi ilə
iştirak edəcək və Konstitusiyaya təklif olunan əlavələri
və dəyişiklikləri dəstəkləyəcəkdir.
Azərbaycan gəncləri daim dövlətin
apardığı siyasi kursu dəstəkləyərək
ölkə başçısının, öz liderinin
arxasınca addımlayıblar. Bu baxımdan, inanıram ki, gənclərimiz
bu günə kimi uğurla dəstəklədikləri siyasi
kursa sadıq qalaraq, 18 mart referendumunda öz sözlərini gənclik
enerjisi və ruhu ilə bir daha deyəcəklər.
Vüsalə HÜSEYNOVA,
“Davamlı inkişaf naminə”
təşviqat qrupunun səlahiyyətli
nümayəndəsi
Xalq qazeti.-2009.-21 fevral.-S.5.