Konstitusiyaya əlavələrə və dəyişikliklərə “hə!” deyək

 

Azərbaycan Respublikası Milli Məclisi 26 dekabr 2008-ci il tarixli iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul etmişdir. Təklif olunan əlavə və dəyişikliklər hüquqi və demokratik cəmiyyət quruculuğunun inkişafına təkan verməklə Azərbaycan dövlətinin konstitusion quruluşunun möhkəmlənməsinə xidmət edir. 29 maddədə nəzərdə tutulmuş dəyişikliklər və əlavələr hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşımaqla, əsasən dövlətin sosial siyasətinin genişlənməsinə , insan hüquq və azadlıqlarının daha etibarlı müdafiə və təminatına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşməsinə yönəlmişdir.

Hüquqi dövlətdə şəxsiyyətin hüquqları təmin olunur, qanunun aliliyi tanınır. Dövlət xalq və şəxsiyyət kateqoriyası nəzərə alınmaqla qiymətləndirilir. Konstitusiya cəmiyyətin əsaslarını nizama salmaqla bir növ insanın, şəxsiyyətin yaşadığı sosial mühiti qaydaya salır və insan üçün daha münasib şərait yaradır, yəni dövlət tərəfindən siyasi hüquqi, sosial hüquqi əsaslar göstərilir. Bu baxımdan Konstitusiyanın 12-ci maddəsinə təklif olunan dəyişiklikdə dövlətin ali məqsədi kimi “insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” təmin edilməsi göstərilmişdir.

Dövlətin konstitusion əsaslara söykənərək əhalinin layiqli həyat səviyyəsini və sosial rifahını qanunvericiliklə təsbit edilməsinin mühüm hüquqi əhəmiyyəti var. Birinci növbədə bu vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. Əgər nəzərə alınsa ki, Azərbaycan Respublikası çoxlu sayda beynəlxalq konvensiyalara qoşulub və bu konvensiyalardan irəli gələn müddəaları həyata keçirmək üçün respublika qanunvericiliyində boşluq mövcuddur, onda Konstitusiyanın 12-ci maddəsinə təklif olunmuş əlavələr bu boşluğu aradan çıxarır.

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi və konstitusion qaydada müəyyən edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə bir neçə əlavələr və dəyişikliklər təklifi olunmuşdur. Belə ki, III bənddə göstərilir ki, “Valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər”. IV bənddə isə deyilir “Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır”. V bənddə göstərilir ki, “15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər" və nəhayət VI bəndində deyilir: “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir".

Göstərilən əlavələr valideyn himayəsindən məhrum olan uşaqların dövlət himayəsinə və hərtərəfli qayğı ilə əhatə olunmasına daha etibarlı zəmin yaradır. Respublikada uşaq əməyinin istismarı hallarına qarşı mübarizənin gücləndirilməsi və uşaq hüquqlarının müdafiəsinə dövlət tərəfindən nəzarətin həyata keçirilməsi baxımından müstəsna əhəmiyyətə malik olmaqla bu sahədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbinə tam cavab verir.

Azərbaycan Konstitusiyasının 17 və 34-cü maddələrində cəmiyyətin əsas özəyi kimi, ailənin dövlətin xüsusi himayəsində olması, valideynlərin, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vəzifələri, nikahın könüllülüyü, hər kəsin qanunda nəzərdə tutulan yaşa çatdıqda ailə qurmaq hüququnun olması, ər-arvadın bərabər hüquqlu olması, analığın, atalığın, uşaqların qanunla mühafizə edilməsi, dövlətin çoxuşaqlı ailələrə yardım göstərməsi tədqiq edilmişdir. Ailə cəmiyyətin təbii və əsas nüvəsi olmaqla cəmiyyət və dövlət tərəfindən mühafizə olunur və analıq, uşaqlıq xüsusi himayə edilir.

Din insanların həyatında mühüm rol oynayır, ictimai şüura təsir imkanlarına malikdir. Ona görə də dövlət cəmiyyətdə dindən, o cümlədən dini cərəyanlardan sui-istifadə hallarına yol verə bilməz. Dini təriqətlər, dini cərəyanlar azadlığı ictimai asayişi pozduqda, habelə ictimai əxlaqa zidd olduqda dövlət vətəndaşların, cəmiyyətin və ölkənin mənafeyi naminə onların qarşısını almalıdır. Göstərilənləri nəzərə alaraq, Konstitusiyanın 18-ci maddəsinə olunmuş əlavə də dəstəklənməyə layiqdir.

Konstitusiyada tətbiq edilmiş ən mühüm hüquq və azadlıqlardan biri də bərabərlik hüququdur. 25-ci maddədə nəzərdə tutulan bu hüquq insanların müxtəlif amillərin təsiri ilə əsas olmadan bir-birinə və dövlətə münasibətdə fərqli qəbul edilməsini qadağan edir. Dövlət hər kəs üçün bərabər imkanlar, şərait yaradır. Bərabərlik hüququ fərdin müxtəlif sosial, psixoloji, o cümlədən fizioloji amillərdən yaranan fərqli xüsusiyyətlərini nəzərə almadan onların hamısının eyni dəyərə malik olmasını ifadə edir.

Beynəlxalq insan hüquqları Bəyannaməsinin 7-ci maddəsində deyilir: “Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhlikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər.” Buna uyğun olaraq, Konstitusiyanın 25-ci maddəsinin III bəndində göstərildiyi kimi “Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi,milli.dini,dil,cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.”

Bu Bəyannaməyə və Azərbaycan Respublikasının qoşulduğu digər beynəlxalq konvensiyalara uyğun olaraq Konstitusiyanın 25-ci maddəsinə təklif olunmuş əlavələr böyük maraq doğurur. Bu maddənin təklif olunmuş 4-cü bəndində deyilir: “Heç kəsə bu maddənin 3-cü hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”.

Təklif olunmuş V bənddə isə göstərilir: “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir".

Məlum olduğu kimi, Konstitusiya xalqın iradəsini bilavasitə əks etdirir, əsas və vacib münasibətləri müəyyən edir, başqa hüquq sahələri üçün başlığa prinsiplər təyin edir. Bununla bağlı 13-cü maddədə nəzərdə tutulur ki, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət ,dövlət mülkiyyəti,xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növlərində ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları,cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz”. Bununla əlaqədar qeyd edilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət barədə Konstitusiyada nəzərdə tutulan müddəalar mülkiyyət münasibətlərinin tənzimlənməsi qaydalarını müəyyənləşdirir. Yəni, Mülki Məcəllə və mülkiyyət münasibətlərini tənzimləyən başqa hüquqi aktlar Konstitusiyada nəzərdə tutulmuş müddəaları inkişaf etdirməlidirlər.

Mülki hüquq üçün ən əsas kateqoriya mülkiyyətdir. Bütün digər mülki hüquq münasibətləri ya mülkiyyətdən törəyir, ya da mülkiyyətə münasibətdə mülki hüquq üçün ikinci dərəcəli olur. Mülki hüquq mülkiyyətin bütün növləri üçün eyni dərəcədə əsaslı müdafiə rejimi müəyyən edir və müəyyənləşdirilən normalarla cəmiyyətin və dövlətin mənafeyi bir-birinə tarazlaşdırılır. Bu, Konstitusiyada göstərilən mülkiyyətin sosial təyinatı ilə bağlıdır. Qeyd etmək lazımdlır ki, əvvəlki Konstitusiyada müddəalar ictimai mülkiyyəti daha ciddi və əsaslı şəkildə tənzimləyirdi və mülki qanunvericilikdə onunla bağlı daha güclü rejim müəyyən edilirdi.

Mülkiyyət hüququ ilə bağlı Konstitusiyanın 29-cu maddəsinin IV bəndinə dəyişiklik təklif olunaraqmülkiyyətin özgəninkiləşdirilməsinə dövlət ehtiyacları üçün yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmə şərti ilə yol verilə bilərqeyd olunur mülkiyyət hüququnun təminatı kimi göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyət hüququndan məhrum ola bilməz, əmlak tam şəkildə müsadirə oluna bilməz.

Konstitusiyanın 32-ci maddəsinə təklif olunmuş əlavələrlə bağlı qeyd etmək lazımdır ki, toxunulmazlıq vətəndaşın ona aid olan xüsusiyyətlərin elə vəziyyətini ifadə edir ki, bu zaman onun fəaliyyəti üçün kənar müdaxilə istisna olunur insan normal fəaliyyət göstərə bilir, şəxs üçün toxunulmazlıq şəraiti yaradır ona şəxsiyyət kimi müstəqillik təmin edlir. Vətəndaşın birbaşa özü yaxın saydığı insanlarla bağlı olan, açıqlanması onların mənafeyinə, hər hansı şəkildə ziyan vuran hər cür həyati məsələlər şəxsi həyat anlayışı ilə bağlı olur. İnsan öz fəaliyyətinin bir çox tərəflərini özünün xüsusiyyətlərinə görə daim gizli saxlamaq istəyir (məsələn ailə münasibətlərini ). Bu baxımdan Konstitusiyanın 32-ci maddəsinin 1-ci bəndinə təklif olunmuş əlavə böyük marağa səbəb olur. Orada deyilir ki, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi ailə həyatının qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

İnformasiya vasitələrində şəxsi həyatla bağlı materialların, informasiyaların verilməsi iki halda ola bilər: həyatı ilə bağlı məlumatlar yayılan şəxsin yazılı razılığı olduqda bu informasiyalar məhkəmənin qərarında öz əksini tapdıqda. Bununla bağlı Konstitusiyanın 32-ci maddəsinin III bəndinə əlavə olunmuşdur: Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan ya etirazına baxmadan izlənilə bilməz, video foto çəkilişinə, səs yazısına digər bu cür hərəkətlərə məruz qoyula bilməz” V bəndə isə bunlar əlavə edilmişdir:Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilməz. Hər kəsin onun barəsində toplanmış həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır”. Göstərilən əlavələr cəmiyyətin toxunulmazlığının fərdin toxunulmazlığından keçdiyini nəzərə alaraq insanların toxunulmazlıq hüququnu həyatın hər sahəsində təmin edir.

Təklif olunmuş dəyişikliklər Azərbaycan Respublikasının daha güclü dövlətə çevrilməsi , vətəndaşların hüquq azadlıqlarının genişləndirilməsi, iqtisadi inkişafının daha da möhkəmləndirilməsi, ölkənin beynəlxalq miqyasda təhlükəsizliyinin təmin edilməsinə xidmət edən müddəalarŞəhərtəşəbbüs qrupu tərəfindən qəbul edilir təşəbbüs qrupu bu yöndə təbliğat fəaliyyətinə qoşulur.

 

 

RƏİSƏ DÜNYAMALIYEVA,

“Şəhər” təşviqat qrupundan vəkil edilmiş

şəxs, hüquq elmləri namizədi, dosent

 

Xalq qəzeti.-2009.-21 fevral.-S.6.