Ölkə Prezidentinin müdrik və qətiyyətli siyasəti torpaqlarımızın azad olunması ilə nəticələnəcəkdir

 

17 fevral 1992-ci il Qarabağ müharibəsinin ən qara səhifələrindən biridir. Məhz həmin gün Dağlıq Qarabağın ən böyük yaşayış məntəqələrindən biri olan Qaradağlı erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 54 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilmiş, 50 nəfər əsir götürülmüşdür. 42 ailə başçısını itirmiş, 140 uşaq yetim qalmış, ümumiyyətlə, kənd sakinlərinin hər 10 nəfərindən biri şəhid olmuşdur.

Daha bir statistika: 200 yaşayış evi əşyalarla birlikdə, bir mədəniyyət evi, 320 yerlik məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər məhv edilmişdir.

...Bir zamanlar Qarabağda gələcək müsibətlərdən xəbərsiz, çal-çağırlı, bağ-bağatlı bir oba xoşbəxt günlərini yaşayırdı. Dörd bir tərəfi düşmənlərlə əhatə olunmuş bu el tarixin amansız acılarını dadmışdı, bu basqıları mərdliklə dəf etmişdi. Sonda özümüzün xəyanətimizdən köməksiz qalıb oda qalanan bu oba Qaradağlı kəndi idi. Tarix özünün bütün sınaqlarını bu kənddən əsirgəməmişdir.

Gəlin qısa olaraq, tarixin son yüz ilinə səyahət edək, bu kəndin çəkdiyi müsibətləri xatırlayaq. Bəlkə də yersizdir, bəlkə də unudulub, lakin bu danılmaz bir həqiqətdir. XX əsrdə Qaradağlı kəndi beş dəfə dağıdılmışdır. 1905, 1907, 1915, 1918-1920-ci illərdə. 5-ci qanlı faciənin tarixi isə məlumdur. Millətimizə edilən zülmlər sovet dövründə müvəqqəti unudulsa da, bu gün insanların oyanmış yaddaşından, yaralı ürəyindən bir an belə silinməyir.

Yeri gəlmişkən, daha bir faciəni xatırlayaq. Bu, 1967- ci ildə olmuşdur. Məhz həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan adamlara böhtan ataraq onları həbs etdilər. Məhkəmədə bəraət alsalar da erməni quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanları işgəncə ilə öldürərək, üstlərinə benzin töküb yandırdılar.

1988-ci il fevral ayının 12-də isə məlum Qarabağ hadisələri başlandı. Böyüklüyünə, dağılmazlığına inandığımız Sovetlər Birliyi rəhbərliyinin diqtəsi və dəstəyi ilə ilk kütləvi nümayiş başlandı. Hadisələrin ilk günlərindən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar, o cümlədən Qaradağlı sakinləri o yer qalmadı ki, öz haqq səslərini çatdırmasınlar. Lakin bu, heç bir nəticə vermədi. Çünki hələ də yuxudan ayılmırdıq. Hərdənbir səslənəndə deyirdilər ki, səs salmayın kimlərinsə xatirinə dəyər. Bəzi səsinə çıxaranları “ekstremist” damğası ilə günahlandırıb, susmağı tələb edirdilər. Nəticədə, kəndlər, şəhərlər bir-bir ermənilərə “hədiyyə” verildi.

Belə peşkəş edilmiş rayonlardan biri də Xocavənddir. Bu rayon qanlı müharibədə 145 nəfər şəhid vermişdir. Onlardan 13-ü qadın, 13-ü uşaqdır. 123 nəfər müxtəlif dövrlərdə girov götürülmüş, 57 nəfəri əsirlikdə öldürülmüş, 66-sı böyük çətinliklərlə azad edilmişdir. 70 nəfərə yaxın isə sağlamlığını itirərək əlil olmuşdur.

Xocavənd rayonunda ən çox itki verən, böyük döyüş yolu keçən kəndlərdən biri də Qaradağlıdır. Qaradağlılar dörd il öz evlərini tək-başına müdafiə etdilər, kəndin hər daşı, hər qayası uğrunda mərdliklə vuruşdular.

 

Qısa xronika

 

1. 24.11.1990-cı il: 3 nəfər azərbaycanlını Xocavənd– Xankəndi yolunun 6-cı kilometrliyində vəhşicəsinə güllələdilər. Sinələrinə isə güllə ilə xaç şəkli çəkmişdilər. Həmin hadisədən sonra kənd sakinləri Bakıya, Azərbaycan KP MK-ya müraciət etdilər. Heç bir tədbir görülmədi, yalançı vədlər verildi. Ardınca növbəti qanlı hadisə baş verdi.

2. 09.11.1991-ci il: Kəndə gələn “UAZ” markalı avtomaşın erməni quldurları tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Sonralar onlar aldıqları yaradan dünyalarını dəyişdilər.

3. 08.03.1991-ci il: Kəndin 3 kilometrliyində, fermada, Vərəndəli adlanan yerdə güclü atışma başlandı. Hadisə yerinə gələnlər qanlı terror hadisəsinin şahidi oldular. Fermada olan 6 nəfər diri-diri yandırılmışdı. Həmin qanlı terrorun qurbanları: Tağıyev Bakir, Məmmədov Tohid, Şirinov İltifat, Şirinova Qaragöz, Hüseynova Səbiqa və Hüseynova Məxmər idilər.

4. 8.09.91-ci il: Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd — Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusda olan 40 nəfər adamdan 2 oğlan, 6 qadın qətlə yetirildi, qalanları müxtəlif dərəcədə yaralandı və sonralar aldıqları yaradan vəfat etdilər. Yenə də kənd sakinləri respublikanın o zamankı başabəla rəhbəri Ayaz Mütəllibovun qəbuluna getdilər. Müsibət də elə həmin vaxtdan başladı. Cavabsız qalan ermənilər daha da azğınlaşaraq növbəti qanlı planları hazırladılar.

Həmin gün şəhid olanlar Quliyev Əloğlan, Quliyev Gündüz, Quliyeva Nazənim, Hüseynova Rahilə, Hüseynova Rəxşəndə, Hüseynova Qənirə, Hüseynova Gülzəndə, Babayeva Validə idilər.

5. 8.01.92-ci il: Əliyev Qasım və Gülverdiyev Məzahir qətlə yetirildi. Artıq Qarabağda təmizləmə işləri özünün son həddinə yaxınlaşırdı. Xocavənd, ardınca Malıbəyli işğal edildi. Hamıya aydın idi ki, növbəti qurban Qardağlıdır. Millət arabir danışıb susur, hökumət başının milçəyini qovur, cəbhəçilər isə kreslo həsrəti ilə xalqı Bakıya, meydana səsləyirdi. Düşmən çirkin niyyətlərini həyata keçirmək üçün yeni qurbanlar axtarırdı. Xocalı, Qaradağlı faciələri yaxınlaşırdı. Bütün yolları kəsilmiş Qaradağlıda 104 kənd sakini, 14 nəfər əsgərimiz son anlarını yaşayırdılar. Son döyüş 14 fevral 1992-ci ildə başladı — 17 fevral 1992-ci ildə başa çatdı.

Fevralın 14-də erməni quldurları xaricdən tutulmuş muzdlularla və Xankəndində olan Sovet ordusunun texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər. Az miqdarda adi silahlarla qaradağlılar 14 nəfər milli ordu döyüşçüsü ilə amansız və qeyri-bərabər savaşa girdilər. Artıq məsələnin sonluğu aydın idi. Kənd sakinlərinin qarşısında iki yol dururdu: şərəfli ölüm və ya təslim olma. Onlar birinciyə üstünlük verdilər. Şərəfli ölüm yolunu seçən qaradağlılar 4 gün, son patronları qurtarana qədər döyüşdülər.

 

Son döyüşün xronikası.

 

14.II.1992-ci ildə şəhid olanlar: Zeynalov Nobil, Hüseynov Xanalı, Həsənov Altay və Dadaşov Manaf idilər.

15. II.1992-ci ildə şəhid olanlar: Hüseynov Əsgər, Bayramov Rəşid, Rüstəmova Zivər.

16–17.II.92-ci ildə şəhid olanlar: Bayramov Arif, Dadaşov Eldar, Hüseynov Şahmurad, Hüseynov Dəmir, Hüseynov Fədail, Kərimov Əliqismət, Doluxanov Rəhim (7 nəfər).

“Bəylik bağı” adlanan yerdə vəhşicəsinə güllələnənlərin, əksəriyyətini yaralı halda, diri-diri “silos” quyusuna tökərək üstlərini torpaqladılar. Bu hadisə həmin gün təsadüfən sağ qalan Hüseynov Vidadinin gözləri qarşısında baş vermişdir. Hadisənin dəhşəti o deyildi ki, ermənilər onları güllələyirdilər, dəhşət idi ki, bir-birinin gözləri qarşısında ata, oğul, qardaş güllələnirdi, qalanlar onları görür və ölmək istəyirdilər. Lakin acı ölümü də namərd düşmən onlara qıymır, sağ saxladıqlarını ömürlük əzaba düçar edirdilər. İnsanların unuda bilməyəcəyi bu hadisələri xatırladıqca gözlərimiz qarşısına misilsiz bir cinayət səhnəsi gəlir.

Həmin gün təsadüfən sağ qalanları, yaralananları Xankəndinə apardılar. Onlar aşağıdakılardır: Tağıyev Telman, Tağıyev Faiq, Məmmədov Ədalət, Məmmədov Məmməd, Məmmədov Ərəstun, Hüseynov Föhruz, Hüseynov İbiş, Quliyev Nəbi, Əliyev Xalid, Nağıyev Avtandil, Hüseynov Niftali, Rəhimov Məhi, Dadaşov Uğur, Vəliyev Mobil, Mustafayev Qərib, Kazımov Nəsimi, Tağıyev Zahir, Hüseynov Nahid, Əzizov Alov, Əzizov Atəş, Mustafayev Talıb, Əliyev Zahid, Quliyev Mirzəli (23 nəfər).

Zəki bulağında şəhid olanlar: Abbasov Səlvər, Bayramov Elmidar.

Girovluqda olarkən ermənilər tərəfindən əzab və işgəncə verilərək amansızlıqla qətlə yetirilənlər: Hüseynov İmran, Şirinov Böyükkişi, Tağıyev Kamil, Vəldiyev Fazil, Quliyev Əlaslan, Hüseynov Şura, Nəzərov Şura, Quliyev Kamal. (8 nəfər)

Taleyi indiyədək naməlum olanlar: Əliyev Vətən, Axundov Hafiz, Dadaşov Mikayıl, Hüseynov Əbülfət, Vəliyev Füzuli (5 nəfər).

Müxtəlif dövrlərdə şəhid olanlar: Kazımov Səlim, Tağıyev Elsevər, Süleymanov Elçin, Əzizov İltifat (4 nəfər).

Əsir götürülənlərin əksəriyyəti Xankəndi və Əsgəran şəhərlərində 2 aydan artıq əsirlikdə qaldıqları müddətdə onlara verilən ağır işgəncə və əzabların, keçirdikləri sarsıntıların nəticəsi olaraq azad olunduqdan sonra müxtəlif vaxtlarda vəfat etmişlər. Onlar aşağıdakılardır: Şirinov Familət, Hüseynov Zülümxan, Quliyev Yusif, Əmirxanova Minayə, Hüseynova Sitarə, Həsənov Məhəmməd, Xəlilov Vaqif, Məmmədov Şəmil, Tağıyev Sərdar, Tağıyev Əvəz, Hüseynova Mirvari, Tağıyeva Güllər, Babayev Cavanşir, Babayev İsa, Sadıqova Mina.

Bəli, bütün bunlar Qarabağ dərdli məmləkətimizin kiçik bir dağ kəndində baş verən qanlı faciələrin yalnız bir hissəsidir. Böyük faciələrlə, əzab və itkilərlə rastlaşsalar da qaradağlılar sınmadılar, əzilmədilər, həyatın ağır və çətin sınaqlarına mərdliklə dözdülər. Əvvəllər respublikamızın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış Qaradağlı sakinləri gözlərinin yaşını sildilər, qəddlərini düzəltdilər, yaşadılar. Onlar gücləri çatan işdən yapışdılar, ayaqlarını torpağa daha möhkəm dirədilər. İndi onların, demək olar ki, hamısı 500 ailəlik hər cür şəraiti olan qəsəbədə məskunlaşmışlar.

Bütün qaçqın və məcburi köçkünlər kimi, Qaradağlılar da ata-babalarının ruhu dolaşan müqəddəs torpaqlarımıza, yurd yerlərimizə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu inam və ümidi onlara verən isə ölkə Prezidenti İlham Əliyevin düzgün və qətiyyətli daxili və xarici siyasət xətti, diplomatik səyləri, yorulmaz fəaliyyətidir. Ölkə rəhbərinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və məşğulluğunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər, imzaladığı fərman və sərəncamlar onların problemlərini ardıcıl olaraq yoluna qoyur, haqlı minnətdarlıq duyğuları oyadır. Təkcə belə bir faktı göstərək ki, ölkəmizdə çadır şəhərcikləri müasir tipli, yaraşıqlı qəsəbələrlə əvəz edilməşdir. Əmək qabiliyyətli əhalinin müvafiq işlə təmin edilməsi sahəsində də əsaslı tədbirlər işlənib həyata keçirilmiş, müxtəlif təyinatlı müəssisələr tikilib istifadəyə verilmişdir.

İndi tarixin elə bir məqamı gəlib çatıb ki, ölkəmizin artan beynəlxalq nüfuzu, iqtisadiyyatın sürətli inkişafı, nəhayət, dünyanı həqiqətləri qəbul etməyə məcbur edir. Bu həqiqət isə ondan ibarətdir ki, Qarabağ erməni quldurlarından təmizlənməli, tarixi ədalətsizliyə son qoyulmalı, haqq-ədalət bərpa olunmalıdır. Erməni tərəfi bu aşkar həqiqəti nə qədər tez dərk etsə o qədər yaxşıdır. Yox, əgər onlar haqq-ədalət yoluna gəlməsələr, o zaman hər bir azərbaycanlı kimi, Qaradağlı sakinləri də yaşından və sənətindən asılı olmayaraq əlinə silah alıb doğma torpaqlarını azad etməyə qalxacaqlar.

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı 

 

Xalq qəzeti.-2009.-21 fevral.-S.6.