2008-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuşdur

 

Bu gün inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və analoqu olmayan iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri sırasındadır.

Artıq Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə keçmişdir. Müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadiyyat olmaqla yanaşı, ümumi daxili məhsulun artım tempinə görə dünyada birinci yerdədir. Bu gün iqtisadi inkişaf göstəriciləri ilə nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına qoşulan Azərbaycan Respublikasında əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilməkdədir. “Biz xalqın xidmətçiləriyik” deyən ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə, ölkədə insan azadlığının, davamlı inkişafın və sosialyönümlü iqtisadiyyatın formalaşmasına hesablanmış məqsədyönlü fəaliyyətdir.

Son dövrlər ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar da düşünülmüş fəaliyyətin nəticəsidir. Azərbaycan dövlətinin əldə etdiyi inkişaf artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. Nəzərə alsaq ki, dünyanın iri dövlətləri kainatı bürüyən maliyyə böhranından sarsılırsa və bu böhran Azərbaycan iqtisadiyyatına, xalqın sosial həyatına elə bir təsir göstərə bilmirsə, onda əminliklə deyə bilərik ki, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanın uzaq gələcəyə hesablanmış inkişaf strategiyası müasir dünya reallığından doğan tələblərə cavab verən bir formada uğurla davam etdirilir, eləcə də müstəqil dövlətimizin və xalqımızın maraqlarına tam cavab verir. Qazanılan uğurları, əldə edilən nailiyyətləri, ölkədə həyata keçirilən irimiqyaslı tikinti-quruculuq işlərinin nəticələrini əsaslandırmaq üçün 2008-ci ilin yekunlarına dair statistik məlumatlara nəzər salaq.

2008-ci ili yekunlarına dair müşavirədə də səsləndiyi kimi, ötən il dünya tarixinə maliyyə və iqtisadi böhran ili kimi düşsə də, Azərbaycan Respublikası üçün növbəti uğurlu il olmuşdur. Belə ki, yola saldığımız il ərzində ölkə iqtisadiyyatının inkişafını xarakterizə edən makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı 11 faizdən çox və ya 3,6 milyard manatdan çox artaraq 34,7 milyard manata çatmışdır. İl ərzində yaradılan əlavə dəyər məhsul istehsalı sahələrində 73 faiz, xidmət sahələrində 19,5 faiz, məhsula və idxala xalis vergilər üzrə 7,5 faiz artmışdır. Eyni zamanda, ümumi daxili məhsulun 60,3 faizi sənaye sahələrinin, 7,3 faizi tikintinin, 5,4 faizi aqrar sahə, ovçuluq və meşə təsərrüfatının, 5,5 faizi nəqliyyatın, 5,8 faizi ticarət və pullu xidmət sahələrinin, 1,6 faizi rabitənin, 6,6 faizi isə digər sahələrin hesabına əldə edilmişdir. İl ərzində adambaşına düşən ümum daxili məhsulun miqdarı 4051,5 manat və ya 4922,3 ABŞ dolları təşkil etmişdir ki, bu da 2007-ci ilin müvafiq göstəricisindən 10,3 faiz çoxdur.

Məlumdur ki, hər bir ölkənin inkişaf səviyyəsini xarakterizə edən göstəricilərdən biri də sənaye istehsalının həcmidir. Azərbaycan Respublikasında ümumi daxili məhsulun formalaşmasında aparıcı rol oynayan sənaye sahələrində məhsul istehsalı keçən illə müqayisədə 6,8 faiz artmışdır. Statistik məlumatlara əsasən 2008-ci ildə sənaye məhsulunun 77,5 faizi və ya 20,7 milyard manatı mədənçıxarma bölməsində, 18,1 faizi və ya 4,8 milyard manatı emal bölməsində, 4,4 faizi və ya 1,2 milyard manatı elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunmuşdur. Bu isə mədənçıxarma bölməsində məhsul istehsalının 6,2 faiz artımı deməkdir ki, burada da müvafiq olaraq neft hasilatı 5,5 faiz, qaz hasilatı 52,1 faiz, digər faydalı qazıntılar hasilatı 22,8 faiz artmış və il ərzində 40,9 milyon ton neft, 14,6 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Analoji olaraq, emal bölməsində məhsul istehsalı 8 faiz, o cümlədən qida məhsulları istehsalı 0,6 faiz, neft məhsulları istehsalı 8,4 faiz maşın və avadanlıqlar istehsalı 10,1 faiz artmışdır.

İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18,1 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da 8,8 faiz artım deməkdir. Göründüyü kimi, 2008-ci il sənaye sektoru üçün uğurlu olmuş və əvvəlki illərdə əldə edilmiş naliyyətlər ötən ildə də davam etdirilmişdir.

Dünya təcrübəsi sübut edir ki, bütün tarixi dövrlərdə dünyanı, eləcə də ayrı-ayrı dövlətləri narahat edən ciddi problemlərdən biri də ərzaq çatışmazlığıdır. Eyni zamanda, sürətli iqtisadi inkişaf yolunda olan, əldə edilmiş inkişafı davamlı iqtisadi inkişafa çevirmək məqsədi ilə vaxtaşırı olaraq genişəhatəli tədbirlər planı qəbul edilən və həyata keçirilən Azərbaycan Respublikasında da əsas məsələlərdən biri də əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, istehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək, bir sözlə, ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu baxımdan ölkə başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda cəmiyyəti narahat edən aktual problemlərin həlli nəzərdə tutulmuşdur və proqram davamlı inkişafın təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Proqramda ölkədəki makroiqtisadi göstəricilərin mövcud vəziyyəti və artım dinamikası, torpaq, su və s. kimi təbii resurslardan istifadənin müasir vəziyyəti, bitkiçilik və heyvandarlıq məhsullarının istehsal və emal edilməsi imkanları, aqrar sektor üçün kadr hazırlığı və bu sahədə fəaliyyət göstərən elmi müəssisələrin mövcud vəziyyəti, ərzaq məhsulları istehsalının infrastruktur təminatı və digər məsələlər ətraflı təhlil edilmişdir. Təhlilin nəticələri belə qənaətə gəlməyə əsas verir ki, bu sahədə mövcud potensialdan tam və səmərəli istifadəyə hələ nail olunmamışdır. Başqa sözlə desək, inkişaf üçün potensial tükənməmişdir, sadəcə bu sahədə müəyyən təkmilləşdirici tədbirlər həyata keçirməklə mövcud potensialı hərəkətə gətirmək lazımdır.

Qəbul edilən proqramdan da göründüyü kimi, ərzaq təhlükəsizliyini təmin etməyin başlıca yolu kənd təsərrüfatını inkişaf etdirməkdən ibarətdir. 2008-ci ilin statistik göstəriciləri Azərbaycanda aqrar sektorun da dinamik inkişaf etdiyini təsdiq edir. Belə ki, aqrar bölmədə dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2497,9 min ton taxıl, 1076,9 min ton kartof, 1203 min ton tərəvəz, 52,7 min ton pambıq, 698,1 min ton meyvə və giləmeyvə, 407,6 min ton bostan məhsulları, 108,9 min ton üzüm, 166,4 min ton şəkər çuğunduru, 2,5 min ton tütün, 307,4 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 277,5 min ton ət, 1268,8 min ton süd, 906,1 milyon ədəd yumurta və 14,3 min ton yun istehsal olunmuşdur. Tərəvəz, bostan məhsulları, pambıq, tütün və yaşıl çay yarpağı istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 7,5 faiz, heyvandarlıq məhsulları istehsalı 3,9 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6,2 faiz artmışdır. 2009-cu ilin məhsulu üçün 1 milyon hektardan çox şum qaldırılmış, təxminən 1 milyon hektar sahəyə buğda və arpa səpilmişdir. Bütün bunlar isə həm ötən ilin, həm də bu ilin aqrar sektor üçün uğurlu olacağını deməyə əsas verir.

Təbii ki, istənilən sahənin inkişaf etdirilməsi müəyyən maliyyə təminatı tələb edir. Başqa sözlə desək, həyata keçirilən layihələrin və tədbirlərin maliyyə təminatı nə qədər güclü olarsa, əldə edilən nəticə də bir o qədər uğurlu olar. 2008-ci il ərzində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard manat həcmində investisiya yönəldilmiş, 4,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Keçən illə müqayisədə istifadə olunmuş investisiyanın məbləği 38,8 faiz, tikinti-quraşdırma işlərinin həcmi 56,2 faiz artmışdır. Əsaslı vəsaitin 74,3 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisini 74,6 faiz üstələmiş, xarici investisiyanın həcmi isə 12,8 faiz azalmışdır. İstehsal təyinatlı obyektlərin inşasının aparılmasına investisiyanın 74,3 faizi, yaxud 5,9 milyard manat sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş sərmayənin 47 faizini müəssisə və təşkilatların vəsaitləri, 40 faizini büdcə vəsaitləri təşkil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci il də genişmiqyaslı tikinti- quruculuq işləri ilə yadda qalmışdır. Bu il də milli iqtisadiyyatın müxtəlif sahələrində infrastruktur sahələrin yenidən qurulması istiqamətində geniş əhatəli tədbirlər həyata keçirilmişdir. Belə ki, ilin əvvəlindən ümumi sahəsi 1259,9 min kvadratmetrə bərabər yaşayış evləri, 60575 şagird yerlik ümumtəhsil məktəbləri, 237 çarpayılıq xəstəxana, növbədə 628 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 3835 yerlik məktəbəqədər uşaq müəssisəsi, 840 yerlik klub, Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və Qusar rayonlarında Olimpiya idman kompleksləri, Bakı şəhərində məişət soyuducuları zavodu, pambıq emalı fabriki, metronun “Nəsimi” stansiyası, Zaqatala və Lənkəranda hava limanları, Şamaxı şəhərində məişət soyuducuları zavodu , Bərdə rayonunda asfalt-beton, Qazax rayonunda bentonit gili, Sabirabad rayonunda sement, Kürdəmir rayonunda konserv, Qəbələ, Lənkəran və Biləsuvar rayonlarında süd emalı, Saatlı rayonunda biyan emalı, Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı və pendir istehsalı sexləri, Lənkəran rayonunda uşaq sağlamlıq və “Qafqaz” turist istirahət mərkəzləri, Gəncə, Qazax, Qəbələ və Zaqatalada müalicə diaqnostika mərkəzləri, Balakən rayonunda avtovağzal binası və s. istismara verilmişdir. Bütün bunlar il ərzində aparılan tikinti işlərinin bir qismidir.

Son illər ölkənin iqtisadi inkişafı nəqliyyat sektorunda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, hazırda Azərbaycan Respublikasında nəqliyyat sektorunun müasir səviyyədə qurulması, infrastruktur sahələrin təkmilləşdirilməsi, yeni yolların və yol ötürücülərinin tikintisi istiqamətində iri beynəlxalq, regional və yerli layihələr həyata keçirilməkdədir. Respublikamızda magistral avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması, qədim İpək Yolunun bərpası, regionlarda beynəlxalq səviyyəli hava limanlarının inşası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisinə başlanılması, paytaxtımızda bir-birindən yaraşıqlı, möhtəşəm körpülərin və digər yol ötürücülərinin istifadəyə verilməsi nəqliyyat sektorunun imkanlarını xeyli genişləndirmişdir.

Ölkəmizin nəqliyyat sektorunda müsbət dəyişikliklərin əsası, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilən Qədim İpək yolunun bərpasına həsr edilmiş beynəlxalq konfransla qoyulmuşdur. Həmin dövrdən başlayaraq həyata keçirilən ardıcıl tədbirlər nəticəsində respublikamızda tranzit və yerli yük daşımalarının həcmi dəfələrlə artmışdır. Araşdırmalar göstərir ki, 1998-ci ildən təməli qoyulmuş inkişaf sonrakı dövrdə də uğurla davam etdirilmişdir. Hazırda isə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində məqsədli olaraq həyata keçirilən iqtisadi islahatların nəticələri, əhalinin maddi-sosial vəziyyətinin ilbəil yaxşılaşması, nəqliyyat vasitələrinin sayının artması, iri şəhərlərdə (Bakı, Sumqayıt, Gəncə və s.) əhali sıxlığının yüksəlməsi və bir çox digər səbəblər nəqliyyat sisteminin və onun infrastruktur sahələrinin müasir tələblərə uyğun təkmilləşdirilməsini zərurətə çevirmişdir. Bu sahənin inkişaf etdirilməsi istər ekoloji, istər hərəkətin təhlükəsizliyi, istərsə də yük və sərnişin daşımalarının rahatlığı üçün, eləcə də Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq daşıma standartlarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu baxımdan ölkəmizin bütün ərazisində, xüsusən də Bakı şəhərində infrastruktur sahələrin, o cümlədən yol-nəqliyyat infrastrukturlarının inkişaf etdirilməsi çox aktual bir problemdir. Bütün bu fikirilər 16 yanvar 2009-cu il tarixdə ötən ilin yekunlarına dair müşavirədə də bir daha səsləndi. Çıxış edənlər milli iqtisadiyyatın tikinti, nəqliyyat və s. kimi infrastruktur sahələrinin inkişaf etdirilməsinin məşğulluğun təmin olunması və sahibkarlığın inkişafı baxımından zəruri olduğunu bildirdilər. Eyni zamanda, müşavirədə milli iqtisadiyyatın ayrı-ayrı sahələrini, dünyada baş verən böhrandan qorumaq məqsədilə lazımi maliyyə yardımlarının edilməsi, güzəştli və uzunmüddətli kreditlərin verilməsi və s. təkliflər də səsləndirildi ki, bu da bütünlükdə Azərbaycan dövlətinin, öz qabaqlayıcı tədbirləri ilə buna hazır olduğunu bir daha sübut edir.

 

(ardı var)

 

Aqil ƏSƏDOV,

AMEA-nın İqtisadiyyat İnstitutunun

 böyük elmi işçisi, iqtisad elmləri

 namizədi

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.2.