Gəncə – yeni həyatını yaşayan şəhər

 

Gəncə haqqında, onun dünəni, bu günü, sabahı haqqında yazı hazırlamaq mənim üçün həm asandır, həm də bir qədər çətin. Ona görə asandır ki, böyüyüb boya-başa çatdığım, 80-ci illərdə ideoloji sahəyə rəhbərlik etdiyim bu şəhərdə adamların əksəriyyətini tanıyıram, onların iş və fərdi keyfiyyətlərinə az-çox bələdəm. Bölgə müxbiri kimi heç bir çətinlik çəkmədən istənilən müəssisə və təşkilat rəhbəri ilə əlaqə yaratmaq, lazımi faktlar əldə etmək də yuxarıda qeyd etdiyim həmin “asanlıq” anlamına daxildir. Görünür bu səbəbdən şəhər icra hakimiyyəti aparatına çox nadir hallarda müraciət edirəm. Dəqiq desəm, vaxtlarını almaq istəmirəm. Yeri gəlmişkən qeyd edim ki, şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov çox işgüzar, operativ, nizam-intizamlı bir aparat formalaşdıra bilmişdir. O ki qaldı başçı ilə görüşüb söhbət etmək, bu da problem deyil. Hətta işinin ən çox olduğu vaxtlarda belə, müraciətimizi cavabsız qoymayıb, müsahibə verib, həyata keçirilən tədbirlər, gələcək planları barədə danışıb.

Amma son bir ildə görüşməmişik. Çünki buna sadəcə ehtiyac olmayıb. Gəncədə son illər görülən iri miqyaslı geniş abadlıq-quruculuq işləri, küçələrin asfaltlaşdırılması, yeni çoxmərtəbəli binaların inşası, digər sosial obyektlərin tikintisi hər kəsin gözü qabağında baş verir. Özü də hamısı aşkarlıq şəraitində. Əhalidən heç nə gizlədilmir, ayrı-ayrı təşkilat rəhbərləri vaxtaşırı hesabat verirlər. Elə ay yoxdur ki, şəhərin müxtəlif məhəllələrində “açıq mikrofon” günləri keçirilməsin. Bəzən 4-5 min nəfərin yaşadığı bir yer əsl müzakirə, diskussiya, sorğu-sual məkanına çevrilir. Maraqlıdır ki, elə həmin gün çox gözəl idman qurğusu və ya park, xiyaban istifadəyə verilir. İndiyədək şəhərin müxtəlif yaşayış sahələrində hər cür avadanlığı, süni və ya təbii yaşıl örtüyü olan onlarla idman meydançası yeniyetmə və gənclərin ixtiyarına buraxılmışdır.

Son vaxtlar Gəncə haqqında yazmaq mənim üçün ona görə bir qədər çətinləşib ki, şəhərin rəhbərliyi tədqiqatçı alimlərin, tarixçilərin, ziyalıların köməyi ilə Gəncənin yaşını, keçmişini ortaya qoyub. Çox böyük zəhmət, vətənpərvərlik hesabına, qədim Nizami yurdunun yaşı haqqında uzun illər idi söhbət gedirdi. Hamı deyirdi ki, qədim şəhərdir, eramızdan əvvəl yaranıb. Amma bir var bunu sadəcə danışasan, bir də var konkret tarixi sənədlərlə sübut edəsən. Şəhər rəhbərliyinin ən böyük xidmətlərindən biri bax bu oldu! Ona görə də nəinki bu sətirlərin müəllifi, həm də digər həmkarlarım şəhərin keçmişi haqqında danışanda gərək yüz ölçüb bir biçsin. Hər cümlənin, ifadənin, deyim tərzinin qoyuluşuna fikir versin. Axı biz mənfur qonşumuzdan fərqli olaraq tarixi saxtalaşdırmırıq, özümüzdən ayrı-ayrı şəhərlərə yaş uydurmuruq. Nə var göz qabağındadır, arxivlərdədir, tarixi sənədlərdədir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Gəncə şəhərinin tarixi” kitabının giriş məqaləsində çox haqlı olaraq Gəncəni “Tariximizə işıq tutan şəhər” adlandırır və yazır: “Gəncə müqəddəs ”İmamzadə" kompleksidir, Şah Abbas meydanıdır, Narınqala və Sərdar bağıdır, Uğurlu bəy karvansarasıdır, Bağmanlardır, Cümə məscididir, 1063-cü ildə azərbaycanlı usta İbrahim ibn Osmanın hazırladığı və bir tayının guya hərbi qənimət kimi Gürcüstanın Gelati monastrında saxlanılan Gəncə qalasının dəmir darvazasıdır...

Gəncə Kəpəzdir, göllər gözəli Göy göldür. Gəncə dahi Azərbaycan şairi Nizami Gəncəvidir, unudulmaz Mirzə Şəfi Vazehin nəğmələridir, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovdur..." Çox dəqiqliklə deyilib. Yəni bunlar elə faktlardır ki, Gəncənin 2500-dən çox yaşının olması heç kimdə şübhə oyada bilməz!

 

Ulu öndər Gəncənin inkişafını əsas vəzifələrdən biri hesab edirdi...

 

Artıq X-XI əsrlərdə Gəncə iqtisadi və mədəni cəhətdən çox qüdrətli bir şəhərə çevrilmişdi. Onun şöhrəti Hindistana, Çinə qədər bütün Şərqə yayılmışdı. Həmin dövrdə 300 min əhalinin yaşadığı Gəncənin sağ sahil hissəsi hasarla, sol sahil hissəsi isə su doldurulmuş dərin xəndəklərlə mühafizə olunurdu. Sonrakı dövrlərdə şəhərdə mükəmməl kanalizasiya sisteminin, küçələrin kənarında səliqə ilə çəkilmiş arxların olması da orta əsrlərdə Gəncənin öz inkişafının sivil dövrünü yaşadığını göstərir.

Gəncənin yüksək sürətlə inkişafı çoxlarını narahat edib və şəhər daim hücumlara məruz qalıb. Bir fikir verin. Xəzərlər, ərəblər, salarilər, şəddadilər, səlcuqlar, eldəgizlər, gürcü çarları, monqollar, ruslar... Amma şəhər müxtəlif dövrlərdə darmadağın edilsə də daim sınaqlardan üzüağ çıxıb və yenidən inkişaf edib. Təsadüfi deyil ki, Azərbaycan Demokratik Cümhuriyyətinin ilk paytaxtı məhz Gəncə şəhəri olub. Bu şəhər təsadüfən mərkəz seçilməyib. Hələ XI-XII əsrlərdə Atabəylər və Şəddadilər dövlətinin paytaxtı olub. Hətta çox sonralar qüdrətli, güclü Gəncə xanlığının yaranması da bu yerlərin kifayət qədər dövlətçilik ənənəsinin olmasından xəbər verir.

Gəncənin ən yüksək inkişaf dövrlərindən biri ötən əsrin 70-80-ci illərinə təsadüf edir ki, bu da ulu öndər Heydər Əliyevin qədim şəhərə hədsiz məhəbbət və qayğısının nəticəsidir: “Mən Azərbaycana rəhbərlik etdiyim dövrdə 1969-cu ildən başlayaraq Gəncə şəhərinin inkişafını əsas vəzifələrimdən biri hesab etmişdim”.

Gəncə ümummilli liderimizin fəaliyyəti dövründə tanınmaz dərəcədə dəyişdi. İqtisadiyyat xeyli gücləndi. Yeni fabrik və zavodlar tikildi. Heydər Əliyev mərkəzdəki nüfuzundan istifadə edərək Bakıda, o cümlədən Gəncədə yeni sənaye müəssisələrinin salınmasına nail olurdu. Şəhər əhalisinin mənzil təminatı durmadan yaxşılaşırdı. Yeni elm, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Şəhərin qədim tarixi memarlıq abidələri bərpa olunurdu. Təsadüfi deyildi ki, 1993-cü ilin o ağır iyun günlərində Heydər Əliyevi Gəncədə yüz minlərlə adam gül-çiçəklə, ehtiramla qarşıladı. Təkcə ona görə yox ki, on ildən artıq idi sevimli, əziz bir adamı yaxından görə bilmirdilər. Adamlar həm də ona görə sevinirdilər ki, Heydər Əliyev onların köməyinə gəlmişdi. Şəhərdə qardaş qanı tökülmüşdü, Azərbaycanda vətəndaş müharibəsi başlayırdı. Yalnız Heydər Əliyevin cəsarətli addımları, qəbul etdiyi qərarlar, konkret tədbirlər vəziyyəti nizama saldı.

...Ulu öndərin Gəncəyə sonuncu gəlişi 2002-ci ilin sentyabrına təsadüf etdi. O, şəhərdə görülən işlərdən bütövlükdə narazı qalmışdı. Şəhər icra hakimiyyətinin böyük iclas zalında keçirdiyi müşavirə zamanı dediyi sözlər indi də qulaqlarımda səslənir: “Bu nə şəhərdir saxlayırsınız...” Ulu öndərin belə deməyə haqqı var idi. Çünki bu şəhərin hər qarış torpağında onun əməyinin izi vardı...

 

Şəhər necə dəyişdi...

 

2003-cü ilin aprelində şəhər rəhbərliyi dəyişdirildi və Gəncənin yeni inkişafı başlandı. Bu günlərdə şəhərin demək olar ki, hər yerini bir daha başdan-başa gəzdim və fikirləşdim ki, kaş ulu öndər sağ olaydı, bütün bunları öz gözləri ilə görəydi. Əslində Heydər Əliyevin arzuları həyata keçib və Gəncə çox qısa vaxt ərzində tanınmaz dərəcədə dəyişib. Şəhərin küçə və prospektləri, ayrı-ayrı məhəllələri başdan-başa asfaltlaşdırılıb. Park və xiyabanlar səhərdən axşamadək adamlarla dolu olur. Çünki istirahət üçün hər cür şərait yaradılıb. Gəncə başdan-başa yaşıllıqlar şəhərinə çevrilib. Yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət obyektləri ikinci həyatını yaşayır. Şəhərdə bir-birinin ardınca o qədər yeni sosial-məişət obyektləri tikilib istifadəyə verilib ki, sadalamaqla qurtaran deyil.

Yuxarıda qeyd etdik. Gəncənin tarixinin yaşadılması, milli-memarlıq ənənələrinin qorunub saxlanması, tarixi abidələrin bərası ön plana keçib. Şəhərin özünün emblemi də təsdiq olunub. Həmin emblem günəş, ay və səkkizguşəli ulduzdan ibarətdir ki, bu da yadelli işğalçılara qarşı mərdliklə vuruşmuş və 1804-cü ildə qəhrəmancasına həlak olmuş Gəncə hökmdarı Cavad xanın bayrağının üstündə olan emblemin analoqudur. 2004-cü il yanvarın 4-də şəhərdə Cavad xanın ölümünün 200 illiyi qeyd olundu və bir qədər sonra burada onun möhtəşəm, çox orijinal bir abidəsinin açılışı oldu. İndi neçə illərdir yanvar ayında Gəncənin qəhrəmanlıq simvolu olan Cavad xanın abidəsi önünə on minlərlə şəhər sakini toplaşır, burada açıq havada teatrlaşdırılmış səhnələr göstərilir, gənclər and içir. Bax, əsl vətənpərvərlik tərbiyəsi budur! Qədim Gəncə ərazisində XII əsrin abidəsi hesab edilən, tarixi şəxsiyyət kimi gəncəlilərin yaddaşında yaşayan “Comərdi-qəssab”ın da qəbirüstü abidəsi beləcə bərpa olundu. Heç yadımdan çıxmır, həmin günlərdə AXC, Müsavat qəzetlərində “Eldar Əzizov qəssaba abidə tikdirir”, “İcra başçısı adi qəssaba türbə qoydurur” və bu kimi başlıqlı yazılar dərc olunurdu. Əslində bu “vətənpərvərlər” “adi qəssab” deməklə özləri özlərini biabır edirdilər, çünki nə tariximizi bilir, nə də öyrənmək istəyirdilər. Ona-buna qara yaxmaq isə peşələridir. Maraqlıdır ki, icra hakimiyyətinin başçısı o zaman onların heç birinə cavab vermədi. “...Karvan keçər” misalını yada saldı və bir qədər sonra yuxarıda adını çəkdiyim möhtəşəm Gəncə qalası və onun dəmir darvazası şəhərin giriş hissəsində bərpa olundu. Burada da tez-tez kütləvi tədbirlər olur, şəhərə gələn qonaqlar heyranlıqla 10 əsr qabaq azərabycanlı usta İbrahim ibn Osmanın hazırladığı dəmir darvazanın oxşarına baxırlar.

Müasir tikililərin sayı getdikcə artır. Çoxmərtəbəli, özü də biri digərinə bənzəməyən “göydələnlər” Gəncəni həm də müasir bir şəhərə çevirir. Bir neçə il qabaq şəhərdə ilk hündürmərtəbəli bina ucaldılanda bəziləri “Gəncədə ona ehtiyac yoxdur, alan olmayacaq” deyirdi. Amma indi belə binalardakı mənzillərə tələbat hər gün, hər saat artır. Onların tikintisinə ciddi nəzarət var. Şəhər icra hakimiyyətində və memarlıq şöbəsində yaradılmış komissiyalar bəzən kiçik bir elementin də müzakirəsini aparırlar. Gərək elə tikilsin ki, heç nəyə xələl gəlməsin, özündə milli-memarlıq ənənələrini yaşatsın, yaşıllığa toxunulmasın.

Ümumiyyətlə, Gəncənin hər bir küçəsi, meydanı, obyekti yenidən qurulmazdan, təmir edilməzdən əvvəl dönə-dönə müzakirə olunur, mütəxəssislərlə, şəhər sakinləri, ziyalılarla məsləhətləşmələr aparılır. Məsələn, ötən əsrin ortalarında tikilmiş mərkəzi kolxoz bazarının yanından keçmək mümkün deyildi. Şəhərdə əməlli-başlı tıxac yaranırdı, natəmizlik hökm sürürdü. Biz də bu barədə “Gəncə bazarlarının adı qalıb” sərlövhəli tənqidi yazı ilə çıxış etmişik. O zaman şəhər icra hakimiyyətinin başçısı həm ictimaiyyətin rəyinə, həm də həmin yazıya ciddi reaksiya verdi, şura iclasında müzakirə etdi. Tezliklə bazarda abadlıq, yenidənqurma işləri aparıldı, bazarı bir qədər geri çəkdilər, Əttarlar küçəsi genişləndirildi. İndi gediş-gəliş də asanlaşıb, alış-veriş edənlərə şərait yaradılıb.

Eyni şərait “Qatır Məmməd” deyilən ərazidə məskunlaşan, göy çadırlarda, hər cür natəmizlikdə yarmarka açanlar üçün də yaradıldı. İlk vaxtlar narazılıq edənlərdən indi minnətdarlıq məktubları daxil olur. Yeni Gəncədə olanlar üçün tikilmiş təzə yarmarkada hər cür şərait var. Xətai prospektindəki primitiv yarmarka da köçürülüb.

Uzunluğuna və genişliyinə görə şəhərin ən böyük prospekti olan Heydər Əliyev prospektini də tanımaq olmur. Bu prospektdə onlarla ticarət, ictimai iaşə obyektləri, yaşayış evləri və sair var. Şəhər icra hakimiyyətinin təşəbbüsü və həmin obyekt sahiblərinin iştirakı ilə 5 kilometrlik prospekt öz görkəmini tamamilə dəyişib. Bir obyekt digərinə bənzəmir. Hamısı zövqlə, xüsusi materiallarla yenidən işlənib. Baxdıqca doymaq olmur. Şəhər sakinləri deyirlər ki, ulu öndərin adına olan prospekt belə olmalıdır. Hələ harasıdır, bundan sonra daha gözəl olacaqdır.

 

Yaşıllıq, təmizlik olan yerdə

 

Bir-birindən gözəl o qədər yeni park və xiyabanlar salınıb ki, bilmirsən hansını gəzəsən. “Xan bağı” ikinci həyatını yaşayır. Cüyürü, ceyranına kimi var. Qəmbər Hüseynli parkı, Yeni Gəncə, Gülüstan yaşayış sahələrindəki parklar, Heydər Əliyev parkı və neçə-neçə park və xiyabanlar yüksək zövqlə bərpa olunub və ya yenisi salınıb.

Şəhərin müxtəlif yerlərində nəfis şəkilli məişət tullantıları qablarının üzərinə yazılmış “Gəncəni sevən kəs onu təmiz saxlar” sözləri hər bir sakini sanki səfərbər edir, onun məsuliyyətini artırır. Şəhər isə doğrudan da təmizdir. Yeni, müasir maşınlar alınıb gətirilib. Səhərin gözü açılmamış artıq bir yerdə də tullantı görmək mümkün deyil.

Mərkəzi meydandan isə xüsusi danışmağa dəyər. Ulu öndərin adını daşıyan meydan çox əzəmətlidir. Axşamlar burada adam əlindən tərpənmək olmur. Ən kütləvi tədbirlər burada keçirilir və bəzən meydana az qala 60-80 min nəfər adam yığışır. Musiqili fəvvarə sakinlərə xüsusi zövq verir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda ilk musiqili fəvvarə Gəncədə qurulub. Elə ilk “şəhər günü” keçirmək təşəbbüsü də Gəncədən başlanıb. Azərbaycanın regionlarında ilk beşulduzlu mehmanxana da Gəncədə ucaldılıb. Bunları deməkdə məqsədimiz odur ki, öz tarixi ənənələri olan qədim şəhərdən görüb-götürməyə dəyər və öyrəniləsi, təcrübə mübadiləsi aparılmalı çox şey var.

 

“Bu işlərin hamısı möhtərəm Prezidentimizin köməyi, qayğısı sayəsində mümkün olub”

 

Yarımsərlövhəyə çıxardığım sözlər şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova məxsusdur. Harada söhbət düşür, belə deyir. Əslində son 5 ildə Azərbaycan Prezidenti İlham Əliyevin 8 dəfə Gəncədə olması başçının dediyi sözlərin birbaşa təsdiqidir. Görün ölkə Prezidentinin xeyir-duası ilə son illər Gəncədə neçə-neçə obyekt istifadəyə verilib. Aeroport, diaqnostika mərkəzi, qənnadı fabriki, gil-torpaq kombinatının yeni korpusu, digər sosial obyektlər, məktəblər və s.

...Şəhərin bugünkü səviyyəyə çatmasında onun hər bir sakininin az-çox payı var. Bu işdə ziyalılardan Fuad Əliyev, İsrafil İsmayılov, Ramiz Məmmədov, Məmməd Alim, Mahal Əliyev və başqaları daim öz dəyərli təklifləri, tövsiyələri ilə şəhər icra hakimiyyətinə yaxından köməklik göstəriblər. Bir sıra müəssisə və təşkilat rəhbərləri — Namiq Məmmədov, Abid Əliyev, Məmməd İbrahimov, Nizami Babayev, Mehman Rzayev və bir çox başqaları Gəncənin inkişafı, daha da çiçəklənməsi naminə əllərindən gələni ediblər.

Kadrlara göstərilən etimad, diqqət onların məsuliyyətini qat-qat artırıb. Ona görə də laqeydlik, passivlik, qeyri-təşəbbüskarlıq kimi neqativ hallar tədricən aradan qaldırılıb. Şəhər icra hakimiyyəti başçısının müavinləri Şahmalı Cavadov, Akif Ələkbərov, Sahib Quliyev kimi işçilər kabinet adamları deyil, daim adamların arasındadırlar, onların problemlərini öyrənir, lazımi köməklik göstərirlər. Bir sözlə, əsl icraçılıq funksiyasını yerinə yetirirlər.

Özü təvazökarlıq etsə də bu bir faktdır ki, şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun təşkilatçılığı, adamları səfərbər etmək bacarığı, prinsipiallığı, başlıcası isə Gəncəyə hədsiz məhəbbəti olmasaydı qədim Nizami yurdu bu qədər gözəlləşməzdi.

...Bu günlərdə şəhər icra hakimiyyəti hesabat verəcək. Bu, təkcə 2008-ci ilin deyil, son 5-6 ilin hesabatıdır. O qədər müsbət işlər var ki... Amma bunların çoxu sadalanmayacaq. Zalda yenə “açıq mikrofon”lar qurulacaq, “bizi tənqid edin, problemlərdən danışın, görüləcək işlərdən söhbət açın”, deyiləcək. Bax, elə işə bu cür yanaşmanın nəticəsidir ki, indi hər bir gəncəli öz şəhəri ilə fəxr edir.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.4.