Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər ölkənin keyfiyyətcə yeni inkişaf səviyyəsinin tələblərindən irəli gəlir

 

Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilmişdir və bundan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasının siyasi-hüquq sistemi formalaşmış və həyatın müxtəlif sahələrində fundamental islahatlar aparılmağa başlanılmışdır. Azərbaycan Respublikasının milli hüquq sistemi demokratiya prinsipləri əsasında yenidən qurulmağa başlamışdır. Müstəqil olaraq inkişaf edən Azərbaycan Respublikasında demokratiyanın sonrakı inkişafı, cəmiyyətin demokratikləşdəirilməsi və inkişafı məqsədilə Konstitusiyaya 2002-ci ildə proporsional seçki sisteminin ləğvi, Respublika Prokurorluğunun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, hər kəsə Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. ilə bağlı əlavə və dəyişikliklər edilmişdir.

Qanunlar cəmiyyətin bütün sahələrində dinamik inkişafın tələblərinə cavab verməli və bu inkişafı təmin etməlidir. Yeni qanunların işlənib hazırlanması, köhnə qanunların təkmilləşdirilməsi, onlara əlavə və dəyişikliklər edilməsi qanunvericilik hakimiyyəti qarşısında duran vəzifələrdən biridir. Bu nöqteyi-nəzərdən Azərbaycan dövlətinin dünya birliyinin tamhüquqlu üzvünə çevrilməsi, öz nüfuzunu möhkəmlətməsi, ölkənin həyatında baş verən digər iqtisadi, siyasi, hüquqi və s. fundamental dəyişikliklər və əldə olunmuş nəticələr insan hüquqlarının daha etiabarlı təmin olunmasını, idarəçilik qaydalarının təkmilləşdirilməsini tələb edir. Bu da Konstitusiyaya əlavə və dəyişikliklər edilməsini obyektiv tələbata çevirmişdir. Bu, həmçinin hüquq sisteminin inkişafı üçün zəruridir. Çünki Konstitusiya ictimai münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının üçdə biri insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması strateji məqsədlər səviyyəsində öz əksini tapmışdır. Belə ki, insan hüquq və azadlıqları və onların qorunması konstitusion prinsiplər səviyyəsinə qaldırılmışdır. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Azərbaycanda 1998-ci ilin fevralın 10-da ölüm hökmü ləğv edilmiş və bundan bir qədər sonra 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Proqramı qəbul edilmişdir. Keçən dövr və əldə olunmuş nailiyyətlər insan hüquqlarının yeni keyfiyyət müstəvisində, daha etibarlı təmin olunmasını tələb edir. Bunu dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər də tələb edir.

Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsində göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədidir. Bu maddəyə əlavə edilmiş yeni dəyişikliyə uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Bu əlavənin edilməsi həm də beynəlxalq öhdəliklərdən irəli gəlir. Bu öhdəliklər dövlətin insan hüquqlarının inkişafının və etibarlı müdafiəsinin, şəxsiyyətin layiqli həyat səviyyəsini təmin etməsi ilə bağlıdır və yalnız dövlətin üzərinə qoyulan öhdəliklərdir. İnsanların məhz layiqli həyat səviyyəsinin təmin edilməsinə konstitusion təminat verilməsi sosial istiqamətli siyasətin gücləndirilməsinə və insan hüquqları ilə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsinə xidmət edir. Respublikada davam edən müharibə nəticəsində, həm də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum qalan uşaqlar vardır. Bu kateqoriyaya aid olan uşaqların tərbiyəsinin, əməyinin istismarının risk altına düşməsi ehtimalı bütün cəmiyyətlərdə yüksəkdir. Respublikada sosial yönümlü islahatların nəticəsi olaraq belə uşaqların hüquqlarının təminatı istiqamətində bir sıra addımlar atılmışdır, uşaq hüquqlarının təminatı ilə bağlı qanunvericilik bazası yaradılmışdır. Heydər Əliyev Fondunun bu uşaqların müdafiəsi ilə bağlı tədbirləri hamıya məlumdur. Uşaqların hüquqlarının qorunması, uşaq əməyinin qadağan edilməsi sahəvi qanunvericiliklər səviyyəsində möhkəmləndirilmişdir. Azərbaycan Respublikasının 17-ci maddəsinə edilən əlavələr uşaqların hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini təmin edir və uşaqların qorunmasını dövlətin strateji məqsədinə çevirir.

Konstitusiyanın 18-ci maddəsinin II hissəsi “İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır” maddəsinə “dini cərəyanlar” sözləri əlavə olunmuşdur. Müstəqil dini cərəyanların, istənilən dinin, o cümlədən Azərbaycan Respublikası üçün ənənəvi olan islam dininin tərkibində müəyyən zərərli dini cərəyanların olması məlumdur. Azərbaycan dini tolerantlığı ilə məşhur olan bir dövlətdir və burada ən müxtəlif dinlərlə bağlı problemlərin olması ehtimalı da yüksəkdir. Qeyd olunan ifadənin əlavə edilməsi din sahəsində belə zərərli meyllərin mümkün təzahür formalarının vaxtında aradan qaldırılmasına və cəmiyyəti onların təsirindən qorumağa xidmət edir. Konstitusiyanın 25-ci maddəsi hamının qanun və məhkəmə qarşısında, kişi ilə qadının hüquq bərabərliyini elan edir, dövlət irqindən, dinindən, dilindən və s. asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verir və insan hüquq və azadlıqlarının milli, dini və s. mənsubiyyətə görə məhdudlaşdırılması qadağan edilir.

Həmin maddəyə edilən əlavələr insan hüquqlarının məhdudlaşdırılmasının və ya dini,irqi və s. əsaslara görə imtiyazlar və ya üstünlüklər verilməsinin daha çox təzahür formalarının aradan qaldırılmasına yönəldilmişdir. Konstitusiyanın 32 -ci maddəsi şəxsi toxunulmazlıq hüququna həsr olunmuşdur, hər kəsin şəxsi toxunulmazlıq hüququ elan edilir, hər kəsin şəxsi və ailə həyatının sirrini saxalmaq hüququ qəbul edilir. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır. Lakin məlumdur ki, şəxsi və ailə həyatının sirri ifadələri arasında bəzi hallarda nəzəri və praktiki fərqlər vardır. Xüsusilə bu sahədə pozuntular olduqda bu fərqlərin olub - olmaması problemlər doğurur. Bu problemlərin aradan qaldırılması məqsədilə yeni əlavəyə əsasən qanunla nəzərdə tutulan hallardan başqa ailə həyatına müdaxilə etmək qadağandır. Maddəyə daha bir cümlənin “hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır” cümləsinin əlavə edilməsi pozuntu hallarından vətəndaşların hüquqlarının qorunmasını daha etibarlı təmin edir.

Konstitusiyanın 32-ci maddəsi həmçinin öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol vermir. Lakin məlumdur ki, bəzi hallarda müəyyən şəxslər izlənilir, onların həyatının ən müxtəlif anları barədə məlumatlar toplanılır. Texniki vasitələrin inkişafı insanların özlərinin icazəsi olmadan müxtəlif məqsədlərlə onların səsinin yazılması, video və ya foto çəkilişi üçün şərait yaradır və bundan müxtəlif çirkin məqsədlər üçün istifadə olunması hallarının sayını artırır və artıq bu sahədə məhkəmə təcrübəsinin olmasından danışmaq olar. Məhz bu problemlərin aradan qaldırılması üçün Konstitusiyanın 32-ci maddəsinə bu hərəkətləri qadağan edən əlavə olunmuşdur. Konstitusiyanın 32-ci maddəsinin IV hissəsi hər kəsin yazışma, telefon danışıqları, poçt və s. rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırılmasını nəzərdə tuturdu. Azərbaycanın da qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin II hissəsində isə göstərilir ki, “Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.” Qeyd olunan mətnlər müqayisə edildikdə aydın olur ki, Konvensiyada nəzərdə tutulan bir sıra hallar Konstitusiyanın 32-ci maddəsində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konvensiyanın üzvü kimi öz qanunvericiliyini bu sənədə uyğunlaşdırmalıdır. Söhbət beynəlxalq hüquq normalarının implementasiyasından gedir. 32-ci maddənin III hissəsinə edilmiş əlavə və yeni əlavə edilmiş V hissə, 71-ci maddədə edilmiş əlavə və dəyişikliklər Konvensiyanın 8-ci maddəsinin tətbiqi imkanlarını genişləndirir və Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa Şurasının tələblərinə uyğunlaşdırılmasını təmin edir. İnsan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm əlavələrdən biri də “cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir” əlavəsidir. Azərbaycan Respublikası CPM-nin 342-ci maddəsi təqsirləndirilən şəxsin son sözü adlanır və göstərilir ki, məhkəmə çıxışları və replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxsə son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə yol verilmir. Məhkəmə təqsirləndirilən şəxsin son sözünün müddətini müəyyən edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onun sözünü kəsmək hüququna malikdir. Təcrübədə təqsirləndirilən şəxs son sözündə, adətən məhkəmədən cəzasının azaldılmasını xahiş edir və ya cəza barəsində başqa bir qısa mülahizə söyləyir. Ancaq bəzi hallarda ittihamla birbaşa əlaqəsi olmayan məlumatlardan başlayan təqsirləndirilən şəxsin sözü sədrlik edən tərəfindən kəsilə bilər. Ancaq qeyd olunan əlavənin edilməsi təqsirləndirilən şəxsin son sözünün imkanlarını genişləndirir və onun bu imkanına konstitusion status verir.

Konstitusiyanın 84-cü maddəsinə və 101-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər döyüş əməliyyatları imkan vermədikdə Milli Məclisin çağırışının və Prezidentin səlahiyyətlərinin müharibənin sonuna qədər uzadılmasını nəzərdə tutur. Seçkilərin keçirilməsi ölkənin həyatında mühüm siyasi bir hadisədir və onun keçirilməsi müəyyən vaxt tələb edir. Bu isə təbii olaraq, diqqəti daha vacib olan problemlərdən yayındırır. Müharibə şəraitində müharibənin gedişinə və həllinə Ali Baş Komandanın həlledici təsiri danılmazdır. Buna görə də müharibə dövründə hərbi əməliyyatların qızğın dövründə seçkilərin keçirilməsi düzgün deyil. Odur ki, həmin maddələrə təklif olunan düzəlişlər də bu məntiqə əsaslanır.

Konstitusiyada ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsinə yönəldilmiş bəzi əlavə və dəyişikliklər də edilmişdir. Konstitusiyanın 125-ci maddəsinə edilmiş əlavə — “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” — cümləsi ədalət mühakiməsinin son məqsədinə nail olunmasına konstitusion təminat verir.

Məhkəmə qərarları Azərbaycan Respublikası adından çıxarılır və onun icrası bütün dövlət orqanları, vətəndaşlar və s. üçün məcburidir. Ancaq reallıq göstərir ki, məhkəmə qərarlarının icrası ilə bağlı hələ də müəyyən problemlər vardır. Konstitusiyaya təklif olunan əlavə — “Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır”— əlavəsi qeyd olunan problemlərin aradan qaldırılmasına yönəldilmişdir.

Məhkəmə hakimiyyəti ilə bağlı mühüm dəyişikliklərdən biri də Konstitusiyanın 130-cu maddəsinə edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının elan edilməsi haqqında əlavədir. Azərbaycan Respublikasının vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüquqları vardır və vətəndaşlar konkret hüquq pozuntusu ilə bağlı son məhkəmə instansiyasının - Ali Məhkəmənin həmin məsələ ilə bağlı qərarı çıxdıqdan sonra 6 ay müddətində Avropa Məhkəməsinə müraciət edə bilərlər. Qeyd olunan əlavə vətəndaşların bu hüquqlarının etibarlı təmin olunmasına, mümkün pozuntuların qarşısının alınmasına xidmət edir, həm də Ali Məhkəmənin özünün öz qərarları ilə bağlı məsuliyyətini artırır, vətəndaşların ali instansiya məhkəməsinin qərarları ilə tanış olmaq imkanını təmin edir, dövlətin hüquq sisteminin presedent hüququnu qəbul etməməsinə baxmayaraq, oxşar məsələlər üzrə məhkəmə təcrübəsini təkmilləşdirəcəkdir.

“Normativ hüquqi aktlar” adlı 149-cu maddəyə edilmiş VIII əlavə normativ hüquqi aktların çap olunmasını nəzərdə tutur və onların əhaliyə çatdırılması üzrə məsuliyyəti artırır, həm də tanış olmadığı normativ-hüququ aktın pozulmasına görə vətəndaşın məsuliyyətini istisna edir. Əsas qanuna təklif olunan əlavə və dəyişikliklərin bəziləri tənzim olunan sahə ilə bağlı Konstitusiya və ya sahəvi qanunvericilik aktlarının qəbul edilməsini də nəzərdə tutur. Bu isə konkret konstitusion prinsiplərin sahəvi xüsusiyyətlər nəzərə alınmaqla daha da təkmilləşdirilməsini və dəqiqləşdirilməsini tələb edir və son nəticədə ölkənin hüquq sisteminin inkişafına xidmət edir. “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi humanist xarakterli bir aktdır və Azərbaycan cəmiyyətinin daha da demokratikləşdirilməsinə, insan hüquqlarının daha etibarlı təmin olunmasına xidmət edir və cəmiyyətin inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsinin, milli qanunvericiliyin təkmilləşdirilməsinin etibarlı göstəricisi və təminatıdır.

 

 

Mətanət ƏSGƏROVA,

 “Tərəqqi” referendum üzrə

təşviqat qrupundan vəkil edilmiş

şəxs, hüquq elmləri namizədi 

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.5.