Şərəfli ömür
yolundan səhifələr
Müasir Azərbaycan
filologiyasının yaradıcılarından olan akademik Həmid
Araslı elm və mədəniyyət tariximizdə klassik
irsin görkəmli tədqiqatçısı, naşiri,
folklor mütəxəssisi, eləcə də orta əsrlər
ədəbiyyatımızın ədəbi əlaqələrinin
araşdırıcısı kimi şərəfli bir yer
tutur. Onun “Kitabi-Dədə Qorqud” abidəsi, şifahi xalq ədəbiyyatı,
aşıq şeri və dastanlarımız haqqında
yazdığı sanballı tədqiqat əsərləri, eləcə
də tərtib etdiyi bədii nümunələr bu gün də
araşdırıcıların istinad etdikləri mötəbər
qaynaqlardır. Sistemli ədəbiyyat tariximizin
yaradılmasında, yüksək ixtisaslı filoloq, şərqşünas
kadrların yetişdiriməsində əvəzsiz xidmətlərilə
seçilən alim hələ çox gənc
yaşlarından elm təşkilatçısı, ictimai
xadim kimi də böyük nüfuz qazanmışdır.
1932-ci ildə ali məktəbi
bitirdikdən sonra aspiranturada təhsilin davam etdirən
H.Araslı, eyni zamanda assistent vəzifəsində də
çalışır, SSRİ EA Azərbaycan
filialının nəzdində təşkil edilən
kitabxananın Şərq bölməsinin müdiri işləyir.
O, bu zaman Azərbaycan və Şərq
yazıçılarının əlyazmalarını, folklor
nümunələrini toplayıb əlyazmalar fondu yaradır
ki, bu da alimin istər klassik və qədim, istərsə yeni
Azərbaycan ədəbiyyatı qarşısında ən dəyərli
xidmətlərindən biridir. Belə bir ideya, belə bir
fikir, görünür, gələcəyin görkəmli
alimini hələ gənc yaşlarından
düşündürürmüş. Belə ki, 1926-1927-ci
illərdə, seminariyanı bitirib Gəncə
yaxınlığındakı Nəbiağalı (indiki Sabir)
kəndində məktəb direktoru işləyərkən
şagirdləri arasında müsabiqə elan edərək
onlara xalq ədəbiyyatı nümunələrini
toplamağı tapşırırmış.
1938-ci ildən Nizami
adına Dil və Ədəbiyyat İnstitutunda
çalışan gənc alim, klassik irs və qədim abidələrin
üzə çıxarılması, onların tədqiqi və
təbliği ilə məşğul olmağa
başlayır. İnstitutun Qədim ədəbiyyat və Mətnşünaslıq
şöbələrinin yaradılmasında onun böyük əməyi
olmuşdur. Həmid Araslı həmin illərdə bu sahədəki
məhsuldar fəaliyyəti ilə yanaşı ADU-da
çalışır, ali məktəblərdə Orta əsrlər
Azərbaycan ədəbiyyatı tarixi kursunun əsasını
qoyur.
1943-cü ildə “XIII-XVI
əsrlər Azərbaycan ədəbiyyatı” mövzusunda
dissertasiya müdafiə edib filologiya elmləri namizədi
adını alır. Bundan sonra ADU-nun şərqşünaslıq
fakültəsində Yaxın Şərq xalqları ədəbiyyatları
kafedrasına rəhbərlik edərək filoloq və şərqşünas
kadrların hazırlanması ilə daha yaxından məşğul
olur.
Alimin elmi-təşkilati bacarığı Nizami adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyinin yaradılması və fəaliyyətində də özünü göstərir. Ədəbiyyatımızın ta qədimdən başlayaraq müasir dövrə qədərki mərhələlərini əyani şəkildə əks etdirən muzeyin elmi əsasını qoyan H.Araslı bu muzeyi elm və mədəniyyət ocağı kimi sevmiş, ona müqəddəs məbədgah kimi baxmışdır. Hörmətli alim 1940-cı ildən başlayaraq əvvəlcə muzeydə elmi katib, sonralar elmi işlər üzrə müdir müavini, 1960-1968-ci illərdə isə müdir vəzifəsində çalışmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaranan ekspozisiyalar, təsviri eksponatlar və onlar haqqındakı izahedici mətnlər bu gün də öz istiqamətverici əhəmiyyətini saxlamaqdadır.
Akademik H.Araslı həm də klassik türk, fars və ərəb sənətkarlarının ədəbi irsini və onların Azərbaycan ədəbiyyatı ilə əlaqələrini araşdıran və bu sahədə görkəmli mütəxəssislər yetişdirən şərqşünas alimdir. 1968-ci ildə AMEA-nın Şərqşünaslıq İnstitutu “Ədəbiyyat şöbəsi”nin, 1970-ci illərdə institutun direktoru olan alim həmin sahədə uğurlu fəaliyyəti ilə də seçilmişdir. Onun rəhbərliyi ilə həmin illərdə İnstitutun strukturunda bir sıra əhəmiyyətli dəyişikliklər edilmiş, yeni şöbələr açılmış, əməkdaşların elmi tədqiqat işləri məqsədəuyğun planlaşdırılmışdır ki, bu da Şərq xalqlarının ədəbiyyatı, tarixi, iqtisadiyyatı, mədəniyyəti, Şərq yazılı abidələrinin tədqiq və nəşri sahəsindəki diqqətəlayiq nailiyyətlərlə nəticələnmişdir. Alimin ciddi səyilə Şərqşünaslıq İnstitutunda yeni şöbələr açılır. Bunlardan biri də əvvəllər qrup halında fəaliyyət göstərən ”Türk filologiyası” şöbəsi idi. İlk müdiri akademik H.Araslı olan bu şöbə öz işini bir neçə istiqamətdə planlaşdırmış, türk ədəbiyyatının müxtəlif dövrlərinin ədəbi mənzərəsini tədqiq etməyə başlamışdır. Bu illərdə akademik H.Araslının Türkiyə şairləri Gülşəhri və Tofiq Fikrət yaradıcılığı haqqında “Gülşəhri və Gəncəli Nizami”, “Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı”, ”Nizami Gəncəvinin ilk mütərcimi”, “Tofiq Fikrətin Azərbaycana təsiri”, ”Leyli və Məcnun” haqqında”, “Azərbaycanda və Türkistanda yaşayan Nəsrəddin Xoca” adlı maraqlı elmi məqalələri çap olunmuşdur.
Ümumtürk mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan qədim yazılı abidələr və türkdilli şairlərin yaradıcılıqlarının tədqiqinə xüsusi diqqət yetirən akademik H.Araslı bu sahədə geniş araşdırmalar aparmışdır. Alim Nizami, Nəsimi, Xətai, Füzuli, Nəvai və b. şairlərin ədəbi irsini həm yeni qaynaqlara əsaslanaraq əlavə izahlarla tərtib edib oxuculara çatdırmış, həm də bu sənətkarların yaradıcılıqlarını tədqiq yolu ilə Şərq şeirinə təsirini aydınlaşdıraraq, onların Şərq ədəbiyyatı, o sıradan türk xalqları ədəbiyyatlarındakı əvəzsiz yerini müəyyənləşdirmək baxımından əhəmiyyətli işlər görmüşdür. Akademik H.Araslının bu istiqamətdə apardığı tədqiqatların nəticəsi olaraq çap edilən “Şairin həyatı”, ”İmadəddin Nəsimi”, “Xaqani Şirvani” kimi əsərləri və çoxsaylı məqalələri elm aləmi üçün böyük əhəmiyyət kəsb edir.
Bunlardan başqa, alim Türk filologiyası şöbəsinə rəhbərlik etdiyi dövrdə “Kitabi Dədə-Qorqud”, ”M.V.Vidadinin əsərləri”, “M.P.Vaqifin əsərləri”, “Fərhad və Şirin”, ”Əlişir Nəvai”, “Xətainin əsərləri”, ”İ.Nəsiminin seçilmiş əsərləri”, “Azərbaycan dastanları” və s. kitabların tərtibi üzərində işlənmiş, bunları yeni materiallarla zənginləşdirərək mükəmməl şəkildə nəşr edilmişdir.
Ümumiyyətlə, şöbədə aparılan tədqiqat işləri böyük maraq doğuran, nəzəri cəhətdən araşdırmağa ehtiyacı olan, aktuallığı ilə seçilən mövzulara həsr olunmuşdur. Həmid müəllim şöbə və onun əməkdaşlarının fəaliyyətini istiqamətləndirməklə bərabər müasir ədəbi proseslə səsləşən, mənəvi tələbata cavab verən mövzuların seçilməsində, şöbə əməkdaşlarının əsərlərinin müzakirəsində, ədəbi-mədəni əlaqələr və onların köklərinin üzə çıxarılmasında yaxından iştirak edir, dissertantlara rəhbərlik edir, rəyçi və redaktor kimi çıxış edirdi.
Ümumtürk mədəniyyəti ilə yaxından maraqlanan Həmid müəllim Azərbaycan və Türkiyə ədəbiyyatının görkəmli simalarının yaradıcılığını da bu zəmində araşdırır, doğma ədəbiyyatın milli ənənələrinə, Türk mədəniyyətinə məhəbbətlə yanaşır, onları tədqiq edib oxuculara doğru-düzgün çatdırmaq sahəsində ardıcıl fəaliyyəti ilə seçilirdi. akademik H.Araslının ədəbiyyata gəldiyi ilk illərdən onun elmi araşdırmalarında özünü qabarıq göstərən bu səciyyəvi cəhət alimin bütün yaradıcılığında öz əksini tapmışdır. Onun “Nizamidə xalq sözləri, xalq ifadə və zərbi-məsəlləri”, ”Nizami və Azərbaycan xalq ədəbiyyatı”, “Nəvai və Azərbaycan ədəbiyyatı”, ”Nizami və özbək ədəbiyyatı”, “Böyük türkmən şairi Kəminə”, ”Nizami və Nəvai”, “Nizami və Şərq ədəbiyyatı”, ”Nizaminin Azərbaycan müaqibləri”, “Nəvai və Füzuli”, ”Xalq ədəbiyyatımızın qiymətli abidəsi” və s. məqalələri buna yaxşı örnəkdir.
Alim farsdilli poeziyamızın qüdrətli nümayəndələrinin irsinə də bu baxımdan yanaşmışdır. Məshəti , Xaqani, Nizami kimi ölməz sənətkarların doğma mühitlə bağlılıqları, əsərlərində Azərbaycan mədəniyyəti ilə əlaqəli ifadələri, qədim türk sözləri işlətdiklərini təkzibedilməz faktlarla göstərmişdir. Ədəbiyyatımızın görkəmli tədqiqatçısı ümumiyyətlə türkdilli xalqların mədəniyyətinə, onun tarixi, ədəbiyyatları və dilinə xüsusi həssaslıqla yanaşmışdır. Akademik H.Araslıdan bəhs edən tədqiqatçılar haqlı olaraq alimin yaradıcılığının mühüm bir hissəsinin anadilli ədəbiyyatımızın tədqiqinə həsr olunduğunu bildirir, anadilli şerimizin İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqa nümayəndələri haqqında lilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələrin H.Araslıya məxsus olduğunu qeyd edir, onların dərslik və ədəbiyyat tarixlərinə salınıb ardıcıl öyrənilməsini də onun xidməti kimi dəyərləndirirlər.
Alimin “Kitabi – Dədə Qorqud”, ”Aşıq yaradıcılığı”, qədim xalq dastanları ilə bağlı sanballı tədqiqatları, Xaqani, Nizami, Nəsimi, Xətai, Saib, Vaqif və başqa dünyaşöhrətli sənətkarlar haqqında mötəbər araşdırıcı qənaətləri, ümumşərq və dünya miqyasında keçirilən elmi məclislərdə etdiyi maraqlı məruzələr onu görkəmli şərqşünas alim kimi respublikamızın sərhədlərindən kənarlarda da şöhrətləndirmişdir. Hələ sovetlər dövründə, Azərbaycanın xarici ölkələrlə, xüsusi ilə Şərq ölkələri ilə əlaqələrinin, təmaslarının, görüşlərinin çox məhdud və xüsusi nəzarətdə olduğu bir dövrdə akademik H.Araslı bir alim, bir şəxsiyyət kimi bir çox ölkələrdə tanınmış, elmə etdiyi xidmətlər, o zamanın verdiyi imkanlar çərçivəsində yüksək qiymətləndirilmişdir. Belə ki, görkəmli alim, Özbəkistan Respublikasının əməkdar elm xadimi, Türk Dil Qurumunun, İraq EA, İslam sivilizasiyasını öyrənən İordaniya Kral cəmiyyətinin fəxri üzvü idi.
Akademik H.Araslı haqqında görkəmli alimlər fikir söyləmiş, onun Şərq xalqları arasındakı ədəbi-mədəni əlaqələri möhkəmləndirən elmi fəaliyyətini təqdir etmişlər ki, bu sahədə alimin türk ədəbiyyatşünasları ilə bağlı qarşılıqlı yaradıcı əlaqələrinin xüsusilə seçildiyini qeyd etmək istəyirik. Fikrimizi təsdiq edən bir-iki nümunə üzərində dayanaq:
Görkəmli Türkiyə şairi Nevzat
Üstün 1965-ci ildə SSRİ-nin bir neçə şəhərinə
səyahət edərkən Bakıda da olmuş, akademik
H.Araslı ilə görüşmüşdü. Nevzat
Üstün səyahətdən aldığı təəssüratları
İstanbulda “Sovyetlər Birliyindən Batıya” adlı kitabda
çap etdirmişdir. Şair kitabında Həmid müəllimlə
görüşünü belə xatırlayır:”...Həmid
Araslı türkcə, İstanbul ləhcəsilə
danışırdı. O,
doğrudan da böyük alim, çox layiqli bir insan idi. O, bizə
muzeyi göstərdi. Azərbaycan tarixini
özündə əks etdirən, həvəslə
toplanmış əlyazmaları, kitablar, ornamentlər,
şair və yazıçılardan bəhs edən,
onların kitablarının, əlyazmalarının sərgiləndiyi
otaqlar – orada olan hər şey çox
düşünülmüş halda təşkil olunmuşdu.
Həmid
Araslı Türk Dil Qurumunun üzvü kimi qarşıda
keçiriləcək qurultayda iştirak edəcək. O, öhdəsinə
düşən işə çox məsuliyyətlə
yanaşan, başladığı işi sona qədər
çatdıran ciddi və dərin düşüncəli
alim idi.
Ayrılarkən
Həmid Araslı Füzulinin dörd cildlik “Divan”ını
bizə hədiyyə etdi”.
Qeyd etmək
yerinə düşər ki, xaricdə onu bir alim, bir şəxsiyyət,
tədqiq etdiyi sahənin səriştəli, layiqli, dəyərli
bir mütəxəssisi kimi tanıyan məsləkdaşları
Həmid müəllimin vəfatı xəbərini çox kədərlə
qarşılamışdılar. Türkiyənin görkəmli ədəbiyyatşünas
alimi Orxan Şaiq də bu xəbərdən çox mütəssir
olduğunu göndərdiyi başsağlığı məktubunda
ifadə etmişdi:
“Pək
Hörmətli xanım Əfəndi!
Bilgin və
hörməti zövcənizin ölümündən burada
çıxan “Türk Dili” məcmuəsindəki yazı
dolayısıyla xəbərdar oldum. Həm kəndi naminə,
həm də elm aləmi naminə yürəkdən
üzüldüyümü ərz edirəm. Başsağlığı məktubu yazmaq bana hər
zaman müşkül görünür. Bilirəm,
bu cür acıların təsəllisi yoxdur. Yeganə təsəllimiz onun adının Türkiyə
ədəbiyyatına etdiyi xidmətlər dolayısıyla
türkiyat aləmində yaşayıb gedəcəyinə
olan inamımızdır. Bu inam bizim tək
təsəllimizdir. Böyük
acınızı rəfiqəmlə birlikdə
paylaşdırırız və sizə
başsağlığı diləklərimizi göndərir,
Allahdan səbr və əminlik diləriz”.
(Orxan Şaiq Həmid
müəllimin ömür-gün yoldaşı hörmətli
Balaca xanımın həyatda olmadığından xəbərsiz
olduğuna görə bu məktubu ona
ünvanlamışdı).
Təbiətən çox təvazökar,
mülayim xasiyyətli, çox təmkinli, üzündən
nur yağan, sözün əsl mənasında müdrik və
əsl ziyalı olan akademik Həmid Araslının həyat
yolunu izlədikcə onun ömrü boyu “başın
aşağı salıb” sakitcə, ancaq çox ciddiliklə
yazıb-yaradan, öhdəsinə düşən işi
layiqincə yerinə yetirən, yüksək elmi təşkilatçılıq
bacarığına malik bir elm adamı olduğunun şahidi
oluruq.
XX əsr Azərbaycan
ziyalılığının ləyaqətli nümayəndəsi
akademik Həmid Araslı elm tariximizdə pozulmaz izlər
qoymuş görkəmli bir alim, yaradıcı bir şəxsiyyət
olmuşdur.
Xalidə QULİYEVA-Qafqazlı,
AMEA Ziya Bünyadov adına
Şərqşünaslıq
İnstitutu Türk
Filologiyası şöbəsinin müdiri
Xalq qəzeti.-2009.-22 fevral.-S.6.