Siyəzən: Uğurlar daha da yaxşı çalışmağa sövq edir

 

Fevralın 20-də, 2008-ci ilin yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrlə bağlı Siyəzən Rayon İcra Hakimiyyətinin hesabat yığıncağı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış möhtəşəm abidəsinin önünə gül-çiçək dəstələrinin qoyulması və elə buradaca salınmış Heydər Əliyev muzeyini ziyarətdən sonra başladı.

Rəsmi toplantının açılışından əvvəl qonaqlar iclas salonunun foyesində düzənlənmiş rayon istehsal məhsullarının sərgisi ilə tanış oldular. İclasın gündəliyi oxunduqdan sonra Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyev geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq 2008- ci ilin də ölkəmiz üçün sosial-iqtisadi sahədə qazanılan yüksək uğurlarla, iqtisadiyyatın dinamik inkişafı, mühüm islahatların həyata keçirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ilə əlamətdar olduğunu qeyd edərək dedi:

— Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etmişdir. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən Azərbaycanın 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanınması artıq özü-özlüyündə dövlət başçısının gördüyü işə ən sərrast qiymətdir.

Sosial-iqtisadi uğurlardan danışarkən natiq vurğuladı ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ötən ildə həm uğurla icra edildi, həm də qarşıya qoyulan bütün hədəflərə çatmaqla yekunlaşdı.

Respublikanın regionlarının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Dövlət Proqramının icrasına bilavasitə nəzarət etmiş, ümumilikdə proqramın icra edildiyi müddətdə ölkənin bütün regionlarını əhatə etməklə 20 mindən artıq yeni müəssisə yaradılmışdır ki, bu ölkə üzrə 766 mindən artıq iş yerinin açılması və onların 548 mini daimi olmaqla 80 faizdən çoxunun regionların payına düşmüşməsi ilə nəticələnmişdir.

Natiq həmçinin qeyd etdi ki, əldə olunmuş bu nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün və ardıcıl iqtisadi siyasətin nəticəsində əldə olunmuşdur. Məhz bunun məntiqi nəticəsidir ki, ötən il oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində əvvəlki 5 illik uğurlu fəaliyyəti cənab İlham Əliyevin növbəti qələbəsini təmin etdi. Azərbaycan xalqı siyasi sabitliyə, iqtisadi inkişafa, sosial rifaha, demokratik cəmiyyətə səs verdi. Rayonumuzun əhalisi də bu siyasi kampaniyada böyük fəallıq göstərmiş, bayram əhval-ruhiyyəsi ilə keçirilən seçkilərdə böyük həvəslə iştirak edən siyəzənlilərin fəallığı 76 faiz, cənab İlham Əliyevə səs verənlər isə 83,8 faiz olmuşdur. Biz inanırıq ki, növbəti 5 ildə onun həyata keçirdiyi siyasət davam edəcək və Azərbaycan daha böyük nailiyyətlərə, uğurlara imza atacaqdır.

Ə.Rufiyev 2008-ci ildə Siyəzəndə görülən işlərdən geniş danışaraq dedi:

– Siyəzən rayonu da ölkəmizdə aparılan sosial-iqtisadi inkişafdan kənarda qalmayıb. Dövlət Proqramının tələblərindən irəli gələn müddəalara uyğun olaraq, əvvəlki illərdə görülmüş işlər davam etdirilmişdir. 2007-ci ilin yekunları ilə əlaqədar rayon icra hakimiyyəti başçısının hesabatı zamanı yerlərdə vətəndaşlar tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınmaqla, tərtib olanmuş tədbirlər planının icrasına başlanmış və onların əksəriyyəti həyata vəsiqə almışdır. Belə ki, 2008-ci ilin ilk günlərindən Siyəzən şəhərinin girişində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın tikintisinə başlanmış, burada ulu öndərin möhtəşəm abidəsi ucaldılmış, onun adını əbədiləşdirən Heydər Əliyev muzeyinin tikintisi və eksponatların quraşdırılması işi başa çatdırılmışdır. Bu ərazidə 5500 kvadratmetr yaşıllıq salınmış, 6000-dən çox dekarativ ağac, kol əkilmiş, işıqlandırma sistemi qurulmuş, əraziyə 3400 kvadrat metr tamet döşənmiş, ətrafına hasar çəkilərək geniş abadlıq işləri aparılmışdır. Bu ərazidə olan bütün kommersiya və xidmət obyektlərində yenidənqurma işləri aparılaraq şəhərin görkəmi əsaslı şəkildə dəyişdirilmişdir. Şəhərin Heydər Əliyev adına küçəsi boyu işıqlandırma sistemi tamamilə müasir tələblərə uyğun olaraq yenidən qurulmuşdur. Bu küçədə 4000 metr uzunluğunda məhəccərli hasar tikilmiş, bir sıra yerlərdə piyada yollarına tamet döşənmişdir.

Siyəzən rayonunda yeganə mədəniyyət ocağı olmaqla qəza təhlükəsi qarşısında qalan və hal-hazırda sizinlə hesabat yığıncağı keçirdiyimiz bu Mədəniyyət sarayı, gördüyünüz kimi əsaslı təmir olunmuş, fasadı, dam örtüyü, zirzəmisi yenidən bərpa olunmuş, avtonom istilik sistemi quraşdırılaraq, bu əzəmətli binaya yeni həyat verilmişdir. Mədəniyyət sarayının ətrafında 1700 kvadratmetr yeni yaşıllıq salınmış, 3500 ədəd dekorativ ağac və kol əkilmiş, dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin postamentinə yeni mərmər üzlük düzülmüş, buraya 3000 kvadratmetrdən çox tamet, 1500 metr bardur qoyularaq ərazi tamamilə abadlaşdırılmışdır. Şəhər istirahət və mədəniyyət parkı genişləndirilmiş, icra hakimiyyətinin inzibati binasının dam örtüyü dəyişdirilmiş, fasadı alkaponla üzlənmiş, həyətində və ona bitişik ərazidə 3500-dən artıq dekarativ ağac və kol əkilmişdir. 2008-ci il ərzində ümumilikdə bütün maliyyə mənbələri hesabına 4 milyon 327 min manatdan artıq yol təmir-tikintisi və abadlıq işləri görülmüşdür.

Heydər Əliyev adına küçədəki 4 beşmərtəbəli, 2 ədəd 4 mərtəbəli, 12 ikimərtəbəli ictimai binanın dam örtüklərinin dəyişdirilməsi və fasadlarının əsaslı təmiri, mərkəzi yol boyu şəhərin arxitekturasına xələl gətirən obyektlərin sökülməsi və digərlərinin yenidənqurulması işləri bu gün də davam etdirilir.

Hesabat ilində Gil-gilçay stansiya əsas məktəbi üçün 260 şagird yerlik müasir məktəb binası, Notariat kontoru və qeydiyyat şöbəsi, rayon prokurorluğu, qazma ekspedisiyası üçün yeni müasir tipli binalar tikilərək istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bütün kommunikasiya və istilik sistemi ilə təchiz olunmuş 16 mənzilli bina tikilərək vətəndaşlarımızın istifadəsinə verilmiş, hər ailəyə televizor və xalça hədiyyə edilmişdir. Siyəzən şəhərində 640 şagird yerlik yeni məktəb binası istismara hazır vəziyyətdədir. Telekommunikasiya qovşağı və rayon maliyyə şöbəsi üçün tikilən inzibati binalarda son tamamlama işləri aparılır, baytarlıq idarəsi, statistika idarəsi üçün tikilən inzibati binalarda, eləcə də Eynibulaq kəndində 220 şagird yerlik məktəb binasında, Uşaq incəsənət və yaradıcılıq məktəbində tikinti quraşdırma işləri davam etdirilir.

İcra hakimiyyətinin başçısı sahibkarlığın inkişafı ilə bağlı görülən işlərdən də ətraflı danışdı və bildirdi ki, rayonda ümumilikdə 930 sahibkarlıq subyekti qeydə alınıb. Onlardan 115-i hüquqi, 815-i fiziki şəxslərdir. Hesabat dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 600 min manat, fiziki şəxslərə 1 milyon 642 min manatdan çox qısamüddətli kreditlər verilmişdir. Qeyd etmək lazımdır ki, rayon üzrə ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 22,6 faiz təşkil etmişdir. Bu, özünü əsasən rayonda quşçuluğun sürətli inkişafı sahəsində göstərmişdir. Sahibkarlığın inkişafına köməklik göstərilməsi ilə əlaqədar rayonda “Siyəzən-Biznes İnkişaf Mərkəzi” fəaliyyət göstərir.

Hesabat dövründə rayonda iqtisadi və sosial inkişafı əks etdirən makro-iqtisadi göstərici, əsas sahələr üzrə ümumi məhsul buraxılışı 307,1 milyon manat olmaqla əvvəlki illə müqayisədə 4 dəfə artmışdır. Rayonda 15 milyon 365 min manatlıq və ya keçən ilə nisbətən 54,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Rayonun iqtisadiyatının əsasını təşkil edən neft-qaz çıxarma sahəsində 48 534 ton neft, 10 755 min kubmetr qaz hasil edilərək dövlətə təhvil verilmişdir. qazmaçılar 20 026 metr olmaqla 1676 metr çox qazma işi aparmışlar.

Natiq həmçinin nəqliyyat, poçt-rabitə xidmətləri, əhalinin pensiya təminatı, ünvanlı sosial yardım, əhalinin məşğulluq məsələləri ilə bağlı işlərdən də geniş və müfəssəl məlumat verdi. Rayonda əhalinin elektrik enerjisi və qazla təminatı məsələlərindən geniş danışan Ə.Rufiyev bu enertji daşıyıcılarının dəyərinin ödənilməsində əldə edilən uğurlu nəticələrlə kifayətlənməməyi və göstəriciləri 100 faizə çatdırmağın vacibliyini də xüsusi qeyd etdi. O, yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının ən qısa müddətdə başa çatdırılmasını rayon qaz istismar idarəsi qarşısında ciddi bir məsələ olaraq qoymuş və bir çox digər tapşırıqlar verilmişdir.

Hesabatda rayonun aqrar sahədə əldə olunan uğurlarından, kənd təsərrüfatının ayrı-ayrı sahələrində emal müəssisələrinin yaradılmasından, heyvandarlığın və quşçuluğun mövcud imkanlarından daha geniş istifadə edilməsindən ətraflı bəhs etdi.

Məruzədə Siyəzən rayonunda təhsilin inkişafı, yeni təhsil müssisələrinin salınması, bir çox köhnə məktəb binalarının əsaslı təmiri, mədəniyyət, səhiyyə və digər sahələrdə 2008-ci ildə görülən işlər, nöqsanlar və problemlər də konkret rəqəmlər və faktlarla əksini tapmışdır. Mühüm sahələrdən olan, rayonda iqtisadi və sosial mənzərəyə xüsusi təsir edən sabitliyin və qanunçuluğun qorunması, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, idman və bədən tərbiyəsində əldə olunan nailiyyətlər də toplantı iştirakçılarının diqqətinə çatdırdı.

Natiq çıxışında rayon ərazisində bələdiyyə orqanlarının işinə də xüsusi diqqət ayırmış və bu sahədə mövcud nöqsan və problemlərin aradan qaldırılmasının xüsusi zəruriliyini vurğuladı.

Rayon icra hakimiyyətinin başçısı məruzəsini bu sözlərlə yekunlaşdırdı:

— Artıq, rayonun yerli ehtiyatları və digər mənbələri nəzərə alınmaqla, 2009-cu il və qarşıdakı illər üçün hazırlanmış sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə, aqrar sahədə islahatların ikinci mərhələsini sürətləndirmək üçün geniş tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Rayonda turizmin inkişaf etdirilməsi üçün bütün imkanlar araşdırılacaq və məsələlərin həllinə nail olunması üçün əlaqədar təşkilatlarla iş aparılacaq, nəzərdə tutulmuş istehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaq, Siyəzən şəhərinin və kəndlərinin abadlaşdırılması üçün tədbirlər qətiyyətlə davam etdiriləcəkdir.

Təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün bütün imkanlardan istifadə ediləcəkdir. Ayrı-ayrı ixtisaslardan olan müəllim və həkim kadrlara olan tələbatın ödənilməsi üçün əlaqədar respublika təşkilatları ilə birgə iş aparılacaqdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun bütün ərazisinin elektrik enerjisi ilə təmin edilməsi, qaz təchizatının yaxşılaşdırılması, yeni salınmış yaşayış massivlərinin və rayonun təbii qaz olmayan məntəqələrinin qazlaşdırılması üçün tədbirlər görüləcəkdir. Siyəzən şəhərində kanalizasiya sisteminin qurulması üçün aidiyyatı yuxarı təşkilatlarla müvafiq iş aparılacaqdır. Tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq cari ildə rayonda yolların təmiri və bərpası, suvarma suyu ilə təminatın yaxşılaşdırılması işləri görülməyə başlanacaqdır.

Büdcə gəlirlərinin artırılması üçün qanunvericiliyə uyğun bütün imkanlardan istifadə ediləcək, görülmüş işlər nəticəsində rayonda yüzlərlə yeni iş yerləri yaradılaraq əhalinin məşğulluq səviyyəsi daha da yaxşılaşacaqdır.

Əmin edirəm ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən çoxşaxəli və uzunmüddətli strategiyaya uyğun olaraq hər yerdə olduğu kimi rayonumuzda da sosial-iqtisadi sahədə nəzərdə tutulan bütün tədbirlər müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu. Rayon Təhsil Şöbəsinin, Qaz İstismar İdarəsinin, Maliyyə Şöbəsinin və digər sahələrin rəhbərləri görülən işlərin, əldə olunan nailiyyətlərin, rayonun ümumi simasında əks olunduğunu qeyd etdilər və icra hakimiyyətinin 2008-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olundu. Rayon ağsaqqalarından Hacı Əzizbala Əsədov və Azərpaşa Əliyev son bir ildə Siyəzənin inkişaf tempinin əvvəlki illərin heç biri ilə müqayisəyə belə gəlmədiyini qeyd etdilər və Prezident İlham Əliyevin təkcə iqtisadi, sosial, xarici siyasətinin yox, kadr siyasətinin də Azərbaycanın tərəqqisində əhəmiyyətli rol oynadığını vurğuladılar.

Sonra Milli Məclisin üzvü Tahir Süleymanova söz verildi. Millət vəkili Azərbaycanın sosial iqtisadi uğurlarından, Heydər Əliyev strategiyası əsasında qurulmuş respublika iqtisadiyyatının dünyanı bürüyən maliyyə böhranı şəraitində özünü doğrultduğundan və Siyəzəndə son bir ildə görülən işlərin böyük əhəmiyyətindən danışdı.

Yığıncaqda Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi İ.Əliyev də geniş çıxış etdi. Natiq Azərbaycanda sosial-iqtisadi inkişafın uğurlarından, regionun lider dövləti olaraq dünyanın islahatçı dövləti nüfuzunu qorumasından, dövlət başçısının xarici siyasətdəki hədəflərindən və ölkənin tərəqqisinin təməlində duran Heydər Əliyev strategiyasının cənab İlham Əliyevin səyləri ilə hələ çox uğurlar gətirəcəyindən ətraflı bəhs etdi.

Yığıncaq işini qətnamə layihəsinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunması ilə yekunlaşdırdı.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.7.