Sabunçu rayonu: sosial-iqtisadi inkişafın yeni mərhələsi
Azərbaycan
Respublikası son illər sürətlə inkişaf etməkdədir.
Ötən il qazanılmış uğurlar bunu bir daha təsdiq
edir. Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi
inkişafın yekunlarına həsr olunmuş iclasda bu barədə
ətraflı söhbət açılmışdır. Cənab
Prezident həmin iclasdakı nitqində demişdir: “Azərbaycanda
isə 2008-ci ildə yeni müəssisələr
açılmış, həm dövlət investisiyaları,
həm də özəl sektorun fəaliyyəti nəticəsində
böyük, nəhəng infrastruktur layihələri icra
olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli
inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə
2008-ci ildə daha da güclənmişdir”.
Söz yox ki, bu inkişaf Bakı və onun ayrı-ayrı rayonlarında da çox aydın nəzərə çarpır. 2008-ci il Sabunçu rayonunun da həyatında əlamətdar hadisələrlə zəngin olmuşdur. Fevralın 21-də rayonda keçirilmiş hesabat yığıncağında bu barədə ətraflı danışılmışdır. Əvvəlcə yığıncaq iştirakçıları icra hakimiyyəti binasının foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, sonra Bakıxanov qəsəbəsindəki Mədəniyyət Sarayında yığıncaq öz işinə başlamışdır.
İlkin olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev “Sabunçu rayonunun 2008-ci ildə sosial-iqtisadi inkişafı yekunları və 2009-cu ildə qarşıda duran vəzifələr haqqında” məruzə etmişdir.
O bildirmişdir ki, cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində rayon ildən-ilə inkişaf etməkdədir. 2008-ci il ərzində rayonun sənaye müəssisələri tərəfindən cəmi 218,3 milyon manatlıq sənaye məhsulu satılmış, bu da 2007-ci ildəkinə nisbətən 45,3 faiz, 2003-cü ildəkinə nisbətən isə 3,5 dəfə çoxdur. 2008-ci ildə rayon üzrə istehsal edilmiş məhsulun və xidmətlərin 60 faizi qeyri-dövlət sektorunun hesabına olmuşdur.
2008-ci il ərzində rayon üzrə qeyri-maliyyə aktivlərinə investisiyaların həcmi 2007-ci ildəkinə nisbətən 20,4 faiz yüksələrək 84,2 milyon manat təşkil etmişdir ki, bu da 2003-cü ildəkinə nisbətən 3,6 dəfə çoxdur. Əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 134,3 milyon manat təşkil edərək 2007-ci ildəkinə nisbətən 17 faiz, 2003-cü ildəkinə nisbətən 8,2 dəfə, pərakəndə əmtəə dövriyyəsi isə 610,5 milyon manat olmaqla uyğun olaraq 15,5 faiz və 13,8 dəfə çoxalmışdır.
Rayon üzrə orta aylıq əmək haqqı 2007-ci ildəkinə nisbətən 32,1 faiz, 2003-cü ildəkinə nisbətən 3,6 dəfə yüksələrək 257,9 manat olmuşdur.
2008-ci il ərzində rayonun tikinti təşkilatları tərəfindən 77,2 milyon manatlıq tikinti-podrat işləri yerinə yetirilmişdir. Bu da 2007-ci ildəkindən 56,2 faiz, 2003-cü ildəkinə nisbətən isə 10,0 dəfə çoxdur.
Bundan əlavə, rayon ərazisində bir sıra dövlət qurumlarının yeni inzibati binalarının inşası üçün, o cümlədən rayon polis idarəsi, mühafizə polisi, sahə müvəkkillərinin məntəqəsi, prokurorluq, məhkəmə, sosial müdafiə mərkəzi, Ədliyyə Nazirliyinin istintaq təcridxanası, “Azəryolservis” MMC və iki yerdə yeni yanğınsöndürmə məntəqəsi, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları üçün iki çoxmərtəbəli binalarının tikintisi üçün torpaq sahələri ayrılmışdır.
2008-ci ilin sonuna rayon üzrə məşğul əhalinin ümumi sayı 27872 nəfər, o cümlədən sənayedə çalışanlar 8256 nəfər, tikintidə 1227 nəfər, büdcə təşkilatlarında 5908 nəfər, təhsildə 5572 nəfər, səhiyyədə 4070 nəfər, digər sahələrdə 2839 nəfər və s. olmuşdur.
2008-ci il ərzində rayon üzrə cəmi 1150, o cümlədən 1015 daimi yeni iş yeri açılmışdır.
Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafının davamı kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı” təsdiq edilərək onun icrasına başlanmışdır. Həmin tədbirlər proqramında Bakı şəhərinin digər rayonları ilə yanaşı yalnız, Sabunçu rayonunun qəsəbələrində 100-ə yaxın bənddən ibarət tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş, onlardan 83-ü əvvəlki illərdə, qalanların icrası isə 2008-ci il ərzində davam etdirilmişdir.
Ümumiyyətlə, indiyədək proqram çərçivəsində qaz təchizatı üzrə rayonun bütün qəsəbələrində 116,5 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 1 qazpaylayıcı stansiya tikilmiş, 50 qazpaylayıcı şkaf və sairə quraşdırılmışdır.
Rayonun elektrik enerjisi təchizatı sahəsində nəzərdə tutulmuş tədbirlər də tam yerinə yetirilmişdir. Belə ki, Bilgəh-Buzovna sahəsində 2 yarımstansiya, Maştağa və Sabunçu qəsəbələrində hərəsində 1 olmaqla 2 yarımstansiya tikilərək istifadəyə verilmiş, 6 yarımstansiyada isə yenidənqurma işləri aparılmışdır.
Rayonun su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə proqramda nəzərdə tutulmuş əksər işlər tam yerinə yetirilmişdir. Belə ki, 4 ədəd ümumi tutumu1400 kubmetr olan su anbarı, 3 su nasosxanası tikilmiş və 31 m-dən çox müxtəlif diametrli su kəməri çəkilmişdir. Kanalizasiya sisteminin təmir-bərpası üzrə Zabrat qəsəbəsində müxtəlif diametrli 8600 m, Sabunçu qəsəbəsində isə 1000 m kanalizasiya xətti çəkilmişdir.
Rabitə sahəsi üzrə nəzərdə tutulmuş tədbirlər tam yerinə yetirilmiş nəticədə ATS-lərin tutumu 11971 nömrə genişləndirilmiş, elektrik enerji açılmaları zamanı fasiləsiz rabitəni təmin etmək məqsədilə bütün ATS-lərdə generatorlar quraşdırılmışdır.
Yerlərdə poçt xidmətlərinə olan tələbatı ödəmək üçün Zabrat, Sabunçu, Bakıxanov, Balaxanı, Kürdəxanı, Pirşağı, Ramana, Nardaran qəsəbələrində 8 yeni poçt binaları tikilərək istifadəyə verilmiş, 2 poçt binası isə təmir edilmişdir.
Ekologiya sahəsi üzrə Bilgəh və Pirşağı qəsəbələrində 2 su təmizləyici qurğu tikilərək istifadəyə verilmiş, Balaxanı, Sabunçu, Ramana qəsəbələrində çirklənməyə məruz qalmış mədən sahələrində 5 hektar sahədə rekultivasiya işləri aparılmışdır.
Mədəniyyət və turizm sahəsi üzrə 2 qəsəbədə musiqi məktəbi və 4 qəsəbədə kitabxana əsaslı təmir edilmişdir.
Təhsil sahəsi üzrə cəmi 4782 şagird yerlik 6 orta məktəb binası və 2 məktəbin nəzdində cəmi 860 şagird yerlik əlavə korpus tikilmişdir. Bundan başqa 2 qəsəbədə cəmi 180 yerlik 2 uşaq bağçası tikilərək istifadəyə verilmişdir.
Səhiyyə sahəsi üzrə Zabrat qəsəbəsində 25 çarpayılıq yeni xəstəxana, Nardaran qəsəbəsində 8 nömrəli xəstəxananın stasionar şöbəsi tikilmiş, Maştağa qəsəbəsində 2 və Sabunçu qəsəbəsində 1 sənaye obyekti əsaslı təmir olunmuşdur.
Mənzil təsərrüfatı sahəsi üzrə nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq qəzalı vəziyyətində olmuş 7 yaşayış binası sökülərək yenidən tikilmiş, 17 yaşayış binası əsaslı təmir edilmişdir.
Rayon ərazisində yeni yolların çəkilməsi, onların təmir bərpası və asfalt örtüklərinin salınması üzrə nəzərdə tutulmuş işlər tam yerinə yetirilmişdir. Ümumilikdə, təxminən 403300 kvadratmetr sahəsi olan 60 km yola yeni asfalt örtüyü salınmışdır.
Təhsil Nazirliyinin xətti ilə 2008-ci ildə Bakıxanov qəsəbəsindəki 169 saylı məktəbin həyətində 460 şagird yerlik, 271 saylı məktəbin həyətində 720 şagird yerlik, Sabunçu qəsəbəsində 148 saylı məktəbin həyətində 360 şagird yerlik, Pirşağı qəsəbəsində 188 saylı məktəbin həyətində 140 şagird yerlik, Kürdəxanı qəsəbəsində 113 saylı məktəbin həyətində 300 şagird yerlik olmaqla cəmi 1980 şagird yerlik yeni tədris korpusları tikilərək istifadəyə verilmiş, 10 məktəbdə əsaslı təmir işləri yerinə yetirilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Kürdəxanı qəsəbəsində müasir üslubla ikimərtəbəli poliklinika binası tikilib, lazımi-müasir avadanlıqlarla təchiz olunaraq may ayının 10-da istifadəyə verilmişdir. Maştağa qəsəbəsindəki uşaq sanatoriyası müasir tələblərə uyğun yenidən qurularaq yeni avadanlıqlarla təchiz edilmiş, həyətyanı sahəsi abadlaşdırılmışdır. Bu obyektin açılışında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir.
Əlibaba müəllim sonra rayondakı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı məlumat vermişdir. O, demişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Sabunçu rayonunun müxtəlif sosial obyektlərdə, şəxsi və qohum evlərində 5 mindən çox ailə və ya 25 mindən artıq məcburi köçkün məskunlaşmışdır ki, onların da kommunal məsələlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi rayon icra hakimyyətinin daim diqqət mərkəzində olmuşdur.
Hazırda Sabunçu rayonunda 46 ümumtəhsil orta məktəbində 4 mindən çox pedaqoji və min nəfərə yaxın texniki işçi çalışır, bu təhsil ocaqlarında 46 mindən artıq şagird təhsil alır.
Bütün bunların nəticəsində rayonun 72 saylı məktəb-litseyi, 22, 80, 94, 96, 169, 213, 252 və 255 saylı orta məktəblərin göstəriciləri daha qənaətbəxş olmuşdur. Rayonun abituriyentlərindən 52 nəfəri 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinin tələbəsi olmuş, onlardan 2 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür.
Ölkə Prezidentinin sərəncamına əsasən, bütün məktəb kitabxanalarının latın qrafikalı ədəbiyyatla təchizatı davam etdirilmiş, şagirdlərə pulsuz dərs ləvazimatları, 1 sinfə gedən şəhid və imkansız ailələrdən olan 57 nəfər uşağa isə məktəbli forması və digər paltar və dərs ləvazimatları verilmişdir.
Ötən il ərzində rayonun hüquq-mühafizə orqanları rayonda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
2008-ci il ərzində rayon ərazisində baş vermiş 964 cinayət hadisəsindən 800-nün, yəni 83 faizinin üstünün açılması təmin edilmiş, görülmüş tədbirlər əsasında narkotiklərlə bağlı 126 cinayət faktı aşkar edilmişdir.
2008-ci il ərzində icra hakimiyyəti aparatında vətəndaşlardan 3109 ərizə, 1666 məktub və 1376 xidməti sənədlər daxil olmuş, 568 nəfər vətəndaş icra hakimiyyəti başçıssı və onun müavinləri tərəfindən fərdi qaydada qəbul edilmişdir.
Əlibaba müəllim çıxışının sonunda rayona göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə rayon ictimaiyyəti adından öz dərin minnətdarlığını bildirdi, qeyd etdi ki, Sabunçu rayonu əhalisi ümummilli liderimizin layiqli davamçısı İlham Əliyevin yürütdüyü siyasəti daim dəstəkləyəcək, Azərbaycanımızın daha da qüdrətlənməsinə öz töhvələrini verəcək.
Sonra YAP Sabunçu rayon təşkilatının sədri, 2 saylı doğum evinin baş həkimi Mehriban Abasquliyeva, rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Ramana bələdiyyəsinin sədri Əlican Xəlilov, “Azgerneft” BM-nin direktoru Çingiz İsayev, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Məhərrəm Balakişiyev 2008-ci ildə rayonda müvafiq sahələr üzrə görülmüş işlərdən danışdılar.
İclasda Milli Məclisin deputatı Fərrux Zeynalov və Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev də çıxış etdilər.
Milli Məclisin deputatı Eldar Quliyev iclasda iştirak etmişdir.
İclasın sonunda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-22 fevral.-S.7.