Fədakar alim, böyük vətəndaş
Akif Həmid oğlu Əzizov
1943-cü ildə Qarabağdakı Ağdərə rayonunun
Umudlu kəndində müəllim ailəsində dünyaya
göz açıb. O, 1960-cı ildə ADU (BDU)- nun kimya
fakültəsinə qəbul olunub. 1964-1966-cı illərdə
təhsilini Moskvada M.V.Lomonosov adına universitetdə davam
etdirib. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə
başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin
vaxtda da Moskvaya SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli
aspiranturasına göndərilib.
1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 1970-1985-ci illərdə institutda gərgin elmi fəaliyyət göstərən bu gənc mütəxəssis üç il metalkompleks katalizatorlar laboratoriyasına rəhbərlik edib. 1988-ci ildən NKPİ-nin elmi işlər üzrə direktor müavinidir. Eyni zamanda, 2003-cü ildə institutda yaradılmış neft-kimya proseslərində ion-mayeləri texnologiyaları şöbəsinə rəhbərlik edir, həm də NKPİ nəzdində yaradılmış kiçik elmi şuranın sədri və elmi seminarların rəhbəridir. O, həmçinin AMEA “Neft-kimya” və “Yüksək molekullu birləşmələr kimyası” üzrə elmi şuraların, ADNŞ-də neft emalı üzrə elmi-texniki şuranın, M.Nağıyev adına Kimya Problemləri İnstitutunun nəzdində ixtisaslaşdırılmış şuranın, “Azərbaycan kimya jurnalı”nın, “Neft-kimyası və neft emalı” jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Beynəlxalq aləmdə yaxşı tanınan alim həmçinin Nyu-York EA-nın və Amerika Kimya Cəmiyyətinin üzvüdür. Akif müəllim dəfələrlə beynəlxalq forumlarda, konfranslarda Azərbaycanı təmsil etmişdir. Çoxillik elmi-tədqiqat işlərinin səmərəsinə görə o, 1986-cı ildə “Əmək rəşadəti” medalına layiq görülmüş, 1994-cü ildə isə Soros Fondunun fərdi qrantını almışdır.
Onun rəhbərliyi
ilə 1 elmlər doktoru, 7 elmlər namizədi hazırlanmışdır.
Apardığı uğurlu elmi-tədqiqat işlərinin nəticələri
300-ə kimi elmi əsərdə, 1 monoqrafıyada, 40 müəlliflik
şəhadətnaməsində və patentdə öz əksini
tapmışdır. Onun ixtiraları Türkiyədə,
Rusiyada və başqa ölkələrdə tətbiq olunur və
yaxşı səmərə verir.
Elm və həyat
Şah İsmayıl Xətainin adını daşıyan rayon mənə daha doğmadır. Çünki ömrümün 45 ilini bu rayonda yaşamışam. Rayonun mərkəzi “Qara şəhər” Bakının, eləcə də bütövlükdə Abşeron yarımadasının sənaye simvoludur. İlk neft emalı müəssisələri də elə burada yaradılıb.
Belə ki, hələ XIX əsrin ortalarından Bakının “qara qızılının” şöhrəti dünyaya bəlli idi. İkinci cahan müharibəsində SSRİ məhz Bakı neftinin gücü hesabına alman faşizmi üzərində qələbə çaldı. Akademik Y.Məmmədəliyevin rəhbərliyi ilə AMEA-nın NKPİ XX əsrin birinci yarısında neft məhsullarının istehsalı və tədqiqi sahəsində misilsiz xidmətlər göstərmişdir. Həmin tarixi ənənə yaşadılır və şərəflə davam etdirilir. Bu elm ocağının yaranması və çoxşaxəli fəaliyyəti Azərbaycan neft sənayesi tarixində özünəməxsus yer tutur. Böyük elmi-tədqiqat işləri, kəşflər və ixtiralar aparılan institutda dünya şöhrətli alimlərimiz çalışırlar. Onların ürək sözləri, təklifləri və perespektiv işləri ilə daha yaxından tanış olmağı qərara aldıq. Y.H.Məmmədəliyev adına NKPİ-nun direktoru akademik Musa Rüstəmov təşəbbüsümüzü bəyəndi və bizi direktor müavini Akif müəllim ilə belə tanış etdi:
– Akif Əzizov Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavinidir. AMEA-nın müxbir üzvüdür. Çox zəhmətkeş adamdır, zəngin biliyə, tükənməz səbrə malik olan ən nüfuzlu alimlərimizdəndir. Perespektiv planlarımızı da mükəmməl bilir. Əminəm ki, onunla söhbətlərinizdən məmnun qalarsınız.
Akif müəllimlə ilk tanışlığımız belə oldu. Həmin sahənin mütəxəssisi kimi onun zəngin elmi dünyagörüşünə heyran qaldıq. Doğrudan da söhbətimiz alındı və ayrılanda xatirə olaraq bizə kitablar da bağışladı. O vaxtdan bir neçə il keçir.
Akif müəllimlə sonrakı hər görüşümüzdə onda bir yenilik hiss edirdik. Xoş təəssüratlar beləcə xatirəyə çevrilirdi. Onun iki cəhəti xüsusi qeyd ediləsidir. Birincisi və ən əsası, son dərəcə təvazökardır, geniş ürəyi var. Özünü reklam etməyi xoşlamır. Özündən daha çox həmkarlarının, alim dostlarının uğurlarına sevinir. Onların elmə gətirdikləri yeniliklər barədə fəxrlə danışır. İş yoldaşlarının əməyini yüksək qiymətləndirir. İkincisi, o, elmə müqəddəs sahə kimi baxır və sözün həqiqi mənasında, elmi-axtarışlarda fədakarlıq göstərir. Elə buna görə də həmkarları onu elm fədaisi adlandırırlar. Bundan əlavə Akif müəllim bütün hallarda sadə davranışı ilə seçilir. Vaxtdan, şəraitdən asılı olmayaraq hər bir işçiyə qayğı ilə, səbrlə, diqqətlə yanaşır. Mərhəmət və xeyirxahlıq nümayiş etdirir. Ən çətin anlarda hamı ondan məsləhət almağa, öyrənməyə can atır...
Akif müəllimin elmi mühakimələrini, bəşəri mülahizələrini, mənəvi dəyərlərimiz və milli ideologiya barədə ürək sözlərini dinləməkdən yorulmur, əksinə, məmnun olursan. Müstəqil ölkəmizin elmi tərəqqisi barədə vətəndaşlıq yanğısıyla danışan bu müdrik insanın mənəvi aləmi necə də zəngindir!
Akif Əzizov barədə həmkarları — istər NKPİ-də çalışan əməkdaşlar, istərsə də universitetlərdə və digər elmi - tədqiqat müəssisələrində, eləcə də ən çox Moskvada çalışan mütəxəssislər razılıq edir, onu fədakar alim kimi tanıdıqlarını bildirirlər. Elə həyat və elmi fəaliyyəti barədə məlumatları da həmkarları vasitəsilə əldə edə bildik, sağ olsunlar!
2004-cü ilin fevral ayında AMEA-nın kimya elmləri bölməsi akademik Y.H.Məmmədəliyev adına NKPİ-də keçirdiyi təntənəli yubiley tədbirinin materialları ilə tanışlığımız təəssüratımızı daha da zənginləşdirdi. NKPİ-nin direktoru akademik Musa Rüstəmovun rəhbərliyi ilə keçirilən həmin yubiley Akif Həmid oğlu Əzizovun anadan olmasının 60, əmək və elmi fəaliyyətinin 40 illiyinə həsr edilmişdi. Professor G.Xıdırovun məruzəsi, çoxsaylı çıxışlar və təbriklər bu görkəmli alimin mənalı ömür yolunu kinolent kimi gözlərimiz önündə bir daha canlandırdı...
Görkəmli alimin avtobioqrafiyasını əks etdirən bu rəqəmlər heç də quru rəqəm deyil. Bunlar gərgin zəhmət bahasına, sözün əsl mənasında, fədakarlıq sayəsində başa gəlib və çoxşaxəli kimya elmi tarixinə daxil edilib... Çünki o göz açandan kitab, dəftər görmüşdü. Ağlı kəsəndən müəllim öyüd-nəsihəti, ziyalı tərbiyəsi ilə əhatə olunmuşdu. Elə buna görə də orta məktəbi nümunəvi şagird kimi bitirdi, ali məktəbdə də əlaçı idi. Zəngin müşahidə qabiliyyətinə malik olan bu istedadlı gənc bütün fənnlərə sonsuz maraq göstərirdi və intelektual davranışı ilə seçilirdi. Öz zəkası, işgüzarlığı və zəhmətkeşliyi ilə yolunda yaşıl işıq yandırmışdı. Müəllimləri onun fədakarlığına heyran qalırdılar. Onlarda tam əminlik yaranmışdı ki, fitri istedada malik olan bu gənc elm fədaisi kimi yetişir. Ona görə də istəkli müəllimləri məsləhət gördülər, həm də təşəbbüs qaldırıb təkid etdilər ki, Akif Əzizov təhsilini Moskvada – M.V. Lomanosov adına universitetdə davam etirməlidir. Belə də oldu. 4-cü kursdan o, Moskvaya getdi.
MDU-nun
tanınmış elm xadimi akademik V.Kabanovun rəhbərliyi ilə
həmyerlimiz sanballı bir diplom işi yazdı. Beləliklə
o, MDU-nu fərqlənmə diplomu ilə bitirdi. Gənc azərbaycanlı
kimyaçı artıq Moskva alimlərinin də rəğbətini
qazanmışdı. Onu Azərbaycan MEA-ya dəvət etdilər
və NKPİ-də gənc mütəxəssis kimi əmək
fəaliyyətinə başladı. Burada qayğıkeş
insanlara rast gəldi. Akademik V. Əliyev kimya elminə
böyük marağını, istedadını görüb
ona təhsilini davam etdirməyi tövsiyyə etdi. Elə həmin
ildə A. Əzizov sənədlərini aspiranturaya verdi və
yüksək balla qəbul olundu. Onu Moskvaya – SSRİ EA Neft Kimya Sintez İnstitutuna ezam
etdilər.
Orada görkəmli
kimyaçı alimlər – akademik B.Dolqoploskinin və professor
Y.Tinyakovanın rəhbərliyi altında metal-üzvi
katalizatorların iştirakı ilə butaduenin polimerləşməsi
sahəsində uğurlu tədqiqatlarını başa
çatdırdı. Beləliklə, 1971-ci ildə namizədlik
dissertasiyasını uğurla müdafiə elədi və
alim kimi Vətənə qayıtdı. Gənc alim təxminən
15 il AMEA NKPİ-də gərgin elmi-tədqqat
işləri gördü. Burada “metalkompleks
katalizatorlar” laboratoriyasına müdir vəzifəsinə irəli
çəkildi. Uzun illər məhz onun səmərəli
elmi-tədqiqat işləri və təşkilatçılığı
sayəsində bu elm ocağının ümumi fəaliyyətində
canlanma hiss olundu, elmi əlaqələri genişləndi,
mütəxəssis kadrların hazırlıq səviyyəsi
xeyli artdı. Bu üstünlüklərə
görə Akif müəllimə etimad artdı və onu
1988-ci ildə AMEA NKPİ -nun elmi işlər üzrə
direktor müavini təyin etdilər.
Daim yenilik hissləri
ilə yaşayan bu elm fədaisi işə daha məsuliyyətlə
yanaşmağı qarşısına məqsəd qoydu. Yüksək
elmi enerjiyə malik olan tədqiqatçı alimin potensial
imkanlarını nəzərə alıb, eyni zamanda, yeni
yaradılmış “Neft-kimya proseslərində ion-mayeləri
texnologiyaları” şöbəsinin müdirliyini də ona
etibar elədilər. İxtiraçı
alim kimi o, kimya elminin ən yeni və vacib sahəsi sayılan
metalkompleks və metal-üzvi kataliz sahəsinin bir sıra
fundamental, praktik xarakterli məsələləri üzərində
çalışır. Həmin
katalizatorların iştirakı ilə gedən oliqomerləşmə
və polimerləşmə reaksiyalarında elementar mərhələlərin
kinetik parametrlərinin regio və fəza seçiciliyinin,
katalitik mərkəzlərinin təbiətinin yaranması və
məhvolunma mexanizmlərini araşdırır.
Həmçinin
donor – aksentor və xelat əmələ gətirən müxtəlif
liqandların rolunu və s, mühüm məsələləri
tədqiq edir.
Alim ilk dəfə olaraq oliqomerləşmə və
polimerləşmə prosesində metallinium-ion mexanizmləri
adlanan yeni konsepsiya irəli sürmüşdür. Təcrübə zamanı o zəif metalliqand əlaqələrinin
oliqomerləşmə və polimerləşmə məhsullarının
molekul kütləsinə və quruluşuna təsirini,
alınan məhsulların fəza quruluşlarının və
molekul kütlələrinin əlaqəli dəyişmə
qanunauyğunluqlarını öyrənmişdir.
İstedadlı
alim kimi o, hələ 1980-ci illərdə mühüm səmərələşdirici
təkliflər irəli sürmüşdü. 1990-cı illərdə
isə dünya təcrübəsində tətbiq edilən
oliqomerləşmə və polimerləşmə prosesləri
üçün ən yeni tipli katalizatorların ilkin yaradılmasının
təməlini məhz Akif müəllim qoymuşdur.
Artıq
neçə illərdir ki, Türkiyənin “Petkim”
firmasında, Rusiyanın Yefremov “Sintetik kauçuk”zavodunda və
digər ölkələrin iri sənaye müəssisələrində
onun elmi kəşfləri geniş tətbiq edilir və
yüksək səmərə verir.
Bütün mənalı
ömrünü elmi-tədqiqat işlərinə həsr edən
A. Əzizovun yeni monometrlər, oliqomerlər, polimerlər-mütərəqqi
tələbatlara cavab verən neft məsulları və neft
kimyası sənayesinin davamlı inkişafını təmin
edə bilən kompleks emal sxemlərinin yaradılması
istiqamətində çox mühüm işlər, fundemental
və qlobal hazırlıq gedir. Fundamental və
tətbiqi xarakterli həmin elmi-tədqiqat işlərinin əsas
əlaqələndirici rəhbərlərdən biri və ən
məsul şəxs məhz Akif müəllimdir.
Azərbaycanda kimya elminin tərəqqisində,
neft kimyası sahəsində uğurlu nəticələr əldə
edilməsində, elmi, zəkası və yüksək təşkilatçılıq
bacarığı ilə ölkəmizin şərəfini hər
yerdə uca tutan, gənc mütəxəssis alimlərin
yetişməsində müstəsna xidmətləri olan
akademik Y.H.Məmmədəliyev adına NKPİ-nin elmi işlər
üzrə direktor müavini, AMEA-nın müxbir üzvü,
tədqiqatçı alim, kimya elmləri doktoru, professor,
gözəl insan, böyük vətəndaş,
ömrünün 66-cı baharına yüksək elmi nailiyyətlərlə
qədəm qoyan Akif Əzizova cansağlığı və
daha böyük uğurlar arzulayırıq.
İsaq ƏMƏNULLAYEV
Xalq qəzeti.-2009.-22 fevral.-S.8.