Prezident İlham ƏLİYEV: Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası tarixi bir nailiyyətdir

 

“Gülüstan” Sarayında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramının (2004—2008-ci illər)” icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev giriş nitqində bildirmişdir ki, son beş il ərzində biz böyük və uğurlu yol keçmişik. Bunun nəticələrini təkcə rəqəmlərdə yox, eyni zamanda, şəhərlərimizin dəyişən simasında görürük, abadlaşan şəhərlərdə, kəndlərdə, çəkilən yollarda, tikilən infrastruktur obyektlərində görürük. Bu, indi bizə imkan verir və gələcəkdə də verəcək ki, biz ciddi siyasi və iqtisadi islahatları daha da sürətlə aparaq, Azərbaycanın müasirləşməsi istiqamətində daha ciddi addımlar ataq. Nəticə etibarı ilə bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir...

Konfransda bildirilmşdir ki, müstəqilliyimizin ilk illərində bir tərəfdən, hakimiyyətdaxili çəkişmələr və ölkədə baş alıb gedən siyasi və iqtisadi xaos, digər tərəfdən, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın didərgin düşməsi sosial-iqtisadi və siyasi vəziyyəti ümidsiz dərəcədə ağırlaşdıraraq, ölkədə böhran yaratmışdı. Yalnız xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin apardığı siyasət, həyata keçirdiyi irimiqyaslı islahatlar ölkənin böhran vəziyyətindən çıxmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına yol açdı. Bu siyasətin davamı olaraq, 2003-cü ildə prezident seçkiləri zamanı İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu və iqtisadi potensialın da yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı son beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalamışdır.

Konfransda vurğulanmışdır ki, bölgələrdə yaşayan vətəndaşların arzu və istəklərini, onların qayğılarını əhatə edən dövlət proqramının təsdiq edilməsi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən beş ildə bariz təsdiqini tapmış, bütün rayonların siması köklü şəkildə dəyişmiş, paytaxta və digər iri şəhərlərə kütləvi axın səngiyərək əks-proses başlamış, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş dövlət proqramının real nəticələrini öz gündəlik həyatında hiss edir.

Bildirilmişdir ki, ötən beş ildə ölkə başçısı regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir. Bu müddət ərzində ölkənin, həmçinin regionların inkişafında böyük rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmış və beləliklə, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir. Proqram qəbul edildikdən sonra regional inkişaf iqtisadi siyasətin əsas hədəfinə çevrilmiş, dövlət orqanlarında regionlara diqqət və dövlət büdcəsindən maliyyələşdirilən proqramlarda regionların xüsusi çəkisi ildən-ildə artmışdır.

Konfransda qeyd olunmuşdur ki, dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi investisiyaların 83 faizidir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşıladırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində son beş ildə məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmışdır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə beş ildə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin göstərilmişdir ki, son beş ildə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmişdir, Lənkəranda yeni dəniz limanının tikinitisi davam etdirilir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında stansiyaların tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası uzun fasilədən sonra, Lerik və Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilmişdir. Ümumilikdə, son beş ildə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilərək, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır. Regionlarda rabitə infrastrukturunun, su və kanalizasiya sistemlərinin, istilik təchizatının yaxşılaşdırılması məqsədi ilə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 75 qazanxana tikilib istifadəyə verilmiş, 72 qazanxana əsaslı təmir olunmuş, 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkilmiş, 23 su anbarı tikilmiş, 214 artezian quyusu qazılmışdır.

Konfransda son beş ildə yeni iş yerlərinin,yeni müəssisələrin açılmasının dinamik xarakter alması da diqqətə çatdırılmışdır: dövlət proqramının qəbulundan sonra bütün bölgələrdə yeni müəssisələr yaradılmış, quruculuq və abadlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, son beş ildə bütün regionları əhatə etməklə, 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açılmışdır. Bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi regionların payına düşür.

Konfransda həmçinin son beş ildə sosial sahədə əldə edilən uğurlardan da ətraflı danışılmışdır. Vurğulanmışdır ki, ötən beş ildə dövlət əsaslı vəsait qoyuluşu, Heydər Əliyev Fondunun dəstəyi və digər mənbələr hesabına 1300-ü regionlarda olmaqla 1600 məktəb binası inşa edilmişdir.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafına göstərdiyi dəstək proqramın icrasına önəmli töhfəsini vermişdir. Təkcə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ən müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin olunmuş 238 məktəb inşa edilmiş, yaxud yenidən qurulmuşdur.

Konfransda səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, idmanın daha da inkişaf etdirilməsi, əlillər və şəhid ailələri üçün yaşayış evlərinin tikilməsi məsələlərindən ətraflı danışılmışdır.

Bildirilmişdir ki, son beş ildə ölkə iqtisadiyyatında, həmçinin regionların həyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılmışdır. Beş il ərzində dövlət büdcəsindən özəl bölmənin inkişafına ayrılan vəsaitin həcmi getdikcə artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Konfransda digər statistik rəqəmlərə də toxunulmuşdur: beş il ərzində ümumi daxili məhsul istehsalı 2,6 dəfə artmış və bu göstəriciyə görə Azərbaycan dünyada lider ölkə olmuşdur. Göstərilən müddətdə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, orta aylıq əmək haqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir. Təsadüfi deyil ki, aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və 2008-ci ildə Düya Bankı Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

Konfransa yekun vuran Prezident İlham Əliyev demişdir ki, bu vaxta kimi verilən bütün qərarlar düzgün olmuş, bütün vədlər həyatda öz yerini tapmışdır. Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud da verilən vəd icra olunmasın və ya yarımçıq qalsın. “Bunun da çox böyük əhəmiyyəti var. Ona görə ki, bir tərəfdən, bütün arzularımız həyatda öz əksini tapır, digər tərəfdən, bu gün iqtidara xalq tərəfindən olan etimadı daha da artırır... Azərbaycan xalqı yaxşı bilir ki , əgər nə demişiksə, onu edəcəyik. Onu da yaxşı bilir ki, biz Azərbaycanın hərtərəfli inkişafı üçün və müstəqilliyin möhkəmlənməsi üçün səylərimizi əsirgəmirik”.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.2.