Qlobal böhran fonunda Azərbaycan öz sabitliyini
qoruyur
2008-ci il dünyada maliyyə
və iqtisadi böhran ili kimi qalacaq. Artıq bu böhranın
acı fəsadları özünü qabarıq şəkildə
büruzə verməkdədəir. İri şirkətlər,
bir sıra banklar, həmçinin bəzi dövlətlər
böhranın güclü dalğalarına tab gətirə
bilməyərək, müvazinətlərini itirməkdədirlər.
Azərbaycan isə dünyanı bürüyən maliyyə
və iqtisadi böhran qarşısında aciz qalmır,
iqtisadi inkişafını davam etdirir. Bu günlərdə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı
ilə bütün növ əmək pensiyaları üzrə
aylıq pensyia məbləğlərinin sığorta hissəsinin
artırılması ilə əlaqədar
imzaladığı sərəncam da bunu təsdiqləyir.Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər)
icrasının yekunlarına həsr olunmuş konfransda da
ölkəmizin iqtisadi inkişafı xüsusi
vurğulanmışdır.
Dünya maliyyə və
iqtisadi böhranının Azərbaycana ciddi təsir etməyəcəyini
tanınmış iqtisadçılar, ekspertlər, iş
adamları həmçinin diplomatlar da təsdiqləyirlər.
Tanınmış diplomatlardan biri — ABŞ-ın Azərbaycandakı
keçmiş fövqəladə və səlahiyyətli səfiri
Stenli Eskudero bu məsələyə münasibət bildirərkən
demişdir:
— Azərbaycanda
yaşayıb fəaliyyət göstərən iş
adamları kimi, biz, əksər dünya ölkələrini
öz cənginə almış maliyyə
böhranının Azərbaycanın iqtisadi və siyasi
sabitliyinə olan təsiri barədə düşünməliyik.
Bu cür böhranın keçmişdə nüfuzlu bizneslərə
son qoyması, müxtəlif ölkələrin
iqtisadiyyatına ciddi ziyan vurması və onları çətin
vəziyyətə qoyması halları məlumdur. Benyəlxalq
arenada getdikcə əhəmiyyəti artan Azərbaycan da qlobal
kredit və kredit derivativ sistemdə yaşanan böhranın təsirindən
yan keçə bilməz, lakin bu təsirin nə dərəcədə
özünü göstərməsi maraqlıdır.
Bu sahədə apardığım araşdırma
işləri zamanı mən dövlət məmurları və
bankirlərlə söhbətlər etmiş, Azərbaycanda fəaliyyət
göstərən maliyyə institutlarının tövsiyələrini
nəzərdən keçirmişəm. Araşdırmalarıma,
o cümlədən, həm burada, həm də digər yerlərdə
çalışan iş adamı və keçmiş diplomat
kimi təcrübəmə əsaslanaraq deyə bilərəm
ki, Azərbaycanın iqtisadiyyatı və siyasi sistemi
yaxşı idarə olunur və bir çox ölkələr
ilə müqayisədə, bu ölkə demək olar
ki, ən dərin beynəlxalq böhrana belə (neftin qiymətinin
uzun müddətə ucuzlaşması ilə müşayiət
edilən) davam gətirməyə hazırdır və ölkənin
sabitliyi etibarlı əllərdədir. Mən öz fikrimi
faktlara əsaslandırmaq istəyirəm.
Güclü iqtisadi mövqe
yaxşı müdafiəyə bərabərdir
Neft sektorundan asılılığa və qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dünyanın bir çox ölkələrində müşahidə edilən iqtisadi böhrana yaxşı davam gətirir ki, bu da ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə tam inteqrasiya etməsi ilə izah olunur. Nə qədər istehsal olsa da, bir çox xarici müşahidəçilər, səfirliklər, məsləhətçilər, elə mən özüm də, uzun illərdir ki, Azərbaycan hökumətini öz iqtisadiyyatının, xüsusən də, bank və kredit sisteminin dünya sisteminə inteqrasiyasını sürətləndirməyə çağırırıq. Bizim məsləhətlərimizə əməl olunsaydı, Azərbaycanın hazırkı iqtisadi durumu pis vəziyyətə düşərdi. Ən vacibi isə, Azərbaycan zəngin ehtiyat fondu yaradaraq özünü uzun müddətli iqtisadi böhrandan sığortalayıb.
Cənab Prezident İlham Əliyev də konfrasda qeyd etdi ki, dünya maliyyə böhranının Azərbaycan üçün təhlükəsi olmayacaq.
Neftin qiymətinin kəskin ucuzlaşması və ilin son beş ayında hasilat həcminin azalması ilə nəticələnən Azəri-Çıraq-Günəşli yatağındakı bəzi problemlərə baxmayaraq, 2008-ci ildə Azərbaycanın iqtisadi göstəriciləri çox təqdirəlayiq olub. Sözügedən müddət ərzində neft sektorunda 10 faiz, qeyri-neft sektorunda isə, müəyyən geriləməyə baxmayaraq, əsasən tikinti, xidmət və kənd təsərrüfatı sahələrinin hesabına 15 faiz artım müşahidə olunub. Bu cür faktorlar və həmçinin yerli tələbatın artması, genişlənən pul siyasəti və dünyada ərzaq və digər malların qiymətlərində müşahidə edilən artım inflyasiyanın, müxtəlif qurumların hesablamalarına görə, 17-20 faiz artması ilə nəticələndi. Bu rəqəm bir qədər çox görünə bilər, lakin 2007-ci illə müqayisədə xeyli aşağıdır. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə inflyasiyanın xeyli aşağı düşəcəyini proqnozlaşdırıb. Məndə olan məlumata görə, 2009-cu il üçün inflyasiyanın dərəcəsi 9 faiz müəyyənləşib. Bu rəqəm böyük görünə bilər, lakin nəzərə alın ki, ötən ilin noyabr ayından etbarən ABŞ hökumətinin maliyyə və xərclər üzrə siyasəti “stimul” paketinin təqdimatı və inflyasiyanın geniş təsirinə məruz qalıb. Qlobal böhran nəticəsində bir çox dövlətlər inflyasiyanın təsirinə məruz qalacaq, lakin bununla belə, Azərbaycanda müşahidə edilən inflayasiya aşağı düşməkdə davam edir.
Bundan əlavə, 2008-ci ildə Azərbaycan neft satışından xeliy gəlir əldə edib ki, bu da neft qiymətlərinin kəskin bahalaşması və şirkətlər tərəfindən qoyulan investisiya xərclərinin vaxtından əvvəl ödənilməsi, bununla da qiymət dəyişməsinin neft şirkətlərinin deyil, Azərbaycanın xeyrinə olması ilə nəticələnib.
Bu və
keçmişdə həyata keçirilmiş digər təqdirəlayiq
tədbirlər Azərbaycan hökuməti və Dövlət
Neft Fonduna Azərbaycanın xarici borclarından altı dəfə
çox vəsait — 16 milyard dollar toplamağa imkan verdi. Faktiki olaraq, 2008-ci ilin ikinci yarısında üzləşdiyi
vəziyyətə baxmayaraq, ilin sonuna yaxın Azərbaycanın
xaricdəki mövqeyi, ilin ortasında aparılan büdcə
qiymətləndirmələri və əlavələrə
dair edilən proqnozlardan fərqli olaraq daha güclü idi.
Nəticə etibarı ilə, Azərbaycanda qlobal
böhranın təsirindən yan keçmək
üçün büdcədən dəstək və digər
köməkçi tədbirlərin görülməsi
üçün əlverişli şərait yaranıb. Bununla belə, müəyyən büdcə
ayırmalarına ehtiyac ola bilər, belə ki, ötən
ilin iyul ayında neftin bir barelinin qiyməti 147 dollara
çatdığı vaxt 2008-ci ilin qiymətlərinə əsasən
2009-cu il üçün Azərbaycan hökuməti neftin bir
bareli üçün qiyməti 70 dollardan hesablayıb.
Qeyd olunduğu kimi, hazırda neft orta hesabla 41 dollara
satılır və gələcəkdə qiymətin nə
cür olması hələ ki, qeyri-müəyyən olaraq
qalır. Belə ki, qiymət bahalaşa və yaxud ucuzlaşa
bilər. Bunun Azərbaycan üçün elə bir qorxusu
yoxdur. Çünki büdcə kəsirlərini ödəmək
üçün Azərbaycanın valyuta ehtiyatları kifayət
qədərdir. Həmişə olduğu kimi,
ilin ortasında büdcə yenidən qiymətləndiriləcək
və gələcəyə dair edilən proqnozlardan
asılı olaraq hökumət hazırda həyata
keçirilən iri infrastruktur layihələrini mövcud
valyuta ehtiyatlarından istifadə edərək davam etdirəcək.
Düzgün idarə edilməyən iqtisadiyyatda bu cür
seçim də mövcud olmazdı. Azərbaycan öz
iqtisadiyyatını çox dəqiqliklə idarə edir.
Bank sektorunun gücləndirilməsi
və qorunması
Hazırkı böhranın kökü bir tərəfdən 1944-cü ildə keçirilmiş Breton Vud danışıqları, bir-birini əvəz edən ABŞ rəhbərliyinin məsuliyyətsiz addımları və həmçinin “münasib qiymətə mənzil” adlı proqramın Konqres tərəfindən təqdim edilməsi ilə əlaqəlidirsə, digər tərəfdən Amerika və beynəlxalq maliyyə institutlarının həddi bilinməyən tamahı ilə izah olunur. Vəziyyəti başa düşən bir neçə şəxsi çıxmaq şərtilə, əksəriyyətin xəbəri olmadan beynəlxalq maliyyə sistemi iri piramidaya çevrildi və bütün ideal piramidalar kimi süquta uğrayanadək uğurla fəaliyyət göstərməsi təsəvvürü yarandı.
Azərbaycan bankları sözügedən sistemə heç vaxt inteqrasiya olunmayıb. Bu cür vəziyyət, kapitalist sisteminin əsasını təşkil edən sahibkarlıq fəaliyyətini kreditləşdirən bir qurum kimi bankları o qədər də faydalı etməməsinə baxmayaraq, onları piramidanın süquta uğraması nəticəsində yaranan neqativ təsirlərdən qorudu. Lakin bununla belə, Azərbaycan bankları xarici banklardan kreditlər almağa başlamışdı və beynəlxalq kredit sistemi süquta uğradıqdan sonra xarici kapitalın daxil olması da dayandı. Kommersiya kreditlərinin həcmində azalma biznes fəaliyyətinə də öz mənfi təsirini göstərdi.
Mövcud kredit böhranından əvvəlki dövrdə müşahidə edilən pul bolluğu zamanı, Azərbaycan bankları tərəfindən qısa müddətə verilən kreditlərin yüksək faiz dərəcəsinə baxmayaraq, bir çox şirkətlər — xüsusilə də tikinti sektorunda — məhz həmin qısa müddətli kreditləri daha qısa müddətə dövriyyəyə buraxaraq öz layihələrini həyata keçirə bildilər. Bu cür vəziyyətin davam edəcəyini düşünərək, bir çox şirkətlər orta və uzun müddətli layihələri maliyyələşdirmək məqsədilə qısa müddətli kreditlərdən istifadə etməyə başladılar. Qlobal kredit böhranı nəticəsində banklar öz verdikləri kreditləri maliyyələşdirmək imkanından demək olar ki, məhrum oldular və bununla da yerli şirkətlər üçün yenidən maliyyələşmə sistemi dayandı. Əlavə kapital tapa bilməyən şirkətlər, götürdükləri kreditləri ödəyə bilmədilər və buna görə də banklar girov qoyluan əmlakları, adətən tikintisi yarımçıq qalmış obyektləri öz ixtiyarına keçirməyə başladılar. Lakin tikinti obyektlərinin həddindən çox olması, evlərin kütləvi alınmasına təkan verə bilməyən yeni yaradılmış ipoteka proqramı, həmçinin bankların tikinti məqsədilə ayırdığı qısa müddətli kreditləri dayandırması müəyyən dərəcədə tikinti-spekulyasiya bumunun qarşısını aldı. Bu da öz növbəsində verilən kreditlərə görə qoyulmuş girovların hazırkı dəyərini şübhə altına qoyur.
Maliyyə çatışmazlığı ilə üzləşən bir sıra tikinti şirkətləri süquta uğrayacaq — böhran zamanı sayı həddindən çox olan tikinti podratçılarının taleyi məhz elə belə də olur. Bəzi banklara da ziyan dəyə bilər, belə ki, onların kredit girovlarının dəyəri azalıb. Belə vəziyyətdə həmin banklar öz xarici borclarını verməkdə çətinlik çəkəcəklər. Lakin hökumətin və Azərbaycan Milli Bankının düşünülmüş siyasəti sayəsində ən yaxşı banklar və böhranın o qədər də təsir etmədiyi bank sistemi öz fəaliyyətini qoruyub saxlayacaq.
Vəziyyəti
qabaqcadan başa düşən Azərbaycan Milli Bankı
(AMB), likvidlik tələblərini sərtləşdirdi və
banklar tərəfindən verilən kreditlərə nəzarəti
daha da gücləndirdi. Bu cür tədbirlər
görülməsəydi, Azərbaycan hökuməti
aparıcı hesab edilən Azərbaycan Beynəlxalq
Bankının kapitalını artırmağı 2009-cu il
büdcəsində nəzərdə tutmasaydı, AMB Azərbaycan
bankları üçün yenidən maliyyələşmə
dərəcələrini və valyuta ehtiyat səviyyəsini
azaltmasaydı, ölkə Prezidenti bu yaxınlarda
imzaladığı fərmanla daha az faiz dərəcəsi ilə
yenidən kreditləşməyə təkan vermək
üçün banklararası dərəcəni
aşağı salmasaydı, problemlər daha sərt şəkildə
özünü göstərərdi. Bu baxımdan inanıran
ki, AMB və hökumət səmərəsiz bank və
şirkətlərin süqutunun şahidi olacaqlar. Lakin
ağıllı bələdçi qismində
çıxış edən hökumət səmərəli
və məhsuldar şirkətlərə öz köməyini
əsirgəməyəcək ki, bu da öz növbəsində
qlobal böhranın təsirlərini azaldacaq.
Valyuta kursları və işsizlik
Xarici valyuta axınının azalması, manata olan tələbatın azalması və bunun da öz növbəsində manatın dollara nisbətən dəyərdən düşəcəyini düşünməyə əsas verir. İndiyədək bu cür hal hələ ki, müşahidə edilməyib. Bu baxımdan, manatın avrodan ayrılması və yalnız dollar ilə əlaqəli olması, bununla da hər iki Qərb valyutası arasında yaranan fərqlərdən əmələ gələn təsirdən yan keçmək məqsədilə bu yaxınlarda Azərbaycan Milli Bankı tərəfindən verilən qərar təqdirəlayiq hesab olunur. Bu, həmçinin Azərbaycan iqtisadiyyatında müşahidə edilən ümumi sabitlik və həmçinin ehtiyatların düzgün istifadəsi ilə də izah oluna bilər.
Fəaliyyətinin
ilk dövründən başlayaraq, Azərbaycan Prezident
İlham Əliyev ölkədə işsizliyin azaldılmasını
qarşısına ən vacib məqsədlərdən biri
kimi qoymuşdu. O, hakimiyyətdə olduğu ilk
dövr ərzində 600 min yeni iş yeri açmağa
söz vermişdi və bu rəqəmi, hətta üstələdi
də. Belə ki, iri tikinti layihələrini həyata
keçirən bəzi şirkətlər öhdələrinə
götürdükləri işin vaxtında başa
çatdırılması üçün hətta xaricdən
işçi qüvvəsi cəlb etməli olublar. Tikinti, polad və aliminium sənayesində və həmçinin
neft sektorunda müşahidə edilən yüksək qiymətlər,
azalan tələbat və kreditin demək olar ki, yoxluğu
istehsal xərclərini çoxaldıb, nəticə
etibarı ilə də satış və satışdan əldə
olunan gəlir səviyyəsi azalıb. Böhranlı vəziyyətlə
qarşılaşmış sənaye sahələrində
çalışan bir sıra işəgötürənlər
öz işçilərini ixtisara salmağa başlayıb.
Hökumət isə bunun qarşısını almaq
üçün yenidən işəgötürmə tədbirlərini
həyata keçirməyi düşünür. Məsələn,
mənə məlumdur ki, hökumət əsasən tikinti
sektoru, həmçinin kiçik və orta müəssisələrə
yönəldiləcək iki milyard manatlıq stimul paketini
hazırlayır.
Yekun
Çökməkdə olan beynəlxalq maliyyə sistemi və neftin qiymətinin ucuzlaşması Azərbaycandan yan keçməyib, ancaq elə bir ciddi təsiri də olmayıb. Qlobal böhran fonunda Azərbaycan öz sabitliyini qoruyur. Lakin bütün bunları nəzərə alaraq və mart ayına qədər neft hasilatı ilə bağlı problemlərin öz həllini tapacağını və neftin bir daha kəskin ucuşlaşmayacağını fərz edərək, Beynəlxalq Valyuta Fondu Azərbaycanın neft və qaz hasilatına dair planı yerinə yetirəcəyini, yəni 2009-cu ildə neft və qaz sektorunda 18 faiz, qeyri-neft sektorunda isə 6 faiz olacağını gözləyir. Dünya Bankı 2009-cu ildə Azərbaycanda 30.7 faiz müsbət saldo ilə müşayiət olunan 10.4 faizlik ÜDM artmını proqnozlaşdırıb. Bu rəqəmləri digər ölkələr ilə müqayisə etdikdə (2008-ci ilin son rübündə ABŞ-da ümumdaxili məhsul artımı 3 faizədək azalıb və 2009-cu il üçün Dünya Bankı ümumi dünya iqtisadi artımı cəmi 9 faiz, Avropa və Orta Asiya üçün isə 2.7 faiz civarında proqnozlaşdırıb), diqqətə çatdırmaq istərdim ki, maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf yolunda davam edəcək. Fikrimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı sabitdir, düzgün idarə olunur və yaxşı vəziyyətdədir.
Söhbəti qələmə
aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-26
fevral.-S.3.