Nəsimi rayonunda Xocalı şəhidlərinin xatirəsi yad edildi

 

Bu gün Xocalı soyqırımının 17-ci ildönümü tamam olur. Bununla bağlı Nəsimi rayonunda tədbirlər keçirilib.

Əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı, Xocalının müdafiəsi zamanı həlak olmuş Aqil Quliyevin Nizami küçəsində yaşadığı binanın qarşısında anım mərasimi keçirilib. Qəhrəmanın xatirə lövhəsi önünə gül dəstələri düzülmüşdür.

Sonra rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirmişdir ki, 17 il əvvəl Azərbaycan xalqı tarixində ən dəhşətli faciələrdən birinə — Xocalı soyqırımına məruz qalmışdır. Həmin müdhiş hadisədə yüzlərlə soydaşımız qəddarcasına qətlə yetirilmiş, şikəst olmuş, ağlasığmaz işgəncələrə məruz qalmışdır. Lakin bu qanlı cinayətləri törədən mənfur erməni cəlladları və onların havadarları öz istəklərinə çatmamış və xalqımızın azadlıq və Vətən sevgisini boğa bilməmişlər. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və bütün şəhidlərimizin qisasını əzəli torpağımız olan Qarabağı azad etməklə alacaq.

Sonra ehsan süfrəsi açılmışdır. H.Sarabski adına Mədəniyyət evinin kollektivinin ifasında faciə mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Rayonda məskunlaşmış 65 Xocalı ailəsinə maddi yardım verilmişdir.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.4.