Ermənilərin Xocalıda törətdikləri
qırğın əsl soyqırımıdır
Xocalı faciəsi — bu
qəddar və amansız soyqırımı aktı bəşər
tarixinə ən dəhşətli kütləvi terror
aksiyası kimi daxil olmuşdur. Xocalı qırğını
erməni millətçilərinin iki yüz il ərzində
azərbaycanlılara qarşı müntəzəm şəkildə
apardıqları etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və ən
qanlı səhifəsidir. Bir sıra dövlətlərin
hakim dairələrinin dəstəklədikləri bu eybəcər
siyasət çar Rusiyası və sovet hakimiyyəti dövrlərində
ardıcıl olaraq davam etdirilmişdir. SSRİ
dağılandan sonra isə erməni təcavüzü
xalqımızın doğma yurd-yuvasından qovulması,
insanların qaçqına və köçkünə
döndərilməsi, kütləvi talan və
qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar
erməni millətçilərinin və azğın
ideoloqlarının etnik təmizləmə və
soyqırmı siyasətinin nəticələrini müxtəlif
vaxtlarda, bütövlükdə, iki milyon azərbaycanlı
öz üzərində hiss etmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra erməni separatçılarının Dağlıq Qarabağda həyata keçirməyə başladıqları işğalçı siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılmasına, on minlərlə günahsız insanın öldürülməsinə, yüz minlərlə soydaşımızın öz doğma ocaqlarından didərgin düşməsinə gətirib çıxarmışdır. Xocalı qətliamı isə Xatın, Liditsa, Oradur, Osventsim faciələri ilə bir sırada bəşər tarixinə daxil olmuş ən dəhşətli faciə oldu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərdən ibarət silahlı dəstələr Xankəndində dislokasiya edilmiş keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin və onun sərəncamında olan texnikanın bilavasitə iştirakı ilə Xankəndi və Əsgəranın arasında yerləşən Xocalı şəhərini işğal etdilər. Bununla da Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilmiş oldu. Həmin gecə Xocalı əhalisinin - 2500 insanın yeganə məqsədi yaxınlıqdakı Ağdam şəhəri istiqamətinə çıxmaqdan ibarət idi. Lakin bu istəklər həyata keçmədi. Motoatıcı alayın hərbi gücündən istifadə edərək Xocalı şəhərini oda qalamış erməni silahlı birləşmələri xüsusi bir qəddarlıqla dinc əhaliyə divan tutdular.
Soyqırımı nəticəsində qətlə yetirilmişdir — 613 adam. Uşaqlar — 63, qadınlar —106, yaşlı insanlar — 70. 8 ailə tamamilə məhv edilmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir. Yaralanmışdır — 487 nəfər. Girovluqda olmuş adamlar — 1275 nəfər. İtkin düşmüşdür — 150 nəfər. Dövlətə və vətəndaşların şəxsi əmlakına 5 milyard manat dəyərində (1.4.92-ci il tarixinə olan qiymətlə) külli miqdarda zərər vurulmuşdur.
Erməni silahlı birləşmələrinin Xocalıya hücumu bu şəhərin coğrafi-strateji mövqeyi ilə sanki irəlicədən müəyyən olunmuşdu. 7000 nəfər əhalisi olan şəhər Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağları sırasında yerləşirdi. Xocalı Ağdam — Şuşa, Əsgəran — Xankəndi yollarının üstündədir və Qarabağda yeganə aeroport bu şəhərdə idi.
Xocalı azərbaycanlı əhalinin tarixən yaşadığı bir yerdir və burada indiyə qədər müxtəlif qədim tarixi abidələr qalmaqdadır. Xocalı kəndinin yaxınlığında e.ə. XIV —VII əsrlərə aid olan Xocalı — Gədəbəy mədəniyyəti abidələri yerləşir. Burada tunc və erkən dəmir dövrlərinə aid olan qəbir abidələri — daş qutular, kurqanlar və nekropollar aşkar edilmişdir, eləcə də memarlıq abidələri — dairəvi sərdabə (1356—1357), mavzoley (XVI əsr) vardır. Arxeoloji qazıntılar zamanı daşdan, tuncdan, sümükdən düzəldilmiş müxtəlif növ bəzək əşyaları, saxsı məişət əşyaları və s. tapılmışdır.
Əhali əsasən üzümçülüklə, heyvandarlıqla və taxil istehsalı ilə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb, 2 natamam orta məktəb olmuşdur. O illərin hadisələri ilə əlaqədar olaraq, şəhərdə Fərqanədən (Özbəkistan) qaçmış 54 axıska türkü ailəsi, eləcə də Ermənistandan qovulmuş azərbaycanlılar sığınacaq tapmışdılar. Həmin səbəbdən burada Azərbaycanın ən böyük sənaye müəssisələrinin filiallarının açılması, yaşayış evlərinin və digər obyektlərin inşası geniş vüsət almışdı.
Sonralar erməni tərəfi etiraf edirdi ki, erməni silahlı birləşmələrinin birinci vəzifələrindən biri Xocalı platsdarmının ləğv edilməsi, bu məntəqədən keçməklə Əsgəranı və Stepanakerti birləşdirən dəhlizin açılması və azərbaycanlıların nəzarəti altında olan yeganə aeroportun ələ keçirilməsi olmuşdur. İfadəyə fikir verin: “Xocalı platsdarmının ləğv edilməsi”. Bu gün də səslənməkdə davam edən həmin sözlər uşaqların və qadınların kütləvi şəkildə öldürülməsinin, ermənilərin təşkil etdiyi qanlı qırğının əsl səbəblərini açıqlayır.
Xocalı
1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da
avtomobil əlaqəsi kəsilmiş və yeganə əlaqə
vasitəsi olaraq yalnız vertolyotlar qalmışdı. Xocalıya sonuncu mülki vertolyot yanvarın 28-də
gəlmişdi. 40 nəfər insanın həlak
olduğu
Fevralın
ikinci yarısından başlayaraq, Xocalı erməni
silahlı birləşmələrinin mühasirəsində
idi, gündəlik olaraq artilleriyadan və ağır hərbi
texnikadan atəşə, ermənilər tərəfdən
hücumlara məruz qalırdı. Fevralın 25-də
axşam, 366-cı alayın texnikası şəhərin ətrafına
döyüş mövqelərinə
çıxarıldı. Hücum tanklardan,
ZTR-lərdən, “Alazan” mərmiləri və toplardan
atılan, iki saat davam edən artilleriya atəşi ilə
başlandı.
Xocalı
üç tərəfdən tam təcrid olunmuşdu və
insanlar Əsgəran tərəfdən xilas olmağa
çalışırdılar. Lakin tezliklə
aydın oldu ki, bu xaincəsinə qurulmuş bir tələdir.
Naxçıvanik kəndi
yaxınlığında erməni silahlı birləşmələri
əliyalın adamlara atəş açdılar. Məhz Əsgəran — Naxçıvanik
çökəkliyində donmuş, meşələrin və
dağ aşırımlarının qarlarında əldən
düşmüş uşaqların, qadınların və
yaşlı kişilərin əksəriyyəti erməni hərbi
birləşmələrinin vəhşiliyinin qurbanı oldu.
Bu hadisələr
o zaman baş verirdi ki, vasitəçlik missiyası ilə
regiona İran İslam Respublikasının xarici işlər
naziri Əli Əkbər Vilayəti gəlmişdi. Fevralın
25-də o, Bakıda Azərbaycan rəhbərliyi ilə
görüşmüşdü. Nazir
fevralın 27-də Qarabağa və sonra da Ermənistana
uçmalı idi. Bununla əlaqədar
olaraq, tərəflərin razılaşmasına əsasən
fevralın 27-dən martın 1-nə kimi 3 günlük atəşkəs
elan olunmuşdu ki, bu da ermənilər tərəfindən
qulaqardına vurulmuşdu. Fevralın 12-də ATƏT
missiyasının münaqişə zonasında vəziyyətlə
Bu ağır
günlərdə Azərbaycan qüvvələri
xocalılara köməyə gedə bilmədi. Hətta meyitləri
çıxartmağa cəhd etmək imkanı belə yox idi.
Eyni zamanda, ermənilər vertolyotlarla, xüsusi
qruplar şəklində, maskalayıcı xalat geyinərək,
meşə massivlərində axtarışlar
aparırdılar. Meşələrdən
çıxan qruplar güllələnir və ya əsir
götürülür, işgəncələrə məruz
qoyulurdu.
Fevralın 28-də
bir qrup jurnalist iki vertolyotla azərbaycanlıların
öldürüldükləri yerə gedib çıxa
bilmişdilər. Onların gözləri önünə gələn
görüntü hamını dəhşətə
salmışdı. Yerin üstü meyitlə
dolu idi. İkinci vertolyot tərəfindən
qorunmasına baxmayaraq, erməni silahlılarının
güclü atəşinə məruz qalan vertolyot təcili
geri uçmaq zərurəti ilə üzləşmişdi və
buna görə də yalnız dörd meyiti çıxartmaq
mümkün olmuşdu.
Martın 1-də,
bir qrup yerli və xarici jurnalistin faciə yerinə gedə
bildikləri gün, gördükləri mənzərə daha
dəhşətli təəssürat yaratmışdı. Meyitlər təhqir
edilmişdi, çoxunun başında güllə yarası
vardı və bu onu göstərirdi ki, yaralıları, sadəcə
olaraq, qəsdən öldürüblər. Sonradan,
meyitlər təhqir olunan zaman, baş dərisinin
çıxarılması, qulaqların və başqa
orqanların kəsilməsi, gözlərin
çıxardılması, odlu silah, kəsici və deşici
alətlərlə vurulmuş çoxsaylı yaraların
olması, meyitlərin ağır texnika vasitəsilə əzilməsi,
yanıb kömürləşməsi faktları aşkar
edildi.
Xocalıda beynəlxalq
cinayət —soyqırımı törədərkən erməni
şovinistləri və ideoloqları nə haqda
düşünürdülər? Məqsəd
Dağlıq Qarabağı və başqa Azərbaycan
torpaqlarını zəbt etmək, xalqımızın
müstəqillik və ərazi bütövlüyü
uğrunda mübarizə ruhunu əzməkdən ibarət idi.
Sonralar, Azərbaycan diplomatiyasının gərgin
əməyi nəticəsində ABŞ Konqresində ilk dəfə
olaraq Xocalı faciəsinin rəsmi tanınması və onun
beynəlxalq cinayət-soyqırımı kimi tövsifləndirilməsi
məsələsi qaldırıldı. Belə ki,
ABŞ Konqresində İndiana ştatından olan təmsilçi,
beynəlxalq münasibətlər üzrə komitənin
üzvü, konqresmen Den Barton Nümayəndələr
Palatasında çıxış edərkən Konqresi
Xocalı faciəsini soyqrımı kimi tanımağa
çağırmışdı. Konqresmenin
fikrincə, Xocalı soyqırmını tanıyaraq ABŞ
Konqresi bu məsələ ilə bağlı beynəlxalq
ictimaiyyətin “buz sükutu”nu əritmiş olacaqdır.
ABŞ
konqresmeni razılıqla qeyd etmişdi ki, Avropa Şurası
Parlament Assambleyası özünün axırıncı qətnaməsində
qəbul etmişdir ki, “Azərbaycan ərazisinin böyük
bir hissəsi erməni silahlı qüvvələri tərəfindən
işğal edilib, Dağlıq Qarabağ regionu isə hələ
də separatçı qüvvələrin nəzarəti
altındadır”. Bunlardan əlavə, qətnamədə
böyük narahatçılıq hissilə qeyd edilir ki, Ermənistanın
1988-ci ildən 1994-cü ilə qədər
apardığı hərbi əməliyyatlar və yeritdiyi
etnik təmizləmə siyasəti böyükmiqyaslı
köçmələrə və monoetnik ərazilərin
yaradılmasına gətirib çıxarmışdır.
Hazırda Azərbaycan
dövləti və xalqı xaricdəki
soydaşlarımız Xocalı faciəsi haqqında
bütün həqiqətin dünyaya
çatdırılması, onun əsl soyqrımı aktı
kimi tanınması üçün mühüm addımlar
atır. Alimlər, mütəxəssislər kitablar
yazır, araşdırmalar aparırlar. Bu
faciə ayrı-ayrı ölkələrin parlamentlərində,
beynəlxalq təşkilatlarda müzakirəyə
çıxarılır, dünya ictimaiyyətinin diqqəti həmin
məsələyə cəlb edilir. İndi vəzifə
Xocalı faciəsinin siyasi və hüquqi cəhətdən
beynəlxalq səviyyədə tanınması
üçün daha ardıcıl, müntəzəm və məqsədyönlü
iş aparmaqdan ibarətdir.
Kamil SƏLİMOV,
hüquq elmləri doktoru
Xalq qəzeti.-2009.-26 fevral.-S.4.