2009-cu ilin dövlət büdcəsi dinamik inkişaf və sosial rifah büdcəsidir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim iqtisadi inkişafımız çox sürətli olubdur və belə yüksək sürətin saxlanılması onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir. 2003-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı, ümumi daxili məhsul 2,7 dəfə artıbdır. Bu, dünyada tarixi bir nailiyyətdir. Mən yaxın keçmişdə tarixdə ikinci elə ölkə tanımıram ki, beş il ərzində iqtisadiyyatı təxminən 3 dəfə artsın. Bizim iqtisadiyyatımız çox güclənibdir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollardır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstəricidir”.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla hyata keçirilməsi Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Azərbaycanda sürətli inkişafın lokomotivini Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin yeni keyfiyyət halına yüksəltdiyi neft strategiyasının uğurla yerinə yetirilməsi təşkil edir. Bu gün dünya ölkələrini maliyyə böhranı bürüdüyü, istehsalın bir sıra aparıcı sahələri dayandığı, işsizliyin artdığı şəraitdə Azərbaycanda dünya ölkələrinin heç birində görünməmiş dinamik inkişafın davam etməsi daxili potensial imkanlara əsaslanır. On ildə iqtisadiyyatın ən ümumiləşmiş göstəricisi - ümumi daxili məhsul istehsalı müntəzəm olaraq yüksəlmiş, dövlət büdcəsinin gəlirləri isə 10 ildə 10 dəfədən çox artmışdır.

Azərbaycan Prezidenti büdcə prosesini və onun idarə olunmasını təkmilləşdirməyi dövlətin prioritet vəzifələrindən biri hesab edir. Büdcə prosesi dövlətin iqtisadi siyasətini reallaşdırmağın başlıca aləti, siyasi kursun iqtisadi inkişafa transformasiyasını təmin edən ən mühüm vasitədir. Bu, həm formaca, həm də məzmunca belədir.

İqtisadiyyatın və xalqın həyat səviyyəsinin yüksəldilməsinə aid dövlət başcısının qəbul etdiyi fərmanları, sərəncamları və qərarlarında müəyyən edilmiş siyasi xəttin reallaşması, onların praktikaya çevrilməsi büdcə prosesində baş verir. Büdcə vasitəsilə ideal olan praktikaya çevrilir, siyasət iqtisadi inkişafa və xalqın rifahının yüksəldilməsinə xidmət edir.

Büdcə dövlətin ən ali maliyyə sənədi, dövlətin müəyyən etdiyi siyasi, strateji kursun reallaşmasına maliyyə təminatı yaradan başlıca vasitədir. Bu mənada büdcə həm siyasət, həm də iqtisadiyyatdır. Hər il dövlətin siyasətində prioritetlər yeniləşə, beynəlxalq vəziyyətdə dəyişikliklər yarana bilər. Qlobal miqyasda iqtisadiyyatın dinamik inkişafı sürətlənə, maliyyə böhranı yarana, iqtisadiyyatda tənəzzül baş verə bilər. Büdcə dövlətin iqtisadi siyasətini praktikaya çevirmək vasitəsi kimi qlobal miqyasda baş verən proseslərə hazır olmalıdır.

Hər ilin büdcəsinin özünəməxsus xüsusiyyətləri vardır. Büdcə dövlətin bir illik gəlirlər — xərclər balansı, növbəti maliyyə ilində dövlətin qarşıya qoyduğu vəzifələrin yığcam planı olsa da, o, mühasibat rəqəmləri toplusundan ibarət deyil. Ona görə hər ilin dövlət büdcəsinə statik halda deyil, dinamik vəziyyətdə baxılmalıdır. 2009-cu ilin dövlət büdcəsi də dinamik inkişaf və sosial rifah büdcəsidir.

2009-cu ilin dövlət büdcəsi 43,6 milyard manatlıq ÜDM proqnozları əsəsında hazırlanmışdır. 2008-ci ildə ÜDM istehsalı 31,4 milyard manat təsdiq edilmişdi. Bir ildə ÜDM istehsalında artım 12,2 milyard manat müəyyən edilməsi dinamik inkişafın 2009-cu ildə də davam edəcəyini göstərir.

Cari ilin dövlət büdcəsinin makroiqtisadi göstəriciləri belədir: gəlirləri - 12.177 milyon manat ( 2007-ci ildə 5.335 milyon manat), xərcləri isə 12.355 milyon manat (5.714 milyon manat), kəsir isə 178 milyon manat təsdiq edilmişdir.

2009-cu ilin dövlət büdcəsi gəlirlərinin 5 milyard 750 milyon manatını və ya 47-50 faizə qədərini Vergilər Nazirliyindən daxilolmalar, 1,23 milyard manatı neft hasilatının pay bölgüsü haqqında saziş üzrə podratçı tərəflərin mənfəət vergisindən, 1,450 miyard manatı Dövlət Neft Şirkətindən, 1,3 milyard manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar və 45,2 milyon manatı dövlət müəssisələrindən alınan dividentlər təşkil edəcəkdir.

Bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da büdcə daxilolmalarının əsasını vergilər təşkil edir. Vergi formalarından isə büdcə daxilolmalarının müqəddəratını 3 növ vergi -fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və ƏDV müəyyən edir. 2009-cu ildə bu vergilərdən daxilolmalar büdcə gəlirlərinin 4,5 milyard manatını, yəni 37 faizdən çoxunu təmin edəcəkdir. Sair daxilolmalar büdcə gəlirlərinin 13-15 faizini təmin etməlidir.

2009-cu ildə büdcə gəlirlərinin 4,9 milyard manatı və ya 40,3 faizi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşması nəzərdə tutulur. 2008-ci ildə Dövlət Neft Fondundan büdcəyə daxilolmalar 585 milyon manat təsdiq edildiyi halda, 2009-cu ildə bu rəqəm 8,3 dəfə artırılaraq 4,9 milyard manata çatdırılmışdır.

2009-cu il üçün büdcə-vergi siyasəti Vergi Məcəlləsi haqqında Qanuna əsaslanmışdır. ÜDM-ə nisbətdə büdcə gəlirlərinin üstün sürətlə artması, vergiləri və vergi dərəcələrini tədricən azaltmağa, vergi qanunvericiliyini təkmilləşdirməklə, vergi inzibatçılığını gücləndirməklə, ƏDV-dən azad olmaların sayını azaltmaqla təmin etməyə yönəlmişdir. 2009-cu ildə büdcə-vergi siyasətinin başlıca istiqaməti vergi güzəştlərinin minumuma endirilməsinə vergi bazasının genişlənməsinə, yığım əmsalının artırılmasına və s. təmin etməyə yönəlmişdir. Bazar iqtisadiyyatında səmərəli vergi siyasəti yeridilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergilərin iqtisadi inkişafa stimullaşdırıcı təsirinin gücləndirilməsi mühüm amillərdəndir.

Dövlət vergi siyasətini reallaşdırmağın başlıca istiqamətlərini vergi rejiminin daha da liberallaşdırılmasında, vergilərin sayının və dərəcələrinin azaldılmasında, vergitutma bazasının genişləndirilməsində, vergi intizamının gücləndirilməsində, yığım əmsalının artırılmasında, potensial gəlirlərin büdcə daxilolmalarına cəlb edilməsində və digər tədbirlərin reallaşdırılmasında görür.

Respublikada enerji sahəsində maliyyə intizamının gücləndirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əvvəlki illərdən fərqli olaraq 2009-cu ilin büdcəsində enerji sektoruna dövlət büdcəsi hesabına dolayı subsidiya verilməsi nəzərdə tutulmamışdır. Bu, öz növbəsində vergi inzibatçılığının güclənməsinə, dövlət büdcəsinə nəzərəçarpacaq dərəcədə əlavə vəsaitin yığılmasına şərait yaradacaqdır. Qeyd etdiklərimizlə yanaşı dövlət büdcəsi gəlirinin 40,3 faizinin DNF-dən transfertlər hesabına formalaşmasına, bir ildə bu mənbədən büdcəyə transfertlərin 8 dəfə artırılmasına ehtiyatla yanaşılması düzgün olardı.

2009-cu ildə büdcə xərclərinin gəlirlərlə örtülməyən hissəsinin (büdcə kəsirinin) yuxarı həddi 178 milyon manat təşkil edəcəkdir. Büdcə kəsirinin yuxarı həddinin ÜDM-ə nisbəti 0,4 faiz təsdiq edilmişdir ki, bu heç bir iqtisadi təhlükə yaratmayan normal hədd daxilində büdcə prosesinin baş verməsidir.

Kəsirin örtülmə mənbələrini sərbəst büdcə qalığı, dövlət mülkiyyətinin özəlləşdirilməsindən əldə edilən daxilolmalar, daxildə və xaricdə reallaşdırılan istiqrazlardan daxilolmalar təşkil edəcəkdir.

Azərbaycanda büdcə xərclərinin bölgüsü bir neçə ildir ki, təsnifatla aparılır. Büdcə xərclərinin təsnifləşdirilməsi (qruplaşdırılması) xərclərin şəffaflığını təmin etməyin başlıca vasitəsidir. Bu, həmçinin büdcə xərclərinin bölgüsü və istifadəsində aşkarlığın təmin olunması, maliyyə sahəsində uçot və hesabatların, icraya nəzarətin ünvanlılığının dəqiqləşdirilməsinin gücləndirilməsi, demokratik prinsiplərin daha da inkişafıdır.

İqtisadi təsnifləşdirmə, təşkilatlar üzrə qruplaşdırma, funksional təsnifləşdirmə hamılıqca büdcə proseslərində xərclərin təyinatını əvvəlcədən dürüst müəyyən etməyə, büdcə vəsaitlərinin səpələnməsinə yol verməməyə, onların şəffaflığını təmin etməyə, xərclərin hər bir mühüm maddəsinə ayrılacaq vəsaitin bölgüsünü qanunun aliliyi prinsipi ilə aparılmasına, bir sözlə, büdcə prosesində demokratik prinsipin inkişafına xidmət edir. Bu xərclər ümumi dövlət xərcləri, qanunvericilik, icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının xərclərinin hansı istiqamətlərə sərf olunacağını əvvəlcədən göstərir, maliyyələşdirmələrdə aydınlıq yaradır. Xərclərin səpələnməsinin qarşısını almağa, mal və materialların, maliyyə vəsaitlərinin uçotunu aparmağa, qorunmasına nəzarəti gücləndirməyə, onlardan istifadənin səmərəliliyinin yüksəldilməsini təmin etməyə xidmət edir.

Dövlət büdcəsi xərcləri sosial-iqtisadi həyatın hər bir sahəsində dinamik inkişafı nəzərdə tutur. 2009-cu ildə büdcə xərclərinin tərkibində təhsil xərcləri 1 milyard 353 milyon manata, müdafiə xərcləri 1 milyard 205 milyon manata, sosial müdafiə və sosial təminat xərcləri 527,5 milyon manata çatdırılmışdır. 2009-cu ildə büdcə xərclərində müdafiə xərclərinin xüsusi çəkisi 9,9 faiz, təhsil xərcləri 11,1 faiz, səhiyyə xərcləri 4,2 faiz, sosial müdafiə və sosial təminat xərcləri 9,3 faiz təşkil edəcəkdir.

2009-cu ildə daxili dövlət borcları limitinin yuxarı həddi 700 milyon manat və xarici dövlət borcları limitinin yuxarı həddi isə 2,5 milyard manat təsdiq edilmişdir. Bu, qanunverici orqanın icra orqanlarına müəyyən çərçivə daxilində borclanmaya getməsinə hədd qoymasıdır. Həmin limitlərin müəyyən edilməsi dövlətin ödəmə qabiliyyətliliyinin təmin olunması, ölkənin iqtisadi təhlükəsizliyi və maliyyə müstəqilliyi üçün etibarlı təminat yaradılmasına xidmət edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin hazırladığı strateji xəttin uğurla davamı və yeni keyfiyyət halına yüksəldilməsi Azərbaycan dövlətinə ən əlverişli maliyyə imkanları yaratmışdır. Dövlətin əlverişli makromaliyyə imkanlarına malik olmasına onun borclarının 2 milyard manata yaxın, strateji valyuta ehtiyatlarının isə 18 milyard manatdan çox olduğu sübutdur.

Vaxtilə Azərbaycan xarici investor tapmadan heç bir layihəni yerinə yetirmək iqtidarında deyildi. Ölkəmiz bəzən lazımi dərəcədə əlverişli olmayan borclamalara da gedirdi. Hazırda Azərbaycanın daha əlverişli investor seçmək imkanı vardır. Ölkəmizin maliyyə vəsaitlərinin artımı indi Azərbaycanı investisiya cəlb edən ölkədən, xarici ölkələrin iqtisadiyyatına investisiya qoyan ölkəyə çevrilməsini təmin etmişdir. Hazırda Azərbaycanın investisiyası təkcə qonşu ölkələrə deyil, həmçinin Avropa ölkələrinə yatırılır. Büdcənin müdafiə olunan xərc maddələri, əmək haqqı, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərcləri büdcə daxilolmalarından asılı olmadan maliyyələşdirilir. Onlar zəruri xərcləri təşkil edirlər. Əgər dövlət zəruri xərclərin maliyyələşdirilməsində çətinliklərlə qarşılaşarsa, qısa müddətli xəzinə öhdəlikləri buraxmaq, onları qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, eləcə də başqa hüquqi və fiziki şəxslər arasında yerləşdirməklə büdcəyə vəsaitlər cəlb edə və zəruri xərcləri tam maliyyələşdirə bilər.

Dövlət büdcəsində xərclərin maliyyələşdirilməsinin növbəliliyi müəyyən edilir. Əmək haqqı, pensiyalar, müavinətlər, əmək haqqına bərabər tutulan ödənişlər birinci növbədə, qalan xərclər isə büdcə daxilolmaları səviyyəsindən asılı olaraq maliyyələşdirilir. Bir sözlə 2009-cu ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafına, bütün dünyanı bürüyən maliyyə böhranından xalqımızı və iqtisadiyyatımızı qorumağa, xalqın rifahının yüksəldilməsinə xidmət edən büdcədir.

Dövlət büdcəsinin Milli Məclisdə müzakirələrinə deputatlar ciddi yanaşmış, xalqımızın və ölkəmizin maraqlarına cavab verən təkmil büdcə formalaşmasını təmin etmişlər. Beləliklə, 2009-cu ilin büdcəsi iqtisadi inkişafa və xalqın rifah halının daha da yüksəldilməsinə xidmət edən dövlətin ən ali maliyyə sənədi kimi təkmil formalaşması təmin olunmuşdur.

Fikrimizcə, 2009-cu ilin dövlət büdcəsinin daha təkmil hazırlanması imkanları hələ tükənməmişdir. Düşünürük ki, 2009-cu ilin dövlət büdcəsi gəlirlərinin xarici mənbələrdən asılılığının güclənməsinə yol vermədən keçinmək olardı. Dövlətin iqtisadi inkişafın səmərəliliyini yüksəltmək üçün ehtiyatları aşkara çıxarmağa, potensial imkanları təsərrüfatçılıq dövriyyəsinə cəlb etməyə istiqamətlənmiş daha radikal tədbirlər görməsi mümkün idi. Büdcə gəlirlərinin formalaşmasının neft amilindən asılılığını artırmağa deyil, azaltmağa meyllənməsi düzgün olardı. Əgər 2008-ci ilin dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft amilinin payı 62 faiz idisə, 2009-cu ildə onun 65 faizə yüksəlməsinə yol verməmək də olardı.

2009-cu ildə büdcə daxilolmalarının 40 faizdən çoxu təkcə Dövlət Neft Fondundan təmin olunmalıdır. Hesablamalar 2009-cu ildə infrastruktur sahələri ilə birlikdə bütün mənbələr hesabına büdcə gəlirlərinin formalaşmasında neft amilinin payı 65 faizdən də artıq olacağını göstərir. Büdcə gəlirlərinin bir amildən, neft məhsulları ixracından və onun dünya bazarında qiymətindən asılı olmasının hansı neqativ nəticələr verməsi unudulmamalıdır.

Deyirlər, tarix təkrarlanır. 1998-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 25 dollar məbləğində hesablanmış və təsdiq edilmişdi. Lakin həmin ilin aprel-may aylarında bir barel neftin dünya bazarında qiyməti 9-10 dollara endi. Bu, Azərbaycanın, xüsusilə, Xəzər dənizindən çıxarılan neftin səmərəliliyinin aşağı düşməsinə ciddi təsir etdi. Bəzi sahələrdə neftin maya dəyərini belə təmin edə bilmədi. Beləliklə, yaranmış vəziyyət ölkəmizdə neft istehsalı və ixracının səmərəliliyinə ciddi təsir etdi.

Dünya bazarında neft məhsullarının ucuzlaşması Azərbaycanın dövlət büdcəsinə təsdiq edilmiş büdcə kəsirindən əlavə o vaxtkı pulla 742 milyard manat ziyan vurdu. Xalqımızın ümummilli lideri Heydər Əliyev yaranmış gərgin vəziyyətdən çıxış yolları axtarır, tez-tez müşavirələr keçirirdi. O müdrik şəxsiyyət kiçiklərin fikirlərinə də hörmətlə yanaşardı. Büdcə ilə bağlı keçirdiyi müşavirələrə Milli Məclisin büdcə məsələləri komissiyasının sədrini də dəvət edirdi. Həmin vaxt mən Milli Məclisin büdcə məsələləri komissiyasının sədri idim.

Müzakirələrdə mən belə qənaətə gəlmişdim ki, ölkə Prezidenti dövlət büdcəsində sekvestr aparılmasını təklif edəcək. Sekvestr — zəruri xərc maddələri istisna olmaqla büdcə ilinin qalan aylarında xərc maddələrinə maliyyələşdirmələrin proporsional olaraq azaldılmasıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev büdcədə sekvestr tətbiq olunmasına getmədi. İqtisadiyatın potensial ehtiyatları hər bir canlı orqanizmdə olduğu kimi olduqca zəngindir. O, elastik xassəyə malikdir. Zərurət yarandıqca, özünü qorumaq instinqi kimi, potensial imkanın ehtiyatları da işə düşməyə başlayır. Xalqımızın ümummilli lideri iqtisadiyyatın potensial imkanlarını dövriyyəyə cəlb etmək üçün müdrikliklə təşkilatçılıq işi gördü, radikal islahatlar apardı və qərarlar qəbul etdi, cəsarətli idarəçilik üsullarına keçidi təmin etməklə Azərbaycanı böhrandan çıxara bildi.

Biz “holland sindromu” təhlükəsini istisna edən büdcə siyasəti yeritməliyik. Dövlət büdcəsi gəlirlərinin dünya bazarında yaranan qiymətlərdən asılılığını aradan qaldırmaq üçün daha təsirli mexanizmlərdən istifadə etməliyik. Büdcə daxilolmalarının bir amildən asılılığı iqtisadiyyatın və xalqın rifahının dünya miqyasında baş verən kortəbii proseslərin təsiri altına düşməsinə, neqativ nəticələr yaranmasına, ölkənin iqtisadi təhlükəsizliyinin qorunub saxlanmasında problemlər yaranmasına gətirib çıxara bilər.

Büdcə gəlirlərinin iqtisadiyyatın müxtəlif sahələrindən formalaşmasını, yığımların diversifikasiyasını təmin etmək, onun bir amildən asılılığını azaltmaq, qeyri-neft sektoru və regionların sosial-iqtisadi inkişafını sürətləndirmək və onların büdcə daxilolmalarında rolunu gücləndirmək üçün radikal metodlardan istifadə etməliyik.

Ölkə Prezidenti dünya maliyyə böhranından özümüzü, iqtisadiyyatımızı qorumaq üçün tədbirlər görmək haqqında müvafiq icra orqanlarına tapşırıqlar vermişdir. Biz ən azı qlobal miqyas almış maliyyə böhranının ölkəmizə ixrac olunmasının qarşısını almalıyıq. İndinin özündə də daxili bazarın bəzi seqmentləri özümüzdə kifayət qədər istehsalı mümkün olan, lakin xarici ölkələrdən idxal olunmuş mallarla formalaşır. Bu, qlobal xarakter almış maliyyə böhranının ölkəmizə idxal olunması ilə nəticələnə bilər.

Cənab İlham Əliyevin idxalı əvəzləyən, rəqabət qabiliyyətli yerli məhsullar istehsalını artırmaq üçün daha cəsarətli iqtisadi, təşkilati və maliyyə tədbirləri hazırlayıb həyata keçirmək haqqında müvafiq icra orqanlarına verdiyi tapşırıqların yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etməliyik.

Keçən illərin təcrübəsindən məlum olduğu kimi, Azərbaycana qonşu ölkələr bir yana, hətta okeanın o tayından da kənd təsərrüfatı məhsulları gətirilir. Argentinadan üzüm, Braziliyadan alma, armud və s. idxal olunur. Özümüzün kifayət qədər müasir tipli, yeni texnoloji sistemlərə əsaslanan rəqabət qabiliyyətli emal müəssisələrimiz olmadığı üçün ekoloji cəhətdən təmiz məhsullarımızın xeyli hissəsi mal-qara yeminə çevrilir. Özümüz isə tərkibi məlum olmayan, kimyəvi dərmanlardan istifadə edilmiş ərzaq məhsullarını baha qiymətə almağa məcbur oluruq.

Ulu öndərimiz kənd əməkçilərinə fermer təsərrüfatlarına torpaq vergisi istisna olmaqla qalan vergiləri ödəmələrinə kanikul vermişdir. Özünü doğrultmuş olan bu kanikul hazırda da qüvvədədir.

Torpaqların istifadəsiz qalmasının, təsərrüfatçılıq dövriyyəsindən çıxmasının qarşısını almaq məqsədilə torpaq vergisi saxlanmışdır. Torpaq vergisi, həmin sahənin istifadə edilməsindən, gəlir əldə edilməsindən asılı olmayaraq ödənilən vergidir. Torpaq vergisi sahibkarı torpaqdan istifadəyə stimullaşdırmaq vasitəsidir. Həm də torpaq vergisi ağır vergi deyildir. O, fermerlərin büdcəsinə ciddi təsir etmir.

Heydər Əliyev yanacaq, sürtgü materialları satışında güzəştə getməkdənsə, vergilərdə güzəştə getməyə üstünlük verilməsini üstün tuturdu. Bu yolla büdcəyə yığımları artırmaq, sonra isə yanacaq-sürtgü materialları, gübrə və müxtəlif ziyanvericilərə qarşı dərmanlar alınması və s. üçün fermerlərə qaytarmaqdansa, o vəsaitin onların özündə qalması daha düzgün olardı. Fermerlərdən vergi formasında toplanan yığımları yenidən fermerlər arasında bölüşdürmək, maliyyələşdirmələrin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, qanunu pozanlara qarşı tədbirlər görməkdənsə, həmin pulların fermerlərin özlərində qalmasının daha məqsədəuyğun olması əsas götürülürdü. Hazırda yanacaq-sürtgü materialları alınmasında, sahibkarlara, fermerlərə güzəştlər edilir, lizinq xidməti göstərilir və s.

İnhisarçılıq digər ölkələrdə olduğu kimi, Azərbaycandada vardır. Onu görməmək özünü aldatmaq olardı. İstehlak bazarlarında aparılan monitorinqlər aydın şəkildə göstərir ki, kənd təsərrüfatı məhsullarını istehlak bazarlarında satanların əksəriyyəti heç də kənd əməkçiləri deyillər. Onların əksəriyyəti alverçilər, möhtəkirliklə məşğul olanlardır. Hazırda kənd təsərrüfatı məhsulları satışı üzrə formalaşmış inhisarçı qruplar kənd əməkçilərinin öz məhsulları ilə bazara daxil olmalarına imkan vermirlər.

İnhisarçılar məhsul növləri üzrə ixtisaslaşırlar. Kartof, soğan bir inhisarçının, armatur, taxta, şalban satışı digər inhisarçının, ziynət şeylərinin ölkəyə gətirilməsi və satışı başqa inhisarçının, maşın, avadanlıq gətirilməsi və satışı başqa bir inhisarçının təsir dairəsində cəmləşir və s. Bütün bunları isə inhisarçılığa qarşı mübarizə aparmalı olan, bu məqsədlə dövlət büdcəsindən əmək haqqı alan dövlət məmurlarının xeyli hissəsi “görmürlər.”

Bir vacib məqama da diqqət yetirməyi lazım bilirəm. Dövlət büdcəsinin xərc hissəsində “8.10. sənaye, tikinti və faydalı qazıntılara 4.733.635. 909 manat”, “8. 9. kənd təsərrüfatı, meşə təsərrüfatı, bağçılıq, ovçuluq və ətraf mühitin qorunmasına 408,858,557" manat xərc təsdiq edilmişdir. Yəni sənaye istehsalına kənd təsərrüfatına nisbətən 11,5 dəfə çox vəsait ayrılmışdır. Halbuki indinin özündə sənaye istehsalının artım tempi kənd təsərrüfatı istehsalının artımını ən azı 4 dəfədən çox qabaqlayır.

Əvvəllər qeyd etdiyim kimi, ölkə Prezidenti Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə bazarın yerli ərzaq məhsulları istehsalı hesabına təmin olunması üçün tədbirlər görməyi müvafiq icra orqanlarına tapşırmışdır. Azərbaycanın potensial şəraiti respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsulları ilə həm daxili bazarı təmin etməyə, həmd də rəqabətə davamlı məhsulları xarici ölkələrə ixrac etməyə imkan verir. Başlıca vəzifə yerli istehsalın inkişafını stimullaşdırmaq üçün sahibkarlıq sektorunda liberallaşmanı daha da artırmağı, onun maliyyə təminatının, texniki-texnoloji və təşkilati problemlərinin həllinin optimal variantlarını tapmağı, alternativ enerji resurslarından, ən yeni texnoloji prinsiplərə əsalanan, yerli xammal bazasında işləyən daxildə və ölkədən xaricdə rəqabət qabiliyyətinə malik məhsullar istehsal edən emal müəssisələri yaradılmasını təmin etməkdir. Burada təkcə daxili bazarı xarici rəqabətdən kvotalar müəyyən etməklə, gömrük rüsumlarının dərəcəsini artırmaqla yerli istehsalın inkişafını stimullaşdırmaq mümkün deyil.

Fikrimizcə, daxildə rəqabətə meydan açmaq, istehsalçıların iqtisadi fəallığının artımına, məhsul vahidinə maddi, material və əmək sərfinin azaldılmasına, məhsulların material tutumluğunu azaldan, elm tutumunu yüksəldən keyfiyyətcə yeni texnoloji sistemlərdən istifadə olunmasına keçidi sürətləndirmək, iqtisadi səmərəliliyin yüksəlməsinə təsir edən tədbirlər sisteminin koordinasiya olunmuş təsirini gücləndirmək gərəkdir.

Yerli istehsalın artımı koordinasiya olunan radikal tədbirlər görülməsini, bazarın, istehsalın, bütövlükdə təsərrüfatçılığın innovasiyalı iqtisadiyyata keçirilməsini sürətləndirməyi tələb edir. Bu imkanların reallığa çevrilməsi təkcə iqtisadi məsələ deyildir. Burada dövlətin təhlükəsizliyi, suverenliyinin daha da möhkəmlənməsi və inkişafının sürətlənməsi prosesləri öz ifadəsini tapır.

Azərbaycan Prezidenti müasir iqtisadi düşüncə, yeni iqtisadi təfəkkürlə iqtisadi inkişafın səmərəli yollarını müəyyən edir. Dünyanı maliyyə böhranı bürüdüyü şəraitdə Azərbaycanda yeridilən siyasətin nəticəsi olaraq iqtisadi artım davam edir, yeni iş yerləri yaradılır, bütün dünyadan fərqli olaraq müəssisələr bağlanmır, işsizliyin və yoxsulluğun azaldılması prosesi davam edir.

Cənab İlham Əliyevin dediyi kimi"Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminik ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir."

 

 

Səttar SƏFƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.5.