Dövlət Proqramı regionlarda iqtisadi fəallığı artırdı

 

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Ölkəmizin tarazlı inkişafının təmin olunmasında beş il əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məlum fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” müstəsna rol oynamışdır. Məhz dövlət başçsının təşəbbüsü ilə qəbul edilmiş bu mühüm sənədi ölkəmizdə balanslaşdırılmış iqtisadi siyasətin yeridilməsinə geniş imkanlar yaratmış, regionlarda iqtisadi fəallığın, təşəbbüskarlığın artmasına səbəb olmuşdur. Məlum olduğu kimi, adı çəkilən proqram qəbul edilənədək regionların iqtisadiyyatında bir durğunluq müşahidə olunurdu, iqtisadiyyatda qeyri-tarazlıq meyilləri nəzərə çarpırdı. Bu, əsasən, regionlarda infrastruktur təminatının və kommunal sektorun lazımi səviyyədə olmaması ilə bağlı idi. Ötən beş il müddətdə isə proqramın uğurla icra edilməsi nəticəsində ümumi inkişafı ləngidən bütün bu amillər aradan qaldırılmış, regionların iqtisadi həyatında böyük canlanma baş vermiş paytaxtda, olduğu kimi, ölkənin digər bölgələrinin də sosial-iqtisadi tərəqqisinə nail olunmuşdur.

Amma gəlin, baxaq görək ki, əvvəllər regionlarda vəziyyət necə idi? İş yerlərinin yoxluğu, əyalətlərdə lazımi infrastruktur imkanlarının olmaması ucbatından xaricə gedənlərin sayı getdikcə artırdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinə başlanılması ilə əlaqədar vəziyyət tamamilə dəyişdi, bölgələrdə iqtisadi fəallıq artdı, investisiya mühiti yaxşılaşdırıldı. Bu da insanlarda təşəbbüskarlıq meyillərini, sahibkarlıq hisslərini gücləndirdi. Nəticədə bir vaxtlar iş dalınca xaricə gedənlər ölkəyə qayıtmağa başladılar. Bu da təsadüfi deyil. Çünki o yerdə ki, infrastruktur imkanları genişdir, əlverişli biznes mühiti mövcuddur, ora maraq da yüksək olur. Dövlət Proqramı, hər şeydən əvvəl, sahibkarlarda belə bir marağın formalaşmasına səbəb oldu, onları regionlara sərmayə yönəltməyə sövq etdi. Digər tərəfdən, güzəştli dövlət kreditlərinin verilməsi də, necə deyərlər, sahibkarların əl-qolunu açdı, onlarda inamı gücləndirdi. İndi qətiyyətlə demək olar ki, artıq ölkənin regionları investisiya qoyuluşu üçün maraqlı hədəfə çevrilmişdir. Artıq regionlar özünün yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə çatmışdır. Onu da qeyd etmək istəyirəm ki, cənab İlham Əliyev hələ 2003-cü il prezident seçkiləri öncəsi Azərbaycanda yaxın beş il ərzində 600 min yeni iş yerinin yaradılacağını söyləmişdi. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu nikbin proqnozun reallaşmasına səbəb oldu. Təkcə onu demək kifayətdir ki, ötən beş ildə Azərbaycanda 766 min iş yeri yaradılmışdır ki, bunun da 548 mini daimidir. Yeni iş yerlərinin, təqribən 85 faizinin regionlarda yaradılması isə, heç şübhəsiz, Dövlət Proqramının uğurla yerinə yetirilməsinin məntiqi nəticəsidir. Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafı yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə demişdir: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələ əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə yeni infratsruktur layihələri həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıbdır... Bütün bunlar bizm uğurlu iqtisadi siyasətimizin nəticəsidir. Azərbaycanda aparılan iqtisadi islahatların, sosial məsələlərin həllinin nəticəsidir”.

İndi başlıca vəzifə bu nailiyyətləri daha da inkişaf etdirməkdən ibarətdir. Bu məsələdə biz sahibkarların da üzərinə mühüm vəzifələr düşür. Qeyd etmək istəyirəm ki, 9 il əvvəl fəaliyyətə başlamış “Mətanət-A” şirkəti də ötən müddətdə ölkəmizin iqtisadi həyatına, məşğulluq strategiyasının reallaşdırılmasına müəyyən töhfələr vermişdir. İndi inşaat mallarının istehsalı sahəsində fəaliyyətini uğurla davam etdirən “Mətanət-A” şirkətinin ölkənin bütün regionlarında nümayəndəlikləri mövcuddur. Hər bir nümayəndəlikdə isə, ən azı 30 nəfər çalışır. Şirkətimiz paytaxtda nəhəng istehsal sahəsinə malik olmaqla yanaşı, Qafqazda analoqu olmayan gips zavodu, eləcə də Lerikdəki “Zərinqala” su istehsalı müəssisəsi də bir neçə ildir ki, uğurla fəaliyyət göstərir. Bütün bu istehsal sahələrində isə 450 nəfər daimi işlə təmin edilmişdir.

“Mətanət-A” şirkətinin istehsal etdiyi hazırki mallar dünyada yüz illərlə məşhurlaşmış şirkətlərin məhsullarının assortimentləri qədərdir. Artıq bütün “nou hauları almış şirkətimizin bu sektorda istehsal etmədiyi məhsul qalmamışdır. İstehsal etdiyimiz mallar hazırda Rusiya, Gürcüstan və Qazaxıstana ixrac olunur. Yaxın illərdə isə ixracın coğrafiyasını daha da genişləndirmək məqsədilə Ukrayna və Türkmənistanla danışıqlar aparırıq.

Son zamanlar dünyanı bürümüş qlobal maliyyə böhranının Azərbaycana təsirini minimuma endirmək, əldə olunmuş uğurları daha da inkişaf etdirmək, ən başlıcası isə ötən beş ildə ölkədə yaradılmış yeni iş yerlərini qoruyub sxlamaq üçün indidən adekvat addımlar atmaq lazımdır. Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev dünya maliyyə böhranının Azərbaycana təsirini azaltmaq üçün lazımi göstərişlərini vermişdir. Artıq Milli Bank İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə ölkənin qeyri-neft sektorunun böhrandan qorunması, eləcə də real sektora maliyyə dəstəyinin gücləndrilməsini nəzərdə tutan mühüm bir proqram işləyirlər. Hesab edirəm ki, proqramın effektli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə bir sıra zəruri addımlar atılmalıdır. Bunun üçün vergilər, xammal və avadanlıqların idxal rüsumları azaldılmalı, xüsusən də istehsal olunan malların maya dəyərinə təsir edən amillər aradan qaldırılmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, ölkəyə gətirilən xammala görə idxal rüsumu minimum məbləğdə olmalı və ya müəyyən müddətdə heç tətbiq edilməlidir. Xüsusən də, maliyyə böhranının hiss olunduğu hazırki şəraitdə bu rüsumların tətbiqi 1-2 illiyə təxirə salınmalıdır. Bununla belə, Azərbaycanda istehsal olunan məhsulların alternativlərinin idxalına görə rüsumlar isə əksinə, artırılmalıdır. Bu yolla həm daxili bazarın qorunması təmin olunar, həm də yerli istehsalın stimullaşdırılması üçün geniş imkanlar yaranar. Belə olmayan təqdirdə isə bazarda rəqabət aparmaq son dərəcə çətinləşər. İstehsal etdiyimiz malların tərkibi əsasən sementlə bağlıdır. Sementin, xüsun də ölkədə enerji daşıyıcılarının qiymətlərinin həddindən artıq baha olması son nəticədə istehsal etdiyimiz malların maya dəyərinin armasına səbəb olur. Bundan əlavə, xaricidən aldığımız xammala və yarımfabrikatlara tətbiq olunan idxal rüsumunun məbləğinin çoxluğu da maya dəyərinə təsir edən amillər sırasındadır. Hesab edirəm ki, indiki maliyyə böhranı şəraitində maya dəyərinə təsir edən amillər nəzərə alınmalı, xüsusən də enerji daşıyıcıları iki dəfə ucuzlaşdırılmalıdır. Çünki məhsulun maya dəyərini artıran amillər aradan qaldırılmayınca istər daxili, istərsə də xarici bazarda rəqabət aparmaq mümkün olmayacaq. Çox təəssüf ki, hazırda dediyim bu amil bizim ziyanımıza işləyir. Baxmayaraq ki, indi mal ixracı zamanı biz müəyyən üstünlüklərə malikik. Belə ki, bəzi xarici ölkələr öz mallarını MDB dövlətlərinə ixrac edərkən 20 tonluq maşınlardan istifadə edir. Bizim mallar isə, əsasən, 65 tonluq vaqonlarla daşınır. Təbii ki, bu bizə daha ucuz başa gəlir. Amma buna baxmayaraq, xarici bazarda qiymət rəqabətində yenə də uduzuruq. Nəinki xarici, hətta yerli bazarda da təklif olunan xarici mallar da bizimkilərdən ucuzdur. Bu isə əvvəldə qeyd etdiyim kimi, xaricdə istehsal olunan məhsulun maya dəyərinin bizdən qat-qat ucuz olması ilə bağlıdır. Hazırda bizim istehsal etdiyimiz mallar bir çox keyfiyyət paramerlərinə görə xarici malları üstələsə də, maya dəyərinin hədəfindən artıq baha olması ucbatından istər daxili, istərsə də xarici bazarda lazimi rəqabət apara bilmirik.

Məlum olduğu kimi, ötən ilin dekabr ayında Azərbaycan ABŞ-ın ümumiləşdirilmiş preferensiyalar sisteminə qoşulmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan ABŞ, Avropaya mal ixrac edəndə 0 faizlik rüsumla bazara daxil olmaq imkanı qazanır. Belə olan halda bizim məhsulların o ölkələrin bazarlarında daha yaxşı satılması üçün əlverişli şərait yaranır. Bu, çox yüksək üstünlükdür. Amma təəssüflər olsun ki, adı çəkilən sistemə daxil olan ölkələrlə qiymət rəqabəti yenə də bizim ziyanımızadır.

Yeri gəlmişkən, dünya maliyyə böhranının baş verməsi, əsasən neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Neftdən gələn vəsaitələrin çox hissəsi inşaat işlərinə, infrastruktur layihələrinin reallaşdırılmasına sərf olunduğundan hazırda bu sahədə böyük çətinliklər yaranmışdır. Şirkətimiz də inşaat sektoru ilə birbaşa bağlı olduğu üçün maliyyə böhranını öz üzərində hiss etməyə başlamışdır. Belə ki, son zamanlar bizdə satışın həcmi üç dəfəyədək aşağı düşmüşdür. İndi ölkəmizin sahibkarlar ordusu son beş ildə çəkdikləri əziyyətləri itirməmək, ən başlıcası qazanılmış iş yerlərini qoruyub saxlamaq üçün səylə çalışmalıdırlar. Təsəvvür edin ki, əgər hər bir müəssisə 20-30 nəfəri ixtisar etmək məcburiyyətində qalsa, sonradan itirilmiş iş yerlərini bərpa etmək problemə çevriləcək. Ona görə də hesab edirəm ki, əldə olunmuş uğurları qoruyub saxlamaq, dövlətin göstərdiyi maliyyə dəstəyinin effektivliyini artırmaq üçün indidən təcili tədbirlər görülməlidir. Nazirlər Kabinetinin son iclasında cənab Prezidentimiz demişdir: “Bu böhran bütün ölkələr üçün bir növ sınaqdır. Bu böhran zamanında hər bir ölkə göstərəcək ki, o nəyə qadirdir, böhrandan hansı nəticələrlə çıxacaqdır. Əminəm ki, Azərbaycan bu böhrandan daha da güclü çıxacaqdır. Yəni bu, bizi daha da səfərbər edəcəkdir. Biz həm maliyyə intizamının, həm istehlak bazarına nəzarətin gücləndirilməsi, həm də strateji istehsal sahələrinin sağlamlaşdırılması ilə daha da güclü olmalıyıq. Bütün bu görüləcək tədbirlər böhran başa çatandan sonra da Azərbaycan iqtisadiyyatına ancaq müsbət təsir göstərəcəkdir”. Möhtərəm Prezidentimizin bu nikbin proqnozu biz sahibkarları hər bir çətinliyə rəğmən ölkəmizin sosial iqtisadi inkişafı naminə daha da səylə çalışmağa sövq edir.

 

 

Elxan BƏŞİROV,

 “Mətanət-A” şirkətinin prezidenti 

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.7.