Elm və insanlığın fövqünə ucalan alim

 

Bəşəriyyətin yaratdığı elə şəxsiyyətlər var ki, onlar öz fitri istedadları və xeyirxah əməlləri ilə insanların qəlbində sevilir və unudulmaz olurlar. Özünün sadəliyi, insani keyfiyyətləri və xeyirxah əməlləri ilə seçilən akademik Akif Əlizadə məhz belə şəxsiyyətlərdəndir. 40 ilə yaxındır ki, Geologiya İnstitutunda böyük kollektivə rəhbərlik edən akademik Akif Əlizadə özünün müdrik və dünya şöhrətli alim sələfləri ilə fəxr edir.

1957-ci ildə Geologiya İnstitutuna gələrkən görkəmli geoloq-alimlər mühitinə düşmüşdür. O, akademiklər - Musa Əliyev, Qambay Əlizadə, Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Ədhəm Şixəlibəyli kimi dünya şöhrətli alimlər məktəbindən bəhrələnmiş və bu gün Akif müəllimin özü də elmin zirvəsinə yüksəlmiş belə alimlərdəndir. Paleontologiya sahəsində elmi izlərini qoymuş Akif Əlizadənin geniş tədqiqat işləri bu gün paleontologiya elmi ilə məşğul olan mütəxəssilərin böyük rəğbətini qazanmışdır. Belemnitlərin yeni ailəsi məhz onun şərəfinə 1984-cü ildə “Akifibelidlər” adlandırılmışdır. Belə bir qiymət almaq alim üçün əlbətdə çox böyük şərəfdir.

Akif müəllimin rəhbərliyi ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyalar, təbaşir dövründə faunanın inkişafı və bir çox məsələlər müasir elmi baxımdan araşdırılmış və yüksək qiymətləndirilmişdir. Onun stratiqrafiya, paleoekologiya və paleobiogeokimya sahəsində əldə etdiyi elmi nəticələrin Azərbaycanın mezozoy çöküntüləri ilə bağlı müxtəlif növ faydalı qazıntı yataqlarının axtarışında və iri miqyaslı xəritələrin tərtib edilməsində böyük əhəmiyyəti vardır. Akif Əlizadənin rəhbərliyi və bilavasitə iştirakı ilə mezozoy çöküntülərinin, o cümlədən Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin stratiqrafik sxemləri işlənib hazırlanmışdır. Onun elmi maraq dairəsi təkcə paleontologiya və stratiqrafiya ilə məhdudlaşmır, habelə regi¸onal geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid problem məsələləri də əhatə edir.

Akif Əlizadə 1969-cu ildə geologiya-mineralogiya elmləri doktoru adına layiq görülmüşdür. O, 1980-ci ildə müxbir üzv, 1989-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının akademikidir. Dünya şöhrətli alim olmaqla yanaşı o, həm də böyük təşkilatçı, təvazökar və səmimi bir insandır. Akif Əlizadə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, Azərbaycan geoloqlarının Milli Komitəsinin prezidenti, Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət” ordeni kimi neçə-neçə sanballı titullara malikdir. Üzərinə düşən hər bir vəzifənin məsuliyyətini çox yaxşı bilir və onları layiqincə yerinə yetirir. Göstərdiyi xidmətləri və xeyirxah əməlləri əməkdaşlıq və rəhbərlik etdiyi kollektivin həmişə ürəyincə olubdur. Məhz buna görədir ki, Akif müəllim bu kollektivin dərin rəğbətini qazanıb. İnsanları sevdiyi üçün insanlar da onu böyük məhəbbətlə sevirlər. O, çox dəyərli və böyük şəxsiyyətdir. Böyüklüyü insanlara qayğı ilə yanaşmağında, sadə təbiətli və səmimi olmağında, habelə xeyirxahlığındadır. Başqalarının nailiyyətlərinə ürəkdən sevinir. Bu da onun ən yüksək insanlıq xüsusiyyətidir. O, həyatda neçə-neçə titullar və vəzifələr qazanıbdır. Ancaq insanlıq zirvəsini fəth etməyi bunların hamısından daha üstün və daha qiymətlidir. Bunları Akif Əlizadənin təmsil etdiyi kollektiv, habelə yaşadığı mühit çox yaxşı görür və yüksək qiymətləndirir. Akif müəllimlə tanışlığım 1969-cu ildə Geologiya İnstitunda oldu. O zaman Akif Əlizadənin 35 yaşı vardı. Bu gənc yaşlı elmlər doktoru, həm də Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini işləyirdi. Bir elmi işin işıq üzü görməsi üçün Akif müəllimin təsdiq etməsi lazım idi. Bunun üçün mən onun qəbuluna düşdüm. Məni çox yüksək səviyyədə, gülər üzlə və səmimiyyətlə qaşıladı. Elmi məqaləni oxudu, bəyəndi və imza etdi. Akif müəllimdə olan sadəlik və qayğıkeşlik hamımızı özünə məftun edibdir. Bu insanın ən böyük keyfiyyəti ondadır ki, onun titulları artdıqca daha da sadələşir, insanlara qarşı daha səmimi olur. O, həddən ziyadə mehribanlığı sevən insandır. Geologiya İnstitutu tarixində hələ elə bir şəxsiyyət olmayıb ki, bu kollektivə Akif müəllim qədər uzun illər rəhbərlik etsin. Onu tanıyan bütün insanlar Akif müəllimin bu cür gözəl insani keyfiyyətlərini yüksək qiymətləndirir və ona dərin rəğbət bəsləyirlər.

Akademik Akif Əlizadə rəhbərlik etdiyi hər bir əməkdaşın və hər bir işçinin psixologiyasını, bacarığını, işgüzarlığını çox gözəl bilir və onları düzgün qiymətləndirmək bacarığına malikdir. Geologiya İnstitutunun kollektivi böyük fərəh keçirir ki, onlara belə bir ruhən optimist, görkəmcə şən, zəkaca dərin, gümrah cüssəli, sağlam bir şəxsiyyət rəhbərlik edir.

Akif Əlizadənin Azərbaycan geologiya elminin təşkilində və inkişafında xidmətləri böyükdür. O, 1976-cı ildə Geologiya İnstitutunun direktoru olandan bəri, institutda müasir analitik və eksperimental baza yaratmış, kompyuterləşmənin səmərəli analitik tətbiqilə əlaqədar olaraq elmi tədqiqatların aparılmasını yeni və yüksək səviyyəyə qaldırmış, elmi tövsiyyələrin əməli işdə həyata keçirilməsini təmin etmişdir. Bunlar da respublikanın mineral-xammal ehtiyatlarının artırılması imkanlarını genişləndirmişdir.

Onun elmi-təşkilatçılıq bacarığı nəticəsində Geologiya İnstitutu ilə dünyanın bir çox elmi mərkəzləri arasında müxtəlif səviyyəli müqavilələr bağlanmışdır.

Məhz bu əlaqələr nəticəsində institutumuz həm elmi, həm də maliyyə baxımından xeyli uğurlar əldə etmişdir. Dünyanın bir çox elm ocaqları ilə elmi əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrində öz yüksək elmi potensialını göstərən Milli Elmlər Akademiyasının Geologiya İnstitutu daima öncül yerdə addımlamışdır. İndi də Geologiya İnstitutu və onun böyük elmi ziyalı kollektivi bu abu-hava ilə yaşayır və öz elmi-tədqiqat işlərini məhz bu səpgidə davam etdirirlər. Bu nailiyyətlər uzun illər bu kollektivə rəhbərlik edən Akif Əlizadənin yüksək təşkilatçılıq bacarığı sayəsində əldə edilmişdir. MEA Geologiya İnstitutu dünyanın bir çox ölkələri ilə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Yaponiya, Çin, Türkiyə, İran və bir çox digər ölkələrlə bu gün də öz geniş elmi əməkdaşlığını davam etdirirlər və yüksək elmi nailiyyətlər əldə edir. Geoloqlarımızın uzun illər apardıqları zəhmətləri sayəsində Böyük və Kiçik Qafqaz ərazilərində gizli filiz yataqları aşkar edilmiş, neft və qaz yataqları öyrənilmiş, mineral suların geniş tədqiqi aparılmış, qeyri-filiz faydalı qazıntı yataqları müəyyən edilmişdir. Habelə, Xəzərin faydalı qazıntılaranın və ekologiyamızın hərtərəfli öyrənilməsi də geoloqlarımızın elmi axtarışlarının əsas istiqamətlərindəndir. Bu tədqiqat sahələri üzrə neçə-neçə elmi yeniliklər əldə edilmiş, faydalı qazıntı yataqları aşkar olunmuş, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş və aparılan bütün elmi araşdırmalar dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu elmi nailiyyətlər haqqında yazılan monoqrafiyalar, elmi əsərlər, hesabatlar İnstitutun elmi şuralarında dərin müzakirələrdən keçirilmiş, sonra isə elmi ictimaiyyətin ixtiyarına verilmişdir. Bütün bu dediklərimiz hamısı məhz Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadənin elmimizə dərindən bələd olması və onu düzgün istiqamətləndirməsi nəticəsində əldə edilmişdir.

Akif Əlizadənin 250-dən çox elmi əsəri ölkəmizin və dünyanın müxtəlif nəşriyyatlarında, mətbuat səhifələrində çap olunmuşdur. Onun elmi monoqrafiyaları, elmi-publisistik əsərləri və dərs vəsaitləri mütəxəssislər və ali məktəb tələbələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Akademik Akif Əlizadə Azərbaycan elmini dəfələrlə ABŞ, Fransa, İngiltərə, İran, Türkiyə, Koreya və digər xarıci ölkələrdə təmsil etmiş, bir sıra dəyərli elmi əsərlər yazıb-yaratmış və müxtəlif elmi məclislərdə məruzələrlə çıxışlar etmişdir.

Azərbaycan MEA Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi və biləvasitə iştirakı ilə Macarıstan Geologiya İnstitutu, İran İslam Respublikasının Təbriz Geologiya İdarəsi, Atatürk Ərzurum Universiteti, Avstriya Geologiya İnstitutu, Yunanıstanın Afina və Soloniki şəhərlərinin universitetləri ilə müxtəlif beynəlxalq layihələr və ikitərəfli müqavilələr çərçıvəsində müştərək tədqiqatlar aparmışdır. Onun təşəbbüsü ilə AMEAGİ və “Bİ-Pİ-STATOYL” (Böyük Britaniya-Norveç) firmaları arasında müqavilələr bağlanmışdır. Bu tədqıqatlar Azərbaycanın və Cənubi Xəzər Hövzəsinin Neogen biostratiqrafiyasını, palçıq vulkanlarının geologiyası və geokimyası məsələlərini əhatə edir. Aşağı Kür çökəkliyi süxurlarının, sularının, neft və qazlarının birgə öyrənilməsi məqsədilə Türkiyə Mərmərə elmi-mərkəzilə, daha sonra Şərqi Anadolunun və Kiçik Qafqazın geoloji quruluşunun müştərək öyrənilməsi məqsədilə Türkiyənin Enerji və Təbii ehtiyatları Nazirliyinin Departamentilə müqavilələr bağlanmışdır. Son illər Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi altında Beynəlxalq elmi əməkdaşlıq nəticəsində çox yüksək nailiyyətlər əldə etmişdir. Bu illərdə Geologiya İnstitutu Beynəlxalq layihə və proqramlar çərçivəsində xeyli işlər görür, elmi tədqiqatlar aparılması üçün qrantların alınmasında beynəlxalq fondların müsabiqələrində iştirak edir. Dünyanın müxtəlif ölkələri ilə (Rusiya, Ukrayna, Türkiyə, Avstriya, Fransa, Böyük Britaniya, ABŞ və s.) ikitərəfli elmi əməkdaşlığı inkişaf etdirir. Akif müəllim Azərbaycan geologiya elminin beynəlxalq əlaqələrinin genişlənməsinə böyük diqqət yetirir. Geologiya İnstitutu elmimizin dünyaya inteqrasiya prosesində böyük rol oynayır. Son illərdə Türkmənistan Neft-Qaz Sənayesi və Təbii Ehtiyatlar Nazirliyi, “Türkmənqaz” Dövlət Konserni, Türkmənistan Neft və Qaz İnstitutu ilə əməkdaşlıq razılaşdırılmışdır. Tayvan Hidrogeoloci və Hidroloji laboratoriyası ilə əməkdaşlıq sazişi imzalanmışdır. Sənəd Azərbaycan və Tayvanda arsenli yeraltı suların əmələ gəlməsini öyrənmək üçün birgə tədqiqatlar aparılmasını nəzərdə tutur. Geologiya İnstitutu 30-a yaxın xarici və Beynəlxalq təşkilatlar ilə əməkdaşlıq qurmuş və inkişaf etdirir. Bu İnstitututda BP neft şirkətinin dəstəyi ilə “Hövzə Modelləşdirmə Mərkəzi” yaradılıb. Mərkəz Cənubi Xəzər hövzəsinin neft-qazlılıq baxımından çətin öyrənilmiş ərazilərində geoloji prosesləri modelləşdirməklə məşğul olacaq. Aparılmış tədqiqatların məlumat bazası yaradılacaq və Cənubi Xəzər hövzəsinin modelləri tərtib ediləcək. Modellərin sayəsində hövzənin quruluşu daha obyektiv öyrəniləcək və neft-qaz axtarışının səmərəliliyini artırmaq imkanı yaranacaq. Bu cür müasir elmi-texnoloji mərkəz dünyanın bir çox neft ölkələrində mövcuddur və yüksək nəticələrlə fəaliyyət göstərir. Həmçinin 2008-ci ildə institut ABŞ-ın Massaçusets texnologiya İnstitutunun alimləri ilə birgə Şəki Regional Elmi Mərkəzinin ərazisində Azərbaycanda ikinci GPS (qlobal yertəyinetmə sistemi) stansiyası qurmuş və ümumdünya şəbəkəsinə qoşulmuşdur. Geologiya İnstitutu Rusiya, Qazaxıstan, Moldova, Çin və Cənubi Qafqaz respublikaları ilə birlikdə “Avrasiyanın geoloji məzmunlu xəritələr atlası”nın işlənib hazırlanmasında iştirak edir. Görkəmli geoloq-alim Akif Əlizadə 1976-cı ildən keçmiş Sovetlər İttifaqı Paleontologiya Cəmiyyətinin həqiqi üzvü, 1962-cı ildən sabiq SSRİ İdarələrarası Stratiqrafiya Komitəsinin üzvü, 1983-cü ildən Qafqaz Regional İdarələrarası Stratiqrafiya Komissiyasının sədri, 1984-cü ildən isə biosferin problemləri üzrə keçmiş SSRİ Elmlər Akademiyasının elmi şurasının üzvü olubdur. Onun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası 2000-ci ildə Asiya ölkələrinin Akademiyaları assosiasiyasına qəbul edilmiş. Alim bu təşkilatda Azərbaycan MEA-nın rəsmi təmsilçisidir və həmçinin Azərbaycan Milli Elmi Fondunun himayəçilər şurasının üzvüdür. Akif Əlizadə respublikanın siyasi-ictimai həyatından da kənarda qalmayıb. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində “Yeni Azərbaycan naminə” adı altında yaranan sabitlik və dinamik inkişaf yolunu dəstəkləmişdir. 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin vəkili olaraq Heydər Əliyev siyasətinin layiqli davamçısını dəstəkləmişdir. Akif Əlizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə şəraitlər komissiyası yanında seysmik təhlükənin qiymətləndirilməsi və zəlzələlərin proqnozu üzrə ekspert şurasının sədridir. O, Geologiya İnstitutunun elmi şurasının, habelə doktorluq və namizədlik elmi dərəcələri üzrə müdafiə şurasının sədridir. Elmi kadrların, xüsusən elmlər doktorları və namizədlərin yetişməsində də onun xidmətləri əvəzsizdir. Alimin paleontologiya və stratiqrafiya sahəsindəki çoxşaxəli elmi xidmətləri, habelə hərtərəfli ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.

O, “Şərəf nişanı” ordeni, “Fədakar əməyə görə” medalı ilə təltif edilmişdir. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi alimin uğurlarını ilk dəfə bürünc və gümüş medallarla qiymətləndirmişdir. Akif müəllimin yüksək elmi potensialını, onun böyük təşkilatçılıq bacarığını və insani keyfiyyətlərini görən rəhbər orqanlar 2007-ci ildə onu MEA-nın vitse-prezidenti vəzifəsinə irəli çəkmişdir.

Bu əlbəttə Azərbaycan elminə və Azərbaycan aliminə verilən ən yüksək və ən layiqli qiymət deməkdir. Bu gün (25 fevral 2009-cu il) Akif müəllimin 75 yaşı tamam olur. Bu tarixə heç cür inanmaq olmur, çünki onun həm müdrikliyi, həm çevikliyi, həm də görkəmi bu yaşı ona verməyə insanın dili gəlmir. O, çox cavan görünür. Lakin tarix tarixdir, doğum günü də doğum günüdür. Əgər bu tarix yazılıbsa, o tarixi günü əsas götürərək sevimli yubilyarımızı, bu görkəmli elm xadimini aşağıdakı misralarla bir daha ürəkdən təbrik edirik, ona yeni-yeni həyat sevincləri və uğurlar arzulayırıq.

 

İstedadla zəhmətini caladın,

İlhamının qüdrətindən güc aldın,

Elmimizin zirvəsinə ucaldın.

Yaradanlar gecə-gündüz oyaqdır,

Elm-sənət dəryasında mayakdır.

Müdrikliyin taxt-tacında gəzirsən,

Ömrün şirin vaxtındasan hələ sən,

Bəxt yazanın qələminə min əhsən.

75-ə ürək demir qoca yaş,

Akif müəllim! Səksən illik yubileyinə hazırlaş.

 

 

Hikmət MAHMUDOV,

geologiya-mineralogiya

elmləri doktoru, professor

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.8.