Biləsuvar: mövcud potensial əhalinin güzəranının
daha da yaxşılaşdırılmasına yönəlmişdir
Fevralın 18-də Biləsuvarda
bayram ovqatı vardı. Rayon ictimaiyyətinin nümayəndələri
və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət etdilər.İcra hakimiyyətinin
qarşısında rayonda istehsal olunan kənd təsərrüfatı,
ərzaq məhsulları və tikinti materiallarının
nümayiş etdirildiyi sərgi ilə tanış oldular. Sonra
isə 2008-ci ilin yekunlarına və cari ildə qarşıda
duran vəzifələrə həsr edilmiş hesabat
yığıncağı keçirildi. Hamının
çöhrəsindən ötən ilin uğurlarından
doğan fərəh və sevinc hissləri duyulurdu.
Yığıncaq
iştirakçıları rayon icra hakimiyyətinin
başçısı Adil Məmmədovun hesabat məruzəsini
maraqla dinlədilər. Məruzəçinin konkret rəqəmlərlə
əsaslandırdığı fikirləri müasirləşən
qədim diyarın tarixində hələ heç vaxt belə
uğurlu il olmadığını təsdiqləyirdi. Prezident
İlham Əliyevin bölgələrin inkişafına
xüsusi diqqət yetirməsi, müvafiq Dövlət
Proqramının uğurlu icrası naminə mühüm
addımlar atması məruzədə xüsusi vurğulandı.
— Cənab Prezidentin 2008-ci ildə bölgələrə müntəzəm səfərlərinin davam etməsi, intensiv xarakter alması ölkə rəhbərinin siyasi kursunun yerlərdə həyata keçirilməsinə effektiv nəzarət mexanizminin tərkib hissəsi olmaqla həm də rəhbərin öz xalqına olan məhəbbətinin bariz nümunəsidir. Biz hələ də cənab Prezidentin Biləsuvara oktyabr ayındakı son səfərinin, onunla görüşümüzün təsiri altındayıq. Cənab Prezidentin rayonda yeni obyektlərin açılışında iştirak etməsi, rayon ictimaiyyəti ilə görüşü zamanı Biləsuvarda görülmüş işlərə yüksək qiymət verməsi və rayonumuzun gələcək inkişafını daim diqqətdə saxladığını qeyd etməsi bizi daha böyük işlər görməyə və insanların rifahı naminə daha səylə çalışmağa sövq edir.
Sonra Adil Məmmədov ötən il və son beş ildə Biləsuvarda inkişafı səciyyələndirən ümumi daxili məhsul, tikintinin həcmi, investisiyalar, əhaliyə göstərilən pullu xidmət, pərakəndə əmtəə dövriyyəsi və sairlə bağlı dinamikanı “dəfə” artımı ilə nəzərə çatdırdı. Məruzənin foto-slayd və müqayisəli diaqramlarla ekranda müşayiət olunması əyanilik baxımından diqqətəlayiq idi.
Məruzədən qeyd dəftərimə bəzi xarakterik faktları yazdım:
— Son 5 ildə Biləsuvarda 15966 iş yeri açılıb ki, bunun da üçdəikisindən çoxu daimidir.
— Beş il öncə rayonda orta aylıq əməkhaqqı 32 manat olduğu halda, ötən il 152 manata çatıb.
— 2008-ci ildə 2765 ailəyə 3 milyon manata qədər ünvanlı dövlət sosial yardımı verilib. Əmək pensiyalarına ödənişin orta alıq məbləği beş ildə 3,4 dəfə artıb.
— Rayonun yol infrastrukturunu bərpa etməkdən ötrü yeni asfalt-beton zavodu yaradılıb. Uzunluğu 18,5 kilometr olan Biləsuvar-İran avtomobil yolu tikilib. Ələt-Astara yoluna 13,6 kilometr, şəhərin daxili küçələrinə 30 kilometr, kəndlərdə 13 kilometr asfalt-beton örtük döşənib, 11,6 kilometrlik Biləsuvar dolama yolunun tikintisinə başlanıb. Cəmi beş ildə 88 kilometr asfalt və 96 kilometr qum-çınqıl örtüklü yol çəkilib.
— Bir çox idarələr üçün yeni inzibati binalar inşa edilərək istifadəyə verilib. Mövcud binalarda və kommunal binalarda təmir aparılıb, dam örtükləri dəyişdirilib.
— Əlil və şəhid ailələri üçün hərəsi 28 mənzilli iki yaşayış binası, habelə üç fərdi ev tikilib. 16 mənzilli daha bir bina inşa olunur. Əhali tərəfindən isə beş ildə 748 fərdi ev tikilib.
— Təhsil ocaqları üçün 7 yeni bina, 9 əlavə sinif otağı inşa edilib, 9 məktəb əsaslı təmir olunub. Yeni lisey kompleksi tikilərək istifadəyə verilib.
— Kəndlərdə 6 tibb məntəqəsi tikilib.
— Qafqazda analoqu olmayan “Biləsuvar Aqro” süd emalı zavodu yeni nəhəng obyekt kimi böyük perspektiv vəd edir.
— Altı kənddə poçt binası, beş kənddə EATS istifadəyə verilib.
— Kilometrlərlə yeni su xətləri çəkilib, 98 ədəd bulaq tikilib.
— Yol çəkilişinə, tikinti-abadlıq işlərinə beş ildə 98,5 milyon manat xərclənib...
Bir qismini misal gətirdiyim faktlar göstərir ki, həqiqətən də rayonun tarixində heç vaxt belə inkişaf olmayıb.
Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda aqrar sahənin inkişafı sürətli olub. Dövlətin yardımı, maliyyə dəstəyi sayəsində bu sahədən əmək qabiliyyətli əhalinin hər bir nəfəri 1440 manat, hər ailə 4010 manat gəlir əldə edib. Rayon üzrə kənd təsərrüfatında məhsul istehsalının həcmi 50,1 milyon manat, başqa sözlə, 2003-cü ildəkindən 2,2 dəfə artıq olub. Ötən il Bakı şəhəri əhalisinin ucuz və keyfiyyətli ərzaqla təminatı məqsədilə paytaxtda təşkil edilən yarmarkalara Biləsuvardan üç min tonadək müxtəlif məhsul göndərilib. Rayonda illik taxıl istehsalı əhalinin üç illik tələbatı qədərdir, toxumluq buğda sortları isə hətta digər rayonlara satmaq üçün də kifayət edib.
Biləsuvarda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafı sayəsində bir sıra uğurlara imza atıldığı fərəh doğrur. Müasir Olimpiya İdman Kompleksi rayonun gənclərinə Prezident İlham Əliyevin böyük hədiyyəsidir...
Məruzə ətrafında müzakirələr canlı və işgüzar şəraitdə keçdi. Çıxış edənlər uğurlardan danışmaqla bərabər, böyük inamla gələcək işlərdə fəal iştirak edəcəklərindən, doğma rayonun tərəqqisinə töhfələr verəcəklərindən bəhs etdilər. Maraqlı təkliflər səsləndirildi.
Yığıncaqda iştirak edən Milli Məclisin deputatları Fəzail İbrahimli və Xanhüseyn Kazımlı Biləsuvarda qazanılan nailiyyətləri təqdir etdilər və cari ildə rayonda daha böyük uğurlar qazanılacağına inam hisslərini açıqladılar. Prezidentin İcra Aparatının məsul işçisi Mikayıl Hüseynov ölkədə reallaşdırılan sosial-iqtisadi inkişaf proqramları, layihələr barədə danışdı. Qarşıda duran vəzifələri diqqətə çatdırdı.
Yığıncaqda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.
Hesabat yığıncağından gəldiyimiz başlıca qənaət: ölkəmizdə, o cümlədən, Biləsuvarda həyata keçirilən bütün tədbirlərdə insan amilinə böyük önəm verilməsi, əhalinin rifahı naminə mühüm işlər görülməsi ardıcıl səciyyə daşımaqdadır. Rayonda çox işgüzar bir mühit formalaşıb, inam artıb və mövcud potensialdan bacarıqla istifadə olunur. Bu isə bütün sahələrin fəaliyyətində faydalı iş əmsalının artmasını təmin edir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.-26 fevral.-S.10.