Suraxanı rayonunda ilin yekunları müzakirə
olunmuşdur
Ötən il
Suraxanı rayonunda müsbət dəyişikliklər baş
vermiş, sənaye müəssisələri tərəfindən
yerinə yetirilmiş işlərin, göstərilən xidmətlərin
həcmi 158,1 milyon manata (artım 112,5 faiz), sənayedə
çalışan bir işçinin orta aylıq əmək
haqqı 490 manata çatdırılmış, müəssisə
və firmalarda 1490 nəfər yeni iş yerləri ilə təmin
olunmuş, ümumi məhsul buraxılışında
qeyri-dövlət sektorunun çəkisi 65,5 faiz təşkil
etmişdir.
Rayonda yeni sənaye sahələrinin
yaradılması, onların yenidən qurulması istiqamətində
bir sıra tədbirlər həyata keçirilmiş,
Bülbülə qəsəbəsində asfalt-beton zavodu
tikilmiş, Əmircan qəsəbəsindəki “Bakı
transformatorlar zavodu” ASC-nin yeni korpusunun, Zığ qəsəbəsində
isə süd emalı zavodunun inşası davam
etdirilmişdir.
Bu faktlar Suraxanı
rayonunda ötən ilin yekunları ilə bağlı
keçirilmiş hesabat yığıncağında səsləndirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qlobal iqtisadi və maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyilə 2008-ci ildə respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurları diqqətə çatdırmış, rayonda görülmüş işləri təhlil edərək mövcud problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Bildirilmişdir ki, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Zığ qəsəbəsi “Dədə Qorqud” adlanan yaşayış sahəsində və Yeni Suraxanı qəsəbəsində poçt şöbələri üçün binalar inşa edilmiş, Əmircan qəsəbəsi A.Rzayev küçəsində 300 metr, Hövsan kanalının yenidən qurulması üçün 2560 metr kanalizasiya xətti çəkilmiş, Bülbülə qəsəbəsində poliklinikanın və Hövsan qəsəbəsində Olimpiya İdman Kompleksinin tikinti işləri davam etdirilmişdir.
Əmircan qəsəbəsində rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi başa çatdırılmış, Heydər Əliyev Mərkəzinin inşası və yeni Heydər Əliyev Parkının salınması işləri başa çatmaq üzrədir.
Rayon ərazisində ətraf mühitin mühafizəsi, çirklənmiş torpaqların bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Kompleks Tədbirlər Planı”na uyğun olaraq Bülbülə gölünün qurudulması məqsədi ilə 3000 metr təzyiqli kanalizasiya xətti çəkilmiş, 70 min kubmetr tutumlu çirkab su anbarı və nasosxana tikilmişdir.
Ümumi uzunluğu 20 kilometr, Suraxanı rayonunun ərazisindən keçən sahənin uzunluğu isə 17 kilometr olan yeni Zığ dairəsi — Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolu tikilmiş, yolun ətrafında 64,5 hektar ərazi təmizlənmiş, yolun görünüşünə xələl gətirən çoxsaylı obyektlər sökülmüş, mövcud yaşayış evləri, hasarlar xüsusi layihələrə uyğun suvanaraq rənglənmişdir.
Ötən il mövcud park və yaşıllıq zonalarının qorunub saxlanılması, yenilərinin salınması istiqamətində müəyyən işlər görülmüş, rayon ərazisində 16 ünvanda binaların həyətləri abadlaşdırılmış, Yeni Günəşli “AB” yaşayış sahəsi 68-74 saylı binaların qarşısında “AB” parkı salınmış, Əmircan qəsəbəsində Bələdiyyə parkı abadlaşdırılmış, Bülbülə qəsəbəsi 3-cü mədən 40-46 saylı yaşayış evlərinin həyətlərinin abadlaşdırılması işləri davam etdirilmiş, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsindəki parkda, C,Qurbanov küçəsindəki “Veteranlar Xiyabanı”nda, Ə.Mehbalıyev küçəsindəki “Şəhidlər” kompleksinin ərazisində cari təmir işləri görülmüş, Yeni Günəşli yaşayış sahəsində “Qartal” və “Şir” fiqurları rənglənmiş, Yeni Günəşli yaşayış sahəsində yeni mədəniyyət və istirahət parkının salınması üçün hazırlıq işlərinə başlanılmış, Zığ dairəsi — Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolunun ətrafında və Zığ-Günəşli yamacında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 40 mindən artıq ağac əkilmişdir.
Ötən ilin 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar rayon ərazisində yerləşən 83 seçki məntəqəsi təmir edilmiş, Qaraçuxur qəsəbəsi 31 saylı Suraxanı 2-ci Dairə Seçki Komissiyasının inzibati binası yenidən qurulmuş və əsaslı təmir edilmişdir.
Qaraçuxur qəsəbəsində ARDNŞ-in işçiləri üçün 9 mərtəbəli 90 mənzilli yaşayış binası tikilmiş, binanın qarşısına asfalt örtüyü döşənmiş, yaşıllıq salınmış, oktyabr ayının 25-də tikilmiş binanın açılış mərasimində ARDNŞ-in prezidenti, millət vəkili Rövnəq Abdullayev iştirak etmiş, neftçilərə mənzillərin orderləri təqdim olunmuşdur.
Qaraçuxur qəsəbəsində YAP Suraxanı təşkilatının yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilmiş, tədbirdə millət vəkili, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov iştirak etmişdir.
Rayonun xidmət sahələri tərəfindən ötən dövr ərzində 31,1 kilometr uzunluğunda qaz xətti çəkilmiş və ya dəyişdirilmiş, 6 ədəd qaztənzimləyici, 6 ədəd Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 21 kilometr yüksək və alçaq gərginlikli kabel xətləri, 5 kilometr naqil çəkilmiş, 3,3 kilometr kabel dəyişdirilmişdir. Bundan başqa, 8,4 kilometr su borusu, nasos stansiyalarında isə 12 ədəd siyirtmə dəyişdirilmiş, 2 kilometr kanalizasiya xətti çəkilmiş, Bülbülə qəsməbəsi İ.Məmmədov küçəsindəki nasosxananın təzyiq xəttinin 600 metrlik hissəsi dəyişdirilmişdir.
RİH-in təşəbbüsü ilə rayon ərazisində iməciliklərin keçirilməsi davam etdirilmiş, təmizlik və abadlıq işləri aparılmış, ərazilər səliqəyə salınmış, ağaclar əkilmişdir.
2008-ci il ərzində rayonda enerji daşıyıcılarının haqqının ödənilməsi səviyyəsinin artırılması məsələsi Suraxanı Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış qərargahın diqqət mərkəzində olmuş, müvafiq idarələrə lazımi köməklik göstərilmişdir.
2007-ci ildə sayğaclaşdırılmış elektrik enerjisi abonentlərinin sayı 84,2 faiz, yığım səviyyəsi 59 faiz təşkil etdiyi halda, 2008-ci ildə bu rəqəmlər müvafiq olaraq 90,8 faiz və 72,7 faiz təşkil etmiş, 2007-ci ildə sayğaclaşdırılmış təbii qaz abonentlərinin sayı 100 faiz, yığım səviyyəsi 53,5 faiz təşkil etdiyi halda, 2008-ci ildə bu rəqəmlər müvafiq olaraq 98,5 faiz və 50 faiz təşkil etmiş, 2007-ci ildə sayğaclaşdırılmış su abonentlərinin sayı 28,5 faiz, yığım səviyyəsi 33,3 faiz təşkil etdiyi halda, 2008-ci ildə bu rəqəmlər müvafiq olaraq 65,9 faiz və 38,8 təşkil etmişdir.
2008-ci ildə yerli büdcə xərclərinin icrası 1,84 milyon manat məbləğində, yəni 98,1 faiz icra olunmuş, o cümlədən sosial-mədəni tədbirlərin maliyyələşdirilməsinə 297,9 min manat, kommunal-təsərrüfat xərcləri üzrə 1,137 milyon manat xərclənmişdir.
Rayon ərazisində 23500 nəfərdən artıq qaçqın və məcburi köçkün məskunlaşmış, RİH onların mənzil-məişət, sosial problemlərinin həllinə çalışmış, Hövsan qəsəbəsi hərbi hissəsinin yataqxanasında, 1 saylı Zeytun sovxozunun uşaq bağçası və yataqxanasında, 22 saylı yataqxanada, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi 15 ünvanda, keçmiş Yod-Brom zavodunun inzibati binalarında və digər ünvanlarda məskunlaşmış məcburi köçkünlərin kommunal xidmətlərinin yaxşılaşdırılması, təmir işlərinin aparılması, asfalt örtüyünün salınması işlərində köməklik göstərilmişdir.
Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinə diqqət yetirilmiş, onlara lazımi kömək və qayğı göstərilmişdir. Belə ki, Əmircan qəsəbəsi 97 saylı və Hövsan qəsəbəsi 280 saylı məktəblərinin həyətlərində əlavə tədris korpusları tikilmiş, Yeni Günəşli yaşayış sahəsi 278 və 282 saylı, Bülbülə qəsəbəsi 79 və 226 saylı məktəblərdə, Qaraçuxur qəsəbəsi S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada, Ü.Hacıbəyov adına kitabxanada əsaslı təmir işləri aparılmış, Əmircan qəsəbəsi 154 saylı məktəbdə yeni müasir tipli qazanxana tikilmiş, binadaxili istilik sistemi quraşdırılmış, Qaraçuxur qəsəbəsi 4048-ci məhəllə 164 saylı uşaq bağçasının əsaslı təmiri işləri davam etdirilmiş, S.Bəhlulzadə adına mədəniyyət sarayının əsaslı təmirinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Xarici Dillər Təmayüllü Gimnaziya və 275 saylı məktəb — “Ən yaxşı məktəb” adına, 290 saylı məktəbin müəllimləri Fəridə Hüseynova və Xalidə Rüstəmova “Ən yaxşı müəllim” adına layiq görülmüşlər.
Ali məktəblərə qəbul imtahanları verən məzunlardan 72-si 600-dən yuxarı bal toplamış, Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu Arzu Şahverənova 676 bal toplayaraq Prezident təqaüdçüsü olmuş, 275 saylı məktəbin məzunu Rəşad Ağaşirinli 680 bal toplayaraq təhsil almaq üçün xaricə göndərilmiş, 2 saylı Uşaq Evinin müdiri Sevda Hacıyevaya Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Hesabat məruzəsi ətrafında çıxış edənlər rayonda aparılan abadlıq və quruculuq işlərindən, əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışmış, RİH-in ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
İ.Abbasov diqqətə çatdırılan problemlərin aradan qaldırılması istiqamətində müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev Azərbaycanda aparılan quruculuq işlərindən, iqtisadiyyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən danışmış, əhalinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində saxlandığını vurğulamışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-26 fevral.-S.11.