Bacarıqlı təşkilatçı, nümunəvi mütəxəssis

 

İdman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim, “Tərəqqi” medallı professor Şüa Hüseynov, demək olar, bütün həyatını respublikamızda idmanın ağırlıqqaldırma növünün inkişafına həsr etmişdir. O,doğulduğu Gəncə şəhərində hələ gənc yaşlarından bu növə böyük maraq göstərmiş və1952-1956-cı illərdə dörd dəfə şəhər çempionu adını qazanmışdır. Həmin illərdə Gəncə İnşaat Texnikumunda təhsil alırdı.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərb.DBTİA) tələbəsi olarkən Şüa məşqləri böyük həvəslə davam etdirmiş, 1958-ci ildən 1965-ci ilədək, bir qayda olaraq, respublika çempionu kimi təbrikləri qəbul etmişdir. Bu müddət ərzində həm 15 dəfədən çox Azərbaycan rekordunu təzələmişdir. Tələbələrin Ümumittifaq oyunlarında (1961-ci il), sonra isə SSRİ Hərbi Hava Qüvvələrinin çempionatında gümüş medallar qazanması da yaddaqalan hadisələrdir. Elə sonralar da müxtəlif miqyaslı yarışlarda inamla çıxış edərək idman ustası adına layiq görülmüşdür.

Şüa Hüseynovun məşqçilik fəaliyyəti uğurlu olmuşdur. Yetirmələri dəfələrlə respublika yarışlarında beynəlxalq turnirlərdə müxtəlif mükafatlara sahib olmuşlar. Onun ən yaxşı keyfiyyətlərindən biri bacarıqlı təşkilatçılığı ilə bağlıdır. İstedadını hiss edən o vaxtkı idman rəhbərləri 21 yaşlı gənci Bakı Ağırlıqqaldırma Federasiyasının sədri seçmişdilər, hərçənd bu zaman o, idmançı kimi yarış meydanında çıxışlarını davam etdirirdi.

1960- ildən 1967-ci ilədək Bakı federasiyasına başçılıq edən Şüa Hüseynova sonralar daha məsul həvalə olundu, Azərbaycan Ağırlıqqaldırma Federasiyasına prezident seçildi. Düz 28 il bu işi bacarıqla yerinə yetirdi. Onun federasiyaya rəhbərlik etdiyi dövrdə onlarla idmançımız dünya, Avropa SSRİ çempionatlarında, mötəbər beynəlxalq turnirlərdə müxtəlif medallara sahib olmuşdur. Azərbaycan yığma komandası isə 1986- ildə keçirilən SSRİ xalqlarının spartakiadasında altıncı yeri tutmuş, iki təmsilçimizHafiz Süleymanov Rizvan Həsənov bürünc mükafatçı olmuşlar. Sonralar Süleymanov iki dəfə dünya, 3 dəfə Avropa çempionu adını da qazanmışdır.

Şüa Hüseynov 1969-cu ildən Ümumittifaq, 1974-cü ildən isə beynəlxalq dərəcəli hakim adını daşıyır. Bir çox beynəlxalq yarışda, o cümlədən dünya Avropa çempionatlarında ədalət təmsilçisi olmuşdur. Onun hakimlik fəaliyyətinin zirvəsi isə 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarına təsadüf etmişdir. Olimpiadada yüksək səviyyəli hakimliyinə görə Təşkilat Komitəsi tərəfindən xüsusi diploma layiq görülmüşdür.

Bu təcrübəli mütəxəssis uzun illərdir ki, idman sahəsi ilə yanaşı, pedaqoji fəaliyyət göstərir. 1967-ci ildən taleyini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası ilə bağlayıb, burada ağırlıqqaldırma boks kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedraya başçılıq edir. 1974-cü ildəYaş idman fiziologiyasımövzusunda dissertasiya işini uğurla müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1994-cü ildən isə professordur. O, 60-dan çox elmi məqalə, 8 dərslik digər tədris vəsaitlərinin müəllifidir.

Fəaliyyət göstərdiyi bütün sahələrdə nümunəvi bir mütəxəssis kimi tanınan Şüa müəllimin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Müxtəlif illərdə ona idman ustası, əməkdar bədən tərbiyəsi idman xadimi, beynəlxalq dərəcəli hakim adları verilmiş, 2001-ci ildə isə dövlət başçısının sərəncamı iləTərəqqimedalına layiq görülmüşdür.

Ş.Hüseynov 1992-ci ildə yaradılan Azərbaycan Milli Olimpiya Komitəsinin ilk üzvlərindən olmuşdur. Bu gün ömrünün müdriklik çağını yaşayan Şüa müəllimin 70 yaşı tamam olur. Professor həmişəki kimi, yenə əsl gənclik həvəsi ilə çalışır, Azərbaycan idmanının daha da inkişafı naminə əlindən gələni əsirgəmir.

 

 

Yaqub NURİYEV,

əməkdar jurnalist,

 

Vaqif AĞAYEV

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.12.