Goranboy: sürətli inkişafda əsas tələb müasirlik və keyfiyyətdir

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və uğurla həyata keçirilmiş regional inkişaf proqramı son 5 ildə Goranboy rayonunda da illərdən bəri yığılıb qalmış sosial-iqtisadi problemləri sürətlə aradan qaldırmağa imkan yaratmışdır. Məsuliyyət və təşəbbüskarlıqla yerinə yetirilmiş irimiqyaslı tədbirlər rayonu inkişaf və tərəqqinin üstün hüdudlarına gətirib çıxarmışdır. Görülən işlər iqtisadi yüksəlişi təmin etmiş, sosial sferanı yeniləşdirmiş, güzəranı xeyli yaxşılaşdırmışdır. Ötən ilin yekunlarına və cari ilin vəzifələrinə həsr olunmuş ümumrayon toplantısında bütün bunlar barədə geniş söhbət açıldı.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Elşən Abasovun hesabat məruzəsində əksini tapmış mühüm nailiyyətləri və perspektiv tədbirləri oxucularımızın diqqətinə çatdırırıq.

Natiq bildirdi ki, bir il öncə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vəzifələr konkretləşdirilmiş, yerli resurslar və digər mənbələr nəzərə alınmaqla 2008-ci ilə dair rayonun sosial-iqtisadi inkişaf planı təsdiq edilmişdi. Planda abadlıq-quruculuq işləri, əhalinin içməli və suvarma suyuna olan tələbatının daha da yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, istehsal və emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı zəruri işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdu.

Ötən dövrdə bütün yaşayış məntəqələrində aparılan tikinti-təmir, abadlıq və quruculuq işləri keyfiyyətcə yeni mərhələyə keçmişdir. İl ərzində yerinə yetirdiyimiz işlərdə müasirlik və keyfiyyət öndə durmuşdur. Apardığımız işlərlə Goranboy inkişaf etmiş rayonlar sırasına çıxmışdır.

Rayondaxili yolların bərpasına və ərazidən keçən respublika əhəmiyyətli yolların kənarlarının abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Bakı—Qazax avtomagistralından Səmədabad kəndinə gedən yola, Goranboy — Xan Qərvənd yolundan Yeniyol kəndinə, Dəliməmmədli — Hazırəhmədli yoluna, Goranboy–Yuxarı Ağcakənd yoluna 145 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Goranboy şəhərində isə 6 küçəyə 3 min 100 metr yola asfalt döşənmişdir. Yeni istifadəyə verilmiş, saatlıq gücü 20 ton olan 2 asfalt zavodu və digər təzə yol tikintisi texnikası işlərin miqyasını artırmağa imkan vermişdir.

Ümumilikdə, son beş ildə rayondaxili 73,9 kilometr yol asfalt-beton örtüklə yenidən tikilmişdir. 35 kilometr yolda əsaslı, 45 kilometr yolda isə cari təmir işləri aparılmışdır. Goranboy şəhərində 7316 metr, Dəliməmmədli şəhərində 532 metr, digər yaşayış məntəqələrində 1746 metr piyada yolu tikilmişdir. 412 kilometr kənd yolları çınqıl örtüklə təmir edilmişdir. Rayon ərazisindən keçən magistral boyunca 171 qanunsuz köşk götürülmüş və 82 görkəmsiz tikili sökülmüşdür. 158 sahibkarlıq obyekti əsaslı surətdə təmir edilmiş, 48 müasir üslubda iri obyekt tikilmişdir.

7 kənddə yeni körpü salınmışdır. Goranboy şəhərinin küçə və meydanlarında 846, Dəliməmmədli şəhərində 60, Qızılhacılı qəsəbəsində, Goran – Goranboy yolunda 75 işıqlandırma dayağı quraşdırılmışdır. Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsinin yenidən tikintisinə başlanılmışdır. Bu məqsədlə icraçı təşkilatlara rayonun müvafiq ərazilərindən torpaq sahələri ayrılmış, yolun çəkilişi ilə bağlı asfalt zavodu, qum-çınqıl sexi və s. yaradılmışdır.

Goranboy şəhərində aparılan abadlıq-quruculuq işləri daha geniş miqyas almışdır. Heydər Əliyev Muzeyinin qarşısına 450 kvadratmetr mərmər örtük döşənmişdir. Heydər Əliyev prospekti, V.Bayramov və C.Cabbarlı küçəsindəki yol dairələri müasir üslubda yenidən tikilmişdir. C.Cabbarlı meydanı tamamilə yenidən qurularaq 2800 kvadratmetr üzlük daş döşənmişdir. Şəhərin giriş qapısı müasir üslubda yenidən qurulmuşdur.

Gənclər parkında da işlər başa çatmışdır. Burada Gənclər evi, Rəsm qalereyası, habelə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə çay evi, digər istirahət guşələri tikilmişdir. Parkın görkəminə xələl gətirən tikililərin fasadına alkapon üzlük çəkilmişdir. Soyqırım abidəsi inşa edilmişdir. Goranboy – Goran yolunun sağında yerləşən 4,5 hektar ərazidə mehmanxana tipli istirahət zonasının, Heydər Əliyev prospektində məişət evinin və üzgüçülük hovuzunun tikintisi davam etdirilmişdir. 16 mənzilli kommunal evin tikintisinə başlanılmışdır. Yeni tikiş fabriki yaxın günlərdə fəaliyyətə başlamaqla, 65 nəfər qadın daimi işlə təmin olunacaqdır.

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün Murov-Goranboy su kəmərindən Qaşaltı, Qaraqoyunlu və Qasımbəyli kəndlərinə əlavə su xətti çəkilmişdir. Hacallı kəndinə içməli su xəttinin çəkilişi də başa çatmışdır. Murov-Goranboy su kəmərindən EKO qəsəbəsinə gedən su xəttinin 50 metr hissəsi yeniləşdirilmişdir. Goranboy və Dəliməmmədli şəhərlərində subartezian quyuları əsaslı təmir edilmişdir. Goranboy şəhərinin su-kanalizasiya sisteminin bərpası ilə bağlı işlərə başlanacaq.

Məruzəçi daha sonra qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində bir sıra ciddi problemlər aradan qaldırılmışdır. Bu gün həllivacib olan problemlər isə Prezident İlham Əliyevin göstərişi ilə hazırlanacaq 2009-2015-ci illər üçün dövlət proqramına daxil ediləcək.

Ötən dövrdə sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində aparılan işlər davam etdirilmişdir. Goran ərazisində “Gilan Holdinq”in gips-kardon zavodunun və Gips zavodunun tikintisi başa çatmışdır. Həmin zavodlarda istehsal olunan inşaat materialları respublikanın regionlarında satışa çıxarılır. “Gilan Holdinq” ərazisində regionda analoqu olmayan kalsid istehsalı zavodunun tikintisinə başlanılmış, meyvə-tərəvəz məhsullarının emalı və konservləşdirilməsi müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur.

Ümumilikdə, ötən beş ildə müxtəlif mənbələr hesabına rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərinin həcmi 152 milyon manat olmuşdur ki, bunun da 46,3 faizi və ya 70,4 milyon manatı 2008-ci ilin payına düşür. 2003-cü illə müqayisədə 19,5 dəfə, əvvəlki illə müqayisədə isə 42,6 milyon manat çox iş görülmüşdür.

Məruzəçi başlıca istehsal göstəricilərini də açıqladı. Ötən il sənaye məhsulunun ümumi həcmi 6 milyon 265 min manat təşkil etmişdir. Bu rəqəm 2007-ci ilin göstəricisindən 1 milyon manat çoxdur. Məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 87,1 faiz (respublika səviyyəsindən xeyli yüksək) təşkil edir. Ötən il rayonun 1366 nəfər sahibkarı 5 milyon 952 min manat güzəştli dövlət kreditlərindən istifadə etmişdir. Bu rəqəm 2007-ci ildə 897,4 min manat olmuşdur. Əhali banklara ötən il 148 min manat əmanət qoymuşdur. 2007-ci ildə bu rəqəm 9,9 min manat təşkil etmişdir.

Ötən il kənd təsərrüfatından 45 milyon 32 min manat gəlir əldə edilmişdir. Bu da 2003-cü ilə nisbətdə 2,6 dəfə, 2007-ci ildəkindən 1,1 dəfə çoxdur. Bitkiçilikdən 25,8 milyon manat, heyvandarlıqdan 19,1 milyon manat gəlir əldə edilmişdir.

2004-2008-ci ildə yeni yaradılan istehsal müəssisələri, ticarət və xidmət obyektləri, habelə aparılan tikinti, təmir və abadlıq işləri hesabına ümumilikdə 11 min 526 yeni iş yeri açılmışdır. Bundan 4997-si daimi iş yerləridir. 2008-ci ildə isə 2591 yeni iş yeri yaradılmışdır ki, bundan 1273-ü daimidir. Orta aylıq əmək haqqı 155 manat təşkil etmişdir. Bu da 2003-cü il səviyyəsindən 5,3 dəfə çoxdur. 2008-ci ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 23,5 milyon manat artaraq 164 milyon 129 min manata, adambaşına düşən ümumi məhsulun həcmi isə 229 manat artaraq 1715 manata çatmışdır. Əhalinin bütün mənbələrdən pul gəlirləri 137 milyon 297 min manat və ya 2007-ci ilə nisbətdə 6,6 milyon manat çox olmuşdur.

Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 5 ildə rayonda 3625 yerlik 19 məktəb binası, o cümlədən ötən il Veysli kəndində 340 yerlik, Qarqucaq kəndində 360 yerlik, Rəhimli, Yəhərçi, Qazaxlar və Yolqullar kəndlərinin hər birində 180 yerlik orta məktəb binaları tikilib istifadəyə verilmiş, yeni avadanlıqlarla təchiz edilmişdir. Cari ildə də bu istiqamətdə işlər davam etdiriləcəkdir. Qızılhacılı qəsəbə 2 saylı orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə yaxın vaxtlarda başlanılacaqdır. Ötən il rayon üzrə orta məktəbləri bitirən 1326 nəfər məzundan 373 nəfəri və ya 28 faizi (2007-ci ildən 6,1 faiz çox) tələbə adını qazanmışdır. O cümlədən 8 nəfər 600-dən yuxarı bal toplamışdır. 5 məktəb tələbələrin qəbul faizinə görə respublika üzrə yaxşı məktəblər sırasına daxil edilmişdir.

Müalicə-profilaktika işlərinin yaxşılaşdırılmasına da diqqət artırılmışdır. Mərkəzi xəstəxananın yeni diaqnostik aparatlara, sanitar maşınlara, inventar və avadanlıqlara olan ehtiyacı ödənilmişdir. Xəstəxananın travmatologiya, rentgen və doğum şöbələri dövlət investisiya vəsaiti hesabına əsaslı təmir edilmişdir. Ötən il Nizami və Qarqucaq kəndlərində yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Dəliməmmədli şəhər xəstəxanasının əsaslı şəkildə bərpasına, Sarovlu və Xınalı kənd tibb məntəqələrinin tikintisinə başlanılmışdır.

Uşaq incəsənət məktəbi üçün yeni bina, Səfikürd kənd uşaq musiqi məktəbi üçün 8 otaqdan ibarət əlavə tədris korpusu tikilmişdir. Bir sıra mədəniyyət müəssisələrində təmir, bərpa işləri aparılmışdır. Qızılhacılı qəsəbəsində modern kitabxana və mədəniyyət mərkəzi təşkil edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Son illər rayonda rabitə sistemi tamamilə yenidən qurulmuşdur. Köhnə tipli ATS-lər bütövlükdə elektron ATS-lərlə əvəz edilmişdir. 5 il ərzində telefon abunəçilərinin sayı 8 min 129-dan 13 min 748-ə, internet abunəçilərinin sayı isə 158-ə çatmışdır. Telefonlaşmamış 4 dağ kəndi peyk rabitəsi vasitəsi ilə sistemə qoşulmuşdur.

Əhalinin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması, istehlakçılara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə yarımötürücü stansiya, elektrik veriliş xətləri, müxtəlif güc transformatorları əsaslı təmir edilmişdir. 41 yeni müxtəlif güc transformatoru quraşdırılmışdır. 20 min 569 elektrik enerjisi istehlakçısına sayğac tətbiq edilmişdir. 1990-cı ilin əvvəllərində təbii qaz verilişi dayandırılmış 32 yaşayış məntəqəsinə qazın verilişi bərpa edilmişdir. 7 yaşayış məntəqəsi qaz almağa qismən hazır vəziyyətə gətirilmişdir. 3 min 200 metr uzunluğunda əsas qazpaylayıcı xətt yenisi ilə əvəz edilmişdir. 7 min 265 istehlakçının 99,8 faizinə qaz sayğacı quraşdırılmışdır. Əhali tərəfindən istehlak edilmiş qaza görə orta ödəniş 90 faizə çatdırılmışdır.

Bu il əvvəllər qaz almış 10-dək yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, dövlət büdcəsi vəsaiti hesabına Səfikürd kəndində, habelə Qarasüleymanlı kəndinin indiyədək qaz verilməyən böyük ərazisində qazlaşdırma başa çatmaq üzrədir.

Xocalı rayonundan olan məcburi köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbə salınmışdır. Köçkünlərin su probleminin həlli məqsədi ilə rayonda 3 subartezian quyusunda qazma işləri tamamlanmaq üzrədir. Bu il EKO qəsəbəsində məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınacaq, onların məşğulluğunun təmin edilməsi ilə bağlı konkret tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Elşən Abasov sonda bildirdi ki, bu il də işlər artan templə davam etməli, daha çox qəsəbə və kəndləri əhatə etməlidir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi kimi, 2009-cu ildə bütün nəzərdə tutulmuş vəzifələr icra edilməli və həmişə olduğu kimi, ilk növbədə diqqət mərkəzində Azərbaycan vətəndaşları olmalıdırlar. Dövlət başçısının qarşıya qoyduğu vəzifələri növbəti ildə də uğurla yerinə yetirəcək, Azərbaycanın sürətli inkişafına layiqli töhfələr verəcəyik.

Toplantıda çıxış edən Goranboy Rayon Maliyyə Şöbəsinin müdiri İltifat Sadıqov, Təhsil Şöbəsinin müdiri Elmar Əliyev, Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Akif İbrahimov, Qaz İstismarı İdarəsinin rəisi Hikmət Əkbərov və digər natiqlər 2008-ci ildə məsul olduqları sahələrdə qazanılmış nailiyyətləri diqqətə çatdırdılar, problemlərin həlli zəruriliyini vurğuladılar, təklif və mülahizələrini söylədilər.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Gültəkin Hacıyeva regional inkişaf proqramının uğurla yerinə yetirilməsində goranboyluların töhfəsini qeyd etdilər, ikinci regional inkişaf proqramının hədəflərinə nəzər saldılar, cari ildə rayon ictimaiyyətinə yeni uğurlar arzuladılar.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.-2009.-27 fevral.-S.4.