Xocalı faciəsi - vəhşiliyin, qəddarlığın
son həddi
17 il bundan əvvəl
yer üzərindən bir şəhər silinmişdir. Hər
il xalqımız Xocalı faciəsini anma mərasimi
keçirir. Şəhid olmuş soydaşlarımızın
xatirələri yad edilir və düşmənə
qarşı nifrət hissi aşılanır. Respublikamızın
hər yerində olduğu kimi, Azərbaycan Texniki Universitetində
də “Xocalı soyqırımı”nın 17-ci
ildönümünə həsr olunmuş tədbir
keçirildi.
Tədbir
iştirakçıları, əvvəlcə AzTU-nun həyətində
şəhidlərin xatirəsinə ucaldılmış “Ana”
abidəsinin önünə əklil və
gül-çiçək dəstələri qoydular.
Giriş sözü ilə tədbiri universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rektor Azərbaycan tarixinin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklərdən ürək ağrısı ilə danışdı, bu qanlı faciəyə öz münasibətini bildirdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları sovet ordusuun Xankəndindəki 366-cı motoatıcı alayının tabor və bölmələrinin hərbi yardımı, 100-ə yaxın zirehli texnikasının və şəxsi heyətlərinin bilavasitə iştirakı ilə Əskəran və Xankəndi arasında mühüm yaşayış məntəqələrindən biri olan Xocalı şəhərini – qədim türk yurdunu və mədəniyyət mərkəzini yerlə-yeksan etdilər Bu soyqırım nəticəsində 613 nəfər Xocalı sakini öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfərədək adam girov götürülmüşdür. Ölənlər arasında 63 uşaq (onlardan 33 nəfəri 2-5 yaş arasında olmuşdur), 106 qadın, 70 nəfər qoca var idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə 1 valideynini itirmişdir. 150 nəfərin taleyi bu gün də məlum deyil.
Köməksiz qalan xocalılar faciə ilə üzləşsələr də öz qəhrəmanlıqlarını göstərdilər. Öldülər, ancaq əyilmədilər. Neçə-neçə erməni məhv etdilər. Əlif Hacıyev, Aqil Quluyev, Tofiq Hüseynov, Hikmət Nəzərli və İnqilab İsmayılov Xocalının müdafiəsində göstərdilkəri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
Xocalı aeroportunun müdafiəsində həlak olanlardan Milli Qəhrəman Hikmət Nəzərli və Elçin Quluyev universitetimizin məzunlarıdır.
Xocalı soyqırımının xronologiyasına nəzər saldıqda, istər-istəməz respublikanın o vaxtkı ictimai-siyasi durumu yada düşür. Düşmənin dəyirmanına su tökməyə adət etmiş kölələrin, manqurtların rəhbərlik etdiyi məmləkətdə ərazi bütövlüyü, vətəndaş təhlükəsizliyinin təminatı arxa plana keçmişdi. Xocalı faciəsi bir gecədən doğan müsibət deyildi. Bu faciədən danışarkən 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edən bacarıqsız, səriştəsiz və maymaq dövlət rəhbərlərinin və xalqa rəhbərliyə iddialı olan siyasi qüvvələrin, milli mənliyi olmayan “liderlər”inin siyasi və mənəvi mənsubiyyətini ayrıca qeyd etmək lazımdır. Belə ki, həmin dövrdə öz vəzifə borcuna görə asayişi və təhlükəsizliyi qorumalı olan dövlət orqanları Xocalının etibarlı müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhərin sakinlərini taleyin ümidinə buraxmışdılar. Uzun müddət mühasirə şəraitində vuruşan Xocalı şəhərinin müdafiəçilərinə heç bir hərbi, maddi və mənəvi köməklik göstərilməmişdir.
Acınacaqlı haldır ki, həmin dövrdə respublika rəhbərliyi xalqımıza qarşı baş vermiş ağır cinayət və soyqırım hadisəsinin miqyası və ağırlığı barədə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə ətraflı məlumat vermək, həqiqəti dünyaya car çəkmək əvəzinə, tam fəaliyyətsizlik və xalqın taleyinə qarşı biganəlik nümayiş etdirmiş, Xocalı soyqırımının mahiyyətini açmaq, onun təşkilatçılarını və iştirakçılarını ifşa etmək üçün heç bir iş görməmişlər.
Əksinə, belə bir vaxtda Ayaz Mütəllibov iqtidarı faciənin miqyasını xalqdan gizlətməklə öz hakimiyyətinin ömrünü uzatmağa çalışmışdır. AXC isə bu faciədən məharətlə istifadə edərək Mütəllibovun istefasına nail olmuş və hakimiyyəti zorla ələ keçirmişdir. Lakin Mütəllibov kimi AXC-Müsavat hakimiyyəti də Xocalı soyqırımına heç bir siyasi qiymət verməmişdir.
Natiq daha sonra bildirdi ki, Xocalı faciəsinin siyasi qiyməti ancaq xalqımızın dahi oğlu, xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışından sonra verildi. Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə hər il fevral ayının 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
İnanırıq ki, o faciəli gecədə düşmən tanklarının, PDM-lərin tırtılları altında qalaraq xıncım-xıncım olan əlacsız qocaların, erməni süngüsünə keçirilən südəmər körpələrin, əsirlikdə döyülən, söyülən, təhqir olunan azərbaycanlıların fəryadı cavabsız qalmayacaqdır. Müqəddəs Azərbaycan torpaqları tezliklə düşməndən təmizlənəcəkdir.
Xalqımızdakı bu inamın kökü dövlətimizin günbəgün artan hərbi, siyasi, iqtisadi qüdrəti və Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətindədir.
Sonra tədbirdə iştirak edən AzTU-nun professoru, Milli Məclisin deputatı Astan Şahverdiyev, AzTU-nun tarix kafedrasının müdiri Şikar Qasımov, AzTU-nun “Nəqliyyat” fakültəsinin 198a-1 qrup tələbəsi, əslən Şuşadan olan Orxan Məhərrəmli çıxış etdilər, qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti aparmasını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını bildirdilər.
Tədbiri AzTU-nun rektoru, professor Havar Məmmədov yekunlaşdırdı. Erməni terrorizminin
bəşəriyyət üçün
təhlükəli bəla
olduğunu qeyd edən rektor fevralın 26-da AzTU-da bütün fakültələrdə
ilk dərslərin Xocalı
soyqırımına həsr
edildiyini nəzərə
çatdırdı. Sonra tədbir
iştirakçıları AzTU-nun foyesində təşkil olunmuş fotosərgiyə və Xocalı faciəsini əks etdirən sənədli filmə tamaşa etdilər.
* * *
Fevralın 26-da AzTU-nun muzeyində Xocalı soyqırımının 17-ci ildönümünə
həsr olunmuş daha bir tədbir
keçirildi. Tədbiri giriş sözü
ilə AzTU-nun təlim-tərbiyə işləri
üzrə prorektoru İsa Xəlilov açdı. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Xocalıda erməni cəlladlarının törətdikləri
qanlı hadisələrdən
bəhs edən natiq, nəzərə çatdırdı ki, riyakar ermənilər bu informasiyaları dünya ictimaiyyətinə
tərsinə - öz
xeyirləri naminə çatdırırlar. Hətta utanmadan
həmin vəhşilikləri
əks etdirən şəkilləri yayır
və həmin şəxslərin erməni
olduqlarını bildirirlər.
Elə buna görə də AzTU Gənclər
Təşkilatının “Azəri
Yurdu” təşkilatı
ilə birgə keçirdikləri bugünkü
elektron aksiyanı təqdirəlayiq hesab etmək olar.
Sonra AzTU Gənclər Təşkilatının
sədri Xaqani Fərəcov və “Azəri Yurdu” Gənclər Təşkilatının
sədri Rizvan Mehdizadə çıxış
etdilər, Xocalı qırğınının qan
yaddaşımıza əbədi
həkk olunduğunu, tökülən günahsız
qanların yerdə qalmayacağını bildirdilər.
Onlar qeyd etdilər ki, Xocalı soyqrımı ilə bağlı həqiqətlər bu gün 3 dildə – Azərbaycan, rus və ingilis dillərində 10.000 elektron
poçtuna - xarici ölkələrin ölkəmizdəki
diplomatik nümayəndəliklərinə,
xarici şirkətlərin
ofislərinə, eləcə
də xarici ölkələrin saytlarına
göndəriləcək.
Sonra AzTU Azad Tələbə Həmkarlar Komitəsinin sədri Samirə Quliyeva tədbirin təşkilatçılarına təşəkkür etdi,
onlara işlərində
uğurlar arzuladı.
Tədbir Xocalı soyqırımında
həlak olanların xatirələrinə Xətai
rayonu ərazisində
ucaldılmış abidənin
önünə gül-çiçək
dəstələri qoymaları
ilə sona çatdı.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-27 fevral.-S.6.